Son akkordların
intizarı
Rauf Kasimov: “Axırıncı dəfə doğma vətənimdə
konsert vermək istəyirəm”
Rauf Kasimov 1954-cü ildə
Bakıda anadan olub. Piano təhsili almağa 6 yaşından
başlayıb. 1978-ci ildə Bakı Dövlət
Konservatoriyasının piano sinfini yüksək göstəricilərlə
bitirib. 1980-ci ildə konservatoriyanın doktoranturasını
başa vurub. 1980-1991-ci illərdə konservatoriyada piano müəllimi
işləyib, bununla paralel 1985-1987-ci illərdə Moskva
Konservatoriyasında professor Sergey Dorenskinin yanında kurs
keçib.
Bəstəkar kimi o, caz üslubunda musiqilərin
müəllifidir.
Rauf Kasimov Rusiya, İspaniya, Bolqarıstan, Türkiyə
kimi ölkələrdə keçirilən beynəlxalq
müsabiqələrin qalibi, Şimali Kiprdə, Belarusda beynəlxalq
müsabiqələrin münsifi olub.
2005-ci ildən Şimali Kiprdə yaşayıb-işləyən
Rauf Kasimovun yetirmələri müxtəlif beynəlxalq
müsabiqələrdə 40-dan artıq medal qazanıblar.
Həm başlıqdan, həm də müsahibimlə
söhbətdən düşüncəmin bir küncündə
sanki qu quşunun son nəğməsi, son
çırpıntıları ilişib qalıb. Dünya
malı, dünyanın özü daha onu maraqlandırmır.
Xatirələrini danışır, bəzən təəssüfdən
- keçdiyi yolda yanlış hesab etdiyi addımlardan bəhs
edərkən, bəzən də qarşıda daha heç nəyin
qalmadığından və yalnız son bir nəğmə
(konsert) arzusunun xiffətindən gözləri dolur. O konsert
onun bütün yaşantısının, doğrusunun,
yanlışının, sevgisinin, qəzəbinin, təəssüfünün,
arzularının təntənəsi - son akkordu
olmalıdır. Can atdığı yalnız budur. Kimdir
axı, Rauf Kasimov? 90-cı illərdə məcburən vətənini,
buradakı karyerasını buraxıb getməli olan sadə
bir musiqiçi, yoxsa?.. Həmin o “yoxsa” və başqa
“yoxsa”larla bağlı özü danışır. Susmadan,
vergül qoymadan, suala yer saxlamadan...
Xalq hakiminin musiqi duyumlu oğlu
- Bakıda doğulmuşam, atam-anam musiqiçi
deyildilər. Anam keçmiş Oktyabr rayonunun xalq hakimi işləyirdi.
Evimizdə pianino vardı - “Qırmızı oktyabr” - o, mənim
“oyuncağım” idi. Haradasa, altı yaşım olardı,
anam səhər gedirdi işə, gecə qayıdırdı.
Mən də oturub o klavişlərlə oynayırdım. Bir
dəfə anamın bir qonağı gəlmişdi. Mənsə
otaqda bir musiqi parçasını
dınqıldadırdım. Qonaq anama dedi ki, “Ay Məleykə,
bu uşaq elə bil Raç Kapurun “Avara” filmindən olan
musiqini çalır”. Anam inanmadı, amma qonaq israrla mənə
başqa musiqiləri də diktə etdi, mən də
dınqıldatdım. Mən sadəcə eşitdiyimi təkrar
edirdim. Qonaq çox təəccübləndi və dedi ki, bu
uşaq musiqidən anlayır və çox gözəl musiqi
duyumu var, onu mütləq musiqi məktəbinə qoymaq
lazımdır.
Anam məni gətirdi, o vaxtlar Bülbül adına
musiqi məktəbi indiki Bakı Musiqi Akademiyasının tərkibində
fəaliyyət göstərirdi, ora, o vaxt koservatoriya idi.
İndi isə həmin bina Üzeyir Hacıbəyli adına
Musiqi Akademiyasına aiddir.
Müsabiqəyə təxminən 300 uşaq
qatılmışdı. Onların içindən yalnız 60
nəfər seçildi. Bu, çox ciddi və çətin
seçim idi. Mən də həmin seçimə
qatıldım və məni qəbul etdilər. Müsabiqədəki
bütün müəllimləri təəccübləndirə
bilmişdim. Çox diribaş, çevik uşaq idim. Hələ də o
günü dünənmiş kimi xatırlayıram.
Məsələn, soruşurdular ki, bu notu
tanıyırsan? Onlar klavişə basırdılar, mən səslə
onu təkrar edirdim. Mənə görə bu asan idi, amma onlar
buna heyran qalırdılar. Soruşurdular: “Başqa nə edə
bilərsən?” Cavab verdim ki, mən “Monqolustan süitası”
bəstələmişəm. Cəmi 5-6 yaşım
vardı.”Çala bilərsənmi?” - deyə soruşdular.
