İllərin
sınağından çıxan ilk və yeganə dərslik
Görkəmli ədəbiyyatşünas alimimiz,
professor Elman Quliyev uzun illər “Türk xalqları ədəbiyyatı”
dərsliyi üzərində çalışır. Təhsil
Nazirliyinin qrifi ilə 2011-ci ildə ilk dəfə çap
olunan dərsliyin təkmilləşdirilmiş yeni
çapı (Bakı, “Elm və təhsil”, 2025, 864 s.) təzəcə
işıq üzü görmüşdür. Dərslik illərin
sınağından çıxan və Azərbaycanın əlaqədar
dövlət universitetlərinin tədris proqramlarına cavab
verən ilk və yeganə dərslikdir. Dərsliyə
tanınmış alim və ictimai xadim, millət vəkili,
Beynəlxalq Mahmud Kaşqari Fondunun Prezidenti Cavanşir Feyziyev
“Böyük türk ideallarına xidmət edən kitab”
adlı son dərəcə maraqlı, dərsliyin məqsəd
və amalını açıqlayan “Ön söz”
yazmışdır. Cavanşir müəllim doğru olaraq
xüsusi vurğulayır ki,
ümumtürk həmrəyliyi və birliyinin möhkəmlənməsi
və inkişafında ədəbiyyatın rolu
böyükdür. Məqalədə İbn Sina, Nizami, Nəsirəddin
Tusi, Cəlaləddin Rumi, Nəsimi, Füzuli, Nəvai, Məxtumtuqulu,
Abay, Çingiz Aytmatov, Şəhriyar, Səməd Vurğun
kimi ədəbiyyat korifeylərinin bədii irsi mənəviyyatımızın
zəngin xəzinəsi kimi dəyərləndirilir və bu
çərçivədə mühüm vasitə hesab
olunduğunu və ortaq mədəniyyət konsepti
yaratdığını qeyd edir.
“Türk xalqları ədəbiyyatı” türk xalqları
arasında yaranan mənəvi körpünün ən
sağlam dayaqlarından biridir. Türkdilli xalqların milli ədəbiyyatlarının
ümumtürk ədəbi dəyərləri kontekstində
öyrənilməsi günün tələbidir.
Bu, dərsliyin orijinallığını və
yeniliyini şərtləndirən amildir. Ona görə ki,
Sovet dönəmində Sovet məkanında yaşayan
türkdilli xalqların arasında ən çox güclü
olan ədəbi-elmi əlaqələr sovetlər çökəndən
sonra yox dərəcəsinə endi. “Türk xalqları ədəbiyyatı”
öncəki ədəbi-elmi əlaqələrin bərpasında
əhəmiyyətli rol oynayır. Mən professor Elman Quliyevin
bu əvəzsiz dərsliyinə hər şeydən əvvəl
bu müstəvidən baxır və yüksək qiymətləndirirəm.
2024-cü ildə ortaq türk əlifbası barədə
qərar qəbul edildi. Ortaq əlifba, təbii ki, türk, Azərbaycan,
qazax, qırğız, türkmən, özbək, tatar,
başqırd, yakut, qaqauz, qaraqalpaq xalqlarının bir-birini
daha yaxşı anlamasını, dillərin
yaxınlaşmasını təmin edəcək. Elman Quliyevin
dərsliyi bu amala xidmət etdiyinə görə, türkdili
xalqların dilləri və ədəbiyyatlarının
yaxınlaşmasının göstəricisidir. Ortaq türk əlifbasının
yaradılması zamanın tələbi olduğu kimi ortaq
türk ədəbiyyatımızı əhatə edən dərsliyin
olması da günün ən aktual problemlərindəndir.
Təsadüfi deyil ki, alimin “Türk xalqları ədəbiyyatı”
dərsliyi 2022-ci ildə özbək dilinə tərcümə
olunaraq böyük tirajla Daşkənddə, 2024-cü ildə
isə Türkiyədə çap olunub. Hər hansı bir dərsliyin
başqa xalqlar arasında yayılması böyük hadisədir.
