Teleradio Akademiyasının rektoru
Almaz Mahmud: “Jurnalist ixtisasına sahib olmadan da, peşəkar
jurnalist olmaq mümkündür”
Amma bütün hallarda mən jurnalistika təhsilinin tərəfdarıyam,
çünki ən azından nəzəri biliklərə
malik olmaq lazımdır"
Bir neçə gün əvvəl Milli Mətbuatımız
150 yaşını qeyd etdi.
Hər kəsin bir doğma yeri var. Bəzən bu yer
bir küçə, ya ev, ya da səssiz guşə ola bilir. Bəzən
isə ruhun özünü tapdığı bir peşə
olur. Mənəvi dünyası olan insanlar üçün
jurnalistika təkcə ixtisas deyil, daha çox həyat tərzidir.
Burada vaxt anlayışı itib batır. Gecə gündüzə
qarışır, şəxsi zaman yoxa çıxır. Dəyişməyən
bircə məqam qalır ki, o da həqiqətə xidmət
etmək istəyidir.
Jurnalistika görünməyənin iç tərəfini
göstərməkdir. Mikrofon uzatdığın birinin
gözlərindəki ifadəni görmək, bir xəbərin
içindəki insan hekayəsini duymaq, kamerasız səhnələrin
şahidi olmaq... Əgər bu peşənin sahibisənsə,
o, səndən həm müşahidəçi, həm də
daşıyıcı olmağı tələb edir. Hər
yazının altında görünməyən bir vicdan
möhürü, hər sualın arxasında alın təri,
bəzən səbr və cəsarət yatır.
Bu yolda ustadlar, onların yaratdığı məktəblər
də var, ona yeni nəfəs gətirən gənclər də.
Bu gün belə məktəblərdən biri də
jurnalistikanın efir qanadını formalaşdıran Teleradio
Akademiyasıdır, çünki bu divarların arxasında səslə,
baxışla, məsuliyyətlə formalaşan yeni nəsl
jurnalistikası yetişir. Müsahibimiz "Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində
fəaliyyət göstərən Teleradio Akademiyasının
yeni rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz
Mahmuddur.
- Müsahibəmiz Mətbuat gününə təsadüf
etdi. Gəlin elə söhbətə günün qəhrəmanı
jurnalistdən başlayaq...
- Jurnalist yaradıcıdır, qələmi
olandır, söz adamıdır. Onun digərlərindən fərqi
informasiya ilə işləməyidir. Yəni jurnalist
informasiya yayan, cəmiyyətə baş verən və verə
biləcək məlumatları dürüst, neytral, obyektiv
çatdırandır. Jurnalist həm maarifləndirir, həm
də cəmiyyətə fayda verir. Jurnalist dövlətinin,
ölkəsinin yanında duran bir vətəndaşdır. Bu
gün qarışıq dünyamız informasiya müharibəsi
adlı bir termin çox aktualdır. Bu müharibədə əsas
rola malik olan tərəfdir jurnalist. Jurnalist yaydığı
hansısa bir xəbərin dövlətinə, ölkəsinə
ziyan verəcəyini bilib onun qarşısını
alandır, öz məşhurluğunu deyil, vətəninə
olan xeyirləri düşünəndir.
- Azərbaycan müstəqillik qazanandan, jurnalistlərə
söz azadlığı veriləndən, senzura qalxandan
sonrakı mətbuatımızdan danışaq...
- Tələbəlik illərim 90-cı illərin əvvəlinə
təsadüf etdiyindən ölkədə baş verən
milli-azadlıq hərəkatı, ondan sonrakı proseslər
demək olar ki, gözümün önündə baş
verib. Dövrə, zamana bağlı olaraq, jurnalistika həmişə
inkişafda olub. Jurnalistikada çətinliklər, geriləmələr,
problemlər də olub, bu sahəyə qeyri-obyektiv münasibətlər
də olub. Bir jurnalist kimi artıq 1998-ci ildən beynəlxalq
radiolarla əməkdaşlıq etməyə başladığımdan
deyə bilərəm ki, o zaman tamam başqa və fərqli
bir mühit vardı, yanaşmalar müxtəlif idi. O zaman
çap mediasında məzmun daha rəngarəng idi, qəzetlər
çox maraqlı idi. Televiziyadakı maarifləndirmə, məna
yükü dərin olan verilişləri tamaşaçı
gözləyirdi. İndi isə yüksək texnologiya
dövrüdür və zamanla müqayisədə bu
günün KİV-ləri dövrün maraqlarına, tələblərinə
cavab verir.
