Üzeyir Hacıbəylinin pedaqoji
irsi: ailədə övlad tərbiyəsinə nümunəvi
baxış
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi bəstəkar,
görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və
ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd
edilməsi haqqında 3 fevral 2025-ci il tarixli Sərəncamı
bu böyük sənətkarın həyat və fəaliyyət
yoluna bir daha geniş nəzər yetirilməsinə təkan
verdi.
Bu yazımızda
Üzeyir Hacıbəylinin pedaqoji düşüncələri,
ailə dəyərlərimiz, valideyn-övlad münasibətləri
və digər bu kimi məsələlərə
baxışı barədə söz açmağı
qarşıya məqsəd qoymuşuq. Qeyd edək ki,
yaradıcılığın digər sahələri ilə
yanaşı, pedaqoji istiqamətdə də mühüm xidmətləri
olan Ü.Hacıbəyli Azərbaycanda ilk dəfə ibtidai
sinif şagirdləri üçün riyaziyyat dərsliyi yazan
müəllim-pedaqoq kimi də uğur qazanıb.
Ailə tərbiyəsində
ata və ananın önəmli yeri vardır. Nahaq yerə ata
və ananı ailə tərbiyəsinin qoşa qanadı
adlandırmırlar. Azərbaycan ailəsində həm ata, həm
də ana uşaq üçün yaşayır.
Atalarımız “Dörd göz bir uşaq
üçündür”, “Ata-ana tərbiyə etməyəni həyat
tərbiyə edər” - deyiblər. Üzeyir Hacıbəyli də
qeyd edir ki, ailədə tərbiyə prosesinin
başlanğıcı və sonu yoxdur. Uşaq ailənin hər
bir üzvünün vəzifələri barədə ilk təsəvvürü
ailədə alır. Gələcək ailə sahibinin tərbiyəsi
bir çox amillərlə şərtlənir. Onların arasında
ata-anaların həyat tərzi və davranışı
mühüm əhəmiyyət daşıyır.
Ü.Hacıbəyliyə görə, övlad bəşəriyyətin,
dövranın nəzim-nizamıdır. Heç bir sərvət,
heç bir var-dövlət, heç bir cahü-cəlal,
heç bir izzət və fəzilət övladı əvəz
edə bilməz, ona görə ki, övlad can cövhəridir.
Övladın doğulması yalnız nəslin artımı
deyildir. Valideynlərin ən ümdə vəzifəsi,
Üzeyir bəyin nəzərində, tərbiyə etdiyi
övladın ağıllı, qabiliyyətli olmasına
çalışmasıdır. Övladın tərbiyəsinə
böyük tələbkarlıqla yanaşan Ü.Hacıbəyli
valideynlərə müraciətlə deyirdi: “Allah-Təala
birisinə bir övlad kəramət etdikdə, onun qəlbində
övladına qarşı bir hissi-məhəbbət qoyur ki,
o məhəbbət onun üçün balanı baldan
şirin edir. Lakin balaya yalnız bir quru məhəbbət
göstərmək azdır, çünki əgər iş
yalnız məhəbbətə qalsa, onda bala öz valideynindən
heç bir mənfəət görməz. Halbuki valideyn isə
haman hissi-məhəbbətdən ruhani bir ləzzət
almağa başlar. Balanın canını sevən ata-ana onun
qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz
bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda
məişətinin tikanlı yolundan qorxmasın,
mübarizeyi-həyatiyyə meydanında qorxudan bağrı
yarılmasın”.
Alovlu publisistikası
ilə mətbuat salnaməsində yeni səhifələr
yazan Ü.Hacıbəyli deyir ki, hər bir valideyn
övladının insan olması üçün ona
düzgün tərbiyə verməlidir. Ailədə ata və
ananın qarşılıqlı səmimi münasibətləri,
xeyirxahlığı övlad tərbiyəsinin əsasıdır.
Uşaq mənəviyyatın, əxlaqın ilk dərslərini
ailədə alır. Bu mənada müəyyən bir səhvlik
və ya səhlənkarlıq uşağın mənəviyyatına
müəyyən mənada mənfi təsir göstərər.
Ü.Hacıbəyli yazırdı: “Uşaq dəxi qabili-tərbiyə
bir şey olduğuna görə, onu nə tövr tərbiyə
etsən, o cürə adam çıxar. Tərbiyə
işində cüzi bir səhlənkarlıq
uşağın gələcəyini pozub evini yıxar”.
