"Ehtiyac içində də
yaşamıram, təmtəraqlı həyatım da
yoxdur"
Əməkdar artist İlham Hüseynov: "Rusiyada pinəçilik
eləyirdim, on il orada yaşayandan sonra dözə bilmədim,
geri döndüm"
Müsahibimiz Əməkdar artist, Gəncə Dövlət
Milli Dram Teatrının aktyoru İlham Hüseynovdur.
- Necəsiniz? İşləriniz necə gedir?
- Hazırda istirahətdəyəm. Həm çəkildiyim
"İmtina" serialı bitib, həm də işlədiyim
Gəncə Dövlət Milli Dram Teatrından məzuniyyətə
çıxmışam.
- Gəncədə teatr, Bakıda çəkilişlər...
Get-gəl yormur sizi?
- Yox. Çoxdandır, bu iş rejimində işlədiyimə
görə alışmışam. Bakıda olanda Gəncə
üçün, Gəncədə olanda Bakı
üçün darıxıram. Buradan Gəncəyə həvəslə
gedirəm ki, doğma yurduma gedirəm. Çəkilişlərim,
həmfikir olduğum dostların çoxu Bakıda olduğu
üçün də böyük həvəslə geri
qayıdıram.
- Bir sözlə, keçmiş Gəncədədir,
gələcək Bakıda.
- Elədir ki, var.
- Mən sizi ilk dəfə "Aktrisa" filmində
kəşf etmişəm. Elə həmin vaxt sizin
yaradıcılığınızla maraqlanmağa
başladım. Öyrənəndə ki, bu, kinoda ilk
işinizdir, xeyli təəccübləndim. Halbuki ona qədər
teatrda uğurlu rollarınız vardı. Niyə kinoya belə
gec gəldiniz?
- Bəli, "Aktrisa" filminə çəkiləndə
42 yaşım vardı. Təbii ki, buna qədər də
çəkilmək istəyi olub, ancaq başım teatra
qarışmışdı. Bir dəfə çəkiləndən
sonra isə mütəmadi çəkilmək istəyi
yarandı. Düzü, həmin dövrdə buna ümid
etmirdim. Düşünürdüm ki, kimdir məni kinoya
çəkən?
- Rövşən İsax çəkdi. Bilirəm ki,
hər ikiniz gəncəlisiniz. Ancaq yenə də
maraqlıdır, sizin yollarınız necə kəsişib?
- Rövşənlə hələ məktəbdə
oxuduğumuz dövrdə - Gəncədəki Xalq teatrında
çıxış etdiyimiz illərdən bir-birimizi
tanıyırdıq. Həmçinin institutda tələbəliyimiz
eyni dövrə təsadüf edir. Bir sözlə,
Rövşən məni insan kimi çoxdan
tanıyırdı, üstəlik, aktyor potensialıma da bələd
idi.
- Bəs necə oldu ki, illər sonra sizi çəkmək
qərarına gəldi?
- Deməli, 2008-ci ildə Rövşəndən mənə
zəng gəldi. Dedi, İlham filan ölçülərdə
şəklini göndər, ola bilsin ki, biz səninlə
çəkiliş meydançasında
görüşdük. Mən də şəkilləri
göndərdim. Üstündən bir neçə ay keçəndən
sonra Rövşən Gəncəyə gəldi, biz Xan
bağında oturub söhbət etdik. Məhz orada İlqar Fəhminin
"Aktrisa" romanı haqqında ətraflı
danışdı və əsər əsasında film çəkmək
istədiyini dedi. Elə ilk dəfə əsər haqqında
danışanda çox xoşuma gəldi. Rövşən
dedi ki, məni filmdə özünün oynadığı
müstəntiq rolunda sınamaq istəyir. Daha sonra məndən
bu filmdə hansı rolu oynamaq istədiyimi soruşdu. Mənim
könlümdən yazıçı Rüfət Hüseynzadə
obrazı keçsə də, deməyə utandım. Cavab
verdim ki, sən hansı rolu desən, oynamağa hazıram. Bu
söhbətin üstündən bir il keçəndən
sonra Rövşən məni Bakıya sınaq çəkilişlərinə
dəvət etdi. Onu da qeyd elədi ki, məni
yazıçı rolu üçün də sınamaq istəyir.
