Vasif Adıgözəlov - Narahat
ruhun əbədi hüzuru
Vasif Adıgözəlov
- 90
Bizim taleyimiz: irsi yaddaşın, ətraf mühitin və
zəruri təsadüfün harmoniyasından yaranır.
Rünoske Akutaqava
90-cı mövludu tamam olan Azərbaycan
respublikasının Xalq artisti, Dövlət mükafatı,
"Şöhrət" və "İstiqlal" ordenləri
laureatı, görkəmli bəstəkar, professor Vasif
Adıgözəlovun çox şaxəli
yaradıcılığı muğam, aşıq sənəti,
rəqs musiqisi və folklor tərkiblərinin müasir musiqi cərəyanları
ilə ortaq sintez axtarışlarından doğan, dərin fəlsəfi
əqidəyə malik əsərlərdən ibarətdir. Bu baxımdan bəstəkar irsinin
yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət
xadimi, professor İmruz xanım Əfəndiyevanın fikirləri
yerinə düşər: "...Vasif Adıgözəlovun
yaratdığı gözəl əsərlər nəinki Azərbaycan,
həmçinin dünya və xüsusilə, türk
xalqlarının tərəqqisində, milli intibahında
böyük rol oynayır. Tanınmış bəstəkarın
geniş yayılmış və xalq tərəfindən sevilən
əsərləri dərin fəlsəfi ideyası, vətəndaşlıq
qayəsi, emosionallığı, ehtiraslığı, milli ənənələrə
bağlılığı, incə psixologizmi və şairanə
lirizmi ilə seçilir..."
... Vahid, istərsən əgər məclisimiz xoş
keçsin,
Zülfünün "Orta Segah"i, Paşanın
tarı gərək.
Əliağa Vahid
Azman muğam ustası, Qarabağ kökənli
Zülfü Adığözəlovun ailəsində
dünyaya gəlmiş Vasif Adıgözəlovun musiqi həyatı
ilə ilk təmas hələ ətraf mühitin anlamaq
iqtidarında olmadığı zamanda, körpəlikdən
başlamışdı. Bəstəkarın xatirələrindən:
"Muğam ustalarından Cabbar Qaryağdı oğlu, Seyid
Şuşinski, Xan Şuşinski və başqaları əziz
qonaqlarımız olub, o cümlədən maestro Niyazi
atamın səsindən yazdığı "Əlimdə
sazım qurbanı" xalq mahnısını sonradan
"Rast" simfonik muğamının partiturasına həkk
etdi. "Görkəmli musiqişünas alim, professor Ramiz
Zöhrabov Zülfü Adıgözəlovun ifa üslubunu tədqiq
edərək yazırdı: "...Zülfü Adıgözəlov
pəsxan xanəndə idi. O, muğam dəstgahını tam
şəkildə bəm və orta tessiturada özünəməxsus
oxuma məktəbini yaratmışdır..."
XX əsrin böyük qəzəlxanı,
Əliağa Vahid Z.Adıgözəlov sənətinin və
şəxsiyyətinin böyük pərəstişkarı
idi. Başlıqda "Gərək" rədifli qəzəlindən
verilən iki misrada şair dəyərli xanəndənin
adını böyük sayğı ilə qeyd edir. Beytdə
adı çəkilən digər sənətkar
dövrünün mükəmməl tarzəni Paşa
Əliyevdir. Mirzə Fərəcin tələbələrindən
olan P.Əliyev Zülfü müəllimin yaxın dostu, sənət
məsləkdaşı və uzun illər müşayiətçisi
olmusdur.
Təhsil - xəzinə qapisıdır, zəhmət
isə onun açarı.
Pyer Büast
Oğlunun sənət taleyinin həllində
Zülfü müəllimin: "Milli musiqi, muğamat sənin
qanındadır, amma sən fortepiano sinifinə daxil
olmalısan ki, onun vasitəsi ilə qərb musiqisinə yiyələnəsən"
tövsiyəsi 7 yaşlı Vasifi Azərbaycan Dövlət
Konservatoriyası nəzdində 10 illik musiqi məktəbinin
fortepiano sinifinin şagirdinə çevirir.