Azərbaycançılıq
məfkurəsi ilə yoğrulmuş görkəmli
pedaqoq-müəllim Ü.Hacıbəyli uşaqları
xalqın ümidi, canı, ürəyi adlandırır və
onların oxumasını, ədəbə, pak əxlaqa sahib
olmalarını zəruri sayırdı. Bu kimi qeydə
qalmağın ən başlıca məqsədini isə
valideynlərin özlərinin elmli, təhsilli olmasında
görürdü. Üzeyir bəy valideynlərdən
uşaqlarda elmə maraq oyatmağı tələb edərək
yazırdı: “Hər kəs ki, (millət kənarda dursun)
öz övladını sevir, onun gələcəyinin dərdinə
qalır, öz nəslinin bəqasını istəyir,
övladının bədbəxt olmağına səbəb
olmaq istəmir, o kəs övladını məktəbə
verib, oxutdurmalıdır. Əks surətdə,
övladının başına hər nə fəlakət gələcəksə,
hamısının səbəbi özü olub, qəbirdə
də rahat yata bilməyəcəkdir”.
Ü.Hacıbəylinin
fikrincə, hər bir ailə uşağın zehninin zənginləşməsinə,
onun elm və bilik almasına maraq oyatmalı, xalqına fayda
verə biləcək biliklərə yönləndirməlidir.
Belə olduqda valideynlər və uşaqlar arasında
düşüncəli, qarşılıqlı münasibət,
bir-birinə inam, etibar və xeyirxahlıq hökm
sürür: “Valideynin öz övladına qarşı qəlbində
bəslədiyi məhəbbət təbiidir ki, ata ananı
övladın birinci xeyirxahı cümləsinə daxil edir.
Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək
və şəri dəf etmək bir o qədər çətindir.
Övladı xeyir yolda tərbiyə etmək üçün
tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin
yolunu ancaq elm sayəsində bilmək mümkündür”.
Şəxsi nümunənin,
valideynlərin övladlara onlarda görmək istədikləri xüsusiyyətləri
aşılamağa çalışmasının tərbiyədə
həlledici rolunu nəzərdən qaçırmayan
Ü.Hacıbəyli yazır: “Kimi elmilə, kimi ağıl və
təcrübə ilə bir kərə anlayıbdır ki,
indiyə qədər sürdüyümüz həyat deyildir,
bəlkə həyat içində bir məmatdır.
Doğrudan da, minlərcə atalar əvvəllərdə gələcəyi
heç də nəzəri-etibara almayıb, günlərini qəflətdə
keçirdikləri bir zamanda birdən-birə öz qəflətlərini
anlayıb evladlarına tərbiyə verirlər ki, onlar gələcək
həyati-bəşəriyyəyə hazır olsunlar. Özləri
kimi bir çox lazımlı şeylərdən məhrum
olmasınlar”.
Bu kimi məsələlərlə
bağlı fikirlərini izah etdiyi “Xəbərdarlıq”
adlı məqaləsi də Ü.Hacıbəylinin
baxış bucağını anlamaq üçün qiymətli
nümunədir: “Uşaq məktəbə girməzdən
qabaq öz valideyninin təhsil-tərbiyəsinə qalır.
Valideynin öz övladına qarşı qəlbində bəslədiyi
məhəbbət təbiidir ki, ata-ananı
övladının birinci xeyirxah cümləsinə daxil edir.
Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək
və şəri dəf etmək bir o qədər çətindir.
Övladı xeyir yolda tərbiyə etmək üçün
tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin
yolunu ancaq, elm sayəsində bilmək mümkündür. Yəni
bütün ömürlərini uşaq tərbiyəsinə
sərf etmiş olan pedaqoqların tərbiyə
haqqındakı mülahizə və təkliflərindən
layiqincə xəbərdar olmalıdır. Bizim
başımıza gələn fəlakətlərin
hamısına bais əksəriyyətimizin elmsizliyi və tərbiyəsizliyidir.
İş burasındadır ki, məktəbə qoyulan
uşaqlarımızın əksəri tərbiyə görmədiyinə
görə onları təhsil-təlim və tərbiyə verən
müəllim əfəndinin işi müstəqil, daha
ağır olur”.
Ü.Hacıbəyli
publisistik yazılarında dəfələrlə qeyd edir ki,
valideynlər uşaqlarının bilikli, zəhmətsevər
və həyata hazırlıqlı vətəndaşlar kimi
yetişdirilməsinə məsuliyyət daşıyırlar.
Ona görə övlada yalnız bir quru məhəbbət
göstərmək azdır, çünki əgər iş
yalnız məhəbbətə qalsa, onda uşaq öz
valideynindən heç bir şey götürə bilməz.
Uşağı yalnız sevgi ilə tərbiyə etməyin
qeyri-mümkünlüyünü diqqətə
çatdıran Ü.Hacıbəyli Belinskinin “Dünyada
valideyn çoxdur, amma ata və analar azdır” fikrini yada
salaraq yazır: “Siz deyə bilərsiniz ki, çox gözəl!
Bəs valideyn ilə ata-ananın nə fərqi var? Necə yəni?
