Qardaş qazax ədəbiyyatının
dəyərli nümunəsi
Klassik uşaq yazıçısı və pedaqoq,
“Ölənlər geri dönməzlər”,
“Uşaqlığa yolçuluq”, “Boz təpədə bir
qız var” kimi əsərlərin müəllifi, qazax ədəbiyyatının
görkəmli nümayəndəsi Berdibek Sokpakbayevin
(1924-1992) ötən il 100 illik yubileyi UNESCO-da, TÜRKSOY-da,
ayrı-ayrı ölkələrin müəssisə və
qurumlarında müxtəlif səviyyələrdə qeyd
edildi. Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi
ilə yazıçının dünyanın 70-dən
çox dilinə tərcümə olunan “Mənim adım
Kojadır” povesti Azərbaycan dilinə də çevrildi və
Fondun “Türk ədəbiyyatının inciləri”
seriyasında çap olundu. Türk uşaq ədəbiyyatının
gözəl nümunəsi hesab olunmağa layiq bu əsər
həm maraqlı təhkiyəsi, həm məzmun və
ideyası, həm maraqlı süjet xəttinə görə
böyük dəyərə malikdir. Elə bədii əsərlər
var ki, xalqın tarixini tarix kitablarından,
coğrafiyasını coğrafiya dərsliklərindən,
ernoqrafiyasını, adət-ənənələrini bu sahədəki
tədqiqatlardan yaxşı öyrədir. “Mənim adım
Kojadır” povesti də belə əsərlərdəndir.
Əsər vasitəsilə qazaxların həyat tərzi,
adət-ənənəsi haqqında oxucuda müəyyən təəssürat
yaranmış olur. Əsərin qəhrəmanı Kojanın
prototipi müəllif özüdür, povestdə baş verən
hadisələr onun dilindən verilir. Daha dəqiq desək, əsərin
içində Koja əsər yazır, öz həyatını,
yaşadığı kəndin həyatını və
müşahidələrini qələmə alır,
rastlaşdığı hər bir situasiya haqqında onun
öz fikri və mülahizəsi, orijinal münasibəti var.
Kojanın arzusu gələcəkdə
yazıçı olmaqdır və oxuduğumuz povest onun ilk
irihəcmli əsəridir. “Mənim adım Kojadır” 1957-ci
ildə yazılıb, elə əsərdəki hadisələr
də həmin illərdə, müəllifin də, bizim də
Vətənimizin Sovet İmperiyasının tərkibində
olduğu vaxtlarda cərəyan edir. Koja çox səmimidir,
oxucu üçün özünün portetini, zahiri görkəmini
təsvir edir: qaraşın, yerində olmayan,
qulağının dibində olmaqla onun
yaraşığına bir az da xələl gətirən iri
xalı, tikana bənzər saçlarını bərbər
Aubəkir qırxmasa, yüz qırx, qırxsa, yüz otuz
santimetr boyu var, bir sözlə, dediyinə görə, o,
heç də yaraşıqlı deyil. Koja özünün
görkəmindən razı olmadığı kimi, adından
da razı deyil. O, adından narazılığını
azadlığının əlindən alınması kimi qiymətləndirir.
Koja düşünür ki, insanlara olan haqsızlıqlardan
biri də onun körpəliyindən, çarəsizliyindən,
beşikdə səssiz uzanmağından istifadə edib, rəyini
nəzərə almadan, fikrini soruşmadan ad verməkləridir.
Bəlkə də, qonaqlardan birinin süfrə başında
təsadüfən təklif etdiyi adı insan həyatı
boyu daşımalı olur. Koja çinlilərin öz
uşaqlarına ad qoyması haqqında oxuduğu məqaləni
xatırlayır və onların bu əməllərini təqdir
edir: “Çində beş və ya altı yaşınadək
uşaqlara ad qoymurlar. Ailədə uşağı hərə
bir cür çağırır: “ortancıl”, “kiçik”,
“sevimli”, “şirin” və s. Uşaq beş yaşına
çatdıqdan sonra və ya altı yaşında istədiyi
adı özü seçir. Əsl ədalət belə olur!
Elə deyilmi?”
Əslində Kojanın soyad sonluğunu da dəyişməsi
ədalətsizlikdən xəbər verir. Əvvəllər
Kadırulı olan kiçik qəhrəman başqalarından
fərqlənməmək üçün milli soyad
sonluğunu - “ulı”nı “ov”la əvəzləyib və
Kadırov olub. “Manqurt”laşmağın bir elementi - hamı
kimi olmaq, heç kimdən fərqlənməməyin təbliğini
Çingiz Aytmatovun qazax həmkarı Berdibek Sokpakbayev bu
cür ifadə edib.
Əsərdə adıçəkilən qəzet və
jurnal adlarının (“Lenin”, “Pioner”), hətta kolxoz
adlarının bizim sovet dövründəki mətbu
orqanlarımızla, kolxoz adlarımızla eyniyyət təşkil
etməsi də eyni çatı altında
yaşamağımızdan, eyni yerdən, eyni mərkəzdən
eyni ideologiya ilə idarə olunub yönləndirilməyimizin
göstəriciləridir.
