ƏN QOCAMAN VƏ
ƏN PÖHRƏ ÇİNARLARIN YAŞIDI
Hamımız torpağınıq. İnsan oğlu
torpaqdan yaranır, torpağın üstündə
yaşayır, torpağın üzərində qurur,
yaradır və son olaraq yenə torpağa qovuşur.
Torpağı torpaq eləyən insandır. Dünyanın hər
yerindəki torpaq torpaqdır. Ancaq dünyanın o
başındakı torpaqla üzərində
yaşadığın, sənə doğma vətən olan
torpağı fərqləndirən odur ki, orada sənin tarixin
var. Orada səni bu yurda bağlayan min bir tel var.
Və təbii, hər insan doğulduğu yer, yurd
haqqında, övladı olduğu torpaq haqqında ömrü
boyu mütləq düşünür. Rəsul Rza da, əlbəttə
ki, həmin düşüncələrə dəfələrlə
dalmışdı, Nigar Rəfibəyli də dönə-dönə
bu haqda fikirləşmişdi. Əlində qələm olan,
düşüncəli, duyğulu insan bu fikirlərsiz
yaşaya da bilməz.
Və günlərin birində Rəsul Rza o qəbil
düşüncələrin cövhəri sayıla biləcək
bir şeir də yazdı - “Mən torpağam”. O şeirdə
torpağı torpaq edən bütün dəyərlərin də
izi var, Rəsul Rzanın öz bioqrafiyası, dünyaduyumu, həyata
baxışları da əks olunub. O şeir bu misralarla
başlanırdı ki, “mən torpağam, məni atəş
yandırmaz”. Niyə torpağı atəş yandırmaz? Su
alışan alovları söndürəndir, ancaq suyun
özünün də od tutub yana biləcəyini el
bayatısı çoxdan təsdiqləyib (Dərdimi suya
dedim, Alışdı, su da yandı). Təkcə torpaq
yanmır və torpağın niyə yana bilməməsinin də
cavabını Rəsul Rza anladırdı. Həm birbaşa
cavabdır, amma həm də o bilavasitə cavabın fəlsəfəsi,
dərin hikməti də var.
Mən torpağam, məni atəş yandırmaz.
Tərkibimdə kömürüm var, külüm var.
Tərkibində kömürü və külü
varsa, demək, o torpaq dönə-dönə yanıb
kömürləşib, kösövləşib, nəhayətdə
külə çevrilib. Odur ki, onun daha yanmaqdan qorxusu yoxdur.
Rəsul Rza özü həyatı boyu belə oldu.
Yanmaqdan, alovların onu qarsmasından çəkinmədi,
daim qorxmadan odlara doğru getdi.
Dönə-dönə müxtəlif sınaqlardan
keçəndən, vaxtın min bir məngənəsini
arxada qoyandan sonra onun artıq yanmaqdan, hansısa büdrəmələrdən,
hansısa maneələrin ağırlığından nə
hürküsü olasıydı ki?!
Həyatın müəllimlərin ən
güclüsü olan məktəbi onu mübarizələrə
alışdırmışdı.
Torpağın köksündən bulaqlar qaynayıb
çıxır, torpağın başı üzərindən
küləklər əsib keçir. Rəsul Rza həmin
şeirində özünü bulağa da bənzədirdi,
torpağın, yurdun başı üzərində əsən
küləklərə də.
Mən küləyəm, əsməsəm,
Kim bilər ki, mən varam?!
Bir var yüngülcə yel əsib keçsin, bir də
var dəlisov küləklər cövlan etsin. Rəsul
Rzanın payına düşən vaxt kəsiyi elə idi ki,
qasırğalar aram tapmırdı.
Fırtınalar əyyamında küləksənsə,
gərək elə əsəydin ki, qasırğalar səni
udmayaydı, çovğunlara sinə gərməyi
bacarmalıydın ki, girdablar səni udmasın. Lakin hərəkətsiz
və biganə də qalmaq olmazdı. Ona görə də Rəsul
Rza deyirdi ki, mən küləyəm, əsməsəm, kim
bilər ki, mən varam. Varlığını sübut etməli
idi və Rəsul Rza da ilk gəncliyindən başlayaraq
ömrünün sonunacan “mən varam” həqiqətini
sübut etməyə çalışdı - şəxsiyyəti,
mübarizələri, qələmi, düşüncələri
ilə.
Özünü çeşməyə
oxşadırdı, “Mən bulağam, tapşırıqla
axmıram” deyirdi. Nəfəsi gedib-gələn son günlərinəcən
ötkəm oldu, daxili sərbəstliyini, ruhunun
azadlığını əldən vermədi. Rəsul Rza elə
bir siyasi mühitin içərisində yaşayırdı
ki, insan sağa-sola baxanda da, bir söz deyəndə də, hətta
gündəlik həyatını yaşayanda da mütləq nələrisə
nəzərə almalıydı. Cəsarətin, müəyyən
həddən çıxmaların özünün belə irəlicədən
şərtləşdirilmiş,
qanunlaşdırılmış, müəyyənləşdirilmiş,
razılaşdırılmış çərçivələr
hüdudunda olduğu zamanlarda Rəsul Rza heç vaxt qəliblərə,
çərçivələrə sığmadı. Ona
görə bulaqsayağı azad olduğunu, heç kəsin
buyruğuyla hərəkət etmədiyini bəyan edəndə
səmimi və bir kəsin yanında gözükölgəli
olmamasından məmnun idi.