Bu, birdən-birə baş verməmişdir. Professor Elman
Quliyev türkdilli xalqlar arasında tanınan və etiraf edilən
alimdir. Elman Quliyev neçə-neçə dəyərli əsərlər
müəllifidir: “Türkiyə türk ədəbiyyatı”,
“Müasir özbək ədəbiyyatı tarixi”, “Orta əsrlər
türk xalqları ədəbiyyatı” və s. kitabları
deyilənlərə dayaq olur. O, türkdilli dövlətlərdə
keçirilən Beynəlxalq elmi konfranslarda ən arzuolunan
iştirakçılardan birinə çevrilmişdir. Alimin
konfranslardakı çıxışları və məqalələri
elmi-nəzəri səviyyəsi və pedaqoji əhəmiyyəti
baxımından fərqlənir.
Ona görə ki, o, bir an belə pedaqoji fəaliyyətdən
ayrılmır, dərs vaxtı dərslikdə düzəlişlərin
aparılmasını görür və dərsliyini həm
pedaqoji-praktik cəhətdən, həm də elmi-nəzəri
cəhətdən təkmilləşdirmək şansı əldə
edir.
Professor Elman Quliyev “Türk xalqları ədəbiyyatı”
dərsliyinə iki səhifədən ibarət yığcam
“Giriş” yazmışdır. “Giriş”də türk xalqlarının
tarixinə nəzər salınır, müasir
dövrümüzdən fərəhlə söz
açılır. “Türk xalqları ədəbiyyatı” dərsliyinin
yaranma zərurətindən, məqsəd və vəzifələrindən
bəhs edir.
“Giriş”dən sonra şərti olaraq dərsliyin 1-ci
bölümü adlandırdığımız “Türk
dastan yaradıcılığı”, “Türk dastanları”,
“Mahmud Kaşqarlı”, “Təsəvvüf cərəyanı”,
“Təsəvvüf cərəyanı və onun özəl
xüsusiyyətləri”, “Ümumtürk yazılı ədəbiyyatı”,
“Yusif Balasaqunlu” və “Əhməd Yəsəvi” bölmələri
gəlir. Bundan sonra isə “Türkiyə Türk ədəbiyyatı”,
“Azərbaycan ədəbiyyatı”, “Özbək ədəbiyyatı”,
“Türkmən ədəbiyyatı”, “Qazax ədəbiyyatı”,
“Tatar ədəbiyyatı”, “Qırğız ədəbiyyatı”
və “İraq türkman ədəbiyyatı” fəsilləri
gəlir.
Xalqımızın bir parçası olan iraqlı
soydaşlarımıza, onların yazılı və
şifahi ədəbiyyatına geniş yer verdiyinə görə
iraqlı soydaşlarımız adından professor Elman Quliyevə
minnətdarlığımı bildirirəm. Türkmaneli ədəbiyyatına
epiqraf kimi Ulu öndər Heydər Əliyevin: “Tarixi
araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan
və İraq Türkmanları bir bütövün
parçalarıdır” tarixi sözləri müəllifin
çox gərəkli işinə işıq tutur.
Professor Elman Quliyev bu fəslin giriş hissəsində
Türkmaneli folkloruna, onların ədəbiyyat tarixinə və
çağdaş durumuna nəzər salmış, İraq
türkman ədəbiyyatını yaradıb-yaşadanlardan bəhs
etmişdir. Görkəmli şairlərdən Əbdüllətif
Bəndəroğlu, Nəsrin Ərbil və Salah Növrəsə
geniş oçerklər həsr etmişdir.
Professor Elman Quliyevin gördüyü misilsiz işin dəyərinə
kölgə salmadan, arzu, istək
formada qeydlərimizi müəllifin nəzərinə
çatdırmaq istərdim. Dərslik yığcam olmalı,
ədəbiyyatçılara daha geniş yer verilməlidir.