VII sinifdə oxuyarkən V.Adıgözəlovun bəstəkarlığa
meyilliyi təhsil ocağının direktoru Kövkəb
xanım Səfərəliyevanın diqqətindən
yayınmır. O zamanlar məktəbin nəzdində təcrübəli
müəllim, bəstəkar Midhət Əhmədovun rəhbərliyi
altında "uşaq yaradıcılığı" sinifi
fəaliyyətə başlamışdı. Bu emalatxananın
əsas vəzifəsi uşaqlar arasında bəstəkarlıq
yönəmli istedadları müəyyən edərək gələcək
təhsil pilləsinə hazırlanması idi. Uşaqlarla məşğələrə
çox diqqətli olan Midhət müəllim, onların
mövcud sənət haqqında təfəkkürlərinin
formalaşmasına çox həssas yanaşırdı.
Çox keçmir həmin yaradıcı ocağın
üzvlərindən biri olan V.Adıgözəlovun "Yan
tonqalım" nəğməsi radio müsabiqədə I
mükafata layiq görülür.
Həyatımda nəyə nail olmuşamsa ancaq
Ustadıma minnətdaram!
Vasif Adıgözəlov
1952-ci ilin dekabrında sonuncu sinifdə oxuyan
V.Adıgözəlovu Midhət müəllim Qara Qarayevin
yanına aparır. Vasif müəllim həmin tarixi anı belə
xatırlayır: "...Mən öz kiçik əsərlərimi
ifa elədim, Qarayevin mənə ilk sualı bu oldu: "Bəstəkar
olmaq istəyirsənmi?" Sorğu çox sadə idi, ancaq
Qarayevin dilində bu üç kəlmənin zəhmi məni
tutdu. Təbiidir ki, mən fikrimi bildirdim. O əlavə etdi.
"Bilirsənmi, bəstəkar olmaq nə deməkdir?
Bütün həyatı boyu işləmək, müasir
musiqinin cürətli addımlarına çatmaq, dinclik bilməmək
deməkdir". Ondan eşitdiyim bu sözlər mənim həyatımın
devizinə çevrildi..."
Q.Qarayevin tədris metodikasında ən əsas cəhət
ilk dərslərdən tələbəsinin fərdi
bacarığını səhvsiz duyması idi. Zaman-zaman
böyük müəllimin sinifində təhsil alan yetirmələri
içərisində müxtəlif musiqi alətlərində
peşəkar ifaçılıq
vərdişlərinə malik olanlar da az deyildi. Qara
müəllim tələbələrinin bu
bacarıqlarından da ustalıqla qaynaqlanaraq, onların fərdi
üslubunun formalaşması üçün inkişaf modellərini
qururdu.
Tələbəlik illərində bəstəkarlıqla
yanaşı, fortepiano şöbəsində (professor Simuzər
Quliyevanın sinifində) təhsil alan gənc V.Adıgözəlov
da müəllimin rəhbərliyi altında öz
yaradıcı üslubunun axtarışında idi. Məhz
burada Qarayevin iki tövsiyəsi bilavasitə həlledici rol
oynadı. V.Adıgözəlov xatırlayır:
"...Professional pianoçu olduğuma görə Qara müəllim
mənə, fortepiano konserti bəstələməyi məsləhət
gördü. Nəhayət, konsert sinifdə ilk dəfə səslənəndə
Qarayev öz xeyir-duasını verib, onu həm musiqi dili, həm
də fortepiano texnikası baxımdan yüksək qiymətləndirdi.
...Tələbəlik illərində yazdığım əsərlərdə
müxtəlif təmayüllü təsirlər
özünü büruzə verirdi. O zaman Qara müəllim mənə
xatırlatdı: "Vasif, yaddan çıxartma ki, sən
Zülfünün oğlusan". Mən həmişə Qara
müəllimin tövsiyələrinə əməl edərək,
onları reallaşdırmağa çalışdım".
Onun yaratdığı əsərlərdə ruh və
məzmun, fikir və ideya -
milli, dil və forma isə yenidir, müasirdir.