Düyməsi yuxarıdan basılanlardan olmadı -
heç vaxt tapşırıqla söz demədi, ürəyindən
keçəni, düşüncəsindən gələni
söylədi. Ona görə də dövrlər, siyasi
mühitlər dəyişsə də, yüksək
insançı məna daşıyan o deyişlərin
heç biri kəsərini itirmir.
Torpağı torpaq edən onun üstündəki
insan, insanı insan edən köksündə
çırpınan ürəkdir. Ona görə də Rəsul
Rza özünü elə bir bütöv könül sayaraq
“mən ürəyəm, döyünməsəm ölərəm”
deyirdi.
Hər insan kimi, Rəsul Rza da həyatını
yaşadı, getdi. Ancaq onun duyğun ürəyi
döyünməkdə davam edir. Çünki ürəyinin
döyüntülərini şeirlərinə
köçürmüş, misralarıyla
sinxronlaşdırmışdı.
O səbəbdən də hər şeiri diri
qaldıqca, hər misrası səsləndikcə Rəsul
Rzanın nəbzi də çarpacaq, ürəyi də
döyünməkdə davam edəcək.
...Hər şair, hər yazıçı dilə, sözə
borcludur. Dil olmasa, sözlər yoxsa, nə şair var, nə
yazıçı. Söz - şairin,
yazıçının özünü ifadə etməsinin
vasitəsi, körpüsüdür. Ancaq söz də, dil də
qarşılıqlı olaraq güclü şairlərə,
qabil ədiblərə borcludur. Çünki dilin içərisindəki
fəzanı genişləndirən, sözün daxilindəki
məna qatları və çalarlarını daha başqa
şəkildə nümayiş etdirməyi bacaran məhz ədiblər,
onların mahir qələmləridir.
Və Rəsul Rza da yolunun başlanğıcından
sözə həmdəm kimi baxdı və məsuliyyətli
münasibət bəslədi. Həmişə sözün
üstündə əsdi, dilin təəssübünü və
qayğısını çəkdi. Sözü incidənləri
də heç vaxt bəyənmədi. Sözün xətrinə
dəyilməsi anlayışı altında Rəsul Rza
heç vaxt yalnız hansısa sözü yerində işlətməməyi
düşünmədi, sözə qarşı saxtakarlıq
etməyi də dilə münasibətdə bir başqa dönüklük
saydı.
Ana dilini qorumağı Rəsul Rza ta
cavanlığından etibarən elə vətənin sərhədlərini
mühafizə etmək kimi qavradı və Rəsul Rzanın
da ömür möhləti elə gətirmişdi ki, o,
dilimizin olmazın çətin sınaqlardan keçməli
olduğu sovet onillərində yaşadı, 3 əlifba dəyişiminə
şahid oldu.
Rəsul Rzadan qalan bütün əlyazmalarını
birər-birər araşdırmışam. Mühüm qismi ərəb
əlifbasındadır. İlk gəncliyində öyrəndiyi
ərəb əlifbasından ömrünün sonunacan əl
çəkmədi, artıq kirilə tam keçmişdisə
də, köhnə yaddaşla hərdən latınla, bəzən
də əski əlifba ilə yazmaqda yenə davam edirdi. Bir
yaş nəslinin ömründə üç əlifba əvəzlənməsinin
olması ağrı, bir millətin taleyində bir neçə
əlifba dəyişiminin varlığı böyük dərd,
lap əsl adı ilə ifadə edilirsə, faciədir.
Və bu əlifba dəyişmələrinin hər
biri də müəyyən siyasi əks-sədalarıyla Rəsul
Rza ömrünə təsirini göstərmişdi.
1950-ci illərin sonlarında, 1960-cı illərdə
Kremldən gələn dalğaların təsiri ilə ana
dilimizin sıxışdırılması, kürsülərdən
kənarlaşdırılması, rəsmi yazışmaların,
yığıncaqların, böyük toplantıların əksərinin
rus dilində aparılması, təbii ki, ana dilinin keşiyində
dayanan Rəsul Rzanı daxilən əzməyə, incitməyə
bilməzdi. Ancaq o, görüb-duyduqlarına gendən biganə
baxanlardan deyildi. Millətinə, dilinə qarşı bu
münasibət vardısa, mütləq onun etirazçı səsi
gəlməliydi və gəlirdi də.
Bu səs ən başda onun sətiraltı, hərdənsə
elə açıqca hissediləcək dərəcədə
qabarıq sətirüstü ifadələriylə dikbaş
şeirlərindən dikəlirdi. Rəsul Rzanın 1967-ci ildə
qələmə aldığı “İtiyazan qızlar”
şeiri o çağların bəhrələrindəndir.
Əvvələn, şair elə sərlövhədəncə
dilimizə daha bir təzə söz gətirib, “stenoqrafist” kəlməsini
azərbaycancaya “itiyazan!” kimi oturdub.
Sovet dövründəki dövlət və partiya əhəmiyyətli
yığıncaqlar və müşavirələr əvvəldən-axıracan
sözbəsöz yazıya alınardı.
Rəsul Rzanın şeiri elə hər kəsin təqribən
hər gün gördüyü və belə də
olmalıymış kimi qəbul etdiyi həmin gedişat
haqqında idi.
Qan-tər içində nitqləri durmadan
kağıza köçürənlər rus dilindəki mətnləri
yazanlardır - çıxışçılar
hamısı rusca danışır. Azərbaycan dilindəki
nitqləri yazmalı olan qızlar əsnək döyür -
azərbaycanca danışanlar yoxdur.
