Oxumadan hökm
VƏ YA CÜMLƏ BİTMƏDƏN YAZIÇIDAN
İMTİNA EDƏNLƏR
Ədəbiyyatın əsas sahələrindən biri
ədəbi tənqiddir. Sağlam tənqidin hər sahədə
olduğu kimi, ədəbiyyatda, poeziyada da inkişafa xidmət
etdiyini düşünənlərdənəm mən də.
Amma sağlam tənqidin. Yəni əsaslandırılmış,
mənfi və müsbət tərəfləri balanslı
şəkildə təqdim olunmuş, çıxış
yollarının, doğrunun göstərildiyi, ətraflı
şərh edildiyi bir tənqiddən danışıram. Onun
da tərəfdarıyam ki, tənqidlə sırf bu sahənin
mütəxəssisləri, işin "mətbəxindən"
xəbərdar olanlar məşğul olmalıdırlar. Məsələn,
hər şeir yazan, hər hekayə, roman müəllifi həm
də tənqidçi olmağa məcbur deyil,
olmamalıdır. Yazıçı, şairin işi ədəbi,
bədii əsər təqdim etmək, tənqidçinin
işi də onu tənqid etmək, rəy bildirməkdir. Biz hər
şey kimi bunları da çoxdan bir-birinə
qarışdırmışıq.
Nə yazıq ki, son dövrdə hər sahədə
olduğu kimi, ədəbiyyatda da tənqid anlayışı
başqa anlayışlarla qarışdırılır.
İlk növbədə təhqirlə... Xüsusən, sosial
şəbəkələr bu mövzuda çox aktiv rol
oynayır. Məsələn, bir şair öz şeirini
paylaşır. Bəlkə şeir bir az qeyri-ənənəvidir,
bəlkə kimlər üçünsə sadə təsir
bağışlayır, ya da forma etibarilə tanış
deyil. Bəziləri sanki pusquda dayanmış kimi
çökürlər müəllifin boğazına.
Çıxartdığı hökmlər isə iki sözdən
o tərəfə keçmir: "Şeir deyil!" Nə əsaslandırma
var, nə zəif tərəflərin təhlili, nə də
ümumiyyətlə, yazılana sayğı...
Bu cür cümlələr artıq klassik refleksə
çevrilib. Oxumadan, düşünmədən, sətirlərin
ruhunu duymadan, forma və məzmunu qavramadan verilmiş qərar,
sanki ilahi hökm. Halbuki bu "hökm" deyən adamın
nə qədər ədəbiyyat mütaliəsi var, hansı
poetik məktəbləri oxuyub, hansı dil qatlarını
tanıyır məlum deyil. Amma "bəyənmirəm"
demək yerinə "bu, ümumiyyətlə, şeir
deyil" deməklə öz fikrini mütləq həqiqət
kimi təqdim edir.
Bu, tənqid deyil. Bu, təhlükəli vərdişdir:
bilmədən danışmaq, oxumadan qınamaq, fərqli
olanı dərhal inkar etmək.
Eyni münasibət yazıçılara qarşı
da hökm sürür. Müəllifin bircə cümləsini
belə oxumadan onun haqqında "yazıçı deyil"
fikri formalaşdıran adamlar var. Bəzən bunu onun
görünüşünə görə deyirlər, bəzən
onun şəxsi həyatını bəhanə gətirirlər,
bəzən də "hamının
paylaşdığına görə" avtomatik olaraq
antipatiya göstərirlər. Oxumurlar. Bilmədən
danışırlar. Danışdıqlarına da həm
özləri inanırlar, həm də özləri kimilərini
inandırırlar.
Beləliklə, ədəbiyyatın öz əhatə
dairəsi getdikcə daralır. İstedadlı, yeni, fərqli
səslər daha az görünür, çünki onlar ya
"klassikə bənzəmirlər", ya "populyar deyillər",
ya da sadəcə "tanımırıq onu".
Bu cür qeyri-sağlam hökmlər müəlliflərə
qarşı da görünməkdədir. Yəni bu gün bir
ədəbi mətnə "şeir deyil" deyənlər
sabah hansısa müəllif haqqında "o, şair
deyil" deməyi özlərində haqq görürlər.
Çox zaman isə həmin insandan nəinki bir şeir, bir bənd,
heç bir misra da oxumayıblar. Ya şəxsi ədavəti
var, ya bioqrafiyasındakı hansısa nüans xoşuna gəlməyib,
ya gizli qısqanclıq keçirir, ya da sadəcə
özünü ağıllı, bu sahənin bilicisi göstərməyə
çalışır. Əsərlə yox, müəllifin
bioqrafiyası ilə mühakimə etmək ədəbiyyata
qarşı ədalətsizliyin ən klassik formasıdır.
