“Şərq
qapısı” tənqid və ədəbiyyatşünaslığın
nəzərində
Azərbaycan Milli Mətbuatı
- 150
Nəşr tarixi XX əsrin əvvəllərinə təsadüf
edən, müxtəlif illərdə “Cavanlar həyatı”,
“Füqəra səsi”, “Sovet Naxçıvanı” adı ilə
nəşrini davam etdirən, iki əsrin güzgüsü
sayılan “Şərq qapısı” qəzeti
Naxçıvanın ictimai-siyasi həyatında özünəməxsus
yer tutmaqdadır. Naxçıvanda maarifin, mədəniyyətin
inkişafında, cəmiyyət həyatının müxtəlif
sahələrinin işıqlandırılmasında, eləcə
də insanlarda dünyagörüşü və
düşüncə tərzinin formalaşmasında “Şərq
qapısı”nın təsir gücü və fəaliyyəti
danılmazdır.
“Şərq qapısı” qəzetinin ədəbi
mühitlə, tarix və mədəniyyətlə,
yaradıcı ziyalılıqla bağlılığı bir
çox elmi məqalələrin mövzusuna çevrilib.
Qocaman alim, filologiya elmləri namizədi, dosent Lətif
Hüseynzadə “Şərq qapısı”nın ədəbi
fikrin inkişafındakı rolunu belə qiymətləndirib:
“Şərq qapısı” Azərbaycan... ədəbiyyatının
inkişafı tarixində özünəməxsus bir ədəbi
məktəb rolunu oynamışdır. O, Naxçıvanda gənc
yazıçı və şairlərin ilk ədəbi
ocağı olmuşdur. Naxçıvan
yazıçıları öz qələm təcrübələrini
burada sınaqdan keçirmişlər. Qəzetdə verilən
“Ədəbiyyat səhifəsi” gənc yazıçılar
üçün ən gözəl sınaq meydanı
olmuşdur. Burada... şeirlər, hekayə və oçerklərlə
yanaşı, satirik yazılar da verilirdi. Yazıçı
Əyyub Şəkilinin “Mübarizə” adlı ilk şeirlər
kitabı və Ə.Lahutinin şeir kitabçası “Şərq
qapısı” qəzeti mətbəəsində
buraxılmışdır”.
Akademik Məmmədcəfər Cəfərov qəzetin
Azərbaycan ədəbiyyat tarixindəki yerini müəyyənləşdirərkən
yazır: “Azərbaycanda elmin, ədəbiyyatın və incəsənətin
bütün sahələrindəki müvəffəqiyyətlərdə
naxçıvanlı ziyalıların çox əməyi
vardır. Mətbuat sahəsində də belədir. Mətbuatımızın
görkəmli səhifələrini təşkil edən
“Şərqi-rus” və böyük “Molla Nəsrəddin”in
yaradıcıları bu torpaqda kamala çatmışlar.
Naxçıvan nəsrimizə, dramaturgiyamıza və
şeirimizə ölməz incilər bəxş etmişdir.
“Şərq qapısı”nın müəllifləri də
qüdrətli qələm sahibləri olan sələflərimizin
irsini sədaqətlə qoruyaraq yeni dövrün salnaməsini
yazırlar. Qəzet elm, mədəniyyət və ədəbiyyatın
inkişafında da çox iş görür”.
Akademik İsa Həbibbəyli bu fikri davam etdirərək
qəzetin ədəbi qüvvələrin
inkişafındakı rolunu xüsusi vurğulayır: “Bu
gün Naxçıvan Yazıçılar Birliyinin üzvləri
olan yazıçı, şair və publisistlərin
hamısı “Şərq qapısı” məktəbinin yetirmələridirlər.
Ötən səksən beş il ərzində bu diyarda
yetişib formalaşmış ədəbi nəsillər
“Şərq qapısı” məktəbində mükəmməl
yaradıcılıq dərsləri keçmişlər”.
Buradan aydın olur ki, Naxçıvanda yeni dövr ədəbi
mühitin inkişaf meyllərini, mövzu dairəsini əsasən
“Şərq qapısı” müəyyən edib. Bədii
yaradıcılığa öz səhifələrində
geniş yer ayıran qəzet totalitar rejimin çətin
dövrlərinə, ağır repressiya illərinə
baxmayaraq, mədəni inkişafa təkan verib.
Xalq yazıçısı Hüseyn İbrahimov qəzetin
ədəbi inkişafdakı rolunu belə təqdim edir:
“Şərq qapısı” vaxtaşırı
yazıçı və şairlərimizin hekayə və
şeirlərini dərc edir, mütəşəkkil ədəbi
səhifələr verir, ən yaxşı hekayələr,
poemalar, şeirlər üçün müsabiqələr
keçirir, bəyənilənləri öz səhifələrində
dərc edir, müəllifləri mükafatlandırır,
onları yeni yaradıcılıq uğurları qazanmağa
ruhlandırır. Keçirilən müsabiqələr
yaradıcılıqla məşğul olan insanların mənəvi
cəhətdən ruhlandırmaqla yanaşı, onlara
sağlam rəqabət əsasında öz fəaliyyətlərini
qurmağa, inkişafa səsləyən tədbirlərdəndir”.