“Əlbəttə” deyib çaldım. Pianinoda əsasən
qara klavişlərdə ifa edirdim. Onlarla nə
çalırdımsa, Monqolustan və Çin musiqisinə bənzəyirdi.
Bu, əslində pentatonika ladıdır. O vaxt bunun
adını bilmirdim, amma bilirdim ki, qara klavişlərə
basanda monqol notları səslənir. Oradakılar gülməkdən
özlərini saxlaya bilmirdilər, amma bunu gizlədirdilər.
Sonda da dedilər ki, çox gözəldir, keçə bilərsən.
Və beləliklə, məni qəbul etdilər.
Sonra anam gördü ki, bu yol çox çətin və
məsuliyyətlidir, daim nəzarət lazımdır. Ona
görə də öz işindən, o dərəcədə
nüfuzlu vəzifəsindən imtina etdi. Hakimlikdən
çıxıb vəkil oldu. Çünki vəkillik sərbəst
bir peşədir. İstəsə, işi qəbul edir, istəməsə,
yox - heç kim onu məcbur edə bilməz. 11 il məni məktəbə
apardı, gətirdi. Məktəbi də çox yaxşı
qiymətlərlə bitirdim.
Mən məktəbdə keçirilən bir
yarışmada ilk dəfə orkestrin tərkibində
çıxış edən şagird oldum. O zaman məktəbin
daxilində belə yarışmalar təşkil olunurdu. Mənim
müəllimim hələ də sağdır - Dilarə Mirzəquliyeva.
Bəlkə, adını eşitmisiniz. Məncə, o,
dünyada ən yaxşı müəllimlərdən biridir.
Peşəkar pianoçudur. Bülbül adına musiqi məktəbində
dərs deyirdi.
18 illik piano təhsili
Məktəbdə yalnız mən 11 ilin hamısını
oxudum. Yəni davam gətirə bildim. Müəllimim mənə
dözdü, mən də onun tələbkarlığına.
Heç kim axıra qədər oxuya bilmədi. Bu, demək
olar ki, mümkün deyildi. Dilarə xanım elə bir
insandır ki, bilmirəm, sanki Tanrı onu təkcə müəllimlik
üçün yaradıb. Onun üçün güzəşt
anlayışı yox idi. Yumşalma, göz yummaq, belə
şeylər onda yox idi. Deyirdi, belə edəcəksən, deməli,
etməlisən, öyrənməlisən, gecə-gündüz
əmək sərf etməlisən. Əgər etməsən,
işin bitmişdi. Mən gördüm ki, bu müəllimlə
zarafat etmək olmaz, amma mən də istəyirdim, gedim
dostlarla, qızlarla gəzim, futbola baxım, amma həyatımda
elə şeylərə yer, vaxt yox idi. Anam qapının
ağzında dayanardı, qoymazdı harasa getməyə. Sonra
beş il konservatoriya təhsili aldım. Rəhmətlik Rafiq
Atakişiyev mənim müəllimim oldu. Ardınca iki il də
aspirantura... Beləliklə, ümumilikdə 18 il həyatımı
piano üzrə təhsilə həsr etdim.
Nə yaxşı ki, bütün o müəllimlər,
pedaqoqlar vardı - biz çox gözəl bir həyat
yaşadıq. 1978-ci ildə Konservatoriyanı bitirdim, 1980-ci
ildə isə aspiranturanı başa vurdum. Dərhal məni
Konservatoriyaya müəllim kimi qəbul etdilər.
Çünki mən orda müəllim qalmaq
üçün təşkil edilən müsabiqədə
qalib gəlmişdim. Məni bütün komissiya üzvləri
seçdi. Bütün komissiya imza atdı ki, Rauf Kasimov
aspiranturaya tam layiqdir. Bu, bir növ elə indiki tövsiyə
məktubu idi. Yəni onlar məni tövsiyə etdilər və
nəticədə mən iki illik aspirantura təhsilindən
sonra konservatoriyada müəllim işləməyə
başladım.
5-ci kurs tələbələri ilə aramızda cəmi
2 yaş fərq var idi, amma mən artıq müəllim idim.
İndi həmin yetirmələrim sosial şəbəkələrdə
tapıb yazırlar mənə.
Sonra Moskvaya getdim, indi düşünürəm ki,
getməklə bir səhv etdim. Çox keçmədən
Moskvada xaos başladı, Yeltsin hakimiyyəti illərində
professorlar küçədə siqaret-filan satırdılar.
