Küləkli günlərin fəlsəfəsi
Günlərin çoxu pıçıltıyla
danışır. Küləkli günlər isə
uğultuyla, gurultuyla. Küləyin səsi bir sükutun
içində qopur, sonra o sükutu özü ilə birlikdə
göyə qaldırıb sonsuzluğa aparır. Bu günlərdə
Bakı yenə küləkli idi. Amma bu külək adi bir hava
hadisəsi deyildi. Bu, sanki şəhərin içində
qaynayan bir duyğunun, xatirənin, bir sualın havası idi. Hər
küçənin başında əsən bu külək,
insanın düşüncələrini səpələyir,
sonra da onları özündən razı bir təkəbbürlə
göy üzünə sovurur.
Bakı... Küləklər şəhəri. Sən
harada susursansa, o, sənin yerinə danışmağa həvəslidir.
Şəhidlər xiyabanında başını dik tutan
bayrağı da, dəniz sahilində bir stulun kölgəsinə
sığınan bir qocanın saçını da, gözdən
uzaq bir məhəllədə “beşdaş” oynayan kiçik
qızcığazın köynəyinin ətəyini də
eyni həvəslə yelləyən şəhər. Bu şəhərin
küləyi adama bəzən həyatın əsl
üzünü xatırladır: dəyişkən, sərt,
nəvazişli, azacıq da laqeyd.
Külək hər zaman hərəkət
daşıyıcısı olub. Fizikadakı təbiri unudaq,
ruhun dili ilə desək, külək dəyişimin
özüdür. Hər küləkli gün insanın
içində nəyisə oyadır - keçmişi,
arzusunu, ya da sadəcə unudulmuş bir cümləni. Küləkli
bir gündə düşünürsən: nə
üçün bu qədər tələsirdik? Kimdən bu qədər
qaçırdıq? Özümüzdənmi?
Uşaqlıqda küləkli günlərin sirri, sehri
bir başqa idi. Pəncərə şüşəsinin o
tayından baxdığım dəqiqələrdə
ağacların budaqları sanki göylərə
yalvarırdı, nəsə demək istəyirmiş kimi.
Küçələrdə uçuşan qəzet
parçaları bir zamanlar oxunmuş və sonra unudulmuş xəbərlərin
sonuncu rəqsini oynayırdı. O vaxt anlamırdım ki,
külək əslində bir tarix daşıyır. O,
ötüb keçən hər nəfəsi, hər nəfəsiylə
bir ruh halını gəzdirir özündə. İndi isə
küləkli günlərdə içimdə qəribə
bir sakitlik olur. Sanki təbiət özü mənə deyir:
“Əl saxla, dinlə. Tələsmə”.
İnsanlar bəzən küləkdən şikayət
edirlər. Saçlarını dağıtdı deyə, səsləri
eşidilməz etdi deyə. Amma bəlkə də, külək
bizə həqiqi sükutun nə olduğunu xatırladır.
Çünki küləkli bir gündə əsl səssizlik
də mümkündür. O səssizlik ki, içində
yalnız düşüncənin səsi var. Heç fikir
vermisinizmi, insan küləkli havalarda içindəki səsi
daha çox eşidir. Çünki külək xarici səsləri
azaldır, daxili səsləri isə oyadır.
Qəribədir Bakı küləyi. Bəzən cənubdan
əsər, ilıq dalğalarla gələr. Bəzən isə
şimaldan - soyuq, sərt. Amma bu şəhərdə küləksiz
bir həyat təsəvvür etmək mümkünsüzdür.
Külək Bakının ritmidir. O, sadəcə hava
axını deyil, həm də bu şəhərin ruhudur. Elə
bil dənizlə dağ arasında sıxışıb
qalmış bu torpaq nəfəs ala bilmək
üçün hərdən dərindən bir ah çəkir,
nəfəsini havaya verir. Biz adına “külək” deyirik.
Bəzən düşünürəm ki, külək
insanları bir az da özünə oxşadır. Bir qədər
narahat, bir qədər sərbəst, bir qədər də
sadiq... Özünü sevdirməyə çalışmadan,
istədiyi yerdə görünən, heç kimə hesab
verməyən bir varlıq. İnsan da belə deyilmi?! Ruhumuzda
əsən minlərlə külək var. Birini sevinclə
qarşılayırıq, digərindən qorunmağa
çalışırıq. Amma hər biri bizə kim
olduğumuzu, hansı duyğuların çuxurunda
itib-batdığımızı göstərir.
Bir küləkli gündə yazı yazmaq küləyin
dilinə çevrilməkdir həm də.
Yazıçının qələmi külək kimi davranmalıdır:
sərbəst, nəvazişli, amma bir az da sərt. Sözlər
də külək kimi səssiz gələr, amma oxucunun ruhunda
burulğan yarada bilər. Küləkdən danışmaq həyatdan
danışmaqdır. Çünki həyat da külək
kimidir: gözlə görünmür, amma hiss olunur; tutmaq
olmur, amma təsir edir; səssizdir, amma bir ömür boyu
eşidilir.
İyun küləyi başqa cür əsir.
Baharın xəfif hərarətini daşıyır, amma
yayın həsrəti də var batinində. Hələ istilər
tam başlamayıb, təbiət bir az tərəddüddədir.
Sanki külək də bu tərəddüdü öz səsində
daşıyır - getməkmi, qalmaqmı? Soyutmaqmı, isitməkmi?
Bakı küləkləri bir məktəbdir - səbir,
yaddaş və azadlıq məktəbi. Bu şəhərdə
yaşayıb küləklə dostlaşmayan insan yox deyiləcək
qədərdir, yəqin ki. Hər kəsin bir külək
xatirəsi var. Kimisi ilk dəfə sevgilisinin
saçının dağınıqlığını bu
şəhərdə görüb, kimisi də küləkdə
anasının pencəyindən tutmağa
çalışıb uşaqkən. Kiminin əlindən
şarını, kiminin əlindən oxuduğu qəzetin ən
maraqlı səhifəsini, kiminin də sonuncu çörək
pulunu alıb qaçıb bu sərsəri küləklər.
Əslində, insan özü də bir az külək
kimidir. Haradan gəldiyini, hara gedəcəyini bilmir. Amma
keçdiyi hər yerdə bir iz buraxır. Kiminsə
saçında, kiminsə ruhunda. Bakının küləkli
səhərinə oyanmaq həm düşünmək, həm
unutmaq istəyidir. Bu şəhər insana deyir ki,
keçmiş əsdi getdi, gələcək isə hələ
gəlməyib... Arada qalan bircə bu anlardır. Və bu
anların küləklə çulğalaşmış
poetik sakitliyidir.
Şahanə Müşfiq
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.15.