Dövlət Mahnı Teatrında
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr
olunmuş konsert keçirilib
Rəşid Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrında 1 İyun – Uşaqların Beynəlxalq
Müdafiəsi Gününə həsr olunmuş konsert
proqramı keçirilib.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət
komitəsi və Mədəniyyət Nazirliyinin dəstəyi
ilə keçirilib. Konsert proqramı Şüvəlan qəsəbə
Mədəniyyət Evinin nəzdində fəaliyyət
göstərən “Səma” rəqs ansamblı tərəfindən
təqdim olunub.
Tədbir Azərbaycan şəhidlərinin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb. Ardınca Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib.
Proqram çərçivəsində “Səma”
ansamblı dünya xalqlarının silsilə milli rəqslərini
təqdim edib.
Uşaqların Müdafiəsi Gününə həsr
olunmuş tədbirdə çıxış edən Milli Məclisin
Mədəniyyət komitəsi sədrinin müavini Günay
Əfəndiyeva vurğulayıb ki, bu cür mədəni
bayramda uşaqların çoxluq təşkil etməsi onun qəlbini
sevinc və qürur hissi ilə doldurur.
Günay Əfəndiyeva xüsusilə qeyd edib ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
genişmiqyaslı bərpa işləri uğurla davam
etdirilir.
“Əslində, qardaş dövlətlərin dəstəyi
ilə bu proses daha da intensiv gedir. Bu gün Füzulidə
Özbəkistan tərəfindən inşa edilən məktəb,
Ağdamda Qırğızıstanın təməlini
qoyduğu məktəb, Cəbrayılda Macarıstan məktəbi
artıq fəaliyyət göstərir, həmçinin
Qazaxıstan tərəfindən inşa edilmiş
Yaradıcılıq Mərkəzi də fəaliyyətə
başlayıb. Bütün bu layihələr
uşaqlarımızın gələcəyinə qoyulan sərmayədir,
onların rifahlı və ləyaqətli həyatlarının
təməlidir”, – deyə deputat bildirib.
O, tədbirdə iştirak edən hər kəsə,
xüsusilə istedadlı və parlaq uşaqları
böyüdən valideynlərə təşəkkür
edib.
Günay Əfəndiyeva ansamblın beynəlxalq
arenadakı uğurlarını da xüsusi vurğulayıb:
“Yaxın günlərdə “Səma” rəqs
ansamblı Türkiyənin TRT telekanalı tərəfindən
təşkil olunan 23 Aprel – Milli Uşaq Bayramına həsr
olunmuş tədbirlərdə böyük uğurla iştirak
edib. Hətta iştirakçılar Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla şəxsən görüşmək
imkanı da əldə ediblər. Bu, hamımız
üçün böyük şərəf və nailiyyətdir”.
Çıxışının sonunda deputat Əfəndiyeva
“Səma” kollektivinə yaradıcılıq fəaliyyətində
uğurlar arzulayıb.
Daha sonra “Səma” ansamblının rəhbəri Səma
Nağıyeva çıxış edərək tədbirə
göstərilən dəstəyə və diqqətə
görə təşəkkürünü bildirib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində
Günay Əfəndiyeva bildirib ki, bu gün Uşaqların
Müdafiəsi Gününə həsr olunmuş “Səma” kollektivinin
konserti sadəcə bayram tədbiri deyil, həm də
mühüm mədəni mesajdır:
“Azərbaycanın ərazi bütövlüyü bərpa
olunduqdan sonra ölkəmizin hər guşəsindən, o
cümlədən azad edilmiş torpaqlardan uşaq
gülüşləri və səslərinin eşidilməsi
ürəkləri xüsusi bir sevinclə doldurur”, – deyə o
qeyd edib.
Müsahibimiz əlavə edib ki, səhnədə
çıxış edən uşaqlar yalnız türk
xalqlarının deyil, həm də dünyanın müxtəlif
xalqlarının xoreoqrafik ənənələrini təqdim
ediblər.
“Bu gün səhnədə bir çox xalqların mədəniyyətləri
görüşdü. Azərbaycanın dünyaya necə
açıq olduğunun, öz mədəni dəyərlərinə
necə sadiq olduğunun və eyni zamanda dünya irsinə necə
hörmətlə yanaşdığının şahidi
olduq. Belə tədbirlər xüsusilə gənc nəsil
üçün böyük tərbiyəvi və maarifləndirici
əhəmiyyət daşıyır”, – deyə deputat Əfəndiyeva
vurğulayıb.
525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.9.