İş ondadır ki, o çağlar elə vərdiş
yaradılmışdı ki, nəinki rusca təhsil
almış, bu dili yaxşı bilən azərbaycanlılar,
hətta rus dilini qart-qurt, ləhcəylə, təhrif edə-edə
danışanlar da toplantılarda rusca danışmağa
üstünlük verirdilər, az qala rusca bilməmək,
rusca danışmamaq əskiklik kimi qəbul edilirdi.
Rəsul Rza bu şeiri yazmışdı və sovet
senzurası iti qayçısıyla ortada idi və bircə
misra da onun sayıq gözündən yayınaraq çap edilə
bilməzdi. Nəşr, dərc ediləsi istənilən
yazıda siyasi nöqteyi-nəzərdən bir “əmma”
görsəydilər, onun qəzetə, mətbuata
çıxmasına qətiyyən yol verməzdilər. Rəsul
Rza isə ustaydı, elə yazmağı bacarırdı ki, həm
həqiqəti desin, həm də senzorun qırmızı qələmi
onun yazdıqlarını seçdirərək budaya bilməsin.
Natiqlər qalxdı kürsüyə,
Natiqlər düşdü kürsüdən.
Kimi yeni maşınlardan danışdı,
kimi məhsuldan,
kimi balıq kürüsündən.
Qızlardan ikisi yazdı
Alnında damcı-damcı tər.
Biri oturdu bekar,
qarşısında yonulmamış qələm,
yazılmamış vərəqlər.
1950-ci illərin sonlarında, 1960-cı illərdə
Azərbaycan cavanlarının bir neçə gizli antisovet təşkilatı
olmuşdu ki, əsas hədəflərindən biri elə ana
dilinin qorunmasından ibarətdi. Rəsul Rzanın və eyni
ruhun daşıyıcısı olan oçağkı digər
söz ustalarımızın belə cəsarətli şeirləri
həmin gəncləri ruhlandırır, cəsarətləndirir,
həyatlarını, gələcəklərini risklər
altında qoyaraq qoşulduqları mübarizə yolunun gərəkliyinə
onlardakı inamı qüvvətləndirir, böyük
ölçüdə onlara hayan olurdu.
O dövrdə Sovet İttifaqı
respublikalarının bir neçəsində də milli dillərə
aşağılayıcı münasibətə qarşı
etirazı ifadə edən gizli təşkilatlar
yaranmışdı. Həmin təşkilatlarda birləşən
vətənpərvər gənclərin aqibəti sərgüzəştli
oldu. Bəzilərini həbs etdilər, bəzilərini guya
psixoloji, ruhi çatışmazlıqları var deyə dəlixanalara
yerləşdirdilər, bəzilərinəsə necə təpindilərsə,
sonra ömürlərinin axırınadək özlərinə
qapılaraq yaşamağa vadar qaldılar. Ancaq o mübariz ruh
sınmadı, insan-insan ötürüldü və milli dillər
ayrı-ayrı respublikalarda, o sıradan Azərbaycanda möhkəm
ayaq üstündə dura bildisə, burada Rəsul Rza kimi və
həmin təpərli vətənpərvərlərin
unudulmamalı müstəsna xidmətləri var.
Rəsul Rza Azərbaycan dilində
yazıb-yaradırdı. Azərbaycan dili ona babaların
yadigarı idi. O sözlər ki ona keçmişlərdən
gəlib çatmışdı, onun da qələmində və
dilində vardı. Amma həmin sözlərə Rəsul Rza
yeni mənalar yükləyə, onları içəridən
böyüdə bilirdi. Ancaq bununla da ürəyi soyumurdu. Rəsul
Rzanı tanıyanlar, onun yaradıcılığına bələd
olanlar yaxşı bilirdilər ki, Rəsul Rza Azərbaycan
dilinin söz imkanlarını genişləndirmək yolunda həm
özü çalışır, həm də bunu təşviq
edirdi. Ondan Azərbaycana bir qatar yeni söz yadigar qaldı.
İşlənməkdə davam etsələr də,
ağır səslənişləri ilə dilimizə yük
olan xeyli ərəb-fars kəlməsini saf Azərbaycan
sözləri ilə, türk əsilli kəlmələrlə
əvəz etdi. Hərdən el dilində qalan, amma ədəbi
dövriyyədə olmayan sözləri dirçəldərək
müasir şeirimizə və nitqimizə gətirdi, bəzən
bəlli sözlərimizi qovuşduraraq onlardan yeni kəlmələr
yaratdı və bunların da bir çoxu yazıda, nitqdə
işlənməyə başladı. Zaman keçəndən
sonra çoxlarının heç xəbəri olmadı ki,
bunları yaradan Rəsul Rzadır. Məgər haçansa bir
el bayatısını qoşan, bir xalq nəğməsini
yaradan, bir ata sözünü vücuda gətirən insan
düşünərdimi ki, haçansa onun da adı bu
yaratdığının yanında səslənəcək?
Bunu ona görə edirdilər ki, ürəklərinin istəyi
belə idi, millətə xidmətin min yolundan biri kimi sözə
xidməti də vacib sayırdılar.
