Qalanı xatirədir...
İllər öncə eşitdiyim bir mahnıdan
yadımda kövrək bir göynərti qalıb: “Qalanı
xatirədir”. Hər il sona çatanda hamı kimi, mən də
xəyallanıram ki, ömrümüzdən bir il də belə
keçdi. Nədənsə hər zaman o anlarda da həmin
mahnı qulaqlarımda səslənir. İllər kimi, xatirələr
də baş alıb gedir... Anlayıram ki, hər birimiz bir fərd
olaraq həyatımız boyu çox hadisələrin
şahidi və sayların unutduğumuz insanlarla təmasda
olmuşuq. Bu hadisələrin və o insanların çoxu da
illər ötdükcə zaman-zaman yaddaşımızdan
silinib gedir. Eləcə biz də başqalarının
yaddaşından silinirik. Ancaq elə hadisələr və
insanlar var ki, onlar bir ömür boyu bizimlə yol
yoldaşı olur və onları heç vaxt unuda bilmirik. Mənzil
uzandıqca onlar bizə daha da yaxınlaşır,
doğmalaşırlar.
Bu günlərdə xeyli vaxt idi ki, görmədiyim
belə dəyərli insanlardan biri ilə
görüşüb bir müddət həmsöhbət
olduq. Tanınmış jurnalist, vaxtilə bir kollektivdə
çalışdığımız Səməd Məlikzadə
ilə mənim iş yerimdə görüşdük. O
görüşdə Səməd müəllim mənə
bir kitab da hədiyyə etdi. Kitabın adı da, orada toplanan hər
bir yazı da sanki beynimdə o mahnının sözlərini
yenidən səsləndirdi: “Qalanı xatirədir!”
Qeyd edim ki, Səməd Məlikzadə respublikanın
tanınmış jurnalistlərindəndir və yazı-pozu
ilə məşğul olan az adam tapılar ki, onun
imzasını tanımasın. Ölkənin bir çox
populyar mətbuat orqanlarında illər uzunu külüng
çalıb. Hazırda təqaüddə olsa da, bu gün də
döşünə döyən ən məhsuldar jurnalistlərdən
daha çox yazır. Onun cəmiyyətimizin müxtəlif
problemlərinə güzgü tutan, tariximizlə, mədəniyyətimizlə
bağlı qələmə aldığı araşdırma
yazıları böyük maraq doğurur.
Müəllif kitaba “Bizim alın yazımız”
adını verib. Kitab Azərbaycan Dövlət Universiteti
jurnalistika fakültəsinin 1976-cı il məzunlarının
ömür yoluna həsr olunub.
Səməd Məlikzadənin kitabı qəlbimdə
bir neçə istiqamətdən kövrək duyğular
oyatdı. Əvvəla, kitabın müəllifinin illər
uzunu tanıdığım, dostluq etdiyim, öz ləyaqəti,
mənliyi ilə seçilən, ruzisini halal qələmindən
çıxaran bir dostum olması idi. İkincisi, kitab mənim
də məzunu olduğum doğma universitetimin, doğma
fakültəmin tələbələri və müəllimləri
haqqında idi. Daha sonrası, kitabda haqlarında söhbət
açılan insanların çoxunu yaxından
tanıyırdım və hətta bəziləri ilə
müxtəlif illərdə eyni bir kollektivdə
çalışmışdım da.
Bir məqamı xüsusi qeyd etmək istərdim ki,
Jurnalistika fakültəsi yarandığı gündən
Universitetdə həmişə öz sağlam ab-havası,
“daxili qanun-qaydaları” ilə digər fakültələrdən
çox fərqlənib. Çünki bu fakültənin hər
zaman heç bir rəsmi sənədlərlə, göstərişlərlə,
qanun-qaydalarla tənzimlənməyən bir nizamı, daxili
özəllikləri formalaşıb. Tələbə
sayına görə başqa fakültələrdən qat-qat
az tələbəsi olub. Jurnalistika fakültəsində təhsil
alan tələbələr və müəllimlər
arasında elə isti münasibət, mehriban bir mühit olub
ki, illər də bu münasibətlərə kölgə
sala bilməyib.
