Cəlil Məmmədquluzadə:
xatirələrdən görünən obraz
150 illik möhtəşəm bir tarixə malik olan Azərbaycan
mətbuatının keçdiyi yolda öz izini, səsini
tarixin yaddaşına həkk edən yüzlərlə qəzet
və jurnallar fəaliyyət göstərib. Başda
“Əkinçi” olmaqla, zamanın doğurduğu ictimai
ağrıları, milli dərdlərimizi cəsarətlə
yazan, xalqın gözünü açmağa
çalışan klassik mətbuatımızın bir qisminin
fəaliyyəti araşdırılıb, bəzilərinin ərəb
qrafikasından yeni əlifbaya transliterasiyası da həyata
keçirilib. Lakin hələ də bir çoxunun saralıb
qurumuş səhifələrində dövrün təbəddülatlı
mənzərəsini, xalqın ictimai-sosial halını, həyat
tərzini və mübarizə tarixini əks etdirən mətnlər
araşdırılmamış qalır. Bütün bunlar
klassik mətbuat tariximizin müxtəlif aspektdən öyrənilməsini
zəruri edir. Lakin tədqiq olunmuş bir sıra qəzet və
jurnalların da bu gün fərqli prizmadan və yeni
baxışla öyrənilməsi zərurət kimi
qarşıda durur.
Bu ətrafda düşünərkən ilk olaraq Cəlil
Məmmədquluzadənin “Molla Nəsrəddin”
jurnalını nəzərə alıram. Doğrudur, mədəni
abidələrimizdən sayılan bu satirik jurnalla bağlı
zaman-zaman araşdırmalar aparılıb, tədqiqat əsərləri
yazılıb. Firidun bəy Köçərlidən
başlamış, Ə.Şərif, Ə.Mirəhmədov,
M.C.Paşayev, F.Hüseynov, İ.Ağayev, Q.Məmmədli,
X.Əlimirzəyev, İ.Həbibbəyli və digər ədəbiyyatşünas
alimlər bir çox istiqamətdən “Molla Nəsrəddin”i
tədqiqatın predmeti ediblər. Mənə gəlincə,
“Molla Nəsrəddin” Mirzə Cəlil obrazının daha
canlı və insani keyfiyyətlərini aydınladan ən
möhtəşəm əsərdir. Bu obrazın xarakterik
cizgilərini incəliklə açan, cilalayan həm də ədibin
“Xatiratım”, Həmidə Məmmədquluzadənin “Mirzə
Cəlil haqqında xatirələrim” əsərləri, o
cümlədən qələmdaşlarının, əməl-məslək
dostlarının, onu yaxından tanıyan insanların müxtəlif
illərdə qələmə aldıqları xatirə
yazılarıdır. Təbii ki, yazı üzərində
işləyərkən həmin mənbələrə bir
daha qayıdaraq yaddaşımı təzələdim...
lll
Hələ bu xatirələr
yazılmamışdı. Hələ o zamandı ki, Mirzə
Cəlil gəncliyində hara gedirmişsə, özüylə
bir topa kağız götürürmüş ki, boş
vaxtlarında cızma-qara eləsin. O səbəbdən ki,
ürəyində yazıb-yaratmaq eşqi
çağlayırdı. Sonralar bu istəyini yada salaraq
deyirdi: “Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub,
ürəyimin dərdlərini meydana qoyub, intişar edə
biləm...”
Nəhayət, zaman yetişdi “Molla Nəsrəddin”
jurnalının meydana gəlməsi həm də böyük
ədibin arzusunun gerçəkləşdiyi mühüm bir
hadisə kimi mətbuat tariximizə yazıldı...
119 il əvvəl Azərbaycan xalqının ictimai dərdlərindən
göyərən “Molla Nəsrəddin” jurnalı tənqid,
ifşa, eyham yolu ilə həqiqəti söyləyir,
xalqın gözünü açmağa
çalışır, ictimai fikrin inkişafına kömək
edirdi. Təkcə Azərbaycanda deyil, dünyanın bir
çox ölkə və şəhərlərində -
Nyu-Yorkda, Hindistan, Kəlküttə, London, Berlin, Paris, Roma,
İstanbul, Misir, İran, Rusiyanın isə demək olar ki, hər
yerində jurnalı böyük maraqla oxuyurdular.
Mirzə Cəlil hələ jurnalın nəşrinə
hazırlıq dövründən işinin ana xəttini
müəyyən etmişdi. Jurnal fəaliyyəti boyu Azərbaycan
mühitinin real mənzərəsini natural bir təsvirdə
canlandıracaqdı. Necə ki: “Mən axundlar
üçün, dərin savadlılar üçün
yazmıram, ona görə də gərək mənim dilim sadə
və anlaşıqlı olsun”, - deyən ədib dilin sadəliyini,
təmizliyini qoruyub saxladı.