Rəsul Rzada dillərə münasibətdə həssaslıq
həmişə olub. Gənclik dövründə, 20
yaşında ikən Bakıya gəlib çatanda, elə
özünün də yazdığı kimi, hələ rus
dilini kifayət qədər yaxşı bilmirdi. Ancaq qısa
zamandan sonra rus dilini elə mükəmməl mənimsədi
ki, o dildən çox gözəl tərcümələr etməyə
başladı.
1938-ci ildə gənc Rəsul Rza Azərbaycan
Filarmoniyasının direktoru idi. Moskvada Azərbaycanın ilk ədəbiyyat
və incəsənət ongünlüyü keçirilirdi.
Azərbaycan sənətkarları sovet lideri zəhmli Stalinin
qarşısında çıxış edirdilər. O
konsertlərin aparıcısı Bakı Filarmoniyasının
direktoru, şair Rəsul Rza idi. Ruscanı səlis bilməsəydi,
digər konfransyeləri kənara qoyaraq belə ifrat məsul səhnədə
aparıcılığı ona tapşırmazdılar ki. O
konsertlərdəki təqdimatlarla bağlı bir məşhur
əhvalat da gəlib çatıb bizlərə.
Rəsul Rza çıxır, növbəti ifa edəcək
musiqi nömrəsini elan edir: “Ürək nəğməsi”.
Bəstəkar Qara Qarayev”. Stalin yerindən sual verir: “A slova
çği?” (“Sözlər kiminkidir?”). Rəsul Rza
qayıdır ki, “Slova moi, tovarih Stalin” (“Sözlər mənimkidir,
yoldaş Stalin”). Stalin yenə dillənir: “Nado obcəvlətğ!”
(“Elan etmək lazımdır”).
Rəsul Rzanın filarmoniyada işlədiyi dövrdə
də, Azərbaycan Yazıçılar İttifaqının
sədri olduğu dönəmdə də, daha sonralar, Azərbaycan
kinosuna başçılıq etdiyi zamanlarda da bütün
başqa işlərindən savayı vacib xətlərindən
biri də dili qorumaq idi.
Rəsul Rzanın xarici dillərlə “xoş
münasibəti”, onlara tez isinişə bilməsinin bir səmti
onun ruscanı qısa zamanda yaxşı öyrənə bilməsi
idisə, digər istiqamət də onun daha əvvəllərdən
az-çox bələd olduğu farscanı gərək
olduğu anda - 1940-cı illərin əvvəllərində
Nizami məsnəvilərinin farscadan azərbaycancaya bədii tərcümələri
məsələsi ortaya çıxanda və
özünün də bu işə qarışması zəruriyyəti
yarananda qısa vaxt ərzində təkmilləşdirərək
işlək səviyyəyə çatdırması oldu.
Farscanı Rəsul Rzanın yaxşıca bilməsinə
şahidim ilk sırada öz arxivi, əlyazmalarıdır.
Nizaminin “Xosrov və Şirin”ini çox qəlbəyatan səslənişdə
və dəqiqlikdə tərcümə edib. Əlbəttə
ki, mətnin sanballı sətri tərcüməsi, “Xəmsə”nin
digər tərcüməçiləri kimi, onun
qarşısında da vardı. Ancaq Nizami Gəncəvinin “Xəmsə”sindəki
mətnlərin ana dilimizə 1940-cı illərdəki tərcüməsinin
belə gözəl alınmasının əsas səbəblərindən
biri ondan ibarət idi ki, sətri tərcümələrdən
savayı Səməd Vurğun özü də farscanı
bilirdi, Süleyman Rüstəm də həmin təhər,
Abdulla Şaiq də o sayaq, Mikayıl Rzaquluzadə də o
cür, Mübariz Əlizadə üçünsə
uşaqlığından bildiyi farsca ona elə ana dili kimi idi
(Süleyman Rüstəm “Məxzən ül-əsrar”ı, Rəsul
Rza “Xosrov və Şirin”i, Səməd Vurğun “Leyli və Məcnun”u,
Mikayıl Rzaquluzadə “İqbalnamə”ni, Abdulla Şaiq
“Şərəfnamə”ni çevirmişdi və rəsmən
“Həft peykər”in tərcüməçisi Məmməd
Rahim yazılsa da, əslində o çevirmənin müəllifi
Mübariz Əlizadədir.). Rəsul Rza da farscanı duya
bildiyindən misraların dərinlərindəki məna
çalarlarını, incəlikləri çatdırmağa
müvəffəq olmuşdu.
Yəni Rəsul Rzanın dilə münasibəti həmişə
həssas olmuşdu, onda dil öyrənməyə maillik də
vardı, qarşısına məqsəd qoysaydı, bir
neçə başqa dili də gərəyincə və o
dillərdən də, olsun ki, çox gözəl tərcümələr
edə bilərdi. Ancaq bunların fövqündə Rəsul
Rzanın bildiyi daha vacib bir dil vardı ki, ona sahib olmaq
çox zaman heç 20-30 dil bilən poliqlotlara da nəsib
olmur.
Tariximizdə, mənəviyyatımızda da Rəsul
Rzanı həmişə yaşadacaq əsas hikmət də məhz
o dilə danışıqsız sahibliyi idi.
O, insan lisanının hər üzünə bələd
idi. O, insan ruhunun dilinin çox mahir tərcümanı idi. Bu
o yerdir ki, daha kimin hansı dildə, hansı sözlərlə
danışmasına bənd olmağa ehtiyac qalmır, dilini
ilk dəfə eşitdiyini də anlamağa qadir olursan. Bəlkə
peyğəmbər Süleymanın quşların,
heyvanların dilini də bildiyini təsdiqləyən əsatir
sözün birbaşa deyil, məcazi mənasını nəzərdə
tuturmuş? Yəni Süleyman peyğəmbər uçarlara
və qaçarlara elə məhrəmmiş ki, onların nə
“danışdıqları”nı da anlayacaq gücdəymiş.
