"Qurdlar vadisi"nin
Güllüsü: "Onlar Türkiyəyə gələ
bilmirlərsə, biz Azərbaycana gedərik..."
Aktyor Erhan Ufak: "Artıq dörd ildir ki, Azərbaycanda
yaşayıram və həyatıma burada davam etmək istəyirəm"
Həmsöhbətim uşaqlıqdan bəri izlədiyim
və çox sevdiyim, Türkiyənin məşhur
"Qurdlar vadisi" serialındakı Güllü (Erhan)
obrazının ifaçısı aktyor Erhan Ufakdır. Erhan
Ufak diqqətimi həm də Azərbaycanda fəaliyyət
göstərməsi, ölkəmizi çox sevməsi,
Bakıda yaratdığı Türk Sənət Akademiyası
kimi uğurlu layihənin bir parçası olması ilə cəlb
etmişdi. Elə bu nüanslar da ondan müsahibə almaq qərarıma
böyük təkan verdi.
Beləliklə, aktyor Erhan Ufak ilə söhbəti
oxuculara təqdim edirəm.
- Erhan bəy, siz daha çox məşhur "Qurdlar
vadisi" serialı ilə tanındınız. Bu serialda yer
almaq sizin üçün nə ifadə edir?
- "Qurdlar vadisi" kimi layihənin bir
parçası olmaq mənim üçün qürurvericidir.
Hər mənada çox gözəl bir layihə idi -
ssenarisi, aktyor heyəti, mövzusu ilə... İnsanlar bu
serialı çox sevdilər, obrazları, ssenarinin
gedişatını, hadisələri bütünlüklə
mənimsədilər. Həm də bu serial təkcə
Türkiyədə sevilmədi, dünyanın yüzə
yaxın ölkəsində nümayiş olundu. Nə
yaxşı ki, "Qurdlar vadisi" serialında mən də
rol aldım.
- Sizcə, bu serialın uğurunun səbəbi nə
idi - ssenari, yoxsa aktyorların bu qədər dəqiq
seçilməsi?
- Dediklərinizin hər ikisi bu serialda var idi - həm
aktyorların seçimi, həm də ssenarinin peşəkarlıqla
yazılması. Bundan əlavə, büdcə də kifayət
qədər idi, insanlar böyük dəstək verirdilər.
Bu isə çox böyük bir layihənin ərsəyə
gətirilməsinə səbəb oldu. Belə layihələr
sadəcə bir nəfərlə olmur. Ssenarini, aktyorları,
texniki heyətin peşəkarlığını
ayrı-ayrılıqda qiymətləndirmək
lazımdır. Onların hər biri ayrı-ayrılıqda
bütöv bir ailənin hissələri idilər.
- "Qurtlar vadisi" serialına çəkilən
aktyorlardan bir çoxunu daha sonra başqa seriallarda da görə
bildik. Siz niyə görünmədiniz?
- Bizim hələ də "Pana Film" ilə olan
bir razılaşmamız var. Ona görə də seriallarda
çəkilə bilmirik. Sonra xüsusi tələblərimizə
əsasən, bir az güzəşt oldu. Reklamlarımız
yayımlanır, filmlərə çəkilmək
açıqdır, amma seriallar hələlik açıq
deyil. Bu ilin sonunda o razılaşma artıq bitir. Təkliflər
isə çox olur - böyük layihələrdən,
çox böyük insanlardan saysız təkliflər gəlir.
- Aktyor olmaq hansı yaşda aldığınız qərar
idi və özünüzdəki bu istedadı nə vaxt kəşf
etmişdiniz?
- Əslində kamera qarşısındakı
aktyorluğum birdən yarandı. Yeri gəlmişkən,
"Pana Film" bizim ailə şirkətimiz idi. Texniki heyət
olaraq "Pana"nın arxa hissəsində işləyirdim.
Gördüyüm işlə əlaqədar onlara dəstək
olurdum. Sonra bir də baxdım ki, artıq kameranın
qarşısındayam. Və bundan çox böyük həzz
aldım. Ona görə də təhsil almağa
başladım. Aktyorluqla əlaqəli təhsil aldım. Sonra
bu işi sevdim və davam etdim, ssenari müəllifliyi, kamera
qarşısında aktyorluq üzrə, eləcə də
müəllim olaraq da təhsil aldım. Bu, xoşuma gəldi.
