Azərbaycanın
yüksələn siyasi-diplomatik nüfuzu
DÜNYADA YENİ
MÜSTƏMLƏKƏÇİLİYİN
ÇÖKÜŞÜ FONUNDA
Afrika qitəsində son illərdə baş verən
geosiyasi dəyişikliklər təkcə yeni güclərin
ortaya çıxması ilə izah edilmir. Bu, eyni zamanda, əsrlərlə
özünü "mədəniyyət
daşıyıcısı" kimi təqdim edən Avropa
dövlətlərinin, xüsusilə də Fransanın iflasa
uğrayan siyasətlərinin də nəticəsidir. Afrikada
bir-birinin ardınca baş verən çevrilişlər,
Fransanın bayraqlarının yandırılması, onun hərbi
bazalarının bağlanması və diplomatlarının
qovulması sadəcə populist dalğa deyil - bu, yüzillik
kolonial alçaldılmanın tarixi revanşı, siyasi
özünüdərkdir. Və bu fonda, heç bir vaxt
başqa xalqlara hökm etməyə cəhd etməmiş, əksinə,
tərəfdaşlıq və bərabərlik prinsiplərinə
əsaslanan siyasət yürüdən Azərbaycan kimi
dövlətlərin nümunəsi daha da aydın
görünür.
Fransanın iflasa uğramış Afrika siyasəti
Fransanın Afrika ilə əlaqələri uzun
müddət "Françafrique" adı altında
aparılıb - yəni siyasi və iqtisadi
asılılığı formal olaraq müstəqillik əldə
etmiş ölkələr üzərində saxlamaq
üçün qurulmuş kölgə şəbəkəsi.
Bu sistem çərçivəsində Fransa öz müstəmləkə
keçmişi olan ölkələrdə seçkilərə
müdaxilə edir, diktator rejimləri dəstəkləyir,
yerli resursların istismarını davam etdirir və mədəni
imperializmi saxlamağa çalışırdı. Məsələn,
Mali, Çad, Seneqal, Burkina-Faso və Niger kimi ölkələrdə
fransız şirkətləri uran, qızıl və neft
hasilatını faktiki olaraq inhisara almışdı. Bu
ölkələr isə öz təbii sərvətlərindən
demək olar ki, heç nə əldə etmirdi.
Fransanın "Barkhane" əməliyyatı
adı altında bölgəyə yerləşdirdiyi hərbi
kontingent isə, təhlükəsizliyi bərpa etmək yerinə,
daha çox antidemokratik rejimləri qoruyur, yerli əhali
arasında narazılığı artırırdı. Bu səbəbdəndir
ki, son illərdə ard-arda dövlət çevrilişləri
baş vermiş, Fransanın təsiri altındakı hökumətlər
süquta uğramış və yeni rəhbərliklər
Fransanı açıq şəkildə "yeni müstəmləkəçi"
adlandırmışdı. Fransanın bu ikili standartları və
mədəni üstünlük iddiaları artıq keçərli
deyil. Qitə ölkələri bərabərhüquqlu tərəfdaşlıq
axtarır, şərt qoymayan, hörmət əsasında əməkdaşlıq
edən yeni oyunçularla işləmək istəyir. Fransa
isə hələ də keçmiş kolonial ruhla
danışır, yuxarıdan aşağı baxır və
xalqların iradəsini görməzliyə vurur.Azərbaycanın
yüksələn diplomatik nüfuzu və bərabərlik
modeli
Azərbaycan isə tamamilə fərqli model
nümayiş etdirir. Nə müstəmləkə
keçmişi, nə hegemonluq iddiası, nə də təzyiq
siyasəti olmayan Bakı, Afrika ölkələri ilə əlaqələrini
qarşılıqlı hörmət, bərabərlik və
konkret fayda prinsipləri üzərində qurur. Bu, sadəcə
diplomatik ritorika deyil - real fəaliyyətdə də
özünü göstərir.
İlk olaraq, Azərbaycan Qoşulmama Hərəkatına
uğurla sədrlik edərək bu müddət ərzində
Afrika dövlətlərinin səsini beynəlxalq platformalarda
müdafiə etdi. Xüsusilə pandemiya dövründə,
Afrika ölkələrinə həm maliyyə, həm də
tibbi yardım göndərən nadir ölkələrdən
biri olan Azərbaycan, bu jestlə populist deyil, dərin mənəvi
və siyasi məsuliyyət nümayiş etdirdi.
Bundan əlavə, Azərbaycanın təşəbbüsü
ilə keçirilən Bakı beynəlxalq forumlarında və
BMT tədbirlərində Afrika ölkələrinin təmsilçilərinə
xüsusi yer ayrılır, onların narahatlıqları dinlənilir
və çoxtərəfli əməkdaşlıq təşviq
olunur. Azərbaycan enerji, aqrar texnologiya, təhsil və
humanitar sahələrdə konkret təkliflərlə
çıxış edir, heç bir ölkənin daxili
işlərinə qarışmır, sərvət tələb
etmir, borc tələsi qurmur. Ən əsası isə, Azərbaycan
öz inkişaf modelini - müstəqilliyini qoruyan, müxtəlif
mədəniyyətlərə hörmət edən, daxili
sabitliyi təmin edən və iqtisadi yüksəlişi təşviq
edən sistemini - sərt hegemonluq vasitəsilə deyil,
nümunə vasitəsilə təqdim edir. Bu, Afrikadakı
yeni nəsil liderlərin diqqətini cəlb edən əsas
üstünlükdür.
Yeni oyunçular, yeni yanaşmalar
Afrika dəyişir və bu dəyişiklik qitənin
öz əllərindədir. Artıq heç kim
keçmişin məğlub ruhuna qayıtmaq istəmir.
Xalqlar öz azadlıqlarının, sərvətlərinin və
iradələrinin sahibləri olmaq istəyir. Fransa kimi
postkolonial güclər isə ya bu reallığı qəbul
edəcək, ya da tarix səhnəsindən silinəcək.
Azərbaycan, Türkiyə və Pakistan kimi dövlətlərin
yüksələn nüfuzu isə alternativ modelin
mümkün olduğunu göstərir. Bu model nə hegemonluq,
nə də təzyiq üzərində qurulub -
qarşılıqlı hörmət, bərabərlik və
real inkişaf əsasında formalaşır. Geosiyasətin
yeni çağında belə dövlətlər sabitliyin, əməkdaşlığın
və inkişafın aparıcı simaları olmağa davam
edəcək. Afrikanın gələcəyi isə artıq
keçmiş imperiyaların yox, yeni tərəfdaşların
və öz xalqının iradəsinə bağlıdır.
Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert
525-ci qəzet .- 2025. -29 iyul(№131).- S.11.