- Dövrümüzün jurnalistika təhsili...
- Ümumiyyətlə, jurnalistika təhsili ilə
bağlı ikili yanaşmalar var. Sizinlə Mətbuat
günündə söhbət edirik. Bu mətbuatın banisi Həsən
bəy Zərdabidir və o, ixtisasca jurnalist deyil. Deməli, bu
ixtisasa sahib olmadan da, peşəkar jurnalist olmaq
mümkündür. Amerikada Larri Kinq, Rusiyada Pozner, Azərbaycanda
Nəcəf Nəcəfov - heç birinin jurnalist təhsili
yoxdur. Lakin onlar peşəkarcasına bu peşənin öhdəsindən
gəliblər, jurnalist etikasına əməl edən insanlar
kimi tanınıblar və bu gün də elədir. Amma
bütün hallarda mən jurnalistika təhsilinin tərəfdarıyam,
çünki ən azından nəzəri biliklərə
malik olmaq lazımdır. Jurnalist sərbəstdir, istədiyi
informasiyanı yaya bilər deyə bir anlayış yoxdur.
Jurnalistin məsuliyyəti də var və o kodekslərə əməl
etmək lazımdır.
- Yəni demək olar ki, bu təhsil qaneedicidir...
- Hazırda ikinci elmi iş üzərində işləyirəm.
Vizual savadlılıqla bağlı yeni bir mövzudur.
Jurnalistika təhsili ilə bağlı deyərdim ki, bu, kifayət
qədər məni qane etmir. Amma bununla yanaşı, müsbət
tərəflər də var. Qane etmir, bilirsiniz nəyə
görə deyirəm? Baxın, yeni trendlər yaranır,
informasiya texnologiyaları dövründə
yaşayırıq, dünya tamam başqadır.
Xatırlayırsınızsa, dövlət
başçısının süni intellektlə
bağlı bir sərəncamı oldu. Süni intellekt
artıq jurnalistikaya gəlib. Hər bir nəzəriyyəçi,
jurnalist öz üzərində mütləq şəkildə
işləməlidir ki, yeni trendlərlə ayaqlaşa bilsin.
Təəssüf ki, bu istiqamətdə biz bir qədər
geri qalırıq. Səbəblər müxtəlif ola bilər,
amma proseslər o qədər sürətlə gedir ki, daha
çox ayaqlaşmağa yönəlməliyik. Problemlər,
çətinliklər tək bizdə deyil, bütün
dünyada mövcuddur. Dezinformasiya ilə mübarizə
aparmağı, sosial media platformalarında informasiyanın necə yayımlamağı bəzi
peşəkar jurnalistlər bilmirlər. Yəni çətindir
deyib bir yerdə oturub qalmaq olmaz.
- Amma göz önündə olan bir fakt var ki, bu
gün jurnalistikamızda tənqidlə təhqirin yeri əməlli-başlı
səhv düşüb...
- Təəssüf ki, bununla tez-tez
qarşılaşırıq. Beynəlxalq aləmdə bu
tipli mövzularla bağlı treninqlər keçirilir. Amma mətbuatda
insanların bir-birinə qarşı aqressiyasının,
kininin, nifrətinin qarşısını almaq
üçün alternativ bir yol demək bir qədər
çətindir. Onu əminliklə deyə bilərəm ki,
bu fərqi peşəkar jurnalist yaxşı bilir. Çox
acınacaqlıdır ki, bu gün əlinə mikrofon alıb
və ya yaxasına jurnalist sözünü
yapışdıranlar şüurunda "Babam mənə kor
deyib, gəlib-gedəni vur deyib" səviyyəsindən o tərəfə
keçə bilmirlər.
- Peşəkar sözünü xüsusi olaraq
vurğulayırsınız hər dəfə. Amma bu peşəkarlığın
əsasını qoyan bir başlanğıc da
olmalıdır...