Jurnalın sahibi-ixtiyarı, redaktoru Cəlil Məmmədquluzadə
olsa da, onu “yeridən”, “ətə-qana gətirən” həm də
yazıçının məsləkdaşları idi. Mirzə
bu həqiqəti etiraf edir, “Xatiratım” əsərində məsləkdaşlarının
ədəbi zəhmətini dəyərləndirərək
yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər
müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir
neçə mənim əziz yoldaşlarımın qələmlərinin
əsərinin məcmuəsidir ki, mən də onların
ancaq ağsaqqal yoldaşıyam”. Bu, böyük
aydının birgə çalışdığı qələmdaşlarının
zəhmətinə dəyər verməsi, portretinə çəkilmiş
qədirkeşlik cizgisi idi ki, haqqında yazılmış bir
çox xatirələrdə müəlliflər belə səciyyəvi
cəhətləri yazıçının obrazında
çox incəliklə təsvirə alıblar.
M.Cəlilin güclü ədəbi yaddaşı
vardı. Uşaqlıq çağlarında müşahidə
etdiyi dini ayinlər, namaz, orucluq, digər adətlər
haqqında xatirələrini, həyat-yaşam lövhələrini,
ümumən “Mirzə Cəlil dövrü”nün mənzərəsini
bir detalı belə, unutmadan qələmə
aldığı təəssürat-təsvirləri qüdrətlidir.
Bəs “Molla Nəsrəddin”in yaranması ideyası
hardan qaynaqlandı? Mirzə Cəlilin həyatında baş
vermiş bir məqam - Tiflisdə Məhəmməd ağa
Şahtaxtlı ilə qarşılaşması və onun
“Şərqi-Rus” qəzetində işləməyə dəvət
alması, ürəyinin dərdlərini meydana qoyub,
intişar etməsinə açılan qapı oldu. Bu qəzetə
gəlişi həyatında ciddi dəyişiklik yaratdı,
mütərəqqi fikirlərinin formalaşmasına təkan
verdi. Yazıçı o məqamları belə dəyərləndirirdi:
“Şərqi-Rus” iki babətdən mənim üçün
xoş, qiymətli yadigar olur. Birinci tərəfi budur ki,
möhtərəm ədibimiz Məhəmməd ağa
Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb
etməklə məni qəzet dünyasına daxil etdi.
İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən
elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə,
onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini
bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə
“Molla Nəsrəddin” məcmuəsini bina etdik...” Yaxud da
çoxdan bəri jurnalla əlaqəsi kəsilmiş Əli
Nəzmidən nigaran qalan Mirzə Cəlil “İdarədən”
başlıqlı kiçik bir yazıda
narahatlığını bildirirdi: “Neçə il ayrı
düşəndən sonra yada salırıq
yoldaşımız və ikinci Sabirimiz “Kefsiz”i (Məşədi
Sijimqulunu)”. Harda olduğunu bilmədiyimiz üçün
ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez bir
vaxtda öz lətafətli şeirləri ilə məcmuəmizi
zinətləndirəcəkdir”, - deyib onu axtarırdı. Hər
iki xatırlama yazıda Mirzə Cəlilin qələmdaşlarının
zəhmətinə bunca dəyər verməsi onun portretində
aydın nəzərə çarpan cizgilərdir.
Etibarlı, qədirbilən insan kimi yaddaşlarda qalan
Mirzə Cəlili xatırlayanlar yazırlar ki, o, şəxsi
həyatında olduqca səmimi bir insan, musiqini sevən,
hamı ilə xoş rəftar edən, olduğu,
göründüyü yerlərdə hər kəsin məhəbbətini
qazanan şəxsiyyət idi. Mirzə Cəlilin xarakterində,
həyat vərdişlərində müşahidə edilən
bu cəhətlər onun insani keyfiyyətlərindən
doğan, obrazına mükəmməllik gətirən
ştrixlərdir. Dövrün yeni Adamı, xalqın həyatında
mədəni, sosial inqilabı başladan bir qüvvə
timsalında görünürdü. Bu baxımdan
Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlili və
jurnalın fəaliyyətini obrazlı şəkildə belə
dəyərləndirirdi: “Molla Nəsrəddin” jurnalı və
xüsusən Cəlil Məmmədquluzadə haqqında
xatirat yazmaq, demək, 27 sənə bundan qabaq işə
düşmüş və 25 sənə dolanmaqda davam edən
bir çərxi nəzərə gətirmək deməkdir.
Bu çərxin məhvəri Mirzə Cəlil və onun
jurnalı idi”.