İnsanlara yön verməyi, onlara nələrisə izah etməyi
çox sevdim və hələ də buna davam edirəm.
- Karyeranızda ilk dəfə belə bir uğurlu
layihənin parçası olmaq, yəqin ki, həyəcanlı
idi.
- İlk vaxtlar ayaq dırnağımdan saç telimə
qədər həyəcanlanırdım. Ekranda görünməsə
də, çox həyəcanlanırdım. Bədənim titrəyirdi,
çənəm əsirdi. Ancaq sonra hər şey düzəldi.
İlk günkü həyəcan isə hələ də var.
Mənə deyirdilər ki, bu qədər yüksək həyəcan
keçirmə...
- "Qurdlar vadisi" layihəsində birlikdə
olduğunuz insanlarla əlaqələriniz hələ də
davam edirmi?
- Təbii ki, hələ də davam edir. Telefonla
danışıram və bəzən onları Azərbaycana dəvət
edirəm. İnşallah, yaxın zamanlarda buraya da gələrlər.
Həmçinin, mən də İstanbula gedəndə
uyğun olduqları təqdirdə onlarla
görüşürəm.
- "Qurdlar vadisi"ndə çəkildiyiniz
aktyorlarla yenidən hansısa film çəkmək heç
ağlınızdan keçibmi bu vaxta qədər?
- Bəli, bu haqda düşündük, amma
reallaşmadı. Maddi və mənəvi bir çox səbəblər
istəyimizin gerçəkləşməsinə imkan vermədi.
Əslində yaxşı ssenari olsa, niyə olmasın ki?
Əsas odur ki, ortaya yaxşı ssenari qoyulsun. Bəzən
ssenarilərə baxıram, görürəm ki, çox
adidir, bu səbəbdən də çoxunu geri çevirirəm.
Hətta aktyor heyətinə də baxıram, çox
tanınmış insanlardır, amma buna baxmayaraq, ssenari
çox zəifdir. Ona görə də belə layihələrdən
qaçıram.
- "Qurdlar vadisi" serialından səhnə
arxası yaddaqalan və bizimlə paylaşmaq istədiyiniz
xatirələriniz var?
- Bizim səhnə arxasında olanlar heç vaxt nə
çəkilib, nə də yayımlanıb. Kameranın
qarşısındakı dünyanı xilas edən ciddi
personajlar kamera arxasında qəhqəhə çəkər,
fərqli söhbətlər edərdilər. O günlərimiz
üçün çox darıxıram. Bir də
ağlımda qalan bir xala var. O vaxtlar "Pana Film"ə gəlmişdi
və məni soruşmuşdu: Erhan oğlum haradadır? -
demişdi. Soruşublar ki, bəs siz Erhanın nəyisiniz? O
isə cavabında bildirib ki, mən onun anasıyam, ona bir hədiyyə
gətirmişəm. Mən həmin vaxt çəkilişdə
idim, nə isə, icazə aldım ki, gedim o xalaya baxım.
Getdim gördüm, dedim ki, məni soruşmusunuz. Dedi bəli,
sən hər həftə mənim evimdəsən, gəlirsən,
gedirsən, sən məni necə tanımazsan? Dedim, xala, mən
sizi həqiqətən tanımıram. Dedi ki, mənim
üç övladım var, dördüncüsü də sənsən.
Serialı o qədər mənimsəmişdi, deyirdi ki, hər
həftə cümə axşamı sən bizdəsən. Mənə
bir sviter hörmüşdü. Çox xoşuma gəlmişdi.
O sviteri hələ də saxlayıram. Türkiyəyə gedəndə
mütləq birinci onun evinə gedib ziyarət edirəm. Deyirəm,
ana, mən gəldim. Çox fərqli bir hissdir...
- Azərbaycanda fəaliyyət göstərməyiniz
diqqətimi çox çəkdi. Karyeranıza nə
üçün burada davam etdirmək istədiniz?