- Bu başlanğıcın adı öz üzərində
işləməkdir. Hər bir jurnalist müşahidə etməlidir,
müqayisə etməlidir, analiz etmək, araşdırmaq
qabiliyyətinə malik olmalıdır, yəni bunları
mütləq bacarmalıdır. Fikir vermisinizsə, son zamanlar
tənqidi düşüncə deyilən bir fikir
atılıb ortaya. Bunu həm media savadlılığı ilə
bağlı cəmiyyətə ünvanlayırıq, həm
də jurnalistə deyirik. Deyirik ki, jurnalist ilk olaraq tənqidi
düşünməyi bacarmalıdır. Bu, artıq bir tələbdir.
- Peşəkar jurnalistlərin, mütəxəssislərin
yetişməsi istiqamətində Teleradio Akademiyası
adlı təhsil ocağının yaranması bir zərurət
idi...
- Akademiya on beş il əvvəl AZTV-nin nəzdində
yaranıb və nə yaxşı ki, onu yarada biliblər. Bu
akademiya peşəkarların daha da təkmilləşməsi
deməkdir. Düşünürəm ki, belə akademiyalara
ehtiyac çoxdur.
- Yarandığı müddət ərzində
akademiyanın nailiyyətləri olub yəqin ki...
- Məndən əvvəlki rəhbərlərin -
Etibar Babayevin, Faiq Hüsiyevin, Telli Pənahqızının
vaxtında akademiyada maraqlı layihələr həyata
keçirilib, yeniliklər olub. Bu gün həmin o nailiyyətləri
daha inkişaf etdirmək, yeni trendlərə qoşulmaq,
hansısa nöqsanları aradan qaldırmaq üçün
akademiya zamanın nəbzini tutaraq fəaliyyətini davam etdirməlidir.
Bu, qarşımıza qoyduğumuz vacib məsələlərdəndir.
- Teleradio Akademiyasında etik prinsiplərin tədrisi...
- Ümumiyyətlə Kütləvi İnformasiya Vasitələrinin
canı, qanı, qayəsi etik prinsiplərdir. Bu prinsipləri
bilməyən bir media mənsubu düşünürsə
ki, o, jurnalistdir və ya peşəkarlığa
iddialıdırsa, ona birmənalı şəkildə yox deyənlərdənəm.
Sualınız haradasa yerinə də düşdü.
Akademiyanın etik kodeksini işləyəcəyik. Azərbaycan
Televiziyasının (AZTV) etik kodeksi var. Bir məlumatı da
verim sizə. Dünyada 500-ə qədər etik kodeks var. Biz
onların çox az hissədindən istifadə edirik.
Danışıq, neytrallıq, operativliklə yanaşı,
davranış qaydaları da var. Jurnalist olmaq istəyən kəs
bu prinsipləri bilməlidir, əks halda seçdiyi peşədə
hər şeyi vurub dağıda bilər.
- Sizinlə bir mütəxəssis kimi Azərbaycan
efir məkanlarının bu günündən danışmaq
kimi istəyim var, amma deməyin ki, heç kimin xətrinə
dəymək istəmirəm. Başlayaq efirin siması olan
aparıcıdan...
- Əvvəla onu deyim ki, konkret olaraq hansısa
kanalın adını çəkib, aparıcıları tənqid
edə bilmərəm. Bir az əvvəl etik kodeksdən
danışdıq. Baxın, həmin kodeks buna icazə vermir,
çünki bir televiziyada həm jurnalist kimi fəaliyyət
göstərirəm, həm də tədris sahəsinə rəhbərlik
edirəm. Ona görə də bu, bir qərəz kimi
anlaşıla bilər. Aparıcı isə bütöv bir
heyətin hazırladığı informasiyanı
tamaşaçıya çatdıran simadır. Əvvəlki
dövrlə müqayisədə bu günün xəbər
aparıcısı ona verilən xəbəri, materialı necə
gəldi oxumamalıdır, o, özünün təqdimatının
üzərində işləməlidir. Bunun üçün
də onun reportajdan mütləq məlumatı
olmalıdır. O ki qaldı tok şou, sosial layihələrin
aparıcılarına, bu istiqamətdə
çalışanlar peşəkar və intellektual səviyyəli
olmalıdır.
- Etik prinsiplərə riayət etməyinizə
hörmətlə yanaşıram, amma özüm bir
jurnalistin dürüst, qərəzsiz və həqiqəti demək
hüququndan istifadə edəcəyəm. Ola bilməz ki, bugünkü
tamaşaçının zövqü ona təqdim olunan eybəcərlik
səviyyəsində olsun...