Müxtəlif dillərdən edilən tərcümələr
öz yerində, ancaq insanın içərisinin tərcümanı
ola bilmək hətta saysız dilləri əladan-əla bilən,
qələmi də mahir olan, hər sənətkara qismət
olan səadət deyil. Rəsul Rza kimi insancanı bilən
şairlərin yazdıqları hansı dilə çevrilsə,
o dilin adamları onu elə öz doğma şairləri kimi
duyacaq, anlayacaq, sevəcək. Rəsul Rzaya görə,
hansı dildə yazılmağından asılı olmayaraq
şeiri anlamağın tək yolu var - qanmaz olmasan yetər:
Hər kim nə deyir-desin!
Şeir dili aydındır.
İstəyirsən sevincdən,
istəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
nadan yüz yol oxusun -
yenə bir şey anlamaz.
Rəsul Rzanın bir çox şeirləri var ki,
onları axırıncı şeiri kimi yazıb. Həmin
şeirdən sonra daha olmasaydı da, ədəbiyyata və əbədiyyətə
sözünü demiş kimi idi. Həmin şeirlərin hər
biri də onun həm bütöv
yaradıcılığına önsöz (ya sonsöz) ola
bilər, ya da yazdıqlarının hamısını nəhəng
bir kitabda toplayaraq üstünə “Külliyyatı”, yaxud
“Seçilmiş əsərləri” əvəzinə ayrı
bir başlıq qoymaq istəsən, ən sərrast sərlövhə
kimi uyğun gələr.
“İnsan şəkli” Rəsul Rzanın məramnaməsi
sayılası həmin şeirlər cərgəsindəndir.
Əslində onun bütün yaradıcılığı
insan mənzərələridir - bəşər
övladı, onun içəri dünyası,
düşüncə, duyğu aləmi, sevinci,
ağrısı, ümidi, həsrəti, qəzəbi, mərhəməti.
Və Rəsul Rza təkrarsızlığı
ondadır ki, bu şeirdə (və bütün irsində)
insan mənzərələrini - ən müxtəlif
çöhrələrdən və təbiətlərdən
ibarət palitranı Rəsul Rza insan dilini həssaslıqla
bilərək canlandırmağı bacarıb.
Mənə bir sərgi salonu verin,
Orda bir insan şəkli asacağam -
adi bir
insan.
Nə elə kiçik ki, məhəl qoymayasan,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkil asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən.
Kimdir o sərgi salonunda - insanlıq sərgisində
şəkli düzülənlər? Onları əslində
hamı tanıyır. Çünki onların hər biri
insanlığın keçib gəldiyi əzablı, səadətli,
fərəhli, dərdli, arzusu tükənməyən,
ümidləri əskilməyən uzundan-uzun
yolçularıdır və onların hər biri elə həm
də sənsən, mənəm, bizik. O portretlər cərgəsinin
də rəssamı Vaxtın Sahibi, Vaxtın
özüdür:
Bir insan şəkli asacam -
qapalı dodaqlarında söz yanığı,
ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi - Zaman.
Adı - insanlığın ömür yolu.
Rəsul müəllim dahi bəstəkarımız
Qara Qarayevlə ömrü boyu dost olmuşdu. 1938-ci ildən
onların arasında başlanan yaradıcılıq əməkdaşlığı
sonrakı onillər boyu da davam etdi. Ancaq bu birbaşa
yaradıcılıq əməkdaşlığından daha əvvəl
və daha üstdə onların həmfikirliyi, həmduyğuluğu,
həməqidəliyi dayanırdı. Tez-tez birlikdəydilər
və onlar eyni fikir cəbhəsinin, eyni məslək yolunun
adamları idilər.
O da, bu da yenilikləri sevən idi. O da, bu da çərçivələrə
sığmayan idi. Ona görə Rəsul Rza yazılarında
Qara Qarayevi təqdir edir, Rəsul Rza əleyhinə hansısa
həmlələr başlayanda Qara Qarayev ona qahmar
çıxırdı (Bu etibarlı dostluq onların
ömürlərinin bitəcəyinədək davam etdi. Rəsul
Rza 1981-ci ildə Bakıda keçinəndə Qara Qarayev
Moskvada xəstə yatağında idi və oradan bura qüssəli
teleqram göndərmişdi: “Şərq xalqlarının
parlaq poeziya ulduzu söndü. Böyük şairin və
insanın geniş, xeyirxah ürəyi susdu. Azərbaycan
xalqının mədəniyyətinə əlacolunmaz itki
üz verdi, onun dostları yetim qaldı”).
Və Qara Qarayevin Rəsul Rza sənətini qiymətləndirərkən
bölüşdüyü incə bir müşahidə var.
O, Rəsul Rzanın qələmindən çıxanları
musiqi ilə tutuşduraraq “polifonik poeziya”
adlandırırdı. Niyə belə
düşündüyünü də Rəsulun 60
yaşı tamam olanda heç bir təklif gözləmədən
yazaraq “Ədəbiyyat və incəsənət” qəzetinə
apardığı, 1970-ci il iyulun 14-də dərc olunan məqaləsində
xırdalamışdı.
