Tərcüməşünaslıq
- tarix, ədəbiyyat, sosiologiya, həm də fəlsəfədir
Ensiklopediya [yunanca enkyklios -"çevrə
formalı"; paidel - "dərs", "bilik" ; -
sorğu kitabı, insan biliyinin bütün sahələrini
ardıcıl şəkildə və ətraflı əhatə
edir] yaradıcılığı çox dərin elmi bilik, zəhmət,
mükəmməl məlumat, erudisiya ilə yanaşı, səbr,
təmkin, tükənməz hövsələ tələb edən
sahədir. Çox böyük elmi səriştə ilə
hasilə gələn bu iş həm də texniki səliqə,
sistemli diqqət və dəqiq uçot işini birləşdirir.
Odur ki, ensiklopediya yaradıcılığına girişən
hər kəs profossional yaradıcılıqla yanaşı
çox ciddi araşdırması, dəqiq qiymət verməyi
bacaran ekspert, akademik biliyə malik sistemləşdirici filosof
olmalıdır.
Azərbaycan dilində ilk fundamental soraq kitabı
1976-1987-ci illərdə kiril əlifbasıyla çap olunmuş
10 cildlik Azərbaycan Sovet Ensiklopediyasıdır. Bundan
başqa, ayrı-ayrı sahələr üzrə Əziz Mirəhmədovun
"Ədəbiyyatşünaslıq Ensiklopedik lüğət",
"Kitabi-Dədə Qorqud Ensiklopediyası" və s. nəşr
edilmişdir.
Bunlar da artan elmi-bədii və tarixi tələbləri,
heç də ödəməmişdir. Azərbaycan Dillər
Universitetinin 2018-ci il nəşri olan "Azərbaycan Tərcümə
Ensiklopediyası" ilk təşəbbüslərdən
biri kimi akademik mühitdə yaranmış boşluğu
doldurmaq mənasında səciyyəvidir.
Bu yaxınlarda Azərbaycan Dillər Universitetində
"Azərbaycan Tərcümə
Ensiklopediyası"nın ikinci təkmilləşdirilmiş
nəşri işıq üzü görüb. Bu
ensiklopediyanın maraqlı yaranma tarixi vardır. Qeyd edək
ki, nəşrin ideya müəllifi Xalq
yazıçısı, akademik Kamal Abdulladır. Kamal müəllim
hələ Bakı Slavyan Universitetinin rektoru olarkən
2003-cü ildə onun təşəbbüsü ilə Tərcümə
problemləri Elmi-Tədqiqat Laboratoriyası fəaliyyətə
başlamışdır. Bu dövrdə az müddət ərzində
dünya ədəbiyyatının öncül
simalarının bədii nümunələri orijinaldan sistemli və
ardıcıl şəkildə Azərbaycan dilinə tərcümə
olundu. Qısa müddətdə elmi- tədqiqat
laboratoriyasında peşəkar mütərcimlər
toplaşdı. Eyni zamanda, onların qarşısına
"Azərbaycan Tərcümə Ensiklopediyasını"
yaratmaq vəzifəsi qoyuldu. İlk gündən bu unikal nəşrin
tərtibinə mükəmməl yaradıcı insanlar cəlb
edildi. Beləliklə, tərcümə
ensiklopediyasının yaradıcı əməkdaşları
xeyli iş görmüş oldular. Məlumdur ki, ensiklopediya
yaradıcılığı vaxt tələb edən sonsuz səy,
diqqət, səbr, hövsələ ilə başa gələn
uzun bir prosesdir. Bir müddət Kamal müəllim başqa
işə keçməklə BSU-nun rektoru vəzifəsindən
uzaqlaşdı. Lakin ensiklopediya üzərində aparılan
iş səngimədi. Ən nəhayət, Kamal müəllim
Azərbaycan Dillər Universitetinin rektoru təyin edildikdən
sonra tərcümə ensiklopediyası 2018-ci ildə
işıq üzü gördü.
Azərbaycanda sistematik olmasa da, tibbə, təbiətə
və digər sahələrə aid ensiklopediyalar çap
olunmuşdur. Unikal ideya kimi formalaşmış tərcümə
ensiklopediyası həm Azərbaycan dilinə, həm də Azərbaycan
dilindən olan tərcümələrin geniş spektrini əhatə
edir. Kitabda çevirmənin əsasları, predmet və
problemləri, Azərbaycan tərcümə tarixindən
mühüm faktlar, nəzəri-qrammatik məsələlər,
personalilər ehtiva edilir.
