Düşünən heykəltaraşlığa
akademik yanaşma
Akademik İsa Həbibbəylinin korifey heykəltaraş
Ömər Eldarova həsr etdiyi kitabı haqqında
düşüncələr
Əsl sənətkar ömrü həm də əsl
sənət nailiyyətidir. Həqiqi sənətkar adı o
yaradıcı şəxsiyyətə nəsib olur ki, sənətini
sevsin, özünü ondan ayrı təsəvvür edə bilməsin.
Belə sənətkarı xoşbəxt adlandırmaq olar.
Onlardan biri də Azərbaycan heykəltaraşlıq sənətinin
korifey təmsilçisi, Xalq rəssamı, akademik Ömər
Eldarovdur. Qocaman tişə ustasının
yaradıcılıq nailiyyətləri ilə zəngin həyat
yolu sənətə məhəbbətlə keçir. Bu
yaxınlarda "Elm və təhsil" nəşriyyatı tərəfindən
çap edilmiş "Xalq rəssamı Ömər Eldarov.
Heykəltaraşlıq sənətinin canlı əfsanəsi"
kitabı bu böyük sənətkarın
yaradıcılığına həsr edilib. Kitabın müəllifi
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Tədqiqat
işinin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor
Ərtegin Salamzadə, məsul redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Ağahüseyn Şükürovdur. Kitaba
böyük sənətkarın həyat və
yaradıcılığını əks etdirən çoxlu
sayda fotolar daxil edilmişdir. Bu, Ömər Eldarovun çoxcəhətli
yaradıcılığını daha dərindən qavramaqda
oxucuya kömək edir. Kitab AMEA-nın 80 illiyi çərçivəsində
işıq üzü görmüşdür.
Haqqında bəhs etdiyimiz elmi araşdırma orijinal
quruluş xüsusiyyətlərinə malikdir. Müəllif
görkəmli sənətkarın
yaradıcılığını ənənəvi formada
deyil, unikal sənətkarlıq, dövlətçilik, fəlsəfi
düşüncə, lirik ahəng mövqeyindən
işıqlandırmış, bununla da Ömər Eldarovun
yaradıcılığına yeni, çoxcəhətli
baxış formatının əsasını qoymuşdur.
Kitabın strukturu, bölmələrin adı, məzmunu ilə
tanış olduqca müəllif yanaşmasının
unikallığı, bənzərsizliyi bir daha gözlərimiz
önündə canlanır.
"Qranitdə əbədiləşən dövlətçilik"
- akademik İsa Həbibbəylinin bu yeni tədqiqat işi məhz
bu bölmə ilə başlanır. Bu, çox düzgün
yanaşmadır, çünki görkəmli tişə
ustasının müstəqillik dövrü
yaradıcılığının çoxcəhətli
xarakterini həm lakonik, həm də dəqiq şəkildə
əks etdirir. Ulu öndər Heydər Əliyevin möhtəşəm
monumental obrazının yaradılması ilk növbədə
məhz Ömər Eldarovun adı ilə bağlıdır.
Maraqlı olan cəhət heykəltaraşın Ulu öndərin
obrazına orijinallıqla yanaşması, fərqli detallar
düşünüb tapmasıdır. Müəllif yazır:
"Ömər Eldarovun heykəltaraşlıq Heydər
Əliyevnaməsində xalqımızın və ölkəmizin
xilaskarı, müstəqil dövlətimizin banisi və
böyük qurucusu olan görkəmli dövlət xadiminin
möhkəm iradəsi, qətiyyəti, müdriklik və
uzaqgörənliyi, xalqa ürəkdən bağlı
olması düşünülmüş xarakterik cizgilər
vasitəsilə hər dəfə orijinal şəkildə əks
etdirilmişdir" (s. 8). Müəllifin bu sözlərində
böyük həqiqət vardır. Ömər Eldarov Ulu
öndər şəxsiyyətinə hər zaman orijinal tərzdə
yanaşmış, onun xarakterinin, simasının,
duruşunun, hərəkətlərinin xarakterik və bənzərsiz
cəhətlərini tunc, mərmər üzərində məharətlə
canlandırmışdır. Ömər Eldarovun
yaratdığı Ulu öndərin heykəlləri ümumi
ikonoqrafik oxşarlığa malik olmaqla yanaşı,
özünəməxsus cəhətləri ilə
seçilirlər. Onların duruşu, jestləri, mimikası
fərqlidir. Böyük tişə ustası çox sevdiyi
bu obraza hər dəfə yeni ştrixlər, məna
çalarları daxil etmişdir. Bu, həm onun istedadının
geniş imkanlarından, həm də Heydər Əliyev şəxsiyyətinə
olan hörmət və məhəbbətindən irəli gəlir.
