Həqiqətsonrası
çağda intellektual media
EPİSTEMOLOJİ SUVERENLİYİMİZƏ YENİ
BAXIŞ
"Müasir media mədəniyyətinin formalaşdırılmasında
məsuliyyətli, yaradıcı, intellektual və peşəkar
jurnalistikanın aparıcı rolu danılmazdır". Bu
sitatın müəllifi Azərbaycan Prezidenti İlham
Əliyevdir. Dövlət başçısı Milli Mətbuatımızın
150 illik yubileyi münasibəti ilə media nümayəndələrinə
ünvanladığı məktubda, gördüyünüz
kimi, intellektual jurnalistikaya xüsusi önəm verir. İlham
Əliyev həm Azərbaycan siyasətçiləri, həm də
dünyadakı dövlət başçıları
arasında öz dərin intellekti ilə xüsusi seçilir
və sözün açığı, hər kəsi
qabaqlayır. Dəfələrlə şahid olmuşuq ki, onun
hər hansı bir çıxışda, bəyanatda,
müraciətdə işlətdiyi, ümumi kontent içərində
bəzən dərhal nəzərə çarpmayan ifadələr,
əslində, böyük və taleyüklü bir paradiqma
kimi cəmiyyətimizin qarşısında dayanan əsas vəzifələri
ifadə edir. Başqa sözlə, İlham Əliyev öz dərin
intellekti ilə çoxdan çözdüyü, sadələşdirdiyi
və sistemli bir mətndə istifadə etdiyi
anlayışlarla lideri olduğu cəmiyyəti öz
arxasınca aparmaq üçün yeni baxış
bucağı yaradır. Cənab Prezidentin peşə
bayramımızda bizlərə ünvanladığı
müraciətində təqdim olunan rakurs xüsusilə
önəmlidir ona görə ki, biz azərbaycanlılar
dünyanın qalan bütün xalqları ilə birgə
"həqiqətsonrası çağda"
yaşayırıq.
"Həqiqətsonrası" - "Post-truth"
termini ilk dəfə 1992-ci ildə amerikalı yazar Stiv Tesiç
tərəfindən işlədilmişdi. Tesiçin fikrincə,
"Watergate" qalmaqalı, "Körfəz müharibəsi"
kimi hadisələr Amerika xalqının həqiqətlə
olan münasibətinə dərin təsir göstərib. Bu
hadisələrdən sonra insanlar həqiqəti pis xəbərlə
eyni dərəcədə dəyərləndirməyə başlamış
və həqiqətdən çəkindimişlər. Daha
sonra bu termin intellektual çevrələrdə xeyli
populyarlaşdı, beynəlxalq ictimai rəyin
formalaşmasında yalanın necə normaya çevrildiyi
geniş təhlil olundu. 2016-cı ildən sonra -
"Brexit" referendumu və ABŞ-dakı prezident
seçkiləri ərəfəsində bu termin daha geniş
diskurs qazandı. Oksford Lüğəti həmin il bu ifadəni
"obyektiv faktların ictimai rəyə təsirinin,
duyğular və şəxsi inanclarla müqayisədə
azaldığı şərait" kimi təqdim etdi.
Tədqiqatçılara görə, bu dövrün əsas
xüsusiyyətləri:
* Fakt və fikrin bir-birinə qarışması, fərdi
inancın faktı əvəz etməsi;
* Emosiyaların rasional düşüncəni üstələməsi,
yəni informasiya qəbulunda hisslərin dominantlıq
qazanması;
* Sosial media alqoritmlərinin informasiya qəbulu üzərində
hegemonluğu;
* Dezinformasiyanın və manipulyativ məzmunların
sürətlə yayılmasıdır.
Belə bir şəraitdə, cəmiyyətlərdə
həqiqət devalvasiyaya uğrayır, intellektual böhran
yaranır, epistomoloji suverenlik təhdid altına
düşür. Bu tendensiyaları incələməyə
keçməzdən öncə bir vacib məqama toxunmağa
xüsusi lüzum var. Azərbaycan cəmiyyəti
üçün HƏQİQƏT uzun on illiklər ərzində
neqativ, təhlükəli, ədalətsiz olub.
Bu yanaşma birmənalı olaraq tarixi
asılılıqlarımızdan irəli gəlir.