Yay zamanı milçəklərə diqqət yetirin:
Görün nə qədər valideyn var. Bəs atalar, analar
hanı? Övlad doğmaq haqqı-müqəddəs bir
haqdır və ata-ana adı müqəddəsdir. Ancaq məsələ
təkcə bununla bitmir. Daha yüksək bir haqq da var:
valideynlərin məhəbbəti! Siz deyə bilərsiniz ki,
hansı ata və ya ana öz övladını sevməz? Bu
belədir, ancaq icazə verin sizdən soruşaq - siz məhəbbət
nəyə deyirsiniz? Məhəbbəti siz necə başa
düşürsünüz? Axı, qoyun da öz quzusunu sevir,
onu öz südü ilə bəsləyir, dili ilə
yalayır. Ancaq elə ki, quzu südü otla əvəz edib
çöldə otlamağa başladı, onların
ana-övladlıq münasibəti qurtarır. Ata-ana ilə
uşaqlar arasında qarşılıqlı münasibətin
əsasını şüurlu, düşüncəli məhəbbət
təşkil etməlidir”.
Ü.Hacıbəyli
vurğulayır ki, valideyn uşağın daha çox gələcəyi
qeydinə qalmalıdır. Hər bir valideyn uşaq
üçün elə şərait yaratmalıdır ki,
uşaqda bütün müsbət keyfiyyətlərin
yaranıb təşəkkül tapması üçün
onda geniş imkanlar açılsın. Uşağın
istedad və qabiliyyətinin inkişafı üçün o,
həmişə məsuliyyət daşımalıdır.
Əks təqdirdə, onun istedad və qabiliyyəti də məhv
ola bilər ki, bundan da heç kəs, o cümlədən
millətimiz və ya dövlətimiz fayda götürə
bilməz. Bu mənada Ü.Hacıbəyli yazırdı:
“Aşkardır ki, millətimizin gələcəyini təmin
edən bizim övlad və əhfadımız olacaqdır. Ona
bina indidən lazımdır ki, onların tərbiyələri
o növlə icra olunsun ki, axırda məktəbdən
çıxıb millətə xidmət etməyi özlərinə
borc bilsinlər”.
Qeyd etdiyimiz kimi,
Ü.Hacıbəyliyə görə, ailədə
uşağın tərbiyəsində valideynin şəxsi
nümunəsi güclü təsirə malikdir. O, valideyn
nüfuzunun, davranışının uşağın tərbiyəsində
əhəmiyyətini dönə-dönə qeyd edərək
yazırdı ki, əgər ata və ana bir-birinə
qarşılıqlı hörmət və məhəbbətlə
yanaşmazsa, onda ailədə uşağın düzgün tərbiyə
almasından söhbət gedə bilməz. Xalqın dilində
gözəl bir deyim var: “Uşaq evin güzgüsüdür”.
Bu mənada böyük ustad öz fikrini kiçik bir
miniatürdə çox gözəl ifadə edib:
“Bir müsəlman
uşağından soruşdular ki, bu qədər
söyüşü kimdən öyrəndin?
Dedi:
- Hamısını dədəmdən.
Dedilər:
- Nə tövr?
Dedi:
- O mənə
söydükcə, mən də əzbərlədim”.
Göründüyü
kimi, Ü.Hacıbəyli valideyn-övlad tərbiyəsinə
əsərlərində ona görə çox böyük əhəmiyyət
verirdi ki, yaşadığı dövrdə
övladlarının sağlam ruhda tərbiyəsi qeydinə
qalmayan məsuliyyətsiz valideynlər, yaramaz hərəkətləri
ilə uşaqlarına mənfi nümunə göstərən
cahil ata və analar da yox deyildi. Bildiyimiz kimi, uşaqların
da psixoloji xüsusiyyətləri elədir ki, onlar nümunələri
nəsihətlərdən daha tez və asan qəbul edirlər.
Çünki canlı nümunə sözlə ifadə edilən
uzun-uzadı nəsihətlərdən daha konkret və daha təsirlidir.
Bütün bunları hər bir valideyn rütbəsindən
asılı olmayaraq nəzərə almalı və öz hərəkətlərini
daim nəzarət altında saxlamalıdır.
Ü.Hacıbəyli
tamamilə haqlı olaraq qeyd edirdi ki, hər bir ata və ya ana
öz uşağına nə kimi sifətlər tərbiyə
etmək istədiyini anlamalı və onda bu sahədə ciddi
məsuliyyət hissi olmalıdır, çünki:
“Uşağı bütə döndərmək olmaz,
böyüdükdən sonra o, qurbanlar tələb edər”.
Kamal CAMALOV
Pedaqogika elmləri
doktoru,
Əməkdar müəllim
525-ci qəzet .-
2025.-4 iyun(¹96).- S.15.