Kitabda qeyd olunur ki, Ömər Eldarov Ulu öndərin
obrazını hələ müstəqillikdən əvvəl
yaratmışdır. Burada söhbət Heydər Əliyevin
1987-ci ildə Naxçıvan şəhərində
ucaldılmış büstündən gedir. Bildiyimiz kimi, həmin
büstün yaradıcısı məhz Ömər Eldarov
olmuşdur. Maraqlıdır ki, Ömər Eldarovun bu işə
cəlb edilməsi Heydər Əliyevin öz seçimi idi.
Bu, Heydər Əliyevin Ömər Eldarov sənətinə
verdiyi dəyərin bariz təzahürüdür.
Kitabın ikinci bölməsi "Xalq rəssamı
Ömər Eldarovun tərcümeyi-halı" adlanır. Bu
bölmədə müəllif görkəmli heykəltaraşın
ömür yoluna nəzər salmış, onun həyət və
yaradıcılığının əsas inkişaf mərhələlərinin
mənzərəsini yaratmışdır. İsa Həbibbəyli
böyük tişə ustasının gənclik illərini
işıqlandırmış, onu oxuculara qabiliyyətli tələbə,
istedadlı heykəltaraş, fəal ictimaiyyətçi kimi
təqdim etmişdir. Bölmədə Ömər Eldarovun bir
çox əsərlərinin adı çəkilmiş, onlar
ətraflı təhlil edilmişdir. Bu sırada Xurşidbanu
Natəvanın, Sədrəddin Ayninin, İbn-Sinanın,
Mahatma Qandinin, Robindranat Taqorun, Hüseyn Cavidin, İhsan
Doğramacının və bir çox başqalarının
fərqli obrazları yer alır. Həmin heykəllər
böyük sənətkarın yaradıcılıqla zəngin
ömrünün ötüb keçən illərinin sanki
canlı bələdçiləridir. Onların hər biri
Ömər Eldarovun böyük sənətinin bir hissəsini,
ömrünün bir parçasını özündə
ehtiva edərək yaşadır.
Növbəti bölmə "Süjetli heykəllərin
hekayəti" adını almışdır. Burada tişə
ustasının yaradıcılığında əks olunan
süjetli, bir çox hallarda çoxfiqurlu, sanki nəqledicilik
xüsusiyyətlərinə malik dəzgah əsərləri
təhlil edilib. Süjetli heykəl nümunələri daha
çox müəllifin yaradıcılığının
erkən və orta dövrlərinə aiddir. Lakin mükəmməl
kompozisiya həllinə, estetik dəyərinə görə
onlar bu gün də diqqəti cəlb edir. İsa Həbibbəyli
Ömər Eldarovun yaradıcılığının
geniş təhlilini vermiş, müxtəlif kompozisiyaların
zəngin ekspressiyasını, daşıdığı məna
yükünü, müəllif yanaşmasını peşəkarlıqla
açıb göstərmişdir. O, əsərlərin təhlilinə
fərqli yanaşmış, hər bir əsərin xarakterik
ideya-bədii xüsusiyyətlərini şərh etmişdir.
Aşağıdakı nümunə bu fikri təsdiq edir:
"İdeya cəhətdən fərqli olmasına baxmayaraq,
mövzunun bədii həlli baxımından "Gənc
qvardiya" ilə "Güllələnmə" qorelyefi
arasında möhkəm bir daxili bağlılıq vardır.
Burada obrazların daxili-mənəvi gərginliyi təkcə
həyəcanı deyil, həm də etirazı ifadə edir.
Ömər Eldarov təqdim etdiyi obrazların daxili aləmini
ifadə edəndə rəssam, portretlərin fiqurunu quranda
heykəltaraş, onların ümidsizlik və ya
etirazlarını əks etdirəndə vətəndaş-filosof
kimi çıxış edir" (s. 43).
Maraqlı tədqiqat əsərinin dördüncü
bölməsi müəllif tərəfindən maraqlı bir
adla - "Düşünən heykəltaraşlıq məktəbi"
adı ilə adlandırılıb. Bu, İsa Həbibbəylinin
Ömər Eldarov yaradıcılığına
novatorcasına yanaşmasının daha bir təzahürüdür.