Məsələn, 1992-ci ilin mayında
Şuşanın və Laçının işğal
altına düşməsi həqiqət idi, "kaş bu xəbər
yalan olaydı" dediyimiz gerçəklik idi, amma acı, məyusedici,
depressiv bir gerçək.
Məsələn, 20 yanvar qətliamı, Xocalı
soyqırımı, ötən ilin sonlarında AZAL təyyarəsinin
Rusiyanın hava məkanında vurulması həqiqət idi,
amma qanlı həqiqət.
Məsələn, biz 30 il boyunca dünyaya
torpaqlarımızın işğalı faktını və
suverenlik haqqımızdan doğan digər həqiqətləri
təqdim etdik, eşitmək, görmək, nəticə
çıxarmaq istəmədilər. Müstəqil bir
dövlətin ərazisinin işğal edilməsinə,
yüzminlərlə insanın
malının-mülkünün talan olunmasına, öz evlərindən,
öz lokal mühitlərindən didərgin salınmasına
"müzakirə predmeti" kimi yanaşdılar. Həqiqətin
beynəlxalq səviyyədə heçə sayılması
Azərbaycan cəmiyyətinin ədalət gözləntisini
puç etdi.
Prezident İlham Əliyevin sərkərdəliyi ilə
gerçəkləşən İkinci Qarabağ
savaşında qazanılan tarixi zəfərlə Azərbaycan
neqativ tarixi asılılıqlarını böyük
ölçüdə məhv etməklə bərabər, həqiqət
diskursunu da dəyişdi. İşğal faktının aradan
qaldırılması və işğal faktına
bağlı həqiqətin Azərbaycan ictimai şüuru
üçün qorxulu, məyusedici və ədalətsiz
çalarları Prezident Əliyevin "Qarabağ Azərbaycandır!"
nidasının ifadə etdiyi epistemoloji hökmlə tənəzzülə
uğradı. Bu şüarı bir qədər təhlil etməyə
ehtiyac var. Ona görə ki, hamımızın yaxşı
bildiyi kimi, Çar müstəmləçiliyi və totalitar
sovet ideologiyası Azərbaycan cəmiyyətini yalanla
yaşamağa alışdırmaq istəyib, müstəqillikdən
sonrakı dövrdə Qərb və Rusiya informasiya sistemləri
arasında cəmiyyətimizin epistemoloji
asılılıqları davam edib, Qarabağ münaqişəsi
müstəvisində haqlı tərəf olduğumuz halda,
beynəlxalq "həqiqət istehsalı" prosesindəki
iştirakımız təzyiq altında saxlanılıb.
Çar dövründə o qədər də böyük
tirajı olmayan Azərbaycan nəşrlərinə senzura tətbiq
edilir, bolşeviklər ictimai şüura öz "partiya həqiqətləri"ni
diktə edir, Qərb mediası ən yaxşı halda (!),
işğala məruz qalan Azərbaycanla
işğalçı Ermənistanının mövqeyini
balanslaşdırır, Rusiya kütləvi informasiya vasitələri
dövlət müstəqilliyimizə hörmət hissini
özünə yaxın buraxmırdılar. Bu gün də
belədirlər, sadəcə, Azərbaycan
bayrağının Xankəndidə dalğalanması ilə,
belə demək olarsa, həqiqətin məsələsi
kökündən dəyişib.
Əvvəla, cəmiyyətimiz üçün tam
aydın olub ki, həqiqət həm fakt, həm də milli
maraqlarla müəyyənləşir. Bu yanaşma
özü-özlüyündə "obyektivlik"
anlayışını dekonstruksiya edir və onun yerinə
milli strateji obyektivliyi qoyur.
