Xalq şairi Rəsul
Rzanın ev-muzeyinin açılışı olub
Mayın 31-də Bakıda Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi Rəsul
Rzanın ev-muzeyinin təntənəli açılış
mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə
əvvəlcə Rəsul Rzanın ifasında lentə
alınan arxiv materialı - “Dünyanın dərdi” şeiri səsləndirilib.
Mərasimdə çıxış edən Xalq
yazıçısı Anar Rzayev muzeyin yaradılması
ideyasının necə formalaşdığı barədə
danışıb, Rəsul Rzanın həyat və
yaradıcılığından söhbət açıb.
Mədəniyyət naziri Adil Kərimli ev-muzeylərinin
xalqın mədəni yaddaşının qorunmasında
oynadığı rolu vurğulayıb. Bildirib ki, Rəsul
Rzanın ev-muzeyinin əsası Prezident İlham Əliyevin
2022-ci il tarixli Sərəncamı ilə qoyulub, 2023-cü ildə
rəsmi olaraq təsis edilib və bu gün ictimaiyyətin
istifadəsinə verilib. Rəsul Rzanın Göyçay
şəhərindəki ev-muzeyi isə 2004-cü ildə
yaradılıb. “Bu ev-muzeyi böyük sənətkarın
irsini gələcək nəsillərə daha dolğun şəkildə
çatdıracaq. Rəsul Rzanın və həyat
yoldaşı, tanınmış şairə Nigar Rəfibəylinin
xatirələri bu münasibətlə bir daha yad edilib. Hər
bir eksponatda onların nəfəsini duymaq mümkündür.
Bizim üçün qürurvericidir ki, Xalq
yazıçısı Anarın təqdimatında Rəsul
Rzanın həyat yolunun incəliklərinə səyahət
etdik”, - deyə A.Kərimli əlavə edib.
Xalq artisti, millət vəkili Polad Bülbüloğlu
Rəsul Rza ilə bağlı xatirələrini
bölüşüb. O, illər əvvəl Rəsul
Rzanın sözlərinə bəstələdiyi
mahnını xatırladaraq, bu evin onun üçün
nostalji duyğular doğurduğunu bildirib. Polad
Bülbüloğlu söyləyib ki, Azərbaycanın
görkəmli sənətkarlarının xatirəsinin
yaşadılması dövlət siyasətinin əvəzsiz
hissəsinə çevrilib.
Xalq şairi Sabir Rüstəmxanlı ev-muzeyinin
açılmasının Azərbaycan ədəbi-mədəni
həyatında mühüm mərhələ olduğunu deyib:
“Rəsul Rzanın yaradıcılığı dünya
poeziyasında yeni nəfəs, yeni istiqamət olub və onun
irsi hələ uzun illər ədəbiyyatımıza yol
göstərəcək”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynov Rəsul Rzanın
yalnız şair kimi deyil, bütöv bir mənəviyyat məktəbi
yaradan şəxsiyyət kimi önəmini qeyd edib. O, “Pəncərəmi
açdım sabaha” şeirini xatırladaraq, evin memarlıq
quruluşunun da bu şeirlə ahəng təşkil etdiyini
diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi,
şair Səlim Babullaoğlu Xalq
yazıçısının ədəbiyyatdakı
yenilikçi təfəkkürünü, klassik mövzulara
yeni yanaşmalar gətirməsini xüsusi vurğulayaraq deyib:
“Rəsul Rzanın mədəniyyətin digər sahələrində
- kino və musiqidə də böyük xidmətləri olub.
Onun təşəbbüsü və dəstəyi ilə yeni
filmlər çəkilib, simfonik orkestr yaradılıb”.
Rəsul Rzanın ailə üzvləri sevinc və
qürur hisslərini ifadə ediblər. Anar Rzayevin həyat
yoldaşı Zemfira Səfərovanın təşəkkür
məktubu nəvəsi tərəfindən oxunub. Tədbir bədii
hissə ilə davam edib. Xalq artisti Samir Cəfərov Rəsul
Rzanın sözlərinə bəstələnmiş “Sənə
də qalmaz”, Əməkdar artist Ramil Qasımov “Qızıl
üzük” mahnılarını, Bakı şəhəri 3
nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin
yetirməsi isə şairin “Çinar” adlı şeirini səsləndirib.
Sonda qonaqlar ev-muzeyi ilə yaxından tanış olublar.
525-ci qəzet .- 2025.-3 iyun(¹95).- S.9.