Hələ yazının əvvəlində qeyd etmişdik
ki, müəllif öz yanaşmalarında unikal formalardan məharətlə
istifadə etmiş, bununla da bir sənətkar kimi Ömər
Eldarovun ilk baxışda "görünməyən" cəhətlərinə
sənətşünaslıqda ilk dəfə olaraq
aydınlıq gətirmişdir. İsa Həbibbəyli Ömər
Eldarovu düşünən sənətkar kimi təqdim edir və
tamamilə düzgün yanaşma tərzi nümayiş
etdirir. Çünki böyük tişə ustası təkcə
psixoloji, yaxud emosional obrazlar, dinamik kompozisiyalar üzərində
çalışmır. Onun yaradıcılığı
üçün həm də fəlsəfi məzmun, asketik təmkin
səciyyəvidir. Bu cəhəti İsa Həbibbəyli
düzgün müəyyən etmiş və onu kifayət qədər
əsslandırmışdır.
Fəlsəfi, düşündürücü məzmun
Ömər Eldarovun yaradıcılığına hələ
gənclik illərindən xas olmuşdur. Gənc heykəltaraşın
bu sahədəki ilk nailiyyəti artıq Xurşidbanu Natəvanın
obrazında özünü büruzə verir. Sonralar o,
"düşünən" tipin daha mükəmməl
nümunələrini yaratdı. İsa Həbibbəyli fəlsəfi,
yaxud düşünən tipi xarakterizə etmək
üçün heykəltaraşın yaradıcılıq
üslubuna xas olan "aşağı baxış"
duruşunu, eləcə də əl-qol hərəkətlərini
önə çəkmişdir. O, yazır: "Ömər
Eldarov düşünən heykəltaraşlıq nümunələri
yaradarkən nəzərləri aşağıya zillənmiş
baxış detalı ilə yanaşı, əl-qol
detallarından da yaradıcı şəkildə istifadə
etmişdir. Ustad sənətkarın bir çox heykəllərində
düşünən heykəl modeli baş ilə
yanaşı, düşünülüb tapılmış əl-qil
detalı ilə canlandırılmışdır". (s. 63).
Buna misal olaraq kitab müəllifi Hüseyn Cavidin heykəl-kompleksinə
diqqət yetirmiş, böyük ədibin aşağıya
doğru olan baxışları ilə əllərinin qoynunda
olmasını kompozisiyanın uğurlu, bir-biri ilə əlaqələndirilmiş
və tamamlayıcı cəhəti kimi xarakterizə
etmişdir.
Tədqiqat işinin növbəti, sayca beşinci
bölməsi "Heykəltaraşlıqda lirizm" adlanır.
Bu bölmədə böyük tişə ustasının
çoxcəhətli yaradıcılığının
mühüm xüsusiyyətlərindən biri - lirik-romantik məzmun
ön plana çəkilir. İsa Həbibbəyli bölmədən-bölməyə
keçid aldıqca korifey sənətkarın
yaradıcılığına xas olan fərqli cəhətlərə
sanki hissə-hissə işıq salmış, oxucunun diqqətini
hər dəfə yeni cəhətə yönəltmişdir.
Hər bir hissə, hər bir keçid tişə
ustasının yaradıcılığının bir səhifəsidir.
Onlar birlikdə böyük yaradıcılıq yolunun
tamlaşmış, əhatəli mənzərəsini
yaradırlar.
Əlbəttə, lirik məzmun Ömər Eldarov
yaradıcılığının səciyyələndirən
əsas bədii komponentlərdən biridir və İsa Həbibbəylinin
bu xüsusiyyətə diqqət yetirməsi təbiidir. Alim
göstərmişdir ki, düşüncə kimi lirika da heykəltaraşın
yaradıcılığında hələ erkən dövrdən
mövcuddur və bu gün də özünü aydın
şəkildə büruzə verir. Bu baxımdan Zərifə
xanım Əliyevaya həsr edilmiş "Elegiya" abidəsi
diqqəti xüsusilə cəlb edir. Müəllif haqlı
olaraq vurğulayır ki, "...bu nadir sənət əsərinin
"Elegiya" adlandırılması da təsadüfi
olmayıb, həm də abidənin ruhundakı mehri, insanpərvərliyi,
lirizmi mənalandırır" (s. 80). Müəllifin
göstərdiyi kimi, lirik-romantik məzmun Ömər Eldarovun
akademik üslubunu və onun realizm metodunu fərdi
çalarlarla zənginləşdirməklə ona xüsusi bədii-estetik
ovqat, ruh, əhvali-ruhiyyə bəxş edir.