Sevincimdən bilmədim nə edim. Dedim, mən bunu gözləyirdim.
Bu söhbətin üstündən bir il keçəndən
sonra Rövşən məni Bakıya sınaq çəkilişlərinə
dəvət etdi. Çəkiliş olan məkana ilk dəfə
gedəndə o qədər utanırdım ki, elə bil məni
edama aparırlar. Ümumiyyətlə, mən xaraktercə
utancaq insanam. Həmin gün öz çəkilişimdən
sonra digər aktyorları da izləmək fürsətim oldu.
Hər dəfə yeni aktyor görəndə ürəyimdə
deyirdim ki, yüz faiz bunu çəkəcək, məni
çəkməyəcək. Nəhayət, sınaq çəkilişləri
bitdi, dedi, get mən səni çağıracağam. Sonradan
bildim ki, sən demə, həmin vaxt bütün bədii
şura mənim çəkilməyimə qarşı
imiş. Şura başqa aktyorun üzərində dayanır,
tək Rövşən istəyir ki, məni çəksin.
Dilemma qarşısında qalan Rövşən sınaq
çəkilişlərinin qeydini də götürüb
gedir bir kino bilicisinin yanına. Həmin şəxs də deyir
ki, İlhamı çək, o bu rola daha çox uyğundur.
Çünki İlhamın gözlərində uşaq səmimiliyi
var. Doğrudan da, xaraktercə sözügedən personaja
çox oxşayıram. Sadəlövh, uşaq kimi hər
şeyə inanan adamam. Məni aldatmaq çox asandır. Beləcə,
məni bu rola təsdiqlədilər.
"Aktrisa"nın çəkilişləri mənim
üçün əzablı iş prosesi oldu. Kinoda təcrübəsiz
olduğum üçün Rövşən İsaxa çox əziyyət
verirdim. Baxmayaraq ki, bu filmə qədər teatrda xeyli rollar ifa
etmişdim. Ümumiyyətlə, teatrın da, kinonun da
özünəməxsus qanunları var. Məsələn,
filmdə həm yaxın, həm də uzaq plan çəkilir.
Mən o vaxt heç bunu da bilmirdim. Tutaq ki, hansısa bir jest
işlənirsə, sən hər iki planda eyni cür
oynamalısan. Mən fərqli oynayırdım, Rövşən
əsəbləşirdi. Yaxud da rolu müəyyən bir sərhəd
daxilində oynamalısan, bir balaca başını tərpədən
kimi kameradan çıxa bilərsən. Mən tez-tez kameradan
çıxırdım. Bir sözlə, uyğunlaşa
bilmirdim. Hətta bir dəfə belə bir hadisə
olmuşdu. Çəkiliş zamanı uzaqdan eşitdim ki,
Rövşən deyir, məni belə-belə olaydım, mən
bunu niyə çəkdim?
- Ancaq "Aktrisa" sizə gözlənilən məşhurluğu
gətirmədi.
- Ümumiyyətlə, film özü məşhur
olmadı. Fikrimcə, "Aktrisa"Azərbaycan səviyyəsində
çox keyfiyyətli işdir.
- Məşhurluq "Vicdan haqqı"nın
İmranı ilə gəldi. Maraqlıdır, İmrandan sizdə
nə var?
- Heç nə. Mən həyatda tamam başqa adamam.
Əgər bu rolun öhdəsindən gələ bilmişəmsə,
nə xoş mənə.
- Qəfil gələn məşhurluğu necə
qarşıladınız?
- Mən hələ "Aktrisa" filminin sınaq
çəkilişləri zamanı xəyallar qururdum ki, kinoya
çəkiləcəyəm, küçəyə
çıxanda hər yerdə məni tanıyacaqlar.
"Vicdan haqqı"dan sonra artıq nəinki şəhərdə
tanıyırdılar, feysbukda axın-axın dostluqlar gəlirdi.