"O adam yazıçı deyil!" demək əslində,
onun yazdıqlarına yox, mövcudluğuna qarşı
hücumdur. Yazıçı, şair olmaq üçün nə
lazımdır, necə yazmaq lazımdır? - bunlar haradasa
qanun, qayda kimi yazılıb, qeyd olunubmu? Harada var belə bir
qanun, harda göstərilib yazıçı, şair
olmağın meyarları? Bəlkə o hökmü verənlər
haradasa oxuyublar, əxz ediblər o meyarları, biz bilmirik?
Mən bir ədəbiyyatçı kimi hələ
heç bir həqiqi tənqidçinin dilindən "bu,
şeir deyil", "o şair deyil" kimi hökmlər
eşitməmişəm. Heç buna gərək də yoxdur
axı. Ədəbiyyata sayğısı və sevgisi, ədəbi
mətnə hörməti olan tənqidçi məhz mətnlə,
ya da müəllifin yaradıcılığı ilə
işləyir, onun zəif və ya güclü tərəflərini
tutarlı arqumentlərlə açıb oxucunun
qarşısına qoyur. Bundan sonrası isə oxucunun öz qərarıdır.
Yalnız oxucu qərar verə bilər: bu müəllif onun
yazıçısı, şairidir, yoxsa yox!
Bu cür hökm verənlərə bircə dəfə
sual vermək lazımdır ki, bəs sən tənqidçisənmi?
Tənqidçi olmaya-olmaya, nəinki ədəbiyyat təhsilin,
heç doğru-düzgün mütaliən belə olmadan
adını tənqidçi qoyub iki sözdən ibarət
hökm çıxarmağa sənə kim icazə verib? Bu,
ilk növbədə, guya bağıra-bağıra müdafiə
etdiyin ədəbiyyata qarşı ən böyük xəyanətdir!
Müasir dövrdə bir çox yazıçı
bir şeyi etiraf etməyə utanır: onlar yazdıqları
üçün yox, yazdıqlarına veriləcək reaksiya
üçün qorxurlar. Bir şeir paylaşanda əvvəlcə
düşünürlər: "Birdən deyərlər bu,
şeir deyil?" Bir essedə ironiyaya yol verəndə tərəddüd
edirlər: "Görəsən, düzgün başa
düşüləcəkmi?" Bir hekayədə fərqli
obraz təqdim edəndə narahat olurlar: "Oxucu bu xarakteri
yazıçı ilə eyniləşdirəcəkmi?"
Bu qorxu, bu narahatlıq yazıçıya xas deyil.
Amma onu oxumayanın hökmü yaradıb. Yazıçı
artıq öz ifadəsinə yox, oxucunun reaksiyasına tabe
olaraq yazmağa başlayır. Və bu tabeçilik, sənətin
ruhunu susdurur.
Ədəbiyyat, əslində, heç vaxt mühakimə
yeri olmayıb. Ədəbiyyat dinləyir, anlayır,
düşünür, empati qurur. Əgər biz oxumağa
başlamamış hökm veririksə, deməli, ədəbiyyatın
deyil, eqonun tərəfindəyik. Çünki yalnız
öz fikrini mütləq sayan insan başqasını dinləməyə
ehtiyac duymur. Yalnız öz zövqünə güvənən
adam başqasının sözünə yer vermir.
Biz daha çox bəyənməyi yox, inkar etməyi
öyrənmişik. Bu gün yeni bir şair tanıyanda sevinmək
əvəzinə, onu necə "boş çıxarmaq"
barədə düşünürük. Bu gün bir qadın
yazar hekayə yazanda onu yazısından yox, şəxsiyyətindən
mühakimə edirik. Bu gün bir gənc oğlan şeir
paylaşanda "kişiyə yaraşmaz" deyirik. Sonra isə
gileylənirik ki, niyə bizdə ədəbiyyat inkişaf edə
bilmir?
Oxumadan mühakimə etmək heç zaman ədəbiyyatın
inkişafı naminə ola bilməz. Bu niyyətə ən
azından, bir filoloq kimi, ədəbiyyatçı kimi məni
heç kim inandıra bilməz. Bu, ədəbiyyata təkan
deyil, ədəbiyyatın qarşısına divar çəkməkdir.
Hər yazıçı yazmağa cəhd edəndə o,
divara dəyir. Amma bu divarı qırmaq mümkündür,
bircə şərtlə: oxumaq. Açıq qəlblə, əvvəlcədən
qərar vermədən, kimdən gəldiyinə deyil, necə
deyildiyinə baxaraq.
Yazını yox, yazanı hədəfə
alırıqsa, ədəbiyyat bitir. Amma əgər yazı ilə
dialoqa girsək, soruşsaq, qavrasaq, sağlam şəkildə
tənqid etməyi bacarsaq, ədəbiyyat inkişaf edər,
mütləq edər.
Unutmayaq: hər "bu, şeir deyil" dediyimiz sətirin
arxasında bəlkə də illərlə susmuş bir insan
dayanır. O insan bircə dəfə danışmağa cəsarət
edib, heç olmasa, oxuyaq, sonra tənqid edərik.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025. -29 iyul(№131).- S.13.