Bəxtiyar Vahabzadə
V.Adıgözəlov hər dəfə yeni
yaradacağı əsərin ideyasını ona qədər
heç kəsin diqqətindən keçmədiyi mənbələrədən
toplayırdı. 1956-cı ildə rejissor Şəmsi Bədəlbəylinin
təşəbbüsü və rəhbərliyi altında Azərbaycan
Dövlət Musiqili Komediya teatrı (indiki Akademik Musiqili teatr)
yenidən fəaliyyətə başlarkən müasir əsərlərin
yazılması zərurəti yarandı. 1957-ci ildə
M.F.Axundovun "Sərgüzəşti
mərdi-xəsis və ya Hacı Qara" komediyasının əsasında
"Hacı Qara" musiqili komediyası ilə bu çağırışa ilk
qoşulanlardan biri V.Adıgözəlov oldu. Bir neçə
il sonra isə bəstəkar C.Məmmədquluzadənin
"Ölülər" dramı əsasında eyni adlı
operanı yaradır.
Zaman keçdikcə bəstəkarın fərdi
üslubu formalaşaraq, yaradıcı kimliyi müəyyənləşirdi.
Onun yaradıcı siması barədə Əməkdar incəsənət
xadimi, professor Şəhla Mahmudova müfəssəl izah verir:
"...V.Adəgözəlovun musiqi dilinin folklor və
muğam sənətilə bağlılığın
özü çox qabarıqdır, sanki "üzdədir".
Peşəkar üçün də, sadəcə, Azərbaycan
musiqisi ilə maraqlanan hər bir dinləyici üçün
də bu dəst-xəttin sağlam, təbii milli köklərdən
cücərib yetişdiyini duymaq çox asandır..."
Buraya daha iki cizgini əlavə edək. Yazının əvvəlində
R.Zöhrabovun Zülfü müəllimin ifa üslubunu təhlil
edərkən onun orta və bəm tessiturada oxu tərzinə
malik olduğunu qeyd etmişdi. Bu fərdilik Vasif müəllimin
yaradıcılığına irsi keçərək onun bəstəkar
dilinə çevrildi. İkincisi, sırf fortepiano
üçün əsərlərindən başqa simfonik,
vokal, kino musiqi janrlarında bəstələrin fakturasında
mövcud alətin solo rolu diqqət çəkəndir.
Həyat - özünü özündə tapmaqda
deyil, özünü yaratmaqdan ibarətdir.
Corc Bernard Şou
Vasif Adıgözəlov həmişə əsərlərinin
təfsirçilərinə önəm və inam
nümayiş etdirən bəstəkardır. Xalq artisti,
professor, violin ifaçısı Zəhra Quliyevanın xatirəsinə
varaq: "Hələ N.Rimski-Korsakov adına Sankt-Peterburq
Konsevatoriyasında aspirantura illərində ustadım, professor
B.L.Qutnikov nəzərlərimi violin ədəbiyyatının
klassik nümunələri ilə yanaşı, XX əsr
müasir müəlliflərinin
yaradıcılığına yönləndirmişdi. Nəticə
etibarı ilə, milli nəhəngimiz Q.Qarayevin violin
konsertinin təfsirinə yanaşma, mənim üçün
gələcəkdə modern bəstəkarlıq aləminə
bir açar oldu. Bu sırada yüksək meyarlarla zəngin
olan V.Adıgözəlovun violin konserti diqqətimi cəlb elədi.
Bir ifaçı kimi deməliyəm ki, konsertin violin
partiyası alətin texniki imkanlarının mükəmməl
tətbiqləri ilə zəngindir. Əsərdə ilk nəzərə
çarpan məqam, strukturun janrlar arası əlaqə
hesabına simfonik inkişaf konsepsiyasına
hesablanmasıdır. Müəllif orkestri sırf
müşayiətedici element kimi deyil, dramaturji planın
mütəmadi dəyişməsində aktiv iştirak edən
yaradıcı birlik kimi təşkil edir. Konsertin musiqi materialında
milli musiqi mədəniyyəti nümunələri sitat şəklində
yox, dərin düşünülmüş, geniş təfəkkürü
əhatəliyən intellektual dəyərlərlə zəngin,
bitgin kompozisiya çərçivəsində təqdim
olunur. Bu keyfiyyətlərə malik sənət əsərini
ifa etmək, təbii hər bir çalğıçının
arzusudur.