Orta və yaşlı nəsilin nümayəndələri
yəqin ki, yaxşı xatırlayırlar: sovet hakimiyyəti
illərində ali məktəblərdə sovet təhsil
sisteminin öz fəlsəfəsinə uyğun idarətmə
mexanizmi vardı. Buna uyğun da müəllim və tələbə
kontingenti arasında müəyyən bir sədd, məsafə
formalaşmışdı. Hər kəs də öz yerini və
vəzifəsini və məsuliyyətini yaxşı bilirdi.
Elə jurnalistika fakültəsini digərlərindən fərqləndirən
əsas cəhət də onun bu “çərçivələrdən”
uzaq olması idi. Hər birimiz fakültəni
özümüzün ikinci ailəmiz hesab edirdik. O səbəbdən
də bizlər birinci kursdan məzun olana qədər öz
doğma fakültəmizdə müəllimlər və tələbələr
arasında hansısa inzibati bir sədd görmədik. Müəllimlərimiz
öz tələbələrinə həmkar, qələm
yoldaşı kimi baxırdılar. Tələbələr də
bir-birlərinə heç vaxt aşağı kurs, yuxarı
kurs baxışları ilə yanaşmazdılar. Sanki hamı
eyni kursun tələbəsi, bir-birlərini çoxdan
tanıyırmış kimi, davranardılar. Məncə, bunun
başlıca səbəbi burada dərs deyən müəllimlərin
də, təhsil alan tələbələrin də söz
adamı olmaları, sözə digərlərindən bir
köynək yaxınlıqları ilə bağlı idi.
Səməd Məlikzadənin kitabın titul vərəqində
verdiyi “Bizim alın yazımız” başlığı oxucuda
nostalji hisslər oyadır. Digər səhifədə
başlıq kimi verdiyi “Ömürlərə işıq
salaq” və səhifənin aşağı hissəsində
yazdığı “Ömür nağıl kimidir - nə qədər
uzun olduğu deyil, nə qədər gözəl
yaşandığı önəmlidir” fikri sanki 40 otaqlı
bir sarayın giriş qapısında asılmış sirli
bir lövhədəki kod yazısını xatırladır.
Beləcə qələm dostumuzun sözlə
yaratdığı sirli-soraqlı bir saraya oxucu səyahəti
başlayır. Digər iki qoşa səhifədəki
jurnalistika fakültəsininin 622-ci və 624-cü qrup tələbələrinin
qızılgül çələngi kimi sıralanmış
məzun şəkilləri isə
oxucuya bu sarayın o xoşbəxt sakinlərinin kimliklərindən
nişan verir.
Kitabın növbəti səhifələrində
portret şəkillər və sahibləri haqqında qısa
və yığcam tanıtmalar verilib. Bunların arasında
dünyasını dəyişənlər də, məzun
olduqdan sonra dostların gözündən “qeyb” olanlar da, bu
gün yenə də yazıb-yaradanlar da var. Bəlkə də
Səməd müəllim dünyasını dəyişən
dostlarını ona görə ayırmayıb ki, onların bu
gün də “yaşadıqlarını” və dostların qəlbində
həmişə yaşayacaqlarını da xatırlatmaq istəyib.
Kitabın əsas bir özəlliyi ondadır ki, onu
müəllifin öz kitabı da hesab etmək olar, kitabın
tərtibçisi də.
Kitab müəllimlərimizə həsr olunmuş
xatirə məqalələrlə başlayır. Mehparə
Axundovanın 2014-cü ildə “525-ci qəzet”də çap
etdirdiyi “Dövrümüzün Zərdabisi” məqaləsi
Jurnalistika fakültəsinin qurucularından olan və milli
jurnalistikamızın simvollarından birinə
çevrilmiş Şirməmməd Hüseynova həsr olunub.