Yaranan yeni reallıq, eyni zamanda, epistemoloji suverenliyimizi
- cəmiyyətin həqiqətin nə olduğunu müəyyənləşdirmək
və onu öz daxili idrak resursları ilə dəyərləndirmək,
yəni məlumatlara öz intellektual müstəqilliyi ilə
reaksiya vermək ixtiyarını yenidən
strukturlaşdırır. Mənim anlamımda, əgər
siyasi suverenlik dövlətin öz sərhədləri və
idarəetməsi üzərində tam hakimiyyətini ifadə
edirsə, epistemoloji suverenlik cəmiyyətin öz informasiya
mühitinə, bilik sisteminə və həqiqətə
münasibətinə sahib çıxması deməkdir. Fəqət
məhz bu epistemoloji suverenliyimizə tam mənada sahib
çıxa bilməyimiz üçün bizə yeni bir
anlayış lazımdır. Bakı Dövlət
Universitetinin "fəlsəfə" və "fəlsəfə
tarixi" ixtisaslarının bakalavr və magistr pillələrindən
məzun olmuş, həmçinin həmin universitetdə ali
hüquq təhsili almış və nəhayət Azərbaycan
mətbuatında 30 illik təcrübəsi olan bir analitik kimi,
icazənizlə, öz üzərimə böyük bir məsuliyyət
götürüb, həmin anlayışı təqdim edim.
Bu anlayış, zənnimcə, nisbətən
qısa şəkildə "Həqiqətsonrası bərpa
olunmuş həqiqət" ("Post-truth restored truth"),
daha konseptual formada isə, "Yenidən məzmunlaşdırılmış
həqiqətsonrası həqiqət" ("Recontextualized
Post-truth Truth") şəklində təqdim edə bilərik.
Həqiqətsonrası çağda informasiya ilə
emosiya arasındakı arasında dəyişən münasibətə,
mənanın zamanla necə fərqləndiyinə çox sadə
bir misal çəkmək istəyirəm. Bir zamanlar
Bakıdan Bərdəyə gedəndə Şuşaya, Kəlbəcərə,
Laçına olan məsafəni əks etdirən məlumat
lövhələrinə rast gələr, kədərlənərdik.
Amma bu gün - torpaqlarımız azadlığa qovuşandan
sonra eyni lövhələrdəki eyni məlumatların həqiqət
olduğunu bilirik, - dünən də bilirdik - amma ona,
DİQQƏT EDİN, bərpa olunmuş ədalətin
göstəricisi kimi baxırıq. Ki, yazının əvvəllərində
Azərbaycan cəmiyyətinin həqiqətə
baxışındakı neqativ səciyyənin kökündə
məhz ədalətlə bağlı "universal problemlər"in
dayandığını açıqlamışdıq.
Odur ki, Azərbaycan mediasının dünyanın
qalan heç bir ölkəsi üçün spesifik olmayan və
bizim üçün ən başlıca sayılan milli bir
missiyası var - "Həqiqətsonrası bərpa
olunmuş həqiqətləri" yerli və beynəlxalq
ictimaiyyətə çatdırmaq!
Bu missiyanı daha məhsuldar və daha səmərəli
şəkildə necə yerinə yetirə bilərik?
Suala cavab arayarkən istər-istəməz Prezident
İlham Əliyevin söz açdığı
"intellektual media" məfhumunu yada salmalı oluruq.
Terminin məğzinə nəzər salmazdan öncə
deyim ki, jurnalistika cəmiyyətin informasiya ehtiyaclarını
qarşılamaqla yanaşı, onun intellektual potensialından
qidalanır. Başqa sözlə, media cəmiyyətin
ideyalarını, biliklərini və düşüncə məhsullarını
mənimsəyərək onları kütləvi auditoriyaya
yenidən təqdim edir. Bu səbəbdən jurnalistikanın əsasını
təşkil edən informasiya daim yenilənməli, zənginləşməli,
cəmiyyətin intellektual səviyyəsini əks və
inkişaf etdirməlidir.
Rusiyanın sosial fəlsəfə sahəsində
tanınmış isimlərindən olan Vladislav Kelle
"intellektual potensial" anlayışını yalnız
elm və təhsillə deyil, həm də texnologiya,
ümumilikdə isə, bütün düşüncə fəaliyyətləri
ilə əlaqələndirirdi. Alimin fikrincə, cəmiyyətin
intellektual potensialı - cəmiyyətin yenilik yarada bilmək
qabiliyyətidir. Məhz bu qabiliyyətlər sayəsində
mövcud problemləri həll etmək, tarixi inkişaf prosesinə
yeni dinamikalar əlavə etmək və gələcəyə
doğru irəliləyişə zəmin yaratmaq
mümkündür. Onun yanaşması bir də buna görə
aktualdır ki, qloballaşma dövründə informasiyanın
həcmi kəskin artıb, ictimai məzmunundan və bilik səviyyəsindən
asılı olmayaraq, hər bir fərd özünün
yaratdığı xəbəri tirajlamaq imkanı əldə
edib. Bəli, bu, bir reallıqdır və bu reallıqda, zənnimcə,
jurnalistikanın əsas vəzifəsi odur ki, kütləvi
auditoriya ilə cəmiyyətin yenilənən intellektual
potensialına söykənən innovativ resurslar
arasındakı ziddiyyəti aradan qaldırsın.