Müəlliflə ilk görüşdə Vasif
müəllim məni dinləyərək: "Mən
çox xoşbəxt olaram, əgər siz mənim əsərimi
ifa etsəz" dedi. Bəstəkarın xeyir duasını
aldıqdan sonra işə başladım. Bir müddətdən
sonra mən və müəllif konserti kamil şəkildə
təfsir səviyyəsinə çatdırmaq
üçün məşqlərə başladıq.
Yaradıcı ünsiyyət təkcə konservatoriya çərçivəsində
yekunlaşmayaraq, H.Hacıyev küçəsindəki bəstəkarlar
evində, Adıgözəlovlar ocağında davam edirdi.
Vasif müəllimin həyat yoldaşı mərhum Xalidə
xanım, övladları Toğrul və Yalçın məni sonsuz diqqət, sayğı
ilə əhatələmişdilər. Təbii, belə məkanın
isti nəfəsi mənim məsuliyyət hissimi
artırırdı. Nəhayət əsərin fortepiano ilə
məşqləri başa çatdıqdan sonra, onun simfonik
orketstlə ifası və lent yazılışı baş
tutmalıydı. Bu minvalla mən, həmin konserti dirijor
Əli Cavanşirin idarəsi və Niyazi adına Dövlət
Simfonik orkestri ilə birgə Dövlət
Televiziyasının Səs yazma Evində, səs rejissoru, bəstəkar
Cavanşir Quliyev tərəfindən audio yazısını həyata
keçirdik.
Bir müddətdən sonra isə bizim ifaçı və
kollektivlərimizin çıxışlarını qramafon
valı şəklində hazırlamaq üçün
Moskvadan "Melodiya" firmasının xüsusi nümayəndə
heyəti gəldi. Hazırlanacaq səsyazıların
siyahısında Vasif müəllimin violin konserti də yer
tutmuşdu. Biz əsəri ikinci dəfə "Melodiya"
şirkətinin mütəxəssisləri ilə lentə
aldıq. Qısa zaman sonra Moskvada nəfis şəkildə
qramafon valı ərsəyə gəldi. Artıq müstəqillik
illərində mən öz kompakt disklərimi hazırlayanda
həmin əsəri rəqəmsal texnikanın köməyi
ilə CD-yə köçürdüm. Vasif müəllimin həm
bəstəkar, həm də müstəsna insani keyfiyyətlərə
məxsus bir insan kimi mənim qəlbimdə əbədi məkan
tapmışdır".
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
X.Natəvan
Hər bir sənətkarın "yaradıcı
ismi" hesab olunan məhşur bir əsəri vardır.
V.Adıgözəlovun Xurşidbanu Natəvanın sözlərinə
"Qərənfil" romansı bu qəbildəndir. Azərbaycan
bəstəkarların milli poeziyanın klassik incilərinə
müraciəti 60-cı illərdə tez-tez müşahidə
olunan fərdiliklərdən biridir. V.Adıgözəlovun bu
dalğada "Qərənfil"
romansı Azərbaycan vokal musiqisində Natəvanın irsinə
ilk müraciətdir. İncə lirika ilə zəngin romans
qısa müddət ərzində vokal
ifaçılarının repertuarında möhkəm yer
tutaraq populyarlıq qazanmışdır.