- Mən Türkiyədə Sənət Akademiyası
yaratmışdım. Akademiyaya gələn tələbələrin
yetmiş faizi azərbaycanlı gənclər idilər.
Onları izləməyə başlayanda gördüm ki,
çox istedadlı gənclərdir. Kimi rejissorluq, kimi aktyorluq, kimi isə
şəxsi inkişafla bağlı təhsil almağa gəlirdi.
Onları izləyərkən bu məqam diqqətimi çəkdi
- gördüm ki, bu gənclər bir-iki aydan sonra yoxa
çıxırlar. Araşdıranda məlum oldu ki, kiminin
maddi gücü çatmır, kimi yaşayış icazəsinə
görə qala bilmir və buna görə də təhsili
yarımçıq qoyub gedirlər. Buna görə də qərara
gəldim ki, əgər onlar Türkiyəyə gələ
bilmirlərsə, biz Aəzrbaycana gedək, orada öz məktəbimizi
açaq. Dedik ki, siz gələ bilmirsinizsə, biz gələrik.
Bir həftə, on gün burada dolaşıb araşdırma
apardıq və gördük ki, burada akademiyaya həqiqətən
ehtiyac var. Amma belə bir riskimiz də vardı: bizdən əvvəl
buraya gələn insanlar dələduzluq edib aradan
çıxmışdılar. Əslində bu, çox riskli
bir iş idi. Amma mən mübarizəni sevirəm. Burada
akademiyanı qurdum və tələbələr gəlməyə
başladılar. Sonra ailəmi də buraya gətirdim. Onsuz da
işimlə bağlı tez-tez gedib-gəlirdim.
Düşündüm ki, bura həm güvənli, həm də
sevdiyimiz bir yerdir. Azərbaycan mənim üçün
çox özəl bir ölkədir,
uşaqlığımdan bəri bu belədir. Bizim evimizdə
iki bayraq asılmışdı - biri Türkiyənin, digəri
isə Azərbaycanın bayrağı. Rəhmətlik atamdan
soruşardım ki, o qədər türk dövlətləri
olduğu halda, niyə məhz Azərbaycan? Amma heç zaman
niyəsini mənə tam olaraq açıqlamadı. Azərbaycan
mənim üçün hər mənada özəldir. Buna
görə də akademiyanı burada açdım. Artıq
dörd ildir ki, Azərbaycanda yaşayıram və həyatıma
burada davam etmək istəyirəm.
- Artıq neçə ildir Azərbaycanda fəaliyyətdəsiniz.
Yəqin ki, bu müddətdə bir çox şeylərin
şahidi olmusunuz. Fəaliyyət göstərdiyiniz sahədə
dəyişmək istədiyiniz nəsə varmı?
- Əlbəttə, həm Türkiyədə, həm
də burada var. Kino sahəsində istedadlı, qızıl
kimi, əllərində həyata keçirmək istədikləri
layihələr olan gənclər var. Deyim ki, Türkiyə bu
mövzuda öndədir. Türkiyədə ehtiyacı olan
istedadlı insanların əlindən tutar, onlara dəstək
olarlar. Çox istərdim ki, burada da belə istedadlı gənclərə
dəstək duran, onların ümid yeri olan insanlar olsun. Məsələn,
mən burada bir layihə üzərində işləyirəm
və kənardan dəstəyə ehtiyacım var. Kimin
üçündür bu dəstək? Tamamilə gənclərimiz
ilə bağlıdır ki, onlar bir az daha üst səviyyəyə
qalxsınlar. Çox arzu edərdim ki, gənclərə dəstək
verilsin. Dəstək olsa, Azərbaycanın gəncləri də
yüksəlmiş olacaqlar. Burada çox isdedalı aktyorlar,
rejissorlar, ağlasığmaz dərəcədə mükəmməl
montaj heyəti var. Amma o insanlara yardım göstərilməlidir
ki, onlar inkişaf etsinlər.
- Dediniz ki, 4 ildir Azərbaycanda
yaşayırsınız. Öz övladlarınızın
burada aldıqları təhsildən razısınızmı?