Bəzən aktyorlar deyir ki, məşhurluqdan bezdim. Mən elə
deməzdim. Məşhurluq aktyor üçün mənəvi
qidadır. Bütün bunlara görə, Rövşənə
minnətdaram. Həmişə deyirəm ki, məni kinoya gətirən,
kinoda yaradıcılıq taleyimi həll edən Rövşən
olub. Yeganə aktyoram ki, Rövşənin "Aktrisa"
filmindən bu yana bütün proyektlərində
oynamışam.
- Çox vaxt aktyorlarımız maddi çətinlikdən
gileylənir. Sizin bu mövzuda giley-güzarınız yoxdur
ki?
- Mən bu sənətə gələndə
yaşayacağım çətinlikləri gözə
almışdım. Çünki bilirdim ki, aktyorlar
böyük pullar qazanmır. İstənilən halda deməzdim
ki, bu gün ehtiyac içində yaşayıram. Ancaq elə
bir təmtəraqlı həyatım da yoxdur.
- Kino kimi, evliliyə də gecikmisiniz. Bunun səbəbi
nə olub?
- Maddiyyat. Mən özümü tamamilə sənətə
həsr etmişdim.
- Gəncə Dövlət Milli Dram Teatrı ilə
yanaşı, Akademik Milli Dram Teatrında da
çalışmısınız. Təəssüf ki, bu əməkdaşlıq
qalmaqallı sonluqla bitdi. İstərdim, məsələni bir
də sizdən eşidək.
- Mən hələ uşaq olanda bilirdim ki, aktyor
olacağam. Elə həmin dövrdən yaradıcılıq
həyatımı planlamışdım. Bu məqsədlərdən
biri Mədəniyyət və İncəsənət
İnstitutuna qəbul olmaq idisə, ikinci "Azdrama"da
çalışmaq idi. İlk arzumu reallaşdırdım.
Ancaq məlum məsələdir ki, İnstitutu bitirdikdən
sonra Bakıda qalmaq üçün kiminsə dəstəyi
lazım gəlirdi. Ona görə də təhsilimi
tamamladıqdan sonra ürək ağrısı ilə Gəncəyə
qayıtdım. Gəncədə təxminən üç il
qalandan sonra bəzi səbəblərdən Rusiyaya getdim. Həmin
vaxt elə bilirdim ki, mən yaxşı aktyor ola bilməyəcəyəm.
Niyəsə özümə qarşı inamsızlıq
vardı.
- Rusiyada nə işlə məşğul olurdunuz?
- Pinəçilik eləyirdim. Qardaşım Rusiyada
yaşayırdı və ayaqqabı istehsalı ilə məşğul
olurdu. Mən də onun yanında bu peşəni öyrəndim.
- Bəs necə oldu ki, qayıtmağa qərar
verdiniz?
- Müəyyən dövr keçəndən sonra
anladım ki, dözə bilmirəm, mütləq
yaradıcılıqla məşğul olmalıyam. On il orada
yaşayandan sonra dözə bilmədim, geri döndüm. Bura
qayıdandan sonra Gəncə teatrında işləməyə
başladım. 2013-cü ildə Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının o dövrkü direktoru "Evlənmə"
tamaşasında məni görüb "Azdrama"ya dəvət
etdi. Hətta Gəncə Dövlət Dram Teatrında işləməyimə
də icazə verdi. Beləcə beş il hər iki teatrda
işlədim. İsrafil İsrafilovun yerinə Azər
Paşa Nemətov gələndən sonra isə şəxsi
konflikt zəminində mənimlə bərabər, bir
neçə aktyoru da teatrdan uzaqlaşdırdı.
- Bağışlamısınız Azər Paşa
Nemətovu?
- Yox, bağışlamamışam. Gəlin, bu
mövzunu bağlayaq. Ölünün arxasınca
danışmazlar.
- Yaxşı. Siz niyə filmlərə çəkilmirsiniz?
- Dəvət edən yoxdur.
- Bəlkə də ardıcıl olaraq sizi seriallarda
görürlər deyə, buna təşəbbüs göstərmirlər.
- Ola bilər. Mən həmişə çəkilməyə
hazıram. Yetər ki, yaxşı ssenari, yaxşı rol
olsun...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 26 iyul(№130).-S.9.