Mehparə Axundova sanki fakültənin tələbəsi
olmuş bütün məzunların ürək sözü
ilə başlayıb yazısına: “O illərdə
jurnalistika fakültəsində oxuyanların bəxti gətirmişdi.
Fakültədə dərs deyən heç bir müəllimin
tələbələrdən umacağı ola bilməzdi.
Şirməmməd müəllim elə birinci kursdan
bütün tələbələrə
tapşırmışdı ki, əgər eşidəm-biləm
ki, müəllimlər sizin qiymətinizi nahaqdan kəsib, mənə
deyin. Heç nədən qorxmayın”. Əslində bizim
müəllimlərimizdən heç bir qorxumuz,
hürkümüz də yox idi. Çünki onlardan heç
birində belə bir xasiyyət də yox idi. Əksinə, istənilən
problemlərimizdə bizə ilk əl uzadan da müəllimlərimiz
olardı. Ancaq elə də olurdu ki, başqa fakültələrdən
müəyyən fənləri tədris eləməyə gələn
müəllimlərlə bəzən aramızda
anlaşılmazlıqlar baş verirdi. Bunlar da dərhal müəllimlərimiz
tərəfindən yoluna qoyulurdu.
Səməd Məlikzadənin özünün
yazdığı “Müəllimlər müəllimi” məqaləsi
deyərdim ki, müəllim şəxsiyyətinə bir qədirşünaslıq
yanaşmasıdır. “Bəlkə də bu, qismətimizə
düşən bir naxış, pay idi. Yoxsa əsərlərini
sevə-sevə oxuduğumuz görkəmli yazıçı,
alim-pedaqoqun nə vaxtsa bizə dərs deyəcəyi heç
ağlımıza da gəlməzdi. Amma universitet
auditoriyasında əyləşdiyimiz ilk günlərdə
Mir Cəlal Paşayev bizi salamladı və uğur
arzuladı. O, universitetdə bizə dərs deyən müəllimlərimizin
də müəllimi idi. Buna görə də Mir Cəlal
müəllim fakültəyə gələndə nəinki
biz tələbələri, eləcə də fakültənin
bütün müəllimləri ayağa qalxır, onunla
görüşmək üçün növbəyə
dururdular. O, bu hörmətə və sevgiyə layiq insan idi”.
Beləcə bu gün haqq dünyalarına
qovuşmuş müəllimlərimiz - Nəsir
İmanquliyevin, Nurəddin Babayevin, Ceyran xanım Əbdürrəhmanovanın,
Seyfulla Əliyevin, Famil Mehdinin, Nəriman Zeynalovun, Tofiq
Rüstəmovun, Yalçın Əlizadənin, Əliş Nəbilinin,
Mahmud Mahmudovun işıqlı simaları, xoş xatirələri
ayrı-ayrı məqalələrdə gözlərimiz
önündə yenidən canlanır. Bu portret
yazıların əksəriyyətinin müəllifi Səməd
Məlikzadə və onun tələbə yoldaşlarıdır.
Bu gün pedaqoji fəaliyyətlərini davam etdirən
müəllimlərimiz də kitabda diqqətdən kənarda
qalmayıblar. Cahangir Məmmədli, Akif Rüstəmov
haqqında da böyük ürəklə yazılar qələmə
alınıb. Jurnalistika fakültəsinin hazırkı
dekanı Vüqar Zifəroğluyla aparılan müsahibədə
mərhum professor Nəsiman Yaqublu, bu gün öz pedaqoji fəaliyyətlərini
davam etdirən Rəhilə xanım Kəsəmənli, Zaur
Babayev, Əli Hacıyev və digərlərinin bugünkü
jurnalist kadrlarının hazırlanmasındakı yorulmaz fəaliyyətləri
öz əksini tapıb.
