“Qurban bayramıydı...”
Ədəbi fəaliyyəti çoxşaxəli olan
Xalq şairi Bəxtiyar Vahabzadənin böyük şair Səməd
Vurğun haqqında tədqiqatları və məqalələri
barədə çox danışmaq olar. Bəxtiyar Vahabzadə
Səməd Vurğundan danışan zaman ədəbiyyatın
ötəri, sıradan şairindən deyil, poeziyamızda, gələcək
nəsillərin yaddaşında silinməz, dərin izi qalacaq
bir ədəbi hadisədən bəhs edirdi. B.Vahabzadənin
elmi araşdırmalarında, məqalələrində
böyük Səməd Vurğunun şəxsiyyəti,
yaradıcılığı, ədəbiyyat tariximizdə məkanı
haqqında düşüncələri müfəssəl
şəkildə yer alır. B.Vahabzadənin S.Vurğunun
irsini, yaradıcılığını tədqiq etməsi
ona verilən ən böyük ədəbi dəyərlərdən
idi. Onun S.Vurğun lirikasının epik təfəkkürə,
epik əhatəliliyinə yönəlməsini
lazımınca tədqiq etməsi həmişə təqdirəlayiq
hal kimi dəyərləndirilir. B.Vahabzadənin S.Vurğun
yaradıcılığına dərindən bələd
olması haqda danışarkən onun poemaları barəsində
dediyi bu fikri yaddan çıxarmaq olmur: “Canlı həyatın
özünü göstərmək əvəzinə həyat
haqqında, onun canlı iştirakçıları
haqqında mühakimə yürütmə üsulu”.
Bəxtiyar Vahabzadənin Səməd Vurğunun həyat
və yaradıcılığının tədqiqi ilə məşğul
olmasına həsr etdiyi bu uzun zaman onun elmi düşüncələrini,
əziyyətini ehtiva edirdi. Bu, hər iki şairi - Səməd
Vurğunu da, onun ədəbi irsini dərindən
araşdırdığına görə, eyni zamanda
özünün də zəngin ədəbi irsi olan Bəxtiyar
Vahabzadəni də hər kəsə yenidən tanıtdı
və sevdirdi...
Səməd Vurğunun anası Məhbub xanım cavan
rəhmətə gedib, onu və qardaşı Mehdixanı ana
nənələri Aişə xanım saxlayıb. S.Vurğun
böyüyəndən sonra yaşadıqları
acınacaqlı günlər haqqında “Acı xatirələr”
şerini yazır. Onun nənəsi Aişə xanım Qazaxda
Xanalı adlı bir tacirin evində xidmətçi işləmişdir.
Novruz bayramında Xanalı kişi bir toğlu kəsir və ətindən
onlara vermir. Səməd Vurğun nənəsindən ət
istəyir, amma ət olmadığı üçün o da,
nənəsi də ağlayırlar. S.Vurğun
böyüdükdən sonra qələmə
aldığı “Acı xatirələr” poemasında bu hadisəni
bədii ovqatla belə xatırlayır:
Novruz bayramıydı, gülürdü dağlar,
Qonşumuz Xanalı bir toğlu kəsdi.
O əziz günlərdə anamı ağlar
Görəndə üstümdən bir çovğun
əsdi.
Mənsə sallamışdım yerə burnumu,
Baxıb köynəyimin yamaqlığına.
Deyirdim: “Dünyanın vəfası bumu?
Hamını almayır öz qılığına.
“Uşaq əziz gündə sınmasın”, - deyə”
Anam cehizliyi yorğan üzündən
Mənə üst köynəyi tikdi hədiyyə,
Mən də iki dəfə öpdüm üzündən.
Ah, mehriban ana! Ah, əziz ana!
O gündən bəridir həsrətəm sana!..
Səməd Vurğun dünyasını dəyişdikdən
sonra təxminən 60-cı illərdə qardaşı
Mehdixan Vəkilov qələmə aldığı “Səməd
Vurğun və onun həyatı” adlı kitabda həmin
şeiri çap etdirir. Bəxtiyar Vahabzadə Səməd
Vurğun haqqında yazarkən həmin şeir belə dərc
olunur:
Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir toğlu kəsdi.