- BBC-nin öz formatı var və 1920-ci ildə necə
yaranıbsa, elə də davam edir. Tamaşaçı bunu istəyir,
bunu istəmir deyilən bir şey yoxdur. Hər kanalın
öz xətti, öz yanaşması, öz prioriteti var.
Tamaşaçıya hansı məhsulu versən, ona da
baxacaq. Sizinlə tam razıyam ki, bu gün qeyri-etik, kodekslərə
zidd, məişət səviyyəli yanaşmalar efirlərimizi
bürüyüb və bu, çox acınacaqlıdır. Bir
əsərdə oxumuşam bunu: "İsa peyğəmbər
insanların etdikləri əməllərə görə
Allaha müraciət edib deyir ki, onları bağışla, nə
etdiklərini bilmirlər". Bu gün bəzi
aparıcılar da nə etdiklərini bilmirlər, özlərini
düzgün hesab edirlər və düşünürlər
ki, belə də danışmalıdırlar. Ona görə
ki, əksəriyyətinin intellektual səviyyəsi yoxdur.
Jurnalistin də, aparıcının da missiyası maarifləndirməkdir,
dağıt deyilən hərəkət bizə aid
olmamalıdır. Nə yazıq ki, sizin
vurğuladığınız aparıcılar
dağıdıcı rolundadır. Ən
acınacaqlısı isə odur ki, həmin layihəyə
üz tutaraq kömək istəyən birinin üzərinə
edilən basqı, nəticədə onu tənqid deyil, təhqir
obyektinə çevririr.
- Hər şeyə rəğmən, 150 il yol gələn
bu mətbuatı çiyinlərində şərəflə
daşıyan peşəkar jurnalistlər, yazarlar olub və
var...
- Bu günlərdə müəllimlərimi daha
çox xatırlayıram. İlk olaraq mərhum professor
Yalçın Əlizadəni. Jurnalistikadan daha çox ondan ləyaqətli,
vicdanlı olmağı, insanlığı öyrənmişəm.
Onunla yanaşı, Famil Mehdi, Tofiq Rüstəmov kimi müəllimlərdən
peşəkarlığın incəliklərini öyrənmək
böyük məktəb olub mənim üçün.
- Artıq özü peşəkar olan Almaz Mahmudu yəqin
ki, bu gün mediada nələrsə
düşündürür...
- Bəzən peşəkar mühitdə
naşılar çox olur. Ən çox məhz bu
düşündürür məni. Peşəkara lazımi dəyəri
vermək lazımdır ki, həmin naşılar o mühitdə
əriyib yox olsunlar. Məni o düşündürür ki,
bu gün mətbuatımızda məzmun
qıtlığı var. Çox istəyərdim ki, bizim çap
mediasında maraqlı eksklüzivlər olsun. Çox vaxt
görürük ki, baş verən hadisəyə eyni cür
yanaşma var. Bir jurnalist kimi deyil, oxucu kimi istəyirəm ki,
hadisə daha dərindən araşdırılsın, fərqli
baxış bucağından təqdim olunsun. Bax,
çatışmayanlar bunlardır.
- O da var ki, bəzən biçarə jurnalistin
yazdığını qəribçiliyə də
salırlar...
- Jurnalist istəyir ki, həmişə ona
yaşıl işıq olsun? Bəzən yolun
enişi-yoxuşu olur, fikrini qəbul etməyən də olur,
qələminə həsəd aparan da olur. Elə maraqlı
olan da budur.
- Qələm əhli olmaq fitri istedad tələb edir.
Son olaraq bu yubiley ilində peşəkarlara arzunuzu da eşidək...
- Yazarlar Allahın seçilmiş bəndələrinin
sırasında olanlardır. Qoy onları Tanrı qorusun və
həmişə də yazsınlar. Və bir də
unutmasınlar ki, hər kəsin qələmi var, amma hər kəsin
qələmi eyni yazmır.
SÖZARDI: Söhbətin sonuna yaxın müsahibimiz
belə bir fikir söylədi: "Bəzən peşəkar
mühitdə naşılar çox olur. Peşəkara
lazımi dəyəri vermək lazımdır ki, həmin
naşılar o mühitdə əriyib yox olsunlar". Amma əriyirlərmi?
Səd heyif...
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 26 iyul(¹130).-S.12;13.