Kitabı vərəqlədikcə adam fərqli
ovqatlara köklənir. 86-cı səhifədəki şəkil
çələngi isə sanki səfi pozulmuş bir durna
qatarına bənzəyir. Haqq dünyalarına qovuşmuş
tələbə yoldaşlarının şəkilləri
altında onların yalnız adları yazılıb. Özlərinin
yaddaşlarında qaldıqları kimi: Rəşid, Mail, Adil,
Allahyar, Musa, Nizami, Xəlil, Maşallah, Əli, Qadir, Yusif,
Əlibala, Şamxal, Həsən, Nurəddin, Vəsilə. Səməd
Məlikzadənin tələbə yoldaşları olmuş,
dünyalarını vaxtsız dəyişmiş bu insanlar həm
də hər birimizin mətbuatdan imzalarına yaxından bələd
olduğumuz tanınmış jurnalistlərimiz, qələm
adamlarımızdır. Növbəti səhifələrdən
isə onların hər biri haqqında ağrıyla, ürək
qanıyla yazılmış dost, həmkar xatirələri yer
alıb.
Vaxtsız dünyalarını dəyişmiş həmkarlarımız
haqqında xatirə yazılarını oxuyanda nədənsə
bu “durna qatarı”nın bir fərdi olan Şamxal Rüstəmin
sanki illər öncə ətrafındakı dostlarına
pıçıldadığı bir misrası səsləndi
qulaqlarımda: “Bircə biləydim məni kimin
qarğışı tutdu!” Allah hamısına qəni-qəni
rəhmət eləsin.
“Ayrılığın sonu varmış”, “Bir dəstə
buket”, “Cıdır düzüm, İmarətim girir yuxuma”, “Mənim
ən gözəl əsərim”, “Görən niyə gecikir
bu payız?”, “Pərən-pərən düşmüş
xatirələr”, “Jurnalist işığa can atan pərvanə
kimdir”, “Sözün işığı ilə yol gedir”,
“Kürdəxanıda bir nurani yaşayır” və s.
başlıqlarla dərc olunmuş yazılarda keçmiş
tələbə-jurnalistlərin (bu gün tanınmış
yazarların) daha çox tələbə dostları
haqqında, keçmiş xatirələrlə bağlı
bir-birindən kövrək, duyğusal yazılardan ayrılmaq
olmur və onların təsirindən uzun müddət qurtula
bilmirsən.
Müəllif kitabın növbəti bölümlərinə
“Gəl qayıdaq o illərə”, “Bizdən yazıblar”,
“Dostlar bizi xatırlayır”, “Özümüzü sözə
çevirdik” başlıqlarını seçib. Onların da
hər biri bir kitaba sığmayacaq xatirələr,
yazılar, hekayələr, şeirlər, təəssüratlar...
Bu yazıların hamısının da məzmunu,
baxış bucağı eyni nöqtəyə
fokuslaşıb - Jurnalistika fakültəsinin keçmiş tələbələrinin
(bu günün tanınmış jurnalistlərinin) həyat,
tale yollarına.
Kitabın “Bizi xatırlayın, xatırlayın
baxın” bölümü (foto-albom) deyərdim ki, elə bu
sirli sarayın oxucunun maraqla axtardığı 40-cı
otağıdır. O otaq ki, sakinləri müxtəlif
vaxtlarda, müxtəlif məclislərdə, müxtəlif
yerlərdə ağ-qara şəkillərə dönərək
dünənimizdən bu günümüzə boylanırlar.
“Bizim alın yazımız” kitabını bir nəfəsə
oxudum və təsirindən indiyəcən də qurtara bilməmişəm.
Mübaliğəsiz deyərdim ki, Səməd Məlikzadə
“Bizim alın yazımız” kitabını ərsəyə gətirməklə
doğma fakültəmizə ədəbi və əbədi
bir abidə ucaldıb. Sözümüz və sabahımız
var olduqca yaşayacaq bir abidə! Qələmin bərəkətli,
canın sağ olsun, əziz dost! Yaz, yarat. Böyük
sayğılarla, Jurnalistika fakültəsinin keçmiş məzunu:
İlham MƏMMƏDLİ
525-ci qəzet .- 2025.-3 iyun(¹95).- S.14.