"Gənclərimizin
bir çoxu "təhsil şirkətləri"nin
qurbanına çevrilir"
"Diplomu tanınmayan xarici universitetlərlə
bağlı geniş maarifləndirməyə ehtiyac var"
Azərbaycanın ali təhsil müəssisələrinə
köçürülmək üçün müraciət
etmək hüququ qazandıran qismən akademik tanınma ilə
bağlı 21 nəfərin müraciətinə imtina
cavabı verilib. Xaricdə natamam ali təhsil alan şəxslərə
şəhadətnamə əldə etmək məqsədilə
müəyyən olunmuş 5 iyun-9 iyul arasında 192 nəfər
şəxsin müraciəti qeydə alınıb. Həmin
müraciətlərdən 171-i barədə müsbət qərar
verilərək, qazanılmış Avropa Kredit Transferi və
Toplanması Sistemi (AKTTS) sayının qeyd olunduğu
müvafiq şəhadətnamələr təqdim edilib, 6 nəfərin
müraciəti mənfi qərarla yekunlaşıb və 15 nəfərin
sənədləri isə sənəd
çatışmazlığına görə geri
qaytarılıb. Mənfi qərarla yekunlaşan müraciətlərə
nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli
olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris
yükünü mənimsəmək üçün təhsil
alınan ölkənin ərazisində tələb olunan
normativdən az olması, 1 fakt üzrə dövlət
nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil,
1 fakt üzrə isə dövlət nümunəli olmayan
transkript (saxta transkript) və tədris yükünü mənimsəmək
üçün təhsil alınan ölkənin ərazisində
tələb olunan normativdən az olması təsbit edilib.
Xarici dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması həmin dövlətlərin
səlahiyyətli orqanları tərəfindən verilən,
ali təhsil proqramının uğurla bitirilməsini təsdiq
edən, bu və ya digər dərəcə verən hər
hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin
Azərbaycan ərazisində qüvvədə olmasının
təsdiqidir.
Qeyd edək ki, Azərbaycan ərazisində xarici
dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən
edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər
Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı və
ilə tənzimlənir. Xarici diplomların tanınması
proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə
Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata
keçirilir. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə
qəbul edilən standartlara əsaslanan ali, orta ixtisas və əlavə
təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi
sahəsində peşəkar və mütəxəssis
qurumdur.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən
verilən məlumata görə, xarici dövlətdə əldə
edilən kvalifikasiyanın tanınması şəxsin həmin
kvalifikasiyaya Azərbaycan ərazisində ekvivalent (bərabərhüquqlu)
hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil
müəssisələrindən birində davam etdirmək və
həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə
məşğul olmaq üçün hüquq əldə etməsidir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq
edilən qaydalara əsasən, ekspertiza zamanı sənədi
verən ölkədə və Azərbaycanda təhsilin
müvafiq strukturlarına qoyulan tələblərin
uyğunluğu, tədris planının və
proqramlarının məzmunu, eləcə də öyrənilən
fənlərin həcmi nəzərə alınaraq müəyyən
olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil
ixtisasının ekvivalentinin Azərbaycanın mövcud təhsil
qanunvericiliyində nəzərdə tutulan ixtisasların təsnifatında
olması zəruridir. Əks təqdirdə, qaydalara uyğun
olaraq, əldə olunan ixtisasın ölkə ərazisində
tanınması və ekvivalentliyinin müəyyən edilməsi
mümkün hesab edilmir: "Ali təhsil sahəsində əldə
edilən ixtisasların tanınması prosesi Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən
qaydalarda nəzərdə tutulan meyarlar üzrə həyata
keçirilir. Sözügedən meyarlar üzrə təhlilin
nəticəsi müsbət qiymətləndirilərsə, əldə
olunan ali təhsil ixtisasının tanınması
mümkün hesab edilir".
Məlumata görə, xarici dövlətlərin ali təhsilə
aid kvalifikasiyalarının tanınması məqsədilə
ərizələrin qəbulu yalnız elektron qaydada həyata
keçirilir: "Bakalavr diplomu xarici ali təhsil müəssisəsi
tərəfindən verildikdə, ilk öncə həmin diplom
üzrə kvalifikasiyanın tanınması üçün
müraciət olunmalıdır. Tanınma üçün tələb
olunan sənədlər elektron ərizə vasitəsilə
müraciətçinin şəxsi kabinetinə əlavə
olunmalıdır. Elektron poçt, məktub və ya fiziki
qaydada təqdim olunan sənədlər icraata
götürülmür. Sənədlərin elektron ərizədən
kənar vasitələrlə göndərilməsi müraciətlərə
baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.
Təhsil haqqında sənəd (diplom) və ona əlavə
(transkript) tanınma üçün müraciət olunmadan
verildiyi ölkədə leqallaşdırılmalıdır.
Sonra ərizəçilər tərəfindən təqdim
olunan sənədlərin ekspertizası həyata
keçirilir".