Bəs bu ziddiyyəti - yəni real informasiya ilə
intellektual ehtiyaclar arasında olan boşluğu - necə aradan
qaldırmaq olar?
Bunun üçün ilk növbədə
jurnalistikanın öz funksiyalarını genişləndirməsi
vacibdir. Öz funksiyalarını genişləndirmiş
jurnalistika - bax, bu artıq intellektual mediadır. Ənənəvi
xəbərçilik görəvi ilə kütləyə
yönəlmiş informasiya istehsalının fövqünə
qalxan, ictimaiyyət yaradan, milli düşüncə sahəsində
ciddi bir transformasiya vasitəsinə çevrilən media. Eyni
zamanda həm Kütləvi İnformasiya Vasitəsi, həm də
Kütləvi Transformasiya Vasitəsi olan intellektual media - zəkaya,
analitik düşüncəyə söykənən, dərin
və səviyyəli məzmun təqdim edən, faktlara və
arqumentlərə əsaslanan bir ictimai fikir müəssisəsidir.
Analitika üzərində qurulmuş ictimai və milli fikir
müəssisəsi, ötən yazımızda da
vurğuladığımız kimi, həqiqətsonrası
çağda həqiqəti yenidən kontekstləşdirməlidir.
Analitik media üçün xəbər - kontekst -
interpretasiya - nəticə zənciri vacibdir. Bunu hamımız
bilirik. İntellektual media bu ardıcıllıqda hər bir mərhələni
intellektual emal prosesi kimi qəbul edir. Bu emal Azərbaycan cəmiyyəti
üçün həyati əhəmiyyət
daşıyır. Post-konflikt dövrünün problemləri,
tarixi transformasiyanın məsuliyyəti, milli təhlükəsizlik
çağırışları qarşımıza Azərbaycan
auditoriyasını, sadəcə, xəbərlə təmin
etmək vəzifəsi qoymur. Məsələlərin arxa
planını, əsaslarını və məntiqini,
mümkün nəticələrini izah etməyə tələbat
var. İntellektual media bu tələbatı qarşılayaraq
cəmiyyətin strateji düşüncə
bacarığını gücləndirir.
Bütün bunlar həm media sistemində, həm də
cəmiyyətdə pozitiv elmi düşüncəyə
arxalanmağı zəruri edir. İntellektual media və pozitiv
elmi düşüncə məhz bu nöqtədə bir-birini
tamamlayan iki mühüm dayağa çevrilir. İntellektual
media - ənənəvi informasiya istehsalçısı deyil,
ictimai şüurda bilik sistemləri yaradan, fərdlərin və
kollektivin təhlil bacarıqlarını gücləndirən
bir platformadır. Onun məzmununu yalnız pozitiv elmi
düşüncə ilə yaratmaq mümkündür. Pozitiv
elmi düşüncə - mühakimələrin şəxsi
intuisiya və emosiyalardan deyil, sınaqdan keçmiş,
ölçülə, yoxlanıla bilən biliklərdən
qaynaqlandığı mühakimə sistemidir. İntellektual
medianın bu düşüncə tərzini ictimai informasiya məkanında
yayması - cəmiyyətin informasiya mədəniyyətini
yüksəltməklə yanaşı, kritik təfəkkürün,
rasional debatın və uzunmüddətli strateji
yanaşmanın bərqərar olmasına da xidmət edir. Belə
olan halda, intellektual media hadisələrin strukturunu və
mümkün inkişaf trayektoriyasını analiz edən bir
"düşüncə laboratoriyası"na çevrilir.
Nəticədə media həm özü etibarlı informasiya
institutu kimi formalaşır, həm də cəmiyyətin
epistemoloji suverenliyinə zəmin yaradır.
