“İstəyərəm ki, tənqidlər çox olsun”

Aktyor Elşən Əsgərov: “Bizdə yaxşı aktyorlar da var, yaxşı rejissorlar da”

 

Müsahibimiz Yuğ və ƏSA teatrlarının aktyoru Elşən Əsgərovdur. “Tənha insanın monoluqu”, “Balıqçının qızı”, “Mərmər soyuğu”, “İkinci pərdə”, “Qonşu”, “Qənimət”, “Tanrının ritmi”, “Apatiya”, “Apatiya 2” , “Çılpaq”, “İtgin”, “Simurq”, “Çilov”, “Son addım” kimi film və seriallara çəkilən aktyor “Quş dili”, “Müəmmalı Qətl”, “Mənəm mən”, “Toy dəstgahı”, “Asılqan”, “Birinci Akt”, “And”, “Adamlar və siçanlar”, “Hamlet”, “Axtarış”, “Çıxış yoxdur”, “Paris partladı”, “Yuxum”, “Göy quş”, “Sirri ənəlhəqq” kimi tamaşalarda rol alıb.

Elşən Əsgərovla söhbəti təqdim edirik.

- Elşən bəy, həm Yuğ, həm də ƏSA teatrının aktyorusunuz. Amma bu iki teatrı birləşdirən ortaq cəhətlər heç də ürəkaçan deyil. Məsələn, hər iki teatrın binası yoxdur. Bu kimi məhdudiyyətlər sizin yaradıcılığınıza necə təsir göstərir?

- Əvvəlcə Yuğ Teatrından başlayaq. Artıq on ilə yaxındır Yuğ Teatrında məkan problemi var. Ümidimizi üzmürük, düşünürük ki, nə vaxtsa həll olunacaq. Amma bu məhdudiyyət teatrın yaradıcılığına təsir göstərmir. Teatr öz fəaliyyətinə davam edir və məhsuldar işlər ortaya qoyur. Məkan problemi sözsüz ki, başqa məsələlərdə məhdudiyyətlər yaradır. Məsələn, şəraitsizlik. Aktyorların paltardəyişmə otağı yoxdur, biz orada pərdə ilə çox kiçik bir yer ayırmışıq, əynimizi həmin balaca yerdə dəyişirik. Həmçinin, teatr səhnəsi Kukla Teatrının məşq zalıdır. Orada tamaşalar nümayiş etdiririk, kulis anlayışı yoxdur, məkan çox darısqaldır, səhnə olmadığına görə işıqlar aktyora yaxın olur, işıqların istisi bir tərəfdən, yayda havanın istisi də bir tərəfdən vurur, başımızdan buxar çıxır. Ümid edirik ki, tezliklə Yuğ Teatrında bina məsələsi həll olunacaq. İnşallah, yaxşı olar. Tamaşadan sonra olur ki, tərləyirik və tərli-tərli çölə çıxmalı oluruq. Xəstələnirik, aktyora da ki xəstələnmək olmaz. Tutalım, bankda işləyirsən və xəstələnmisən, işə getməyə bilərsən. Amma aktyorsansa və bir tamaşada oynayırsansa, bunu edə bilməzsən, nə olur-olsun mütləq o tamaşaya getməlisən. Getməsən, tamaşa yarımçıq qalacaq. Ümumilikdə belə problemlər var. ƏSA Teatrında da həmçinin uzun illərdir ki, məkan problemi öz aktuallığını qoruyur. Bir neçə ildir ofis kirayəyə götürmüşük, məşqlərimizi orada keçirik. Ofis 2 kvadratmetrdir və məşq zamanı iki addım atırıq. Bizim səhnəmiz də yoxdur axı. Tamaşalarımızı Rus Dram Teatrında oynayırıq, orada səhnə 15 metrdir. Artıq sən məşq zamanı atdığın iki addımı həmin məkana uyğun tənzimləməlisən. Orada da bizə əlavə vaxt verilmir. Məsələn, sabah tamaşamız var. Rus Dram Teatrına sabah - elə tamaşa günü gedəcəyik. O müddət ərzində bütün işləri görməliyik - səhnə hazırlanmalıdır, işıqlar qurulmalıdır, bunlar hamısı bir neçə saatın içində həll olunsa da, hərəsi özlüyündə bir problemdir. Bir neçə ildir ki, belə fəaliyyət göstərdiyimizə görə daha çevik işləməyi öyrənmişik. Bunun faydasını da görmüşük, xüsusən Lənkəran, Naxçıvan teatrlarında. İzmirdə Beynəlxalq Teatr festivalında tamaşaya hazırlıq üçün az vaxt verilmişdi, amma artıq bizdə bu yöndə vərdiş formalaşmışdı deyə axşama kimi İzmirdə belə hər şeyi düz-qoş etdik, o çevikliyə artıq öyrənmişik. Amma niyə belə şey olsun ki?