Yazıçı-jurnalist, Azərbaycan SSR-in Əməkdar
mədəniyyət işçisi Qulam Məmmədli “Şərq
qapısı”nın 60 illik yubiley nömrəsindəki məqaləsində
yazır: “Molla Nəsrəddin” jurnalının və Azərbaycan
teatrının salnaməsini tərtib edərkən “Şərq
qapısı” qəzetinin nömrələrini də diqqətlə
nəzərdən keçirmişəm. Həm də bu qəzetdə
mənim bir sıra yazılarım çap olunmuşdur. Qəzet
iqtisadiyyatla bərabər, ədəbi və elmi prosesi, mədəni
yüksəlişi, bədii yaradıcılığı
ardıcıl və çox səmərəli
işıqlandırmışdır”.
Ötən bir əsrə yaxın müddətdə
Naxçıvan ədəbi mühitinin aparıcı istiqamətləri
və yaradıcılıq meyarları klassik və novator ənənələrin
sintezinə bağlılığını itirməmiş, əsrlərlə
davam edən ənənələrini qoruyaraq saxlayıb, mətbuat
isə bu ənənələrin ötürülməsində
vasitəçilik missiyasını şərəflə yerinə
yetirib. Əsrin əvvəllərindən başlanan bu
missiyanın hərəkətverici qüvvəsi isə ədəbiyyatşünas
və tənqidçi alimlər olun. Belə tənqidçi
alimlərdən biri də Əziz Şərif idi. Filologiya
elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm
xadimi olan həmyerlimiz “Doğma yurdun salnaməsi” məqaləsində
yazır: “1921-ci ilin payız səhərində “Cavanlar həyatı”,
bir az sonra “Füqəra səsi” və “Şərq
qapısı” adı ilə buraxılan qəzet doğma
diyarımızın yüksəliş salnaməsidir... Vilayət
qəzetimiz Şərqin qapısında öz əməyi və
yaradıcılığı ilə qədim Naxçıvana
cavanlıq verən qadir insanların xitabət
kürsüsü, qazanılan qələbələrin
işıqlı güzgüsüdür.
İnanıram ki,.. bundan sonra da böyük mühərrirlərimiz
Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Eynəlibəy
Sultanov, Məmmədəli Sidqi kimi qələm sahiblərinin
ölməz irsinin ləyaqətli davamçıları
olmağa çalışacaq, Naxçıvan
torpağının salnaməsini daha böyük ilhamla
yazacaqlar”.
Ədəbiyyatşünas alimlər qəzetin nəinki
ictimai fikir tarixindəki roluna qiymət vermiş, eləcə
də regionda elmin, jurnalistikanın, ziyalılığın,
gənc qələmlərin yetişməsinə və
formalaşmasına təsirindən bəhs etmişlər.
Akademik İsa Həbibbəyli qəzetin elmi
dünyagörüşün inkişafındakı xidmətlərini
xüsusi qeyd edir: “Artıq “Şərq qapısı”nın ətrafında
elmi məktəb də formalaşmaqdadır. Azərbaycanşünaslıq
təliminin üzvi tərkib hissəsi olan
naxçıvanşünaslığın şah əsərləri
“Şərq qapısı”ndan elmi mühitə ayaq
açır”.
“Şərq qapısı” qəzetində ayrıca elm
səhifəsinin verilməsi, Azərbaycan MEA-nın
Naxçıvan bölməsi əməkdaşlarının
mütəmadi elmi məqalələrlə
çıxış etməsi qəzetin elmi dəyərini və
sanbalını artırmaqla bərabər, ictimai-siyasi çərçivəni
aşmaqla daha böyük imkanlara malik olduğunu bir daha təsdiqləyir.
Akademik İsa Həbibbəyli qəzetin elmi məktəb
funksiyasını belə dəyərləndirir: “Son vaxtlar
“Şərq qapısı”nda elm də geniş şəkildə
təmsil olunur. Tənqid və ədəbiyyatşünaslıqla
yanaşı, tarix, arxeologiya, etnoqrafiya,
folklorşünaslıq, dilçilik, hətta təbiət
elmlərinin axtarışları və nailiyyətləri
“Şərq qapısı” qəzeti vasitəsilə elmi ictimaiyyətə
və geniş oxucu auditoriyasına çatdırılır.
“Şərq qapısı” qəzetində elmyönlü “Nəqşicahan”
və “Gəmiqaya” əlavələrinin ardıcıl olaraq “qəzet
içində qəzet” kimi nəşr edilməsi və
maraqla qarşılanması bu qəzetdə elmin geniş yer
tutduğuna şahidlik edir. Tədricən, paralel olaraq “Şərq
qapısı” elmi məktəbi də formalaşır”.
