Gələcək çox tez gələcək
GƏLƏCƏK ELMLƏ GƏLƏCƏK
Oxumağa tələsdiyim, Azərbaycanda bestseller
sayılan "Gələcək çox tez gələcək"
kitabını axır ki, əldə edə bildim. İbrahim Nəbioğlunun
təqdim etdiyi bu mükəmməl yaradıcılıq
nümunəsi onun həm siyasi, həm elmi, həm də
ictimai xadim kimi dünyaya baxış fəlsəfəsini
ortaya qoyur. Müəllimi və elmi rəhbəri akademik Azad
Mirzəcanzadənin əziz xatirəsinə həsr edilən
bu kitab Con Qolsuorsinin "Gələcək haqqında
düşünməyənlərin gələcəyi
olmayacaq" fikri ilə başlayır. Akademik Rafael
Hüseynovun "Onun içindəki saat"
düşüncəsi ilə qiymətləndirilən ön
sözdə kitab fəlsəfəsi ilə övladdan daha
artıq olmaqla müəllifə qazandırdığı əbədiyyət
fikirləri ilə qiymətləndirilir, içindəki
saatın heç durmayacağı, nəşrlərin
davamının gələcəyi ümidi ilə
yekunlaşır.
Kitab başdan-başa bir həyat məktəbidir,
burada hər kəs özünə lazım olanı tapa və
öyrənə bilər. Külliyyat "Gələcəyə
futuristik səyahət", "Təhsilimiz, ana dilimiz, gələcəyimiz",
"Sapere Aude", "İstedad və dahilik", "Azad
Mirzəcanzadə: "Deyə bildim?", "Nobel
mükafatının cazibəsi", "Atatürk və
Eynşteyn", "Dünya 4.0", "Əzəldən
belədir çünki kainat", "Tibb 4.0" adlı on
bölməyə sığan elm, təhsil, astrofozika, kosmos,
raket texnologiyaları, süni intellekt, ana dili, modern tenoloji
inkişafla bağlı publisistik məqalələr toplusudur.
Kitab həm də jurnalistika məktəbidir. Hadisələri
nəqletmə bacarığı İbrahim bəyin publisistik
qələminin peşəkarlığını, gündəmdə
olan mövzuları milli maraqlar mövqeyindən təhlili isə
vətəndaşlıq möveyini ortaya qoyur. Bu da
külliyyatın azərbaycanşünaslıq
baxımından əhəmiyyətini və önəmini
ortaya qoyur. Külliyyat kürəsəl mövzularla məhdudlaşmır,
eyni zamanda insanları kainatın gizli sirlərini çözməyə,
qalaktikanın bizə görürən və görünməyən
tərəflərini də kəşf etməyə vadar edir.
Kitab gələcəyi qurmaq və görmək istəyənlərə
bir çağırışdır. Gələcəyə
gedən yol isə ancaq elm öyrənməkdən, inkişaf
etməkdən, öz milli kökünə bağlı
qalıb dünyəviləşməkdən, kürəsəlləşməkdən
və qalaktikada izi qalan bir zərrə olmaqdan keçir.
Müəllif kitabın nəşri ilə bağlı
feysbukda yazdığı statusda Borxesin "Tiön, Ukbar,
Orbis Tertius" adlı hekayəsindən sitat gətirərək
yazır: "Təbii olaraq bütün əsərlər
ancaq bir müəllifin - zaman xaricində olan və imzasız
birinindir".
Görkəmli mistifikatora görə, bütün bədii
əsərlər əslində bir "universal müəllif"in
əsərləridir... İbrahim Nəbioğlu
düşüncələrini Borxesin "yazarlar daha çox
kollektiv yaddaşın, miflərin, arxetiplərin
daşıyıcısıdır, onlar yalnız bir mənbədən
gələn ideyaları yenidən ifadə edirlər" -
fikri ilə əsaslandıraraq özünü böyük
müəllif kimi yox, sıravi dünyalı kimi, sadəcə
daşıyıcı, gördüyünü, bildiyini,
anladığını paylaşan biri kimi
gördüyünü qeyd edir. Anlamaq və anlada bilmək
bacarığı, görmək və göstərmək
bacarığı isə hər insana nəsib olmur. Bu,
İbrahim Nəbioğlunun özəlliyi,
universallığı və unikallığıdır
Bütün elm adamları və gənclər
üçün faydalı olan bu nəşrin davamını
görmək ümidi ilə...
Surə SEYİD
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025. -30 iyul(№132).- S.10.