“Valeri Briusovun portreti”
“Bir rəsmin dedikləri” rubrikasının budəfəki
qonağı Mirzə Xosrov Axundzadə adına 102 saylı tam
orta məktəbin təsviri sənət müəllimi
Günay Həsənovadır. Onunla tanınmış rus rəssamı
Mixael Aleksandroviç Vrubelin “Valeri Briusovun portreti” əsərindən
danışmışıq.
Mixael Aleksandroviç Vrubel (1856-1910) rus simvolizmi və
modern üslubunun görkəmli nümayəndəsi olub. Onun
yaradıcılığında fantastik və mistik
mövzular, dərin psixoloji emosiya və fərdi duyum
xüsusi yer tutur. Vrubel akademik realizmdən uzaqlaşaraq
insanın daxili dünyasına enməyə, mənəviyyat
və ideya qatını təsvir etməyə can
atırdı. Onun rəsm texnikası mozaika estetikasına,
dekorativ plastikalara yaxın idi; bu da onu öz dövründə
digər rəssamlardan kəskin şəkildə fərqləndirirdi.
- “Valeri Briusovun portreti” rəssamın yaradıcılığının
hansı dövrünə təsadüf edir?
- Bu əsər 1906-cı ildə çəkilib. Bu
dövr Vrubelin yaradıcılığında gec, lakin məhsuldar
bir mərhələ idi. Rəssamın psixoloji vəziyyəti
artıq pisləşmişdi, lakin o hələ də portret
janrında maraqlı, dərin məzmunlu əsərlər
yaradırdı.
Portretin qəhrəmanı Valeri Yakovleviç Briusov
(1873-1924) - rus ədəbiyyatında simvolist cərəyanın
əsas nümayəndələrindən biri olub. Şair,
yazıçı, tənqidçi və tərcüməçi
kimi tanınan Briusov rus mədəniyyətində intellektual və
estetik dəyişikliklərə səbəb olan şəxsiyyətlərdəndir.
Onun poeziyasında mistika, qədim mədəniyyətə
maraq, mənəvi axtarış və intellektual tənhalıq
mövzuları üstünlük təşkil edirdi. Vrubel bu
xüsusiyyətləri hiss etmiş və portretdə məhz
bu xarakterik cizgiləri əks etdirməyə çalışmışdı.
- Əsərin kompozisiyası haqqında nə deyə
bilərsiniz?
- Portret kompozisiya baxımından sadə, lakin dərin
məna daşıyır. Briusov ön planda, frontal vəziyyətdə
oturub. O, sadə, klassik tərzdə geyinib. Onun sifətinə
fokuslanmış işıq, obrazı ətraf mühitdən
ayıraraq düşüncəli bir auranın
formalaşmasına səbəb olub.
- Bəs rəng koloriti necədir?
- Əsərdə tünd, dumanlı boz, mavi, qəhvəyi
və göy rənglər üstünlük təşkil
edir. Bu rənglər intellektual soyuqluq, daxili gərginlik və
poetik dərinlik təsiri yaradır.
Faktura və texnikaya gəldikdə isə deyə bilərik
ki, fırça vuruşları sərt və mozaikavari hiss
olunur. Vrubel bu texnika ilə obrazın zahiri bənzərliyindən
çox, onun emosional və mənəvi atmosferini yaratmağa
çalışır.
Vrubelin bu əsəri təkcə portret deyil, psixoloji
portretdir. Briusovun baxışlarında müəyyən
narahatlıq, düşüncəyə qərq olmuş hal
müşahidə edilir. Sanki o, portret çəkilən anda
iç dünyasında hansısa fəlsəfi məsələləri
düşünür, bəlkə də öz poeziyasında
qaldırdığı məqamlara qapılıb.
- Tabloda simvolik yanaşma özünü necə
göstərir?
- Briusov obrazı - simvolist ruhun təcəssümüdür.
Onun qeyri-müəyyən fon qarşısında təqdim
olunması, reallıqla əlaqəsinin
qırıldığı hissini verir. Bu, şairin ideya
dünyasına keçidi simvollaşdırır.
Portretdə hər bir detal - sifətin ciddi ifadəsi,
qapalı dodaqlar, uzağa baxış - insanın daxilində
baş verən gərginliyin, tənhalığın və
intellektual yükün göstəricisidir. Vrubel burada Briusovun
daxili aləmini bir güzgü kimi təqdim edir.
- Tablo hazırda harada saxlanılır?
- Bu portret hazırda Moskvadakı Dövlət Tretyakov
Qalereyasında saxlanılır. Əsər orada Vrubelin digər
portret əsərləri ilə birlikdə nümayiş olunur
və rus portret sənətinin mühüm nümunələrindən
biri hesab edilir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Vrubel bu portret vasitəsilə bizə bir fikri
çatdırmaq istəyir: insanın mənəvi aləmi,
onun içindəki ziddiyyətlər, narahatlıqlar və
intellektual dərinlik onun görünüşündən daha
vacib və daha dəyərli ola bilər. Bu baxımdan portret,
öz dövrünü və dövrünün
insanlarını daha yaxşı anlamağa
çalışan sənətkarın səmimi bir təşəbbüsüdür.
O, Briusovu yalnız simvolist ədəbiyyatın
nümayəndəsi kimi deyil, insan düşüncəsinin təcəssümü
kimi təqdim edir. Vrubel demək istəyir ki, həqiqi sənət
yalnız zahiri gözəlliklə deyil, daxili dolğunluqla
ölçülür.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.11.