Cazibədar səslər bolluğu, insanın içərisindəki
dərinləri tərpədən melizmlər zənginliyi, səslərin
min bir calağı və çalarının qovuşuğundan
yaranan təkrarsız mənzərə.
Rəsul Rzanın doğurduğu bu tablo, onun insanca və
insan dilində doğurduğu irs həmişə bizi də,
o sərvətə duyğuyla yanaşan hər kəsi də
öz əlvanlığıyla cəzb edəcək.
Rəsul Rza isə Qara Qarayevin musiqisini ədəbiyyatla
deyil, riyaziyyatla müqayisə edirdi. 1978-ci ildə bəstəkar
dostu haqqında yazırdı ki, ali riyaziyyat da ən sadə rəqəmlər,
işarələr əsasında bünövrələnir.
Qaranın yaratdığı əsərlərdə Azərbaycan
melosunun xalları aydın duyulur. Bəstəkarın “Leyli və
Məcnun”, “Yeddi gözəl” kimi əsərlərini
xatırladan şair Qara Qarayevin yaratdığı əsərlərdə
milli ahəngin musiqi sitatı kimi deyil, xalqın ali riyazi pilləyə
qaldırılmış doğma ruhu olaraq duyulduğu
inamında idi.
Bir yadigar xronika qalır. 1970-ci illərin
sonlarıdır. Rəsul Rza Nigar xanımla Buzovnada,
bağındadır. Şeirin daxilindəki gücdən
söz açır və ustadı, yenilikçi Mirzə Fətəlini
yada salaraq deyir ki, Axundzadənin fikrincə, əgər bir
poetik əsərin dəyərini müəyyən etmək
istəyirsənsə, onu mütləq başqa bir dilə tərcümə
elə. Bu tərcümə zamanında məzmun, fikir itmirsə,
demək ki, bu, poetik əsərdir.
Eyni meyarla Rəsul Rzanın əzbərimdə olan
şeirlərini xəyalımdan keçirirəm, fikrən
onları bildiyim bir neçə Şərq və Qərb dilinə
çevirməyə cəhd edirəm və hiss edirəm ki, məna
tam sərrastlığı ilə qalmaqdan əlavə bədii
yox, hələ lap sətri tərcümə ediləndə də
o sətirlərdəki şeir zərifliyi itmir.
Mirzə Fətəlinin tövsiyə etdiyinə, Mirzə
Fətəlidən əxz edərək başqalarına məsləhət
gördüyünə Rəsul Rza özü də
ömrü boyu səliqə ilə riyaət edib və onun
dünya insanını fəth edəcəyi daha gözəl
gələcək hələ qarşıdadır
(Düzdür, dünyaya sırınan və artıq dövlət
siyasəti kimi tətbiq edilməyə başlanan süni
intellekt əyyamlarının ənənəvi
insanlığa son qoyub ayrı bir zaman
başladacağının nisgilli ehtimalı da
qaçılmaz sunami kimi üstümüzə gəlməkdədir.
Buna da inanmaq istəyirəm ki, bəşəri o bəladan
gec-tez xilas edib yaraları sağaldacaq vasitələr
arasında insanca düşünüb insanca
yaratmışların, o sıradan Rəsul Rzanın mirası
yardımçı olacaq).
...Rəsul Rza köklü-köməcli,
çinarları bol olan Göyçaydan Bakıya gəldi.
Yolun başlanğıcında çinarları öyən
bir şeir yazdı və ömrünü də çinar
ömrü kimi vüqarla yaşadı. Cavanlığında
yazdığı o “Çinar” şeiri onillər boyu nəşr
edilən sıra-sıra kitablarına daxil edildi. Bunu
özü də etdi, özündən sonra Rəsul Rza
toplularını nəşrə hazırlayanlar da həmin səliqədən
yan keçmədilər. Səbəbsiz deyildi. Çünki
“Çinar” şeirində onun şair olmasının,
dünyanı ayrı cür yox, məhz bu cür görməsinin
fəlsəfəsi vardı. “Çinar” o yazılardandır
ki, bir yaradıcı sanki o əsərində sonrakı
bütün yolu üçün özünə təməlləri,
başlıca istiqamətləri, ümdə şərtləri
müəyyənləşdirir. Yaxşı
tanıdığım, yaradıcılığına dərindən
bələd olduğum bir neçə bəstəkarda da bunu
müşahidə etmişəm. Haçansa ilk gənclikdə,
başlanğıcda yazdığı bir kiçik musiqi
lövhəsi elə bil ki, qəlibləşir, sonra onillərcə
bəstələdikləri nə qədər müxtəlif
olsa da, həmin birincinin xəfif, ya güclü əks-sədası
yenilərin hər birindən sezilir. Rəsul Rzanın
“Çinar”ı da bir növ onun
yaradıcılığının bərəkətverici
acıtmasına, mayasına döndü.
Gecə keçmiş, ulduzlar ağ, göy qara,
Söykənmişəm qocaman bir çinara.
Bir yanımdan ömür kimi axar su,
Qaçmış bu gün təbiətin yuxusu.
Təbiətin yuxusunun qaçdığı o gecədən,
o şeirin yazıldığı dəqiqələrdən
sonra Rəsul Rza üçün ömür çayı 45
il 10 ay 12 gün və bir neçə saat, bir neçə dəqiqə
axıb keçdi.