Bu fundamental kitabda tərcümə peşəsinin
yaradıcılıq sferasına daxil olan bütün məqamlar
diqqətlə incələnir. Kitab akademik Kamal Abdullanın
"Əsl bilik xəzinəsi" adlı ön sözü
ilə açılır. Sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi barədə sərəncamları
yer alır. Kitab maraqlı bölmələrlə davam edir:
"Tərcümə elm sahəsi kimi", "Tərcümənin
nəzəri və praktiki prinsipləri", "Tərcümənin
fəlsəfi əsasları", "Tərcüməşünaslığın
predmeti və problematikası", "Azərbaycanda tərcümə
ədəbiyyatının tarixi", "Personalilər",
"Tərcümə terminləri lüğəti".
Göründüyü kimi, tərcümə sahəsinin
bütün elmi-praktik, bədii-fəlsəfi tərəfləri
tədqiqat obyektinə cəlb edilmişdir.
"Əsl bilik xəzinəsi" adlı ön
sözdə kitabın daşıdığı ideya
yükü, elmi-praktik məqsədi, əhatə dairəsi,
prinspləri və əhəmiyyəti barədə aydın şərh verilir:
"Kitabın təkcə tərcüməçilər və
bu sahə ilə maraqlananlar üçün deyil, eyni zamanda
filoloqlar və yazıçılar üçün də
xüsusi intellektual faydası olacaq qənaətindəyəm.
Gənc ədəbiyyatşünaslar, fikrimcə, ondan yetərincə
faydalanacaqlar. Belə ki, ensiklopediyanın nəzəri və
praktik hissələri, personalilər, yerinə yetirilən,
yetirilməkdə olan elmi işlər üçün son dərəcə
ciddi və möhkəm həm faktoloji həm də nəzəri
bünövrədir".
Azərbaycan Dillər Universitetinin Elmi
Şurasının 28 fevral 2018-ci il qərarı ilə nəşr
olunmuş bu kitabın daha mükəmməl variantı 2022-ci
ildə təkrar çap edilmişdir. Sanballı redaksiya heyəti
kitabın ilk uğurundan soraq verir: Kamal Abdulla [baş redaktor],
Anar, Leyla Əliyeva [məsul katib], Rövşən
Əliyev, Rüstəm
Hacıyev [redaktor], İsa Həbibbəyli, Muxtar İmanov,
Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə,
Möhsün Nağısoylu, Tofiq Nağıyev. Rəyçilər:
Cəlil Nağıyev [professor], Aydın Ələkbərov
[professor], Lidiya Qranovskaya [professor], Etibar Əliyev [f.ü.f.d],
Vaqif Nəsib. Göründüyü kimi, imzalar kifayət qədər
tanınmış professional elm-sənət xadimləridir.
Bütün bunlar toplunun uğuru üçün
qarantıdır.
Kitabın ilk səhifələrindəcə Prezident
İlham Əliyevin sərəncamı ilə işıq
üzü görmüş "Dünya ədəbiyyat
kitabxanası"na daxil olunmuş əsərlərin
siyahısı dərc edilmişdir. Siyahı kifayət qədər
zəngin və əhatəlidir. Oxucunu ilk səhifəsindən
dünya ədəbiyyatına səyahətə aparan
ensiklopediya bələdçilik missiyasını sona qədər
uğurla yerinə yetirir. Sonrakı açıqlamalarda
dünya ədəbiyyatının nümunələri
haqqında məlumatlar verilir, onların ensiklopedik parametrləri
barədə söz açılır. Maarifləndirici və
informatik xarakter daşıyan bu
bilgilər, eyni zamanda akademik səviyyəsi ilə də
seçilir.
Kitabın birinci hissəsi elmi-tədqiqat xarakterli məqalələrdən
ibarətdir. Burada xalqın mədəni sərvətləri
sırasında yer tutan ədəbi əsərlərin, milli-mənəvi
varlığın əks olunmasını hədəf
seçən, tarixi gerçəklikləri özündə
yaşadan nümunələrin yaradıcı şəkildə
ehtiva olunması diqqəti çəkir. Məqalələrin
hər biri elmi dərinliyi, əhatə dairəsi, toxunduğu
məsələlərin professional qiymətləndirilməsi,
akademik səviyyəsi baxımından diqqətçəkəndir.