Üstəlik, həmin əsərin tar aləti
üçün transkripsiyası Polşa musiqi ictimaiyyətini
valeh etmişdir. Həmin mədəniyyət hadisəsinin
iştirakçısı Xalq artisti, professor, tarzən
Möhlət Müslümovun xatirələrindən:
"1976-cı ildə Ü.Hacıbəyli adına
Konservatoriyanın I kursuna qəbul olan kimi, A.Zeynallı
adına Azərbaycan Dövlət Musiqi Texnikumunun direktoru Vasif
Adıgözəlovun təşəbbüsü ilə işə
dəvət aldım. 1978-ci ilin sonlarında Polşanın
Qdansk şəhərində S.Manyuşko adına Musiqi
Akademiyasının yubileyi olmalıydı. Öz kabinetinə
dəvət edən Vasif müəllim məndən Polşa bəstəkarlarının
hansı əsərlərini bildiyimi soruşanda F.Şopenin
valsını ifa edə biləcəyəmi dedim. Bundan
başqa, Vasif müəllimın "Qərənfil"
romansının tar üçün işləmə
variantı mövcud idi. Biz həmin romansı da məşq
etdik, üstəlik, mənim təklifimlə ortaya solo
muğam parçası əlavə olundu.
Çıxış edəcəyimiz konsert zalında
Polşanın çox tanınmış musiqi xadimləri
iştirak edirdilər. Mənim həyatımda həmin xarici səfər
ilk idi. Vasif müəllim öz təbrikini
çatdırdıqdan sonra apardığımız tarı
da, hədiyyə elədi. Ardınca mən əvvəlcə
Şopen və Motsartdan sonra "Qərənfili" ifa etdim.
Sonuncu əsərin səslənməsi zamanı muğam hissəsinə
keçərkən zalda bir canlanma müşahidə olundu.
Alqışların ardınca bir çox musiqiçilər
"Qərənfil"in klavirinə baxmaq istədilər.
Bunu görən Vasif müəllim dedi ki,
polşalıları muğam maraqlandırıb. Bəstəkar
başa saldı ki, muğam improvizə xarakterli musiqi
olduğuna görə onu nota salmırlar, ifaçı
müşayiətin fonunda gəzişmələr edir.
Sonra isə Vasif müəllim milli musiqimiz və
muğamlarımız haqqında polşalı həmkarlarına
müfəssəl məlumat verdi. Onun
çıxışı o qədər xoş təəssürat
yaratdı kı, məndən məhz muğamat konserti verməyi xahiş etdilər. Hər
çıxışım gurultulu alqışlarla
müşayiət olundu. Vasif müəllimin gözləri
dolmuşdu. Çünki muğamlarımız Avropa ölkəsi
dinləyicilərini riqqətə gətirmişdi.
Bir xeyli illər keçdi. Bir gün Vasif müəllim
mənə zəng edərək, tarımla onlara gəlməyi
xahiş etdi. Çay süfrəsi ətrafında söhbət
zamanı bəstəkar "Segah" muğam -
simfoniyasını yazmaq istədiyini bildirdi, üstəlik,
xahiş etdi ki, bir müddət onlara gələrək
muğamın bütün variantlarını ifa edim. Muğam
ifaçıları yaxşı bilirlər ki, hər bir
muğamın istər instumental, istərsə də xanəndəni
müşayiət versiyasının çox saylı
variantları vardır. Mən iki ay bəstəkarın evinə
gələrək hər dəfə yeni variantları göstərirdim.
O isə mənə müxtəlif suallar verər, bu və ya
digər epizodun bir neçə dəfə ifa etməyimi
xahiş edirdi.
Həmin yaradıcı görüşlərin birində
Vasif müəllimə bir hadisəni danışdım.
1993-cü ildə Niderlandda qastrol səfərində olarkən
ermənilərin kompakt disk şəklində bizim qədim rəqs
musiqimizi mənimsəyib öz adlarına
çıxardıqlarının şahidi olduq. Mən və
kaman ifaçısı Fəxrəddin Dadaşov bu məsələyə
iradımızı bildirəndə bizə üç gün
ərzində qədim xalq rəqslərinimizi lentə yazmaq təklif
olundu. Öz növbəmizdə bu imkandan yararlanmağa qərara
gələrək bildiyimiz bütün materialı yazdıq.
Onlar içərisində "Segah"a istinad olan
"Xalabacı" rəqs havası da var idi. Vasif müəllim
həmin musiqini mənim ifamda eşidəndə, bildirdi ki,
axtardığımı tapdım. Nəticədə həmin
rəqs rəng qismində əsərin partirurasına
köçürüldü".
