“Xoşbəxtəm
ki, həyatımda heç kəsə bənzəməyən
bir insanla yaşadım”
Mərhum Xalq şairi Vaqif Səmədoğlunun
ömür yoldaşı Nüşabə Vəkilova ilə
söhbət
5 iyun Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun
doğum günüdür. “Yoldan teleqram”, “Günü
baxtı”, “Mən burdayam, İlahi...”, “Uzaq, yaşıl ada”,
“Gürzəçöl yazıları” kitablarının
müəllifi olan şair “Bəxt üzüyü”, “İntizar”, “Uca dağ
başında”, “Lotereya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli
adam” kimi pyeslərin də müəllifidir.
Doğum günü ərəfəsində mərhum
şairimizi yad etmək üçün xanımı
Nüşabə Vəkilova ilə söhbətləşdik.
- Vaqif Səmədoğlusuz 11-ci 5 iyun. Doğum
günlərində onu necə yad edirsiniz?
- Onsuz da, o, daim mənimlədir. Adətən, biz onun
ad günlərində özünün xeyir-duası ilə
kitab çap etdirirdik. Vəfatından sonra da çap olunmayan
əsərlərini, şeirlərini çap etdirməyə
başladım. Biz Vaqiflə ailə quranda sözün
düzü, mən onun yaradıcılığı ilə
tanış deyildim. Bircə “Bəxt üzüyü” pyesini
bilirdim. Evlənəndən sonra artıq onun
yaradıcılığına daha dərindən baş
vurdum. Vaqifin yaradıcılığı sovet ideologiyasına
uyğun gəlmirdi. 1968-ci ildə kiçik həcmli “Yoldan
teleqram” kitabı, 1972-ci ildə “Günü baxtı”
kitabı çapdan çıxmışdı. İkinci
kitab çıxanda özü burada olmayıb. Gələndə
görür ki, kəsilmiş, doğranmış halda balaca
bir kitab çıxıb. Ondan sonra qərar verir ki, daha
şeirlərini üzə çıxartmasın. Xasiyyətində
də yox idi ki, kiməsə nəyisə sübut etsin,