Burada Xanalı kişinin adının əvəzinə
xınalı sözü yazılır.
Poeziyanı çox sevən atam Hüseynov Şahmar Səməd
Vurğunun poetik nümunələrinə xüsusi rəğbət
bəsləyir. Əvvəlki Kənd Təsərrüfatı
İnstitutunu bitirən atamın poeziyaya, muğama
böyük diqqəti, sevgisi var. Özü bunun bəlkə
də Qarabağda - Ağdam rayonunun Şıxbabalı kəndində
dünyaya göz açması ilə bağlı olduğunu
deyir. İllər öncə atam B.Vahabzadənin S.Vurğun
haqqında yazdığı kitab barəsində müsbət
fikirləri, onun böyük Səməd Vurğun
yaradıcılığına diqqət və sevgisindən
yazdığı məktubda tənqidi fikirlərini də
bildirmişdi. Bu fikirlər atamın S.Vurğun
yaradıcılığına olan sevgisindən
qaynaqlanırdı. Bu sevgi elə-belə deyildi. Atam Səməd
Vurğunun yaradıcılığına, onun novatorluğuna,
poeziyamıza gətirdiyi yeniliklərə, bədii nümunələrinə
həmişə diqqət yetirir, onlar haqqında entuiazmla bəhs
edirdi. Evdə kitab rəfində klassik, müasir şairlərimizlə
yanaşı, ən çox kitabı olan S.Vurğun idi.
Bəxtiyar Vahabzadə qısa zaman keçəndən
sonra atama yazdığı cavab məktubunda onun oxucu kimi tənqidinə
münasibət bildirmişdi:
“Hörmətli Şahmar, salam. Məktubunuzu aldım.
Çox sevindim. Ona görə ki, mənim kitabımı
çox diqqətlə oxumuş və fikrinizi
yazmısınız. Zəhmətinizə minnətdaram. Qeydlərinizə
görə, kim necə yazıb, mən bilmirəm. Amma
“Acı xatirələr” şeirindən gətirdiyim misal
doğrudur yəni:
Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
Siz də bilirsiniz ki, qurbanı Qurban bayramında kəsirlər.
İkinci tərəfdən, əgər Mehdixanın
yazdığı kimi, “Novruz bayramı” olsaydı, fikir 2 tərəfdən
düz olmazdı:
1) Novruz bayramında qurban kəsməzlər.
2) Novruz bayramı dəyişkən deyil. O, həmişə
milad tarixinin 21 martına düşür. 21 martda isə hələ
dağlar gülə bilməz. 21 mart yazın ilk
günüdür. Belə olduqda birinci misradakı
“gülürdü dağlar” ifadəsi tarixlə - yəni
baharın dağları güldürməsi fikri ilə
uyuşmazdı...
İkinci tənqidiniz - yəni “Dəyəsi qurular
qalın gecədən” misrasında tutduğunuz səhv
düzdür. Mətbəədə hərfləri
yığanlar “k” əvəzinə “g” yazmış və
fikir təhrif olmuşdur. Məlumdur ki, dəyə gecədən
deyil, keçədən qurular. Bu, mətbəə xətasıdır.
Buna görə Sizə çox təşəkkür
edir və sevinirəm ki, kitablarımızı diqqətlə
oxuyan oxucularımız var. Sağ olun.
Hörmətlə: Bəxtiyar”.
Böyük şair Səməd Vurğunun poeziya məktəbinin
yetirməsi kimi tanıdığımız Xalq şairi Bəxtiyar
Vahabzadənin həmin məktəbə olan marağı,
sevgisi haqqında da çox danışmaq olar. Sevilən
şairlərimiz Səməd Vurğun da, Bəxtiyar Vahabzadə
də poetik nümunələri ilə xalqımızın
könlündə taxt qura bildilər...
Xuraman HÜSEYN
525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.11.