864 səhifəlik dərslik ola bilməz. Bu heç cür tədris
proqramına sığmaz. Müəllif dərsliklə
müntəxabat materiallarını bir yerdə verməklə
dərsliyin qarşısında qoyulan tələbləri pozmuşdur.
Elə yazıçı və şairlər var ki,
yaradıcılığına 30 səhifədən artıq
yer verilmişdir.
Nəticədə, qırğız ədəbiyyatından
yalnız Çingiz Aytmatova yer verilmişdir.
Bəzi xalqların çağdaş ədəbiyyatı
tədqiqata cəlb olunmayıb. Məsələn, Türkmən
ədəbiyyatında Dövlət Məhəmməd Azadi və
Məxtumqulu Fəraqidən sonra ədəbiyyata gələn
qələm sahiblərinə yer verilməyib. Eləcə də
tatar ədəbiyyatından İsmayıl Qaspiralı,
Çengiz Dağçı və Musa Cəlildən başqa
kimsə dərsliyə daxil edilməyib. Musa Cəlilin
müharibədə həlak olmasından az qala bir əsr
ötür. Bu yaxınlarda Tatarıstanın, eləcə də
Qırğızıstanın xalq şairi Bakıya gəlmişdilər.
Nəzərə almaq, əlaqə saxlamaq, ədəbiyyata cəlb
etmək lazımdır.
Dərslikdə Azərbaycan ədəbi dilini hakim ərəb-fars
dilləri səviyyəsinə qaldıran İmaməddin Nəsiminin
adına rast gəlinməməsi ən azı təəssüf
və təəccüb doğurur.
Azərbaycanda sərbəst şeir məktəbi
yaradan Rəsul Rzanın dərsliyə daxil edilməməsi
doğru deyil. Rəsul Rzasız sərbəst şeirdən
necə danışmaq olar.
Qəribədir ki, dərslikdə sərbəst
şeirdən söhbət getmir.
Mənə belə gəlir ki, dərslik tale məsələsidir.
Dərsliyə kimlərin daxil edilməsi məsələsi
Yazıçılar Birliyində və Akademiyanın Ədəbiyyat
İnstitutunda müzakirə olunmalıdır. Doğrudur,
“Türk xalqları ədəbiyyatı” dərsliyinə daxil
edilən Nizami, Füzuli, Axundov, Sabir, Cavid, Şəhriyar, Səməd
Vurğun, Mirzə İbrahimov doğru seçimdir.
Mənə belə gəlir ki, dərsliyin gələcək
nəşrlərində Nəsimi, Rəsul Rza, Bəxtiyar
Vahabzadəyə altmışıncılar nəslinin
nümayəndəsi Məmməd Araza, Aşıq Ələsgərə
də yer veriləcəkdir. Bu o vaxt mümkün olacaq ki, dərslikdən
müntəxabat hissəsi çıxarılıb, ayrıca
kitab kimi nəşr olunacaq.
Qənaətim budur ki, adını çəkdiyim
görkəmli yazarlarımız dərsliyə daxil edilməsə,
Azərbaycan ədəbiyyatı yarımçıq
görünər.
Bir arzumu da bildirmək istərdim. Hər xalqın ədəbiyyat
nümayəndələri haqqında yazmadan əvvəl icmal
verilsə həmin xalqın ədəbiyyatı barədə
fikir formalaşar, dərsliyin sanbalı və dəyəri
artardı.
Professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı”
dərsliyi orijinallığı, yeniliyi, aktuallığı
ilə seçilən, gərəkli bir abidədir.
Zamanında ucaldılan bu abidəyə görə müəllifi
ürəkdən təbrik edir, yeni-yeni uğurlar diləyirəm.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü,
Əməkdar elm xadimi,
professor
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.12.