Agentlikdən bildirib ki, Təhsildə Keyfiyyət Təminatı
Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların
tanınması üzrə müraciət edən ərizəçilər
barədə mənfi qərarların səbəbləri
arasında iki göstərici üstünlük təşkil
edir. Tələbənin təhsil səviyyəsi və
forması üzrə ali təhsil müəssisəsində tələb
olunan müddətdən az olması. Təhsilin məzmununu mənimsəmək
üçün tələb olunan minimal dil biliklərinin
olmaması: "Yekun olaraq mənfi rəy bir sıra hallarda
verilə bilər. Xarici dövlətdə ali təhsil sahəsində
ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycanda
təhsilin dövlət standartlarında nəzərdə
tutulduğundan bir il az olduqda. Təhsil haqqında sənədin
verildiyi ölkədə onların sahiblərinə həmin sənədin
verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi
hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin
doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə
məşğul olmaq hüququ yoxdursa). Xarici ölkələrdə
verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə
qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin
istiqamət (ixtisas) üzrə belə təhsil formasına
yol verilmədikdə. Sənədi verən ölkədə və
Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər
tələblərin uyğunsuzluğu (təhsil müddətində
ciddi fərqlər, təhsil formasının distant olması,
ali təhsil müəssisəsinin akkreditasiyasının
olmaması və s.) aşkarlandıqda. Verilən qərarla
razılaşmadığı təqdirdə, vətəndaşlar
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
38-ci maddəsinə əsasən, inzibati aktın təqdim
(elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul
edilən qərara dair məhkəmədə iddia qaldıra
bilərlər".
Diplomların ölkəmizin ərazisində
tanınmasından imtina edilməsi həmin sənədin
dövlət nümunəli olmayan sənəd olması mənasına
gəlmir: "Tanınma dedikdə vətəndaşın
ölkə ərazisində təhsilini növbəti pillədə
davam etdirmək və ya sahib olduğu peşə istiqamətinə
uyğun olaraq əmək fəaliyyəti ilə məşğul
olmaq hüququ əldə etməsidir. Bu hüququn əldə
edilməsi üçün, dövlət nümunəli sənədin
olması kifayət etmir. Xaricdə əldə olunan təhsilin
həm də standartlarının yerli ali təhsil üzrə
standartlarının uyğunluğu tələb olunur. Bu tələb
pozulduqda, saxta olmayan sənədin də tanınmaması
mümkündür".
Xaricdə təhsil almaq istəyən abituriyent, tələbə
və onların valideynlərini seçim edərkən daha
diqqətli olmalıdırlar: "Əvvəlki illərin təcrübəsi
göstərir ki, bu sahədə vasitəçi şirkətlərin
xidmətlərindən istifadə edən bir çox vətəndaşlar
çətinlik və mənfi hallarla üzləşirlər.
Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara
təhsil müəssisəsini və tədris
proqramını (ixtisası) seçməzdən öncə
müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin
özünə müraciət edərək (rəsmi internet səhifəsi
vasitəsilə), qəbul şərtləri, təhsil
haqqı, yaşayış xərcləri və digər tələblər
barədə ətraflı məlumat əldə etməyi məsləhət
görürük. Qeyd edim ki, Təhsildə Keyfiyyət Təminatı
Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən,
xarici diplomların tanınması ilə bağlı heç
bir şirkət və fiziki şəxslə əməkdaşlıq
etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin
fəaliyyətinə görə məsuliyyət
daşımır".
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Elm və
Təhsil Nazirliyi tərəfindən diplomları tanınmayan
universitetlərin hər il siyahısı çıxsa da, bu
ali təhsil müəssisələrinə qəbul davam edir:
"Elm və Təhsil Nazirliyi cəmiyyəti bu barədə
mütəmadi olaraq məlumatlandırır. Buna baxmayaraq, Azərbaycandan
hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və
Dağıstandakı ali təhsil müəssisələrinə
müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər
öz gəncliyini mənasız yerə sərf edirlər. Gənclərimizin
bir çoxu "təhsil şirkətləri"nin
qurbanına çevrilir. Düşünürəm ki, diplomu
tanınmayan xarici universitetlərlə bağlı geniş
maarifləndirməyə ehtiyac var".
Ekspert deyir ki, bəzən tələbələri
diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən
təhsil şirkətləri özlərini reklam edirlər:
"Onlar həmin universitetləri təbliğ edirlər.
İnsanlar belə təhsil şirkətləri ilə
bağlı ehtiyatlı olmalıdırlar. Nəzərə
almaq lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı
ilə oynamaq deməkdir. Çünki həmin təhsil
şirkətlərinin vasitəsilə Ukraynada,
Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə
təhsil alanlar sonda lazımsız sənədə sahib
olurlar. Bu gün məhkəmələrdə nə qədər
belə işlər var ki, həmin universitetlərin məzunları
diplomlarının tanınması üçün
çalışırlar".
Ekspert vurğulayıb ki, saxta diplomlu şəxslərin
ölkəyə heç bir faydası yoxdur: "Əmək
bazarında bu gün diplomlu, amma ixtisası üzrə
savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər
də bu məqamı nəzərə almalı, savadsız
diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar. Təəssüflər
olsun ki, bu gün də belə şirkətlər fəaliyyətlərini
davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata
düşərək tələbə qəbulunda həmin
universitetlərə köməklik göstərirlər. Nəticədə
özləri də xidmət haqqı alırlar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025. -30 iyul(№132).- S.14