Miniatür esselər
...MƏNİ NİŞAN VERMƏZDİ
Üzü gəlməyib məndən birbaşa
kömək istəməyə. Başqasının vasitəsilə
yardımıma ehtiyacı olduğunu
çatdırmağı qərara alıb. "Bəlkə,
bu dəfə də dadına yetərəm"
düşüncəsi ilə. Məndən ötrü də
çox asan olmayan bir məsələnin həllini boynuma
götürməliyəm. Darıxmağa başlayıram həmin
istək mənə çatdırılan andan. Artıq
problemimə çevrilib bu məsələnin həlli.
Özümdən asılı deyil. Bir kəlmə ilə də
olsa edib-etməyəcəyimi bildirməsəm belə. Ürəyim
mənə dinclik verməz onun bu çətin vəziyyətində
yanında olmasam. Onun dərdi öz dərdimə çevrilib
artıq. Vasitəçinin: "Nə deyim ona?"
sualına mən: "Hə, onu axı necə tək qoymaq
olar, yəqin ki, həll edərik" cavabını verirəm.
Necə həll edəcəyimi hələ bilmədiyim halda. Nə
cürsə yoluna qoya biləcəyəm bu işi, yəqin
ki. Allah kömək olacaq. Yoxsa ümid yeri kimi məni
nişan verməzdi ona.
BELƏ YAŞAYIRAM
İnandıqlarım, etibar etdiklərimdi onlar.
Asanlıqla, tərəddüd etmədən ürəyimi
açdığım, dərdimi söylədiyim adamlar.
Çoxu, lap çoxu olub ətrafımda doğmam, dostum,
yaxınım olduğunu deyənlər. Elə indi də az
deyillər. Amma kimsə onlardan birini belə əvəz edə
bilmir. Qazana bilmir inamımı. Əvəzsizlərim idilər,
əvəzsizlərim. İndi də köməyimə
çatırlar öz yoxluqları ilə.
Ətrafımdakıların deyə bilmədiyi məsləhətləri
verirlər mənə. Yanımda sanıram hər birini. Bir
vaxtlar olduğu kimi, yenə dayağımdırlar. Onlarla
danışır, məsləhətləşirəm. Birinin
"heç vaxt "bir işi yola verim, başdan eləyim"
demə" fikri, digərinin "bacar, bir işdəki məqamı,
fürsəti boşa vermə, əlindən
çıxdısa, darılma, bağla bu səhifəni, yeni
fürsəti gözlə" düşüncəsi ilə,
o birinin "tək özünə arxayın ol, bir də
özün qədər əmin olduğun kəslərə"
deyimi ilə doğru yolu tapa bilirəm. Daha çox onların
xəyalları ilə söhbətləşirəm. Onlara
inanıram. Bir vaxtlar adi, çox adi saydığım
sözlərini, hərəkətlərini yadıma
salıram. Örnək, bələdçi olurlar mənə.
Yaşayıram ruhlarına rəhmət deyə-deyə.
DARIXIRAMMI? YOX!
Tez-tez, çox tez-tez soruşurlar məndən:
"Darıxırsanmı?" Lap əvvəldən
adamları yaxşı tanımağa səy göstərmişəm.
Başqalarının onlar haqqında olan fikirləri,
düşüncələri, söz-sovları ilə yox,
öz fəhmimlə. Adiləri çoxdan-çox olub
onların arasında: heç bir münasibət
qurmayacağımı müəyyənləşdirdiyim
adamlar. Onlar ayrı, mən ayrı. Darıxımmı onlardan
ötrü?
Məcburi münasibətdə olduqlarım da az
olmayıb. Əsasən də iş-güc münasibətində.
İmkanım olmayıb onları adilərin sırasına
salmağa. Götürülüb indi bu məcburilik.
Darıxımmı onlardan ötrü? Nədən
ötrüsə (yəqin ki, öz məqsədlərinə
görə) ətrafımda dolanan, fırlanan,
vaxtaşırı məni tərifləyib öyənlər
də olub. İndi ətrafımda dolanmır, fırlanmır
boş, mənasız düşüncələri ilə,
yormur. Darıxımmı onlardan ötrü? Vəzifə,
iş-gücdən ötrümü darıxım? Axı o,
çiyinlərimə ağır məsuliyyət yükü
qoymuşdu. Bəzən az qala çökürdüm bu
yükün ağırlığından. Yox,
darıxmıram ondan ötrü, zərrə qədər də.
