ADMİU-nun dosenti
Gülyanaq Məmmədova Özbəkistanda ustad dərsi keçib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə bu ölkənin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan
muğamı və milli musiqi sənətimizlə
bağlı ustad dərsləri keçirilib.
Ustad dərslərini Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin (ADMİU) Muğam sənəti
kafedrasının dosenti, Azərbaycanın və Özbəkistanın
Xalq artisti Gülyanaq Məmmədova aparıb.
Dərslər musiqişünaslıq, solo ifa və
xalq çalğı alətləri üzrə təhsil alan
tələbələr üçün nəzərdə
tutulub. Onlara Azərbaycan milli musiqi mədəniyyəti,
muğam sənətinin tarixi kökləri, ifa üslubları,
xalq musiqimizin janr zənginliyi və milli irsimizin qorunması ilə
bağlı ətraflı məlumatlar təqdim olunub.
Gülyanaq Məmmədova mühazirələrində Azərbaycan
muğamının dünya musiqi xəzinəsindəki yeri,
bu sənətin UNESCO tərəfindən bəşəri irs
nümunəsi kimi tanınması, həmçinin
muğamın müasir ifaçılıq və bəstəkarlıq
məktəblərindəki rolu barədə məlumat verib.
Ustad dərsləri çərçivəsində
tanınmış Azərbaycan bəstəkarları Üzeyir
Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və
digər sənətkarların yaradıcılığına
da xüsusi yer ayrılıb, dərslər interaktiv sual-cavab
sessiyaları ilə müşayiət olunub.
Layihənin əsas məqsədi Azərbaycanla Özbəkistan
arasında mədəni əlaqələrin daha da inkişaf
etdirilməsi, gənc özbək musiqiçilərin Azərbaycan
musiqi məktəbi ilə yaxından tanış olması və
regionda mədəni inteqrasiyanın gücləndirilməsidir.
525-ci qəzet .- 2025.-4 iyun(№96).- S.9.