Tədqiqatın altıncı bölməsi "Heykəltaraşlıq
sənətinin axırıncı mogikanı" adlanır.
Müəllif haqlı olaraq qeyd edir ki, böyük sənətkarın
leksikonunda yorulmaq sözü yoxdur. Bəs bu güc, qüvvə,
həvəs ona haradan gəlir? Şübhəsiz ki, sənətinə
olan məhəbbətdən. Ömər müəllim uzun illər
bundan əvvəl olduğu kimi, bu gün də böyük həvəslə,
tükənməz sənət ehtirası ilə sevdiyi işlə
məşğul olur, yeni-yeni sənət əsərləri
yaradır. O, cansız daşa böyük məhəbbətlə
həyat verir, özü də ondan məhəbbətlə
dolu yaradıcı həyat alır. "Axırıncı
mogikan"ın mənalı, uzun həyat və sənətə
məhəbbət sirri də elə bundadır.
Müəllif Ömər Eldarovun yaratdığı
xatirə tipli heykəllərdən geniş bəhs etmiş və
vurğulamışdır ki, onların böyük əksəriyyəti
Azərbaycanın dünyasını dəyişmiş
böyük simalarının - tanınmış elm, ədəbiyyat,
mədəniyyət, ictimai, siyasi xadimlərinin məzarlarının
yerləşdiyi Fəxri xiyabandadır. Qeyd olunur ki,
buradakı xatirə abidələrinin böyük əksəriyyətini
məhz Ömər Eldarov hazırlamışdır. Müəllif
obrazlı olaraq Fəxri xiyabanı Xalq rəssamı Ömər
Eldarovun xatirə heykəllərinin açıq səma
altındakı sərgisi, muzeyi adlandırır. Bu sözlərdə
mübaliğə yoxdur; bütün bunlar böyük sənətkarın
uzun illər ərzində xalqına göstərdiyi yorulmaz
xidmətin xatirə nümunələrinə əbədiləşən
obrazlar silsiləsidir.
Kitabın son bölməsi - "Böyük sənətə
yüksək qiymət" - sənətkarın
aldığı mükafatlardan bəhs edir. Müəllif
göstərir ki, Ömər Eldarov hələ gənclik illərindən
öz sənəti ilə diqqət mərkəzində
olmuş və layiqincə dəyərləndirilmişdir.
Ulu öndər Heydər Əliyev hər zaman Ömər
Eldarovun sənətini, əməyini yüksək tutmuş,
onu yubileylərində təbrik etmiş, yüksək Dövlət
mükafatları ilə mükafatlandırmışdır. Bu
gün həmin ənənə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
davam etdirilir. Bu, əsl sənətə verilən qiymətin
bariz təzahürüdür. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva Xalq rəssamı Ömər Eldarovu anadan
olmasının 95 illiyi münasibəti ilə təbrik
etmiş, onun ümumxalq ehtiramını qazanmış
böyük sənətkar kimi xidmətlərini daim uca
tutduğunu diqqətə çatdırmışdır.
Bütün bunlar kitabın son bölməsində öz əksini
tapır.
Kitabın sonunda onun məzmununu qısa şəkildə
əks etdirən Azərbaycan, ingilis və rus dillərində
xülasələr təqdim edilmişdir. Sonda həmçinin
akademik İsa Həbibbəylinin görkəmli sənətkar
haqqında yazdığı əsərlərin
siyahısı da verilmişdir. Bu, Ömər Eldarov
mövzusunun akademik İsa Həbibbəylinin tədqiqatlarında
xeyli geniş təmsil olunmasının özünəməxsus
göstəricisidir. Əsas göstərici isə,
şübhəsiz ki, haqqında bəhs etdiyimiz, oxuculara yeni təqdim
olunan bu kitabdır. Kitabın elm və mədəniyyət
tariximizdə layiqli yer tutacağı şübhəsizdir.
Müəllifə - hörmətli akademik İsa Həbibbəyliyə
sənətə və sənətkara həsr olunmuş daha
böyük tədqiqatlar ərsəyə gətirməyi arzu
edirik.
Ərtegin SALAMZADƏ
AMEA-nın müxbir üzvü, professor
Xəzər ZEYNALOV
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet .- 2025.- 31 iyul(№133).-S.12.