Moskva Konservatoriyasındakı bir professor mənə dedi ki, bu
maaşla burda necə yaşayacaqsan?
Moskvada ikən, 1994-cü ildə mənə Bəhreynlə
bağlı bir viza və iş təklifi gəldi. Bəhreyn...
Ərəbistan... Allah, Allah! Təəccübləndim, amma qərar
verdim və yola düşdüm. Orada yüksək əməkhaqqı
verilirdi. Müqaviləyə imza atdım. Müqaviləyə
görə ayda 800 dollar maaş almalı idim. Bu məbləğ
Bəhreyn üçün kifayət qədər yaxşı
idi. Hər şey qaydasında görünürdü. Lakin
sonra institutun müdiri ilə oturub söhbət edəndə
dedi: “Cənab Rauf, bilirsiniz ki, Körfəz ölkələrində
böyük problemlər var. Ona görə də sizə
müqavilədə göstərilən 800 dolları yox, sadəcə
400 dollar ödəyə biləcəyik”.
Mən dedim ki, yaxşı, onda mənə geri
dönüş bileti verin, geri qayıdım. Çünki
400 dollarla mən burada nə edə bilərdim ki? O cavab verdi
ki, narahat olmayın, burada tələbələriniz olacaq,
şəxsi dərslər verəcəksiniz, orda-burda
çıxışlarınız da olacaq. Amma məktəbin
özü - institut - sizə yalnız 400 dollar ödəyə
biləcək. Mən o vaxt hələ sovet təfəkkürü
ilə düşünürdüm. Anladım ki, bu adamlara
etibar etmək olmaz, açıq-aşkar yalan
danışırlar. Amma orda qalmağımın bir
yaxşı cəhəti də oldu ki, məni yaponlar kəşf
etdilər. Yəni eşitdilər ki, Sovetlərdən bir
pianoçu gəlib, virtuozdur. Elə bil gözəllik
müsabiqəsinin qalibi idim - bir konsertdən o biri konsertə,
ailədən ailəyə, bir evdən o birisinə
aparırdılar. Gün ərzində 16 saat fasiləsiz
çalışırdım. Çünki onlar mənə
çox yaxşı pul verirdilər. Təsəvvür edin,
institutdan ayda 400 dollar maaş alırdım, amma yaponlardan hər
həftə 400 dollar qazanırdım. Nə isə... Sonra, təbii
ki, oradan çıxmaq məcburiyyətində qaldım,
qayıtdım yenə Moskvaya.
Türkiyə həyatı
Türkiyəyə elə vaxtda getdim ki, Rusiyada iqtisadi
sistem çökmüş, defolt baş vermişdi. Moskvada vəziyyət
çökəndə - pullar, banklar, hər şey
dağılmağa başlayanda - kimin bankda pulu vardısa,
hamısını itirdi. Amma mən bir az şanslı idim. O
vaxtlar “Kosmos” otelində piano çalırdım. Hər
axşam 15 dollar nağd pul alırdım. Repertuar çox
geniş idi - “List”dən tutmuş “My Way”ə qədər hər
şeyi çalırdım. Çünki yaxşı duyumum
vardı, qulağım musiqini tez tuturdu. Dostlarım deyirdilər,
biz işsiz, pulsuz, yeməksiz qaldıq, amma sən işləyirsən.
Səni musiqi xilas etdi. Düz deyirdilər.
Getdim Türkiyəyə. Köhnə dostum Samir
Güləhmədov - kamança ifaçısı, uzun illərdi,
Türkiyədə yaşayırdı, onun evində
qaldım. Türkcə bilmirdim. Samir dedi ki, Rauf, mən,
arvadım Lalə və oğlum yalnız türkcə
danışacağıq ki, sən bu dili öyrənəsən,
burda rus dili söhbəti yoxdur. Bu üç nəfər
üç ay ərzində beynimi alt-üst etdilər. Mən
heç nə anlamırdım. “Rauf, sabah gedirik” deyirdilər.
Mən soruşurdum: “Nə? Çto?” Amma rusca danışmaq
qadağan idi.
O zaman başa düşdüm ki, yeni dil öyrənməyin
yolu əvvəlcə köhnəni unutmaqdan keçir. Öz
dilini sıfırlayıb, təzə dilə yer
açmalısan. Hətta Çin dilini də bu üsulla
öyrənmək olar - yetər ki, çinlilərlə
yaşayıb, onların mühitinə düşəsən.
İngilis dilini necə öyrəndim? Moskvada
kanadalı bir qız vardı. Soruşdu ki, sən mənə
rus dilini öyrədə bilərsən? Dedim: “Əlbəttə.
Amma sən də mənə ingiliscə öyrətməlisən”.