“Şərq qapısı” elmi məktəbinin
“şagirdləri” və “məzunları” qəzetdə elmin
bir çox sahələrinin inkişafı üçün,
o cümlədən ədəbiyyatın və ədəbi
mühitin tədqiqi və təbliği istiqamətində
ardıcıl araşdırmalar aparmış və elmi
mülahizələrini qəzetdə dərc etdirmişlər.
İstər XX əsrin 20-30-cu illərində, istərsə
İkinci Dünya müharibəsindən müasir
dövrümüzədək Naxçıvan ədəbi
mühitinin əsas istiqamətlərini, demək olar ki, “Şərq
qapısı” qəzeti müəyyənləşdirib. “Necə
yazmalı və nədən yazmalı” məsələsi bu
elmi fikirlərin əsasını təşkil edib.
Xalq şairi İslam Səfərli qəzetin 50 illik
yubileyi ərəfəsində “Şərq
qapısı”nın onun bir şair kimi yetişməsindəki
rolunu belə dəyərləndirir: “Şərq
qapısı” qəzetinə mən çox minnətdaram. O, mənim
ilk şeir beşiyim, ilk qaranquş yuvamdır. Mən bu qəzetin
səhifələrindən addımlayıb döyüş cəbhələrinə
getmişəm. Ürəyimin Vətən haqqında pərvazlanan
poetik pıçıltıları onunla
qidalanmışdır”.
Xalq yazıçısı Əli Vəliyev “Yüksəlişə
səsləyən qəzet” məqaləsində xatirələrini
təqdim edərkən yazır: “Yarım əsrdən
artıq bir müddətdə müntəzəm olaraq izlədiyim
“Şərq qapısı”nın ilk nömrələri
yaxşı xatirimdədir. O zaman qəzet yeni quruculuğun əleyhdarlarına
qarşı amansız mübarizə aparır, köhnəlikdən
dörd əlli yapışanları qamçılayır,
sosializmi və tərəqqini təbliğ edirdi. Mənim
redaktor olduğum 30-cu illərdə qəzetin səhifələrində
Mirzə İbrahimov, Abbas Gülməmmədov, Qurban Yusifzadə,
Əyyub Abbasov, Məmmədəli Tarverdiyev, Lətif
Hüseynzadə kimi qabaqcıl ziyalılar yeni həyatı təqdir
və tərənnüm edən, nöqsanları cəsarətlə
açıb göstərən yazılarla müntəzəm
olaraq çıxış edirdilər. Gəncliyimlə, ilk
yaradıcılıq illərimlə bağlı olan bizim qəzetin
həmişə nurlu olmasını istəyirəm”.
Akademik İsa Həbibbəyli “Şərq qapısı”
məktəbi” məqaləsində bu fikri belə təsdiqləyir:
“Muxtar respublikada bir neçə nəsil üçün
“Şərq qapısı” qəzeti ədəbi məktəb
funksiyasını yerinə yetirmişdir. “Şərq
qapısı” indi də gənc qələmlər
üçün məktəb səviyyəsində ədəbiyyat
dərsləri keçməkdə davam edir”.
“Şərq qapısı” səhifələrində
müxtəlif zamanlarda Azərbaycanın tanınmış
elm adamlarının ədəbi mühitlə bağlı
tövsiyə və fikirləri öz əksini tapıb. Bu,
daha çox Mirzə İbrahimov və Əli Vəliyev kimi nəhəng
ədəbi simaların Naxçıvanda yaşayıb fəaliyyət
göstərdiyi dövrə təsadüf etsə də,
sonrakı illərdə bu ənənənin davam etdiyi və
genişləndiyinin şahidi oluruq. Xalq
yazıçısı Mirzə İbrahimov “Şərq
qapısı”nın 60 illiyinə həsr olunmuş xüsusi
nömrədəki təbrik məktubunda yazır: “1933-cü
ildə Naxçıvanda MTS siyasi şöbəsinin “Sürət”
qəzetində redaktor olduğum vaxtdan “Şərq
qapısı” ilə doğmalaşmışam. Mənim ilk
şeirlərim, oçerk və məqalələrim onun səhifələrində
oxucularla görüşdü. İllər keçdikcə
Naxçıvanla bərabər, onun qəzeti də yüksəlmiş,
daha vüsətli olmuşdur”.
Bu və digər elm adamlarının ayrı-ayrı
yazıçı və şairlər barədəki məqalələri,
qəzet barəsindəki fikirləri də Naxçıvan ədəbi
mühiti haqqında ümumiləşmiş elmi nəticələr
çıxarmağa əsas verir.
Surə SEYİD
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025.-3 iyun(¹95).- S.12;13.