Qlobal səviyyədə dominant informasiya mərkəzləri
həqiqət yaymaqla məşğul olmurlar, daha çox
faktları manipulyasiya edirlər. Heç bir azərbaycanlıya
bunu sübut etməyə lüzum yoxdur. Belə bir şəraitdə
bizim kimi cəmiyyətlərin öz düşüncə
arxitekturasını qurmaqdan, informasiya təhlükəsizliyini
təmin etməkdən və nəticədə epistemoloji
suverenliyini qorumaqdan başqa yol qalmır. Bu yol həm də
jurnalist olmayanların boynuna ən azı jurnalistlər qədər
mənəvi borc qoyur.
Cəmiyyət qarşısında intellektual öhdəlik
daşımaq - yəni həm ümumi, həm də
savadlı auditoriyaya xitab etmək, konkret şəxsi maraqlardan
kənar şəkildə yazmaq, ictimai məsələlər
haqqında xalqla birbaşa ünsiyyət qurmaq, ideyalar yaymaq
intellektual tipologiyanın əsas xüsusiyyətləridir. Cəmiyyətimizin
həqiqətlə olan mürəkkəb və yeniləşmiş
münasibətlərini ifadə etmək həm də fərqli
şəxsiyyət modeli olaraq bu tipləri üzə
çıxarır. Bir insanın öz laboratoriyasında və
ya emalatxanasında ustad olması azdır, elm adamları,
yazıçılar, incəsənət xadimləri,
hüquqşünaslar və digər peşə sahibləri
"ictimai intellektual" olmağı bacarmalıdırlar.
İctimai ziyalının nüfuzunu və
gücünü onun həqiqətə, daha doğrusu, həqiqətsonrası
çağda bərpa olunmuş həqiqətə sahib
çıxmaq əzmi yaradır. Həqiqəti kim söyləyir?
Sualı daha da inkişaf etdirək: həqiqəti kim
daşıyır, kim kontekstləşdirir və kim sosial gerçəkliyə
çevirir? Bu suala verilə biləcək müsbət
cavabın içində yer almaq üçün mütləq
siyasi hakimiyyəti, yaxud müxalifəti dəstəkləməyə
gərək yoxdur. Plüralist cəmiyyətdə həqiqətə
gedən yol heç zaman bir siyasi məhəllədən
keçmir. Əsas şərt Azərbaycanı azərbaycanlı
kimi düşünməkdir. 1992-ci ilin qarlı fevralında
Xocalıda güllənən, əsir düşən, təcavüzə
məruz qalan soydaşımızın harayı ilə
Süni İntellektin yeni era yaratmaq ərəfəsində
olduğu günümüzün
çağırışı eyni deyil. Amma hər iki həyəcanı
siqnal kimi yenidən eşitməliyik. Mülki əhalini təşviş
içində Kəlbəcərdən təxliyə edən
helikopterin səsini bir qulağımızdan çıxarmadan
o biri qulağımızı Şuşada keçirilən
Beynəlxalq Media Forumda səslənən datalaşma zərurətinə
verməliyik. Azərbaycan müstəqillik tarixində iki
gerçəklik yaşayıb. Həqiqətdən
qorxduğumuz və həqiqətlə qürur duyduğumuz
gerçəklik içində. Həqiqət də elə əslində,
gerçəkliklər arasındakı fərqdir. Bu fərqi
yaradan, ona yeni məzmun verən Prezident İlham Əliyevdir.
İctimai intellektualın mənəvi borcu həqiqətin
yanında olmaq deyil, onu daşımaqdır. Deməli, ictimai
intellektual özü-özlüyündə abstrakt məfhum
olan həqiqəti İlham Əliyevin fəaliyyətini əks
etdirən informasiyaların məcmusu kimi ictimai rəyə
daşıdığı qədər faydalıdır. Odur
ki, intellektual medianın və milli fikir müəssisəsinin
bir təmsilçisi olaraq çəkinmədən, qətiyyətlə
və səmimiyyətlə deyirəm: Doğruları yazan,
göstərən, danışan bizik!!!
Taleh ŞAHSUVARLI
AzNews.az portalının baş redaktoru
525-ci qəzet .- 2025. -29 iyul(№131).- S.10;11.