Hər halda əgər Yuğ Teatrında məkan məsələsi hələl olunmursa, ƏSA üçün bunu istəmək düzgün olmaz. Birincisi, Yuğa diqqət və qayğı göstərmək lazımdır. Amma ƏSA teatrı üçün güzəştlər oluna bilər, qapılar açıla bilər ki, bu teatr öz fəaliyyətini davam etdirə bilsin. İnklüziv teatrdır və bu gün dövlətin mədəniyyət sahəsində apardığı inklüziv mədəniyyətə təkan verə biləcək bir teatrdır. Bundan yaxşı mənada istifadə oluna, daha qabarıq formada tanıdıla bilər. Bu, incəsənətimiz üçün gözəl nümunədir. Amma təəssüf ki, bu mövzuya maraq o qədər çox deyil. Çətinliklərlə birgə davam edirik.

- ƏSA teatrı çətinliklərə baxmayaraq, pandemiya dövründə də fəaliyyət göstərib.

- Hə, pandemiya vaxtında bir tamaşa hazırladım, sonra ayrıca monoloqlar hazırlandı. Molyerin “Xəsis” tamaşasının onlayn nümayişini keçirtdik. Hər şəraitdə aktiv fəaliyyətimizi davam etdiririk. Müasir gedişatın necə olduğunu analiz edirik və ona uyğun da teatrın fəaliyyətini planlaşdırırıq.

- Belə bir fikir var ki, teatrı da, kinonu da müqəddəs edən insandır. Sizin üçün müqəddəs hansıdır - kino, yoxsa teatr?

- Təbii ki, insan olmasa, nəyin mənası var ki? Hər şeyi mənalandıran insandır. Teatr və kinonun da özünəməxsus incəlikləri, zövqü və çətinlikləri var.

- Aktyorlarımızın əksəriyyəti teatrda sevgidən, kinoda isə maddi çətinliklərdən dolayı fəaliyyət göstərir.

- Axı elə bir şey yoxdur, filmin qonorarı da, teatrın qonorarı da yaxşı deyil. Yəni aktyorluqda maddi durum o qədər yaxşı deyil axı. Hara çevirsən də, nəticə çox vaxt ürəkaçan olmur.

- Rejissorluq ixtisasını bitirdiyiniz halda daha çox aktyor kimi fəaliyyət göstərirsiniz.

- Demək olar ki, təsadüfən oldu. Ümumiyyətlə, İncəsənət Universitetinə seçilməyim belə təsadüfən oldu. Bir müddət rejissor olmağı düşünürdüm. Amma sonra fikrim dəyişdi. Qərara gəldim ki, sənədlərimi rəssamlığa verim, amma imtahana gecikdim. Elə oldu ki, sənədlərimi rejissorluğa verdim. Sonra gördüm ki, aktyor kimi davam etməyim daha uyğundur.

- Rol aldığınız filmlər daha çox dram janrında olur. Obrazlarınızın keçirdiyi daxili sarsıntıları yaxından duymaq üçün öz hiss və duyğularınızı, gizlətdiyiniz tərəflərinizi ortaya qoyursunuzmu?

- Hər bir halda özündən çıxış edirsən, ifa edən sənsən. Nəticədə ağlayan da sənsən, gülən də.

- Elə aktyorlar var ki, onlar sanki sırf komediya filmlərində rol almaq üçün yaranıblar, bəziləri isə dram janrında olanlar üçün. Siz bu barədə nə düşünürsünüz?

- Bu, mənim problemim deyil ki. Mənfi rolda oynadığım da olub, müsbət rolda oynadığım da. Baxır rejissorun yanaşmasına, məndə nəyi gördüyünə. Teatrda komediya oynadığım olub, amma filmlərdə olmayıb. Yaxşı olardı ki, komediya janrında bir filmdə rol alım.

- Rol aldığınız filmlər festivallarda iştirak edir?

- “Mərmər soyuğu” filmi festivallarda çox iştirak edib, yaxşı da nəticə göstərib. “Tənha insanın monoloqu” da festivala gedəcək. Bu yaxınlarda Türkiyədə nümayişi keçirildi. Tənqidçilərin marağına səbəb oldu.