Sənətkarın yaratdığı təkcə
öz dövrünün reallıqları ilə deyil, gələcək
zamanla səsləşəndə yaşayır.
Qara Qarayev
Bəşər mədəniyyəti tarixində
yaranan bir çox yadda qalan sənət əsərləri
ictimai həyatdakı gözlənilməz köklü dəyişikliklər,
cəmiyyətdə güclü sarsıntılarla
müşayiət olunan hadisələrlə
bağlıdır. Bəstəkar Vasif Adıgözəlov da,
80-ci illərin sonlarından başlayaraq xalqının həyatında
baş verən tale yüklü ictimai-siyasi hadisələrə
öz sənətkar mövqeyini göstərdi. Bir-birinin
ardınca "Odlar yurdu" (1988), "Qarabağ şikəstəsi"
(1989), "Çanakkala-1915" (1997), "Qəm
karvanı" (1999) oratoriyaları yarandı. Bu əsərlərin
hər birində türk dünyasının əski və
çağdaş tarixi boyu haqq savaşlarında vətən, torpaq sevgisi uğrunda Cavad xanın
"Ya vətən, ya kəfən"
çağırışı kimi
sınmaz qüruru bəstəkar təfsirində
müxtəlif formalarda parlaq əksini tapmışdır.
Əməkdar artist Xurşid Abdullayeva: "Vasif müəllimin
ailəsi bizə çox yaxın, əziz və
doğmadır. Mən musiqiçi sənəti üzrə təhsil
aldıqdan, daha sonra Azərbaycan Dövlət Xor
Kapellasında direktor vəzifəsində
çalışmağa başlarkən Vasif müəllimlə
münasibətlərim həmkar səviyyəsinə qədər
yüksəldi. Onun "Odlar
yurdu", "Qarabağ şikəstəsi",
"Çanakkala-1915" oratoriyalarının musiqi mədəniyyətimizin
inciləridir. Hər dəfə bu əsərlərin
ifasını edərkən Vasif müəllimin bir vətəndaş
bəstəkar kimi vətənpərvər keyfiyyətlərində
yeni cizgizlər tapıram".
Qəhrəmanlar can verir, yurdu yaşatmaq
üçün.
Hüseyin Nihal Atsız
1988-ci ilin fevralından başlayaraq erməni millətçilərinin
Azərbaycanın tarixi torpaqlarına açıq formada əsassız
ərazi iddialarına etiraz etmək üçün
fevralın 21-də minlərlə azərbaycanlı
Ağdamın mərkəzində toplaşaraq, səhəri
gün kütlə halında Əsgərana doğru hərəkət
edirlər. Lakin dinc yürüşün xaincəsinə atəşə
tutulması nəticəsində Əli Hacıyev və Bəxtiyar
Quliyev şəhid olurlar. Ağdama, mərhumların dəfn mərasiminə
Mərkəzi Komitənin göstərişi ilə bəstəkar
Vasif Adıgözəlov və şair Teymur Elçin göndərilir.
Bəstəkarın oğlu, dirijor, Xalq artisti
Yalçın Adıgözəlov: "Atam həmin səfərdən
bərk sarsıntı keçirdərək qayıtdı. Qətlə
yetirilən gənclərin dəfnində gördüklərindən
dəhşətə gəlmişdi. Atam dedi ki, əgər
indi sərt, qabaqlayıcı tədbirlər görülməsə,
həmin gənclərin tökülən qanı daha
böyük faciələrin başlanğıcına
çevriləcək". Səfərdən sonra Vasif müəllim
Teymur Elçinlə həmin dövrün ab-havasını əks
edən "Qarabağ şikəstəsi" adlı oratoriya
yaratmaq qərarına gəlirlər. Nəticədə bir tərəfdən
poetik lirikalı, digər tərəfdən isə qəhrəmanı məzmunlu dramaturgiyadan ibarət əsər
meydan gəlir.