Darıxdığım, darıxmaya bilmədiyim
adamlarlasa müntəzəm əlaqə saxlayıram. İndi
bu çox asandır axı. İstəsəm, hər an
görə də bilərəm.
Darıxmalı olduğum daha bir neçə nəfər
də var. Doğmalarımdan, ruh doğmalarımdan... Onlarlasa
xəyalən ünsiyyət qururam. Başqa cür
mümkün də deyil axı...
Sual: - Darıxırsanmı?
Cavabım: - Yox!
BORCUM VAR
Borcum var hər kəsə. Hamıya borcum var.
Doğmalıq, dostluq, yaxınlıq borcum. Yaramalıyam mənə
ehtiyacı olanların işinə, əsirgəməməliyəm
yardımımı, köməyimi. Övladlıq borcum var
atama, anama: kökümə, soyuma adlarına şərəf-şan
gətirmək borcum var. Rəhmət oxutdurmaq borcum.
Borcum var övladlarıma, nəvələrimə.
Öyünməlidirlər düşüncələrim, əməllərimlə.
Qürur duymalıdırlar yaratdıqlarım,
qurduqlarımdan. Elimə-obama borcluyam mənə olan
qayğısına, etimadına görə.
Cavablandırmalıyam bu qayğını görə biləcəyim
işlərlə. Vətənimə, xalqıma borcluyam. Adi
deyimlə yox, tarixində iz qoymağa cəhd-səyim, ürək
yanğımla.
Borcluyam Allahıma: mənə məsləhət, rəva
bildiklərinə, nəsib etdiklərinə görə.
Xeyirxah əməllərlə də ibadət borcumu verməliyəm
ruh, can əvəzi borcumu.
Borcum var - insanlıq borcum.
SƏKSƏKƏLİDİR
Ehtiyatlanır hər kəsdən. Onların hər
birinə qarşı etdiyi haqsızlığın
cavabını gözləyir. Anbaan, hər dəqiqə
gözləyir. Səksəkə içərisində
yaşayır. Xatırlayır kimə, nə vaxt, harada nə
cür zərb vurduğunu. Həzz-ləzzət duyurdu onda belə
"hünərindən". Qəhrəmanlıq hesab edirdi
bunu. Qarşısına məqsəd qoyurdu hər dəfə.
Saatlarla planlaşdırırdı. Yer qoymamalıydı hədəfinin
nəfəs dərməyinə də. "Mən deyən
olmalıdır" düşüncəsi ilə
yaşayıb həmişə. Güzəşti olmayıb
heç kəsə. Tanımayıb böyük-kiçik.
Arını, abrını gözləyib adamlar ondan.
"Xatası məndən uzaq olsun" düşüncəsi
ilə qaçıblar qabağından. Həvəslənib
bundan, zaman-zaman artıb iştahası. Özündə
olmayanları başqalarından israrla tələb edib. Beləcə
qazanıb: həm umduqlarını, həm də bolluca
söyüş, qarğış, nifrin. Zövq alıb hər
kəsə verdiyi əziyyətdən. Öyünüb
"özünə tay"ların yanında. Ətrafına
nifrətlə yaşayıb, "həmişə mən deyən
olacaq" düşüncəsilə.
"Əkdiklərini biçmək" zamanı
yetişib artıq. Bax elə bundandır qəlbini didən səksəkələr,
varlığını çulğamış qorxu hissi.
Ərşə çəkilib yuxusu da. Kimdən, nə vaxt,
necə, harada, hansı təpkini görəcəyini
hesablayır indi. Üz çevirib ondan hər kəs:
yaxınları, doğmaları da. Onun etdiklərinin nəticələrini
soyundan olan hər kəs dadır. Etibar edilmir onlara da.
"İlanın balası da ilan olar" sanırlar.
Eşidir ünvanına haqlı qınaqları. Keçib
indi "neyləyim?", "necə edim"ə. Bir vaxt
çoxlarına rəva bildiyi "neyləyim, necə
edim"ə. Çarə, yol arayır. Yolusa pis itirib.
Çoxdan, lap çoxdan çıxıb axı haqq yolundan.
Bir ömür... Daha bir ömür lazımdır ona
qayıtmaq üçün başlanğıca, lap əvvələ,
insan kimi yaşamağa. Amma uca Tanrı kimə verib axı bu
imkanı?!
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet .- 2025.- 31 iyul(№133).-S.14.