Karvan çəkər göydə qara buludlar,
Çovğun gələr, şaxta kəsər, buz
donar.
Xan çinarım əyməz məğrur
başını,
Kimsə bilməz xan çinarın yaşını.
Bu elə Rəsul Rzanın öz ömür filmi oldu.
Tufan da qopdu, yağış da yağdı, od
qamçılı ildırımlardan da keçdi. Amma əyilmədi,
büdrəmədi, sınmadı, şax dayandı.
Çünki o şeiri ilə belə durmağı hələ
25 yaşındaykən bir müqəddəs dua kimi
özünə təlqin etmişdi:
Gecə qara, durdum düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəlib dedi: “Bax!
Bu torpaqda dərindən kök salaraq,
hər tərəfə uzatmışam qolumu,
övladlarım bürüyüb sağ-solumu.
O qədər uzun müddətcə dik qala bilməsinin
gizlinci, hikməti elə bunda imiş - torpağına, elinə-obasına
könüldən bağlılığında və tək
olmamasında, övladlarının - yalnız belindən gələn
uşaqlarının da deyil, fikircə, hissiyyatca, təbiətcə
ona doğma olan zövq, əqidə balalarının
varlığında və çoxluğunda!
Rəsul Rzanı yenilməz edən onun millətinki
olması idi. Onun gücü xalqın çox dərinlərə
işləmiş, mənəvi köklərinə təmənnasız
sədaqətində idi.
Və Rəsul Rza çox dərinlərə işləmiş
köklər həmişə sağlam qalsın, həmişə
var olsun deyə, o köklərin üzərində yeni-yeni
pöhrələr, budaqlar ucalsın deyə ömrü boyu
vüqarlı yaşadı və yaratdı. O vüqara gendən
baxıb buna özünüdartma deyən də oldu, təşəxxüs
kimi mənalandıran da, xudpərəstlik hesab edən də.
Kimin nə deməsindən və necə düşünməsindən
asılı olmayaraq, əsl səbəbi dəqiq bildiyindən
Rəsul Rza belə çinar ömründən məmnun idi və
sonacan da çinarlığında sabitqədəm olaraq
qaldı:
Belə məğrur durmağımla haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.
Rəsul Rza gəncliyində olduğu kimi, ixtiyar
çağında da eyni cür düşünürdü və
əslinə-kökünə bağlılıqla, məğrurluqla
dolu mübarizəli bir ömür yaşadı. Amma o yol bitməyib,
o ömür davam etməkdədir.
Rəsul Rzanın çətin həyatı
bahasına qazandığı ən ali mükafatsa budur ki,
onun da payına millətin əbədiyaşar digər
seçkinləri kimi bu yurd, bu dil, bu xalq, bu torpağın
üstündəki axırıncı çinar qalanadək
yaşamaq bəxtiyarlığı düşdü.
Ədəbiyyatımız var olduqca, dilimiz
danışıldıqca, Azərbaycan insanı bütün gələcəklər
boyu bu ruhda, bu mənəviyyatda ömrünü davam etdirdikcə
Rəsul Rzanın o tək “Çinar” şeiri də yaşayacaq,
yaradıcılığının çinar fəlsəfəsi
də davam edəcək, Rəsul Rzanın bütün
yaradıcılığı da, şəxsiyyəti də Azərbaycan
ədəbiyyatının ən ucalarında, ən möhtəşəm
çinarlar kimi yüksələcək.
Rəsul Rzanın
biroturuma deyil, təqribən il yarıma
yazdığı ayrı bir çinarlı şeiri də
var. 1976-nın iyununda başlayıb, 1977-nin oktyabrında
bitirib. İlk çinarlı şeirini Azərbaycandan
aralıda, Yaltada yazmışdı, bu sonuncunu Bakıda
başlayıb, Göyçayda tamamlayıb. “Çinar
ömrü” adlı bu şeirini Rəsul Rza ilk dəfə
uşaqkən gördüyü, ondan 430 il yaşlı olan
ağaca həsr etmişdi. Göyçaydakı o gövdəli
çinar 500 yaşının dolmasına bircə il
qalmış qurumuşdu. Uzun ömrü boyunca o çinar
insanlar, nəsillər görmüşdü, dürlü
hadisələrə şahid olmuşdu. Budaqları quşlara
yuva olmuşdu, kölgəsində yayın qızmarından təntiyən
qoyun-quzu dincəlmişdi, meydan tutan çətirinin altı
camaatın görüş yerinə dönmüşdü, hər
yaz gələndə təzə yarpaqlarının ipək
işıltısı gözləri oxşamışdı.
Ən mühümü - onillərcə, yüzillərcə
el-obaya simsarlıq, həmdəmlik etmişdi. Şair o
ömrü başa çatıb quruyan çinara
baxırdı, onun taleyini düşünürdü, bu
qürurlu çinar kimi bir gün hökmən bitəcək
öz həyatı haqqında fikrə dalırdı.
Ömrün ilk günü,
son günü var.
Beş yüz ildən bir əskik
yaşadı çinar.
Fırtınada, qasırğada
əyilmədi.
Acizlik, qorxu nədir -
bilmədi.
Yaşadı çinar kimi;
Budaqları çətir-çətir,
kölgəsi meydan-meydan.
Az da, çox da yaşasaydı,
Belə yaşayacaqdı.
O çinarı Rəsul belə
görmüşdü, belə tanımışdı və
özü də elə həmin sayaq yaşamışdı.