"Əsl bilik xəzinəsi" [ Kamal Abdulla], "Tərcümə
elm sahəsi kimi" [M.Nağısoylu, L.Əliyeva], "Tərcümənin
nəzəri və praktik prinspləri" [R.Əliyev], "Tərcümənin fəlsəfi
əsaslarına dair" [A.Rüstəmova], "Tərcüməşünaslığın
predmet və problematikası" [A.Ələkbərli],
"Azərbaycanda tərcümə ədəbiyyatının
tarixi" [M.Nağısoylu], "Sətri tərcümə
[M.Nağısoylu, L.Əliyeva], "Filoloji tərcümə"
[M.Nağısoylu] adlı bölmələrdə həm Azərbaycan
dilinə, həm də Azərbaycan dilindən edilən tərcümələrin
elmi-filoloji, nəzəri praktik tərəfləri
araşdırılır, tərcümə
yaradıcılığının fəlsəfəsinə
toxunulur, prosesin psixoloji mahiyyəti
aydınlaşdırılır. Elmi-tədqiqat işlərinin
adlarından da göründüyü kimi, tərcümə
prosesinin bütün nüansları araşdırılır,
tərcümə problematikasının heç bir tərəfi
tədqiqatdan kənarda qalmır.
Məlumdur ki, uzunmüddətli tarixi köklərə
söykənən tərcümə sənəti tədricən
elm sahəsi kimi formalaşmış, özündə həm
nəzəri, həm də praktiki parametrləri birləşdirmişdir.
Tərcümə sənəti, başqa sözlə, tərcüməşünaslıq
XX əsrin əvvəllərindən elm sahəsi kimi
formalaşmağa başlamışdır. Müsəlman
Şərqində bunun kökləri IX əsrə gedib
çıxır. Tərcümə sənəti Ərəbistanda
Abbasilər sülaləsi dövründə özünün
çiçəklənmə dövrünü
yaşamışdır. Bu dövrdə, əsasən, yunan
dilindən ərəbcəyə elmi-kütləvi və bədii
nümunələr sistemli şəkildə tərcümə
edilmişdir.
Sovet dövründə Azərbaycanda tərcümə
sənəti bütün parametrləri ilə inkişaf
etmişdir. Həm ədəbi-bədii, həm də
dilçilik, linqvistika istiqamətində tərcüməşünaslığın
nəzəri əsasları da formalaşmışdır. Bu ərəfədə
C.Əzimovun "Tərcümə prinspləri", R.Novruzov
və A.Hacıyevin "Tərcümə əsərləri"
adlı elmi yazıları meydana gəldi. Tərcümə
peşəsinin ilk gündən qayda və prinsipləri
formalaşmağa başladı. Bunlar, tərcümə edilən
əsərlərdə əks olunan xalqın yaşam tərzini,
adət-ənənələrini, psixologiyasını, mədəni
inkişaf səviyyəsini eynilə çatdırmaq, müəllifin
üslubunu mümkün qədər qoruyub saxlamaq,
orijinaldakı ovqatın, bədii ifadə vasitələrinin
dolğunluğu ilə verilməsinə nail olmaq, lazımi məqamda
onları qarşılığı ilə əvəzləmək,
orijinalının ümumi ruhunun və məzmununun
pozulmasına yol verməmək; personajların dil və
üslubunu, davranış və hərəkətlərini
kifayət qədər qoruyub saxlamaq. Bu və ya digər tələblər
tərcümə mədəniyyəti üçün ilkin
şərtlər hesab edilmişdir. Bu prinsplər indi də tərcüməçiləri
istiqamətləndirən əsas tələb və məqamlardır.
Bu gün qloballaşdırma prosesinin baş verdiyi
vaxtda dünya dillərinin qarışılıqlı əlaqəsi
və yaxınlaşması prosesi gedir. Yeniliklər tərcümə
prosesinə müəyyən müsbət impluslar versə də,
ona həm də daha həssas yanaşmağı tələb
edir. Çünki dünya xalqları arasındakı mədəni
fərqlər, özünüifadə vasitələri zərrə
qədər azalmayıb. Bu da fərdi özünüifadə
prinsiplərinə daha həssas yanaşmanı tələb
edir.
Müasir tərcümə
yaradıcılığı qarşısında ümumi
prinsiplərə cavab verən tələblər qoyulur.