"Qarabağ şikəstəsi"
oratoriyasının ilk ifası 1991-ci ildə yanvar
ayının 20-də, qanlı faciənin birinci
ildönümündə P.İ.Çaykovaski adına Moskva
Dövlət Konservatoriyasının böyük zalında baş
tutur. Konsert o zamanlar Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində keçirilən
20 yanvar hadisəsinin ildönümü ilə bağlı matəm
mitinqinin davamı kimi həyata keçirilir. Yeri gəlmişkən
məhz həmin hadisədən bir il qabaq Ümummilli lider Heydər
Əliyev cənabları həmin məkanda Sovet
qoşunlarının Bakıda törətdikləri vəhşiliyi
pisləyən bəyanatla çıxış eləmişdi.
Y.Adıgözəlov: "Qarabağ şikəstəsi"
oratoriyasının premyerasının Moskvada, 20 yanvar faciəsinin
ildönümünə təsadüf eləməsi ulu
Tanrının xeyir duası ilə baş tutan bir möcüzə
idi. SSRİ Bəstəkarlar İttifaqının növbəti,
əslində sonuncu plenumu keçirilirdi. Adətən
bütün plenumların bədii hissəsində Moskvanın
musiqi kollektivləri iştirak edirdilər. Bu dəfə isə
təklif edildi ki, konserti öz musiqi kollektivlərimiz vasitəsilə
həyata keçirdək. Beləliklə, solistlər, simfonik
orkesr və xor kapellasından ibarət 150 nəfərdən
çox heyətlə Moskvaya yola düşdük.
Oratoriyanın Moskvada ifasında Xalq artistləri tarzən Ramiz
Quliyev, xanəndələr Alim Qasımov, Səkinə
İsmayılova, Əməkdar incəsənət xadimi Rauf
Adıgözəlov və Xalq artisti Nodar
Şaşıqoğlu iştirak edirdilər. Bədii qiraətin
rus dilinə şair, tərcüməçi Səyavuş Məmmmədzadə
çevirmişdi.
Digər tərəfdən konsert öncəsi uzun illər
akademik musiqi tədbirlərinin aparıcısı Anna Dimitriyevna
Çexova ilə proqramı nəzərdən keçirdərkən
əsərin adından "Qarabağ" sözünün
götürülərək ancaq "Şikəstə" kəlməsinin
saxlanıldığını gördüm. Səbəbini
soruşduqda A.Çexova oratoriyanın adının Mərkəzi
Komitənin göstərişi əsasında konsert
zalının rəhbərliyinin
tapşırığına uyğun məhz belə təqdim
olunacağını bildirdi. Nəticədə "Qarabağ
şikəstəsi"nin ilk ifası axşamı əsərin
adı təhrif olunmuş vəziyyətdə elan edildi. Həmin
konsert Mərkəzi Televiziya tərəfindən çəkilərək
sonradan Azərbaycan Televiziyasının qızıl fonduna
verildi".
"Natəvan" harayına əbədi cavab
Ulu öndər Heydər Əliyevin 1996-cı il
mayın 6-da Şuşa və Laçın rayonları sakinlərinin
bir qrupu ilə görüşdəki
çıxışında: "Şuşasız
Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan
yoxdur" fikri dövlətimizin heç bir zaman işğal
olunan torpaqlarımızın düşmən tapdağı
altında qalmağı ilə barışmayacağına bir
çağırış idi.
Vasif Adıgözəlovun Qarabağ mövzulu əsərlər
içərisində kulminasiya zirvəsi 2003-cü ildə ərsəyə
gələn librettosu Nazim İbrahimova məxsus "Natəvan"
operası oldu. Şairin 170 illiyinə həsr olunan əsər,
XIX əsrdə Qarabağda baş verən hadisələrin
mövcud reallığı üzərində qurulub. Opera
müəllifləri xalqımıza qarşı daima
mövcud erməni xəyanətinin ifşa etmək, onlara
qahmar çıxan beynəlxalq aləmə mənfur qonşularımız
əsl simasını nümayiş etdirmək
üçün yığcam konsepsiyalı əsər
yaratmağa müvəffəq olublar. Operanın ən
kulminasiya səhnəsi epiloqda, Natəvanın xəyalının
asta addımlarla səhnəyə daxil olaraq:
Ana yurdum Qarabağ,
Qeyrət dolu Şuşadan
nigaranam!..