- Bəli, çox razıyam. Burada türk məktəbində
təhsil alırlar. Qızım yeddi, oğlum isə doqquz
yaşındadır. Onlar Türk Anadolu Liseyində təhsil
alırlar. Buradakı təhsil ilə Türkiyədəki təhsil
bir az fərqlidir. Xüsusilə uşaq qruplarında
uşaqların boş vaxtı olmur. Hər zaman bir məşğuliyyətləri
var. Məsələn, biri pianoda ifa edir, digəri başqa bir
işə yönləndrililir. Bu səbəbdən də,
övladlarımın burada təhsil almaqlarını uyğun
gördüm.
- Burada insanların münasibəti necədir sizə?
- Burada heç zaman özümə qarşı bir
soyuqluq görmədim. Daha çox sevgi gördüm. Getdiyim hər
yerdə, çox sağ olsunlar, var olsunlar, sözün əsl
mənasında məni əl üstündə tuturlar.
- Gələcəkdə Türkiyə-Azərbaycan
birliyini əks etdirən film, ya serial çəkməyi
düşünürsünüzmü?
- Əlbəttə ki, düşünürəm.
Hazırda bu iş üzərində işləyirəm də.
Bir neçə iş var. Yavaş-yavaş
başlayacağıq. Çox böyük büdcəsi
olmayan, ancaq hansısa bir məna ifadə edən, gözəl
səs sala biləcək bir ssenari hazırlayıram. Türkiyə
və Azərbaycan arasında keçən bir hekayə kimi.
Qısa bir film olacaq yəqin ki.
- Siz özünüz də rol alacaqsınızmı?
- Məni seçərlərsə, rolumu oynayaram
(gülür). Soruşaram, məni istəsələr, rol
alaram.
- Ailənizdə sizdən başqa aktyor varmı?
- Xeyr. Ailəmizdə aktyor təkcə mənəm.
Digər ailə üzvlərim kamera arxasında fəaliyyət
göstərirlər. Ailə dedikdə "Pana Film"
sektorundan bəhs edirəm. Necati Şaşmaz ilə
qohumluğum var. Cahid mənim süd qardaşımdır.
- Mənim suallarım bu qədərdir. Sonda əlavə
demək istədiyiniuz bir sözünüz varsa, buyurun.
- Əvvəldə də dedim, Azərbaycanda
istedadlı gənclər çoxdur, amma gənclər nə
qədər istedadlı olsalar da, mütləq təhsil
alsınlar. Həm də bu, təkcə bizimlə, bizim
akademiya ilə əlaqəli deyil. Mütləq təhsil
alsınlar ki, özlərini bir pillə yuxarı qaldırsınlar.
Özlərinə yatırım etsinlər, hansı
mövzuda çatışmazlıqları varsa, onu
tamamlasınlar. Əgər kompüterləri yoxdursa, onu
alsınlar, dil bilgiləri zəifdirsə, təkmilləşdirsinlər,
sənətlə məşğuldurlarsa, bilik mədəniyyəti
qazansınlar. Bir sözlə, özlərini inkişaf
etdirsinlər, öz üzərlərində işləsinlər.
Gənclərə tövsiyəm budur.
Son olaraq əlavəm bu ola bilər ki, akdemiya olaraq
burada dörd il birgə keçirdiyimiz zaman var və fəaliyyətimiz
davam edir. Hazırda isə son sinifimizdən sonra qəbul
prosesini dayandıracağıq. Sentyabrdakı qəbul prosesinə
yeni bir konsepsiya ilə gənclərin qarşısına
çıxacağıq. Mənim Erhan Ufak olaraq bir aktyor
kimliyim var. Amma onun xaricində başqa bir biznesin içində
də varam və tam fəaliyyətə bu aylardan etibarən
başlayacağam. Kamera mühafizə xidməti ilə
bağlı da bir layihəmiz var. Yavaş-yavaş bunu da
insanlara tanıtmaq istəyirik. Bu da o deməkdir ki, mən uzun
müddət Azərbaycanda yaşayacağam. İstədim ki,
təkcə akademiya ilə, sənətlə yox, digər
sektorlarda da fəaliyyət göstərim ki, bir ayağım
burada - sevdiyim yerdə olsun. Hamınızı çox sevirəm!
Aynur ƏDİL
525-ci qəzet .- 2025. -29 iyul(№131).- S.14.