Bütün bunlar tərcümə materiallarının keyfiyyətini
daha da yaxşılaşdırmağa xidmət edir, onu
orijinala mümkün qədər yaxınlaşdırmağa
imkan yaradır. Tərcümə nəzəriyyəsində
bu proses, əsasən, üç model əsasında həyata
keçirilir: situativ, transformasiya və semantik. Həmin prinsplər
birbaşa tərcümənin keyfiyyətini təmin edən
parametrlərdir. Bu barədə rus və dünya aləmləri
müxtəlif fikirlər irəli sürmüş, tərcümənin
elmi, hissi-emosional və psixoloji tərəflərini
qabartmışlar. Bütün hallarda bu fikirlər bir məntiqdə
qovuşur: tərcümə bir dildən başqa dilə
situasiyanın, insan tiplərinin və şəraitin
düzgün çatdırılmasıdır.
Tanınmış tərcümə nəzəriyyəçilərindən
biri, müasir rus tərcüməşünaslığının
banisi A.Fyodrov "Tərcümə nəzəriyyəsinə
giriş" kitabında yazır: "Tərcümə etmək-bir
dil vasitəsi ilə artıq başqa dildə ifadə
olunmuşları dəqiq və tam şəkildə ifadə
etmək deməkdir". Digər alim-tədqiqatçılar
da öz hipotezlərində eyni fikri bu və ya başqa şəkildə
vurğulayırlar.
Tərcümə yaradıcılığı dil
faktıyla daha çox bağlıdır. İnsan
hissi-emosional yaşantıları ilə ətrafı duyur, əqli-düşüncə
ilə dünyanın dərk edir və bütün bunları
dillə ifadə edir, dillə çatdırır. Dil ruhun və
şüurun tərcümanıdır. Alimlər hesab edir ki,
antoloji anlamda tərcümə xarici aləmin "dili" ilə
təbii insan dilinin qarışılıqlı əlaqəsi
kimi anlaşılır. F.de Sössürün fikrincə,
dilin formalaşmasının mahiyyəti ətraf mühitlə
əlaqəli xüsusi işarə sisteminin yaranması ilə
bağlıdır. Bu, daha çox tərcümə
yaradıcılığının fəlsəfi köklərini
təyin edən xüsusiyyətdir. Odur ki, tərcümə
prinsplərinə mütləq yanaşma lazımi effekt verə
bilməz. Bu prinsplər konkret situasiyalarda konkret biçimdə
boy göstərir. Çünki mətnin funksional parametrləri
onun tərcümə potensialı ilə uyğun gəlməyə
bilər. Bu yerdə ekvivalentlik və adekvatlıq imkanları
düzgün tənzimlənməlidir.
Dünya xalqlarının milli-mədəni özəllikləri,
mədəni, iqtisadi, siyasi yüksəlişi, ictimai sferada fəaliyyət
əlaqələri tərcümə və tərcüməçilər
vasitəsilə ötürülür. Mədəni-tarixi köklərə
bələdlik, milli inkişafın və tərəqqinin izlənməsi
tərcümə sənətinin yaşatdığı
gerçəkliyin nəticəsidir. Tərcümə
etnolinqvistik maneələri aradan qaldırır, milli mədəniyyət
və ədəbiyyatın qarşılıqlı zənginləşməsini
əlaqələndirir. Bu mənada tərcümə işinin
tarixi inkişaf mərhələləri, eləcə
ayrı-ayrı xalqların, milli birliklərin
formalaşması, inkişafi tarixi kimi xarakterize olunur. Bu mənada
"Azərbaycan Tərcümə Ensiklopediyası"
toplusunda milli tərcümə sənətinin
formalaşması, onun inkişaf mərhələləri, tarixi-tipoloji
xüsusiyyətləri barədə geniş bilgi sərgilənir.
Tarixi qaynaqlara görə, Azərbaycanda peşəkar
tərcümə sənəti tarixi XIV əsrdən
başlayır. Şərqdə geniş vüsət
almış tərcümə işinin izlənməsi Azərbaycanda
daha qədimlərə gedib çıxır. Alimlərin
fikrincə, "Kitabi-Dədə Qorqud" dastanlarında
Qurani-Kərimin 112-ci ["İxlas"] surəsinin sərbəst
bədii tərcüməsinin verilməsi tərcümə sənətinin
Azərbaycan ədəbiyyatında qədim tarixə malik
olmasına tutarlı sübutdur. Qazlıq Qoca oğlu Yegnəyin
dilindən deyilən bu sözlər adı çəkilən
surənin mətni ilə tam səsləşir:
Yucalardan yucasan,
Kimsə bilməz necesən, əziz Tanrı! və s.