- Bəzilərinin fikrincə, Azərbaycan filmi festivallarda tanınmır. İran filmi tanınır, amma bizim filmlər yox. Hətta kino sektoru festivalda iştirak edəcək səviyyəyə gəlib çıxmayıb.

- Mən elə düşünmürəm. Bizdə yaxşı aktyorlar da var, yaxşı rejissorlar, operatorlar da var. Əsas məsələ ssenaridir. Təəssüf ki, güclü yazı yoxdur. Filmin də əsas özəyi ssenaridir. Ssenari yaxşıdırsa, filmin də uğurlu olmaq ehtimalı çoxdur. Amma mən razılaşmıram ki, Azərbaycan filmləri festivala gedəcək səviyyədə deyil. Çox yaxşı filmlərimiz var, beynəlxalq festivallarda da iştirak edir. Burada ssenari və prodüser sistemi əhəmiyyətli dərəcədə rol oynayır.

- Bizim prodüserlərin əksəriyyəti daha çox izləndiyinə görə komediya janrında olan filmlərə böyük maraq göstərirlər.

- Onları da başa düşürəm. Çünki prodüserlərin işi pul qazanmaqdır. Amma əlimizdə imkan varsa, insanlara nəsə təqdim edə biliriksə, onda onu yaxşı formada təqdim etməliyik. Övladın hər gün şokolad istəsə, sən onu ziyandır deyə verməyəcəksən. İnsanlar bunu istəyir demək doğru deyil. Nə olsun onu istəyirlər. Səndən çox şey istəyə bilərlər. Biri səndən zərərli bir şey istəsə, onu verəcəksən? Elə olmalı deyil axı. İnsanlara təsir eləmək imkanımız varsa, yaxşı formada təsir edək də. Əgər çatışmayan nəsə varsa, cəhdlərimizi bunu düzəltmək yolunda edək. Bir müddətdən sonra övladlarımız formalaşan cəmiyyətin içində olacaq. Ona görə müsbət fikir formalaşdırmaq lazımdır.

- Türkiyəli tənqidçi Murat Soner Bakıya gəlir və kinomuzun vəziyyətini öyrənmək üçün kinoteatra üz tutur. Lakin zallarda çox az tamaşaçı görür və bildirir ki, Türkiyədə olduğu kimi, Azərbaycanda kino inkişafdan geri qalıb. Onun fikri ilə razılaşırsınızmı?

- Murat Sonerin deməyi ilə Azərbaycanda kinonun öldüyünü qəbul etməliyik? Elə şey yoxdur. Bunu bizimkilər də deyə bilər, hər hansı aktyor, rejissor, prodüser də deyə bilər. Amma onun bizim kinomuz haqqında o qənaətə gəlməsi fikrinin dəyərli olması anlamına gəlmir. Türkiyənin özündə də vəziyyət yaxşı deyil, serialları çox pis gündədir. Biz hələ onlardan salamatıq.

- Sizin üçün rolun baş rol, yaxud ikinci dərəcəli rol olmasının əhəmiyyəti var? Bəzi aktyorların fikrincə, görünən ikinci dərəcəli rol görünməyən baş roldan daha yaxşıdır.

- Əsas məsələ odur ki, sən o rollarda nə görürsən. Ola bilər ki, sənə baş rol təklif olunsun, amma o, sənə maraqlı gəlməyə bilər. Yaxud ola bilər ki, ikinci dərəcəli bir rol təklif olunsun, həmin rol sənə daha çox maraqlı gələr. Bu, dəyişkən bir şeydir. Əsas rolu hiss etməkdir.

- Yəqin ki, hər hansı rolunuza görə tənqid olunmusunuz. Ümumiyyətlə, indiyə qədər aldığınız hansı tənqid sizə absurd və gülünc gəlib?

- Hə, bəzi rollarıma görə tənqidlərlə qarşılaşmışam. Amma absurd və yaxud gülünc tənqidlə qarşılaşmamışam. Ümumiyyətlə tənqidlər az olur, əslində çox istəyərəm ki, tənqidlər çox olsun, yazılar yazılsın. Onları dəyərləndirmək, düşünmək çox yaxşı olar.

- İstər teatrda, istər kinoda nə qədər azadsınız? Ümumiyyətlə aktyor azad olmalıdır, yoxsa tamamilə rejissordan asılı olmalıdır?

- Azadlıq? Azadlıq məni döyüşdən-döyüşə aparandır. Belə deyim, aktyor rejissorun təklifi və tələbi daxilində nə dərəcədə azaddırsa, artıq orada gözəl şeylər ortaya çıxa bilər.

 

Ləman İLKİN

525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.10.