Şuşanı alın geri!
Ahım odlar yeri-göyü,
Şuşanı alın geri!
Şuşanı xilas edin!
deyərək haray çəkir.
Cənab Ali Baş Komandan, İlham Əliyev cənablarının
qətiyyət, iradə, əzm, milli ruh və yüksək
idarəçilik rəhbərliyi və xalqımızın vətənpərvərlik
duyğularının birgə həmrəyliyi ilə Azərbaycan
Ordusunun 44 günlük müharibə nəticəsində
qazandığı ən şanlı və şərəfli
qələbəsinin əks olunduğu: "İyirmi səkkiz
il yarım işğal altında olan Şuşa azad edildi!
Şuşa indi azaddır! Biz Şuşaya
qayıtmışıq!" sözləri ilə başlayan
çıxışı dünyanın bütün məkanlarında
yaşayan azərbaycanlıların miqyasa sığmaz sevincinə
səbəb oldu. Şuşa, Cıdır düzü, Topxana
meşəsi, Qarabağın simvolu Xarıbülbül həmin
xəbəri çoxdan gözləyirdi. Pənahəli
xanın, Vaqifin, Üzeyirin, Natəvanın timsalında
Qarabağın neçə-neçə haqq dünyasına
qovuşmuş şəxsiyyətlərinin, nəhayət
Vasif Adıgözəlovun ruhu sevinirdi o gün.
Dövlət başçısının sərəncamı
ilə "Şuşa şəhərinin tarixi görkəminin
bərpası, əvvəlki şöhrətinin özünə
qaytarılması və ənənəvi dolğun mədəni
həyatına qovuşması, eləcə də Azərbaycanın
çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq
və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq
aləmdə təbliği məqsədilə..." mədəniyyət
paytaxtı elan edilməsi şəhərin mənəvi
ruhunun özünə qayıtmasına həyata keçiriləcək
layihələr üçün böyük təkan oldu.
İşğaldan azad olunan torpaqlarda quruculuq və bərpa
işlərinin başlaması ilə yanaşı, mədəni
həyatın dirçəldilməsi əsas hədəflərdən
birinə çevrildi.
İlk olaraq 2021-ci ilin mayında uzun sürən fasilədən
sonra "Xarıbülbül" beynəlxalq musiqi
festivalı yenidən keçirildi. Festival zamanı Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə reallaşan "Əbədi imzalar" layihəsi təqdim
olundu. Topluda Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət
Əmirov, Qara Qarayev, Niyazi ilə yanaşı, Vasif
Adıgözəlovun əsərlərinin notları yer
aldı. Bu layihədə yaxından iştirak etdiyim
üçün özümü çox xoşbəxt hesab
edirəm.
Oxu, zildən Qarabağ!
Oxu, pəsdən Qarabağ!
Qoy, yayılsın aləmə
Bu şikəstə, Qarabağ!!
T.Elçin
Təntənəli tədbirin son akkordu kimi
"Qarabağ şikəstəsi"nin Xalq artisti Alim Qasımov
və Əməkdar artist Fərqanə Qasımovanın
ifasında möhtəşəm səslənməsi anı
konsertdə iştirak edən bütün dinləyicilərin
gözlərini yaşartmışdı. Y.Adıgözəlov:
"Həmin hissəni mən müxtəlif məkanlarda
çox ifa etmişəm. Amma Şuşada, Cıdır
düzündə çıxışım zamanı həyəcandan
keçirdiyim hissləri izah edə bilmərəm. Təəssüf
ki, nə Vasif müəllim, nə
də Teymur Elçin bu günü görə bildi. Atam
dünyadan köçərkən son nəfəsində
Şuşa azad olunanda əsərini mütləq orada səsləndirməyi
mənə vəsiyyət eləmişdi. Xoşbəxtəm
ki, onun son arzusunu həyata keçirdə bildim".
Əbədiyyətdə ruhunuz daim şad olsun Vasif
müəllim!
Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2025.- 26 iyul(¹130).-S.10-11.