Orta əsrlərdə [bəzi tədqiqatlar bunun daha qədimlərə
gedib çıxdığını sübut edir] Qurani-Kərimin
tam mətni sətiraltı şəkildə Azərbaycan dilinə
tərcümə olunmuş və bu əlyazmalar
günümüzə qədər gəlib
çatmışdır. Belə nümunələrdən
biri h.734 [m.1333] ildə tamamlanmışdır. Bu nadir əlyazmanın
katibi və mütərcimi Məhəmməd ibn əl-Həc
Dövlətşah Şirazıdır. XVI əsrdə daha bir
neçə Quran ayəsinin mətni sətiraltı tərcüməylə
türkcəyə çevrilmişdir. Belə əlyazmalardan
biri h. 737 [m.1336-37] ilə
köçürülmüşdür. XIV əsrdə Qurani-Kərimlə
yanaşı, dini-bədii tarixi məzmunlu kitablar da ərəb
dilindən Azərbaycan türkcəsinə
çevrilmişdir. Bunlardan ikisi xüsusi diqqətçəkəndir:
"Şirətün-nəbi" ["Peyğəmbərin
həyatı"] və "Fütuhuş-Şam"
["Şamın fəthi"]. Hər iki əsərin
mütərcimi Mustafa ibn Yusif Ömər Əz-Zəkik
Ərzənur-Rumidir.
XV-XVI əsrlərdə dəyişən ictimai-siyasi
hadisələr fonunda ana dilinə
olan diqqət və qayğı nəticəsində tərcümə
sənəti də yeni inkişaf mərhələsinə
keçmişdir. Şah İsmayıl Xətainin Azərbaycan
türkcəsini dövlət dili elan etməsindən sonra bu
işin tərəqqisi sürətləndi. Bu dövrdə
ana dilli poeziya böyük nüfüz qazandı və
geniş arealda inkişaf etdi. Əsasən, fars və ərəb
dillərindən tərcümələr çoxaldı.
Şeyx Vəli Şirazinin "Gülşəni-Raz" və
Əhməd Təbrizinin "Əsrarnamə" əsərlərinin
tərcüməsi dövrün aparıcı nümunələrinə
çevrildi. XVI əsrin məşhur bədii tərcümələrindən
Məhəmməd Füzulinin "Hədisi - ərbəin"
["Qırx hədis"] və "Hədiqətüs-süəda"
["Xoşbəxtlər bağı"] əsərlərini
misal göstərmək olar. Məhəmməd ibn Hüseyn Rəvani
tərəfindən tərcümə edilmiş Sədi
Şirazinin "Gülüstan"əsəri dövrə
damğa vuran nümunələrdəndir.
XVIII-XIX əsrlərdə Azərbaycanda tərcümə
sənəti kifayət qədər inkişaf eləmişdir.
Nümunələr içərisində Abbasqulu Ağa
Bakıxanovun "Riyazül -
Qüds" ["Qüdsiyyət
bağı"] əsəri xüsusi yer tutur. Ensiklopediyada bu
tarixi gələnəklər barədə geniş məlumatlar
verilir. Məlumdur ki, XIX əsrin birinci yarısından XX əsrin
ortalarınadək həm Azərbaycan dilinə, həm də
ana dilimizdən müxtəlif əcnəbi
dillərə tərcümə işi xeyli inkişaf
etmişdir. Bu sahədə çalışmış
görkəmli ədəbiyyat xadimləri M.F.Axundzadə,
A.Bakıxanov, N.Vəzirov, Ş.Ə.Şirvani, R.Əfəndiyev,
M.Mahmudbəyov, A.Şaiq, P.Antoqolsk, A.Adalis, A.Axundova,
A.Mustafazadə və başqaları haqqında ətraflı
bilgi sərgilənir.
"Personalilər" bölməsində tərcüməşünaslarla
yanaşı, mütərcimliklə məşğul olan
şair, yazıçı, filosof və başqa bu sahədə
çalışmış, tərcümə sənətinə
töhfə vermiş hər bir şəxsin həyat və fəaliyyəti,
onların çevirdiyi əsərlər haqda kifayət qədər
dolğun ensiklopedik məlumat verilir.
"Azərbaycan tərcümə
ensiklopediyası" təkcə məlumat kitabı deyil, həm
də mükəmməl elmi mənbədir. Strukturu, ehtiva dairəsi,
elmi-nəzəri səviyyəsi ilə ensiklopediyanın
ikinci, mükəmməl nəşri tərcümə sahəsinin
həm nəzəri, həm də praktik sahələrini əhatə
edən bilik kitabıdır.
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet .- 2025. -29 iyul(¹131).- S.12;13.