Qazax yazıçısının İkinci Cahan
savaşı haqqındakı təəssüratları bizə
göstərir ki, müharibə dünyanın hər yerində
müharibədir. Acısı, ağrısı,
yaşatdıqları, insanların həyatında qoyduğu
qanlı ləpirləri ilə. Dünyanın hər yerində
uşaqlar da, qadınlar da müharibəni eyni ağrı ilə
yaşayır. Atası müharibədən qayıtmayan
uşağın taleyində atasızlıq ömür boyu dərin
yarğan və boşluq kimi qalır. Kojanın da atası
müharibədən qayıtmayıb. O, nənəsi və
anası ilə birlikdə yaşayır və atasız
yaşamağın həyatında yaratdığı
boşluq haqqında yazır: “Düzü, atamın necə
insan olduğunu heç bilmirəm. O, cəbhəyə gedəndə
mənim cəmi iki yaşım var idi. İki yaşlı
uşaq nəyi başa düşə, nəyi xatırlaya bilər
axı? Həmin vaxtdan bəri atamı bir daha heç kim
görməyib. O, müharibədən qayıtmadı...
Yazıq atam! Kim bilir, indi sağ olsaydın, bəlkə, mən
də bir az fərqli olardım”. Kojanın bu daxili monoloqundan
sonra bir daha əmin olursan ki, müharibə görən
uşaqlar heç vaxt xoşbəxt olmurlar, xoşbəxt
olsalar belə. Müharibə sənin ölkənin qalibiyyəti
ilə bitsə belə. Silah səsini eşidən uşaq,
taleyindən güllə keçən uşaq o güllənin
yarası ilə bir ömür yol yoldaşı olur.
Müharibə uşaqlarla birlikdə qadınların da həyatında
qara səhifələr açır. Övladını itirən
analar, qardaşını itirən bacılar, həyat
yoldaşlarını itirən xanımlar. Kojanın anası
da bu qadınlardandır. Tək qalmaq, ailənin,
övladın bütün məsuliyyətini zərif
çiyinlərində tək daşımağı onun
alnına müharibə yazıb. Üstəgəl, kolxozun
qayğıları, o, ilin yarısını ailədən
uzaqda keçirməli olur.
Koja dəcəldir, nadincdir, müəllimləri daim
ondan şikayətçidir, amma yaramaz deyil. Onun yaylaqdan
qayıdanda maşının kabinəsində xəyal
qanadlarını taxıb vətəni haqqında, onun dəyərləri
haqqında etdiyi sevgi etirafı olduqca maraqlıdır: “Ah, vətən,
qazax torpağı! Sənin geniş çöllərini
diyardan-diyara yalnız xəyalən dolaşmaq olar! Mən bu əzəmətli
dağları, zümrüd çölləri, şəffaf
çayları və mavi göy üzündə sakitcə
üzən qu tükü kimi yumşaq, ağ buludları - məni
əhatə edən hər şeyi, hər şeyi necə də
sevirəm! İlahi, bu doğma vətən mənə niyə
bu qədər əzizdir?!Mən təbiəti çox sevirəm.
Poeziyanı sevirəm. Abayın şeirlərini təkrar-təkrar
oxumaqdan doymuram. Kurmanqızı, Dauletkereyi dinləyəndə
dünyadakı hər şeyi unuduram. Maxambetin
poeziyasını vərəqləyəndə onun hər
sözündə minlərlə at nalının
taqqıltısını, qılınc və nizələrin
cingiltisini eşidirəm. Sənin qarşında baş əyirəm,
doğma yurdum! Bu böyük insanlar da burada doğulub
yaşayıblar...”
Belə düşüncəyə malik uşaq yaramaz
ola bilməzdi. O, milli kimiyini tanıyır, onu uca tuta bilən
dəyərlərə hörməti böyükdür.
Yazıçı, Kojanın bu daxili monoloqu ilə həm də
vətəninin dəyərlərini, gözəlliklərini
ifadə edib.
Ümumiyyətlə, Berdibek Sokpakbayevin əsərdə
xüsusilə sətiraltı olaraq oxucuya çatdırmaq istədiyi
mesajlar çoxdur. Məsələn, Koja dəhlizdən
keçərkən qapısı açıq olan sinif
otağından tarix müəllimi Ospanovun təsadüfən
səsini eşidir. Dərsi izah edən müəllim: “Bərabərlik
əldə etmək və milli ləyaqətini qorumaq istəyən
xırda xalqlar hər şeydən əvvəl birləşməlidirlər.
Əks halda, hiyləgər imperialistlər onlara
ağızlarını açmağa imkan verməyəcək”.
Vətəni imperiya tərkibində əziyyət
çəkən yazıçı, görünür, həm
də SSRİ tərkibindəki türk xalqlarının birləşməsi
ideyasına işarə vururdu. Bu gün Berdibek Sokpakbayev kimi
neçə-neçə türk aydın və
ziyalılarının arzusu gerçək olub. Böyük
türk dünyasının uşaqları öz milli kimliklərini
tanıyaraq, öz soyadlarını dəyişmək məcburiyyəti
olmadan, “türkəm” deməkdən çəkinməyərək
yaşaya bilirlər.
Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.14.