Beləcə, üç ay ərzində o mənə ingilis
dilini öyrətdi. İndi Şimali Kiprdə - Quzey
Kıprıs Türk Cümhuriyyətində yaşayıram,
orda işləyirəm, onlarla tələbəm var. Amma
Bakıya qayıtmaq istəyirəm. Mən burda uğurlu
müəllim, peşəkar pianoçu idim, öz sahəmdə
daha da yüksələ bilərdim, amma 90-cı illərdə
hər şey qarışdı, məvacibimiz olmadı,
dolanışıq üçün çıxıb getdik.
Ən əsas isə sənətə dəyər verən yox
idi. İndi vəziyyət çox dəyişib. Bir dəfə
Dostum Cavanşir Quliyevə dedim ki, Bakıda konsert vermək
istəyirəm, dedi ki, sənin xəbərin varmı nə qədər
zaman keçib və sən unudulmusan, kim sənin konsertinə
bilet alıb gələr? Sən o vaxtlar Rauf Kasimov idin, indi o
Raufu kimsə tanımır. Çox acı reallıqdır.
Bu sözlər mənim üçün çox ağır
oldu. Amma bir tərəfdən də haqlıdır, zaman
keçdikcə populyarlıq azalır, insanlar unudurlar.
Yaşım 70-i keçib artıq, saç-saqqal
ağarıb, addımlarım da ağırlaşıb. Amma
içimdə böyük bir arzu daşıyıram -
axırıncı dəfə Azərbaycanda, doğma vətənimdə
konsert vermək! Ölüm gəlməmişdən əvvəl
bu arzumu həyata keçirmək istəyirəm.
Sizə həyatımın bu səhifələrini
anlatmağımın səbəbi də budur. Bəlkə
birisi maraqlanar, deyər, görək bu insan kimdir? Axı bu
adam, yəni Rauf Kasimov 11 il
konservatoriyada müəllim olmuş, dünya səhnələrində,
beynəlxalq müsabiqələrdə laureat seçilmiş,
həyatını musiqiyə həsr etmiş bir insandır.
Uzun yolda son akkordlara doğru
Türkiyədə Ayla xanımla
tanışlığım həyatımın
dönüş nöqtəsi oldu. Çox yaxşı insandır, fizika müəllimidir.
Məni dəyərləndirdi, sənətimi, ifamı bəyəndi,
dedi ki, sən yaxşı musiqiçisən, yaxşı məktəbin
var və özün məktəbsən. Ailəm yox idi,
ayrılmışdıq. İlk həyat yoldaşım
Zülfiyyə xanım kamança ifaçısı idi.
Oğlum Rustam Şotlandiyada, Aberdin şəhərində
yaşayır. Neft mühəndisidir, vaxtilə Azərbaycan
Neft-Kimya İnstitutunu bitirib.
Ayla xanımla evləndik, o, iki dəfə mənim həyatımı
xilas etdi. Bağırsaqlarımda şiş tapıldı,
onunla birlikdə mübarizə aparıb, qalıb gəldik.
Sonra da ürəyimdən əməliyyat olundum. Yenə
yanımda oldu. Bunlardan sonra işləyə bilmədim, amma mən
müəlliməm. Tələbələrim evimizə gəlir,
öyrənirlər. Yoldaşım deyir, çox
danışmaq sənə ziyandır. Deyirəm, müəllim
danışmalıdır. Bəzən valideynlər gəlib
şikayətlənirlər ki, müəllim,
qızımızı bir müəllim yanına apardıq,
bir saat oturdu, ağzını açmadı,
uşağımıza bir söz demədi: “Saat bitdi, pulumuzu
aldı və yola saldı”. Mən elə deyiləm.
Ətraflı izah edirəm. Məsələn, siz
soruşsanız ki, Rauf bəy, bu nədir? Mən oturub
yarım saat onu izah edəcəyəm, necə çalınır, necə
uzadılır, necə duyulur - bunlar mənim işimdir.
Uzun illərdən bəri vətəndən kənarda
yaşayıram, bunu deməliyəm, çünki kənardan
hər şey daha aydın görünür. 44 günlük Vətən
müharibəsi günlərində biz azərbaycanlılar
yığışıb bir yerdə müzakirə edir,
gedişatı izləyir, bir birimiz
qürurlandığımızı dilə gətirirdik.
Açıq deyirəm, bizim Ali Baş Komandanın etdikləri
misilsiz şücaətdir. Hər yerdə bunu belə də
deyirlər. Biz dövlətimizin, dövlətçiliyimizin
arxasında olmalıyıq. Mənim heç bir təmənnam
yoxdur, düşündüklərimi deyirəm. Bizə indi
birlik hər zaman olduğundan daha çox lazımdır.
Ramilə QURBANLI
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.14;15.