Təbiətən azdanışan, sakit, alicənab və
təmkinli olan Mirzə Cəlil müsahibini başa salmaqda,
düz yolda olmayana təsir etməkdə, təlim-tərbiyədə
mahir idi. Bu, bəlkə də onun müəllimliyindən,
hal-xasiyyətindən irəli gəlirdi. O, qorxu, kin-küdurət
bilməyən xeyirxah, təmiz qəlbli bir insan idi. Ə.Nəzmi
xatırlayırdı ki, Qarabağdan bir şair Mirzənin
haqqında həcviyyə yazmışdı. Sonralar redaksiyaya
gələr, Mirzə Cəlil keçmişi nəzərə
almadan həmin şairə hörmətlə yanaşar, hətta
jurnalda yazılarına yer verərdi. Ə.Nəzmi bunun səbəbini
soruşanda deyərmiş ki, nə olar, o, pislik edib, biz əvəzində
ona yaxşılıq edərik, keçmişdə nə
olub, olub, kin saxlamaq yaxşı deyil... Mirzə Cəlil gənc
müxbirlərə tövsiyə edirdi ki,
çalışın yazılarınızda şəxsi-qərəzlik
olmasın, bir də qısa və məzmunlu yazmağı
öyrənin.
Həyatda heç bir hadisə təsadüfən
baş vermir. Tanrı hər kəsə doğulduğu
gündən bir tale yazır. Allah Həmidə xanımı
Mirzə Cəlilin qarşısına da bir zərurət kimi
çıxarmışdı. Belə olmasaydı, bəlkə,
tarixin məhvəri başqa cür fırlanardı. Həmidə
Cavanşir C.Məmmədquluzadənin təkcə həyat
yoldaşı deyil, ideoloji mübarizədə əməl, məslək
dostu oldu. Cütlük birgə vardıqları yolda daim bərabər
irəlilədilər. Həmidə xanımın xatirələrində
Mirzə Cəlil çox məkanda təsvir olunur: Tiflisdə,
Bakıda, Qarabağda, İranda, Borjomda... Təbrizdə
olduğu vaxtda (1921) jurnalın 8 sayını
çıxarmışdır. Amma orada yaşadığı
müddətdə Azərbaycan üçün çox qəribsəyir.
Sovetlər hakimiyyətini möhkəmlətdikdən sonra M.Cəlil
dərhal geri qayıtmağını düşünür və
deyir ki, güman edirəm, indi orda mətbuat tam azaddır və
məni ora çəkən də ən çox bu cəhətdir...
Mirzə belə bir şəraitdə xalqa daha çox xeyri dəyəcəyini
düşünürdü.
Cəlil Məmmədquluzadə ədəbi
yaradıcılığın bir çox növ və
janrlarında əsərlər yazdı. Məqalələr,
felyetonlar, publisistik yazılar, hekayə, povestlər, nəsr və
dram əsərləri ilə Azərbaycan ədəbiyyatı
və mətbuatına yeni məzmun, ideya gətirdi. Lakin Mirzə
Cəlil obrazının ən mükəmməl
detalını, cizgisini tamamlayan “Molla Nəsrəddin”
jurnalı oldu. Başqa sözlə, bu məcmuənin 25 illik
fəaliyyəti dövründə Cəlil Məmmədquluzadənin
mükəmməl portreti yarandı. Bir çox şair və
ədiblərin yaradıcılıqları ilk dəfə
“Molla Nəsrəddin”də göründü, formalaşdı.
Bir mühüm məqam da vardı ki, mövzunu da onlara Mirzə
Cəlil verirdi. Necə ki, Əbdürrəhim bəy
yazırdı: “Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu.
Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi,
istedadı-şeiriyyə Sabirin idi, fəqət, mövzu verən
“Molla Nəsrəddin və Mirzə Cəlil oldu”. Baxın,
sanki zamanın nəbzi “Molla Nəsrəddin”in “ürəyində”
döyünürdü...
Mirzə Cəlil harda olurdu, nə iş
görürdüsə, yeni mövzu ətrafında
düşünür, personajlarını göz önündən
keçirir, ürəyində onlarla “həsbi-hal” edirdi. Ya da
oturduğu yerdə, yainki küçədə getdiyi zaman
heç bir səbəb olmadan gülümsəyirdi. Bu,
çoxlarına qəribə gəlir, bəziləri bu
gülüşləri yersiz sayırdı. Əslində Mirzə
Cəlil daim gülməli bir mövzu ətrafında
düşündüyündən canlandıracağı mənfi
tiplərə gülürdü. M.S.Ordubadi Mirzənin cəsarətli,
qorxmaz bir ədib olduğunu xatırlayaraq yazırdı: “Diri
ikən ikiüzlü ziyalılara, qarınqulu ruhanilər, həris,
xəsis tacir və hacılara gülən Mirzə Cəlil
ölürkən də ölümün üzünə
gülürdü...”
“Molla Nəsrəddin” Mirzə Cəlilin bir növ mənəvi
övladı statusu adını aldı. İllər boyu
balasını qoruyan ata kimi jurnalı da riyakarlardan, fanatiklərdən
qorudu, böyütdü və özü də onunla birgə
böyüdü. Bizimsə böyük Mirzə Cəlildən
və onun jurnalından hələ öyrənməli
olduğumuz çox mətləblər var. Bu baxımdan “Molla
Nəsrəddin”i fərqli bir istiqamətdən
araşdırıb öyrənmək yeni nəsil tədqiqatçıların
üzərinə düşür.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.-3 iyun(¹95).- S.15.