Bu şeiri yazdığı vaxt özünün də
ömrün “nigaran günlərində” olduğunu, yəqin
ki, əbədi gedişə çox qalmadığını
təsəvvür edirdi. Ömründən keçənlər,
mütəmadi həyəcanlar, bir çox xəyal
qırıqlıqları, sarsıntılar və onların fəsadı
kimi ard-arda gələn səhhət böhranları şairi
vaxtından tez qocaltmışdı. Əlbəttə, məsləhət
Allahınkı idi, amma labüd sonun da çox aralıda
olmadığı hər halda duyulurdu. Şair ömründəki
ən qocaman əzizinin gedişinə baxa-baxa
özünün aqibətini düşünürdü və
arzulayırdı:
Çinar getdi.
Ondan -
“Kaş bir il də yaşayaydı!..” -
bir arzu qaldı.
Dibindən qaynayan
bir bulaq su qaldı.
Bir belə çinar ömrü
olsun deyirəm ömrüm.
İllərin sayına görə yox!
Bir ömür ki,
xatirələrdə yanğısı, izi qalsın
neçə-neçə ömürdən çox.
Bir ömür ki, kimsəyə
əziyyəti dəyməmiş olsun.
Bir ömür ki,
heç gileyə enməmiş,
heç kəsə baş əyməmiş olsun.
Bir ömür ki,
həm yoxuşu şərəfli,
həm dözümlü enişi.
Bir insan ömrü -
Kişi ömrü, kişi!
Bu şeiri bitirəndən, bu son ən böyük
arzusunu qələmə gətirəndən 3 il sonra Rəsul
Rza həyatdan getdi.
Və onu ən yaxından tanıyanlardan biri, Rəsul
Rzanın həyatının hər fəslinə bələd,
yolunun bütün eniş-yoxuşlarından agah olan, onun necə
ömür yaşadığını hər kəsdən
daha yaxşı bilən, ülfətləri 1942-ci ildə
Kerçdəki od-alovlu müharibə dövründən
başlanmış köhnə sirdaşı Abbas Zamanov
ÇİNAR DOSTUNUN gedişindən
sonra qələmə
aldığı xatirə-məqalələrindən birinin
başlığını sanki şairin son arzusuna
cavabmış kimi “Kişi şair” qoymuşdu. Yazırdı
ki, “Rəsul Rza Sabiri “kişi şair” adlandırırdı.
Bu ad həyat yolu dramatik əfsanəyə bənzəyən
Rəsulun özünə də yaraşır: Rəsul Rza
kişi şairdir!”.
...Rəsul Rza dünyaya gəlməmişdən də
Göyçayda da, Azərbaycanın dörd bucağında
da çox çinarlar əkilmişdi, Rəsul Rzanın
ürəyinin dayandığı vaxtdan keçən qırx
ildən artıq zaman boyunca da çox çinarlar əkilib.
Rəsul Rza o çinarların ən qocamanı ilə
də, ən sütülüylə də
yaşıdddır. Çünki özü də o qafilədəndir.
Gedəniylə gedir, hər yeni gələniylə təzədən
ucalır...
...Vaxtilə böyük Nazim Hikmət Rəsul
Rzanın “Rənglər” silsiləsindən bəhs edəndə
yazmışdı ki, bu şeirlər sırasında Rəsul
Rza özünü də ötüb keçib.
Mənə görə, fəlsəfi düşünən
Nazim Hikmətin bu doğruçu qiyməti yalnız Rəsul
Rzanın “Rənglər” silsiləsinə aid deyil, onun şəxsiyyətinə
də, bütün yaradıcılığına da şamil
edilə bilər.
Rəsul Rza bəlli bir vaxt içərisində
yaşadı, ancaq o zamana sığmadı. Köhnə
şairlər arasında ən çox sevdiklərindən
biri İmadəddin Nəsimi idi. Azərbaycanlılardan gedib
İmadəddin Nəsiminin məzarını tapan, onu ilk ziyarət
edən də məhz Rəsul Rza olmuşdu.
Nəsiminin o məşhur beyti hər kəsin
yadındadır: “Gövhər-i laməkan mənəm,
kövn ü məkana sığmazam. Məndə
sığar iki cahan, mən bu cahana sığmazam”.
Rəsul Rzaya da xas olan məhz bu sığmazlıq
idi. Dövrünə sığmadı, vaxtına yerləşmədi,
mühiti ona dar gəldi. Şeirləriylə, şəxsiyyətiylə
özü təzə bir mühit və yeni bir dövr
yaratdı, Nazim Hikmət demiş, özü özünü
də ötüb keçdi. Ən böyük arzularından
biri XXI əsrdə heç olmasa bircə günün
şahidi olmaq idisə də, təzə minilliyə yetişmədi.
Ancaq özü bu əsrə çatmadısa da, köhnəlməz
şeirləri - məktubları ki yetişib!
Ona görə də əslində Rəsul Rza qədəm
basmağı dilədiyi üçüncü minilliyə də
çatıb və insan yeni zamanlarda məskən saldıqca,
o da bundan sonrakı çox dövranlarla zamandaş olacaq -
şeiri də yaşayacaq, sözü də solmayacaq.
Çünki ötkəm, sabahçı, irəliçi,
yenilikçi düşüncə və duyğularıyla
özündən də irəli getməyi bacarmış sənətkarın
gələcəklər qoynunda həmişə var olmaq, əlbəttə
ki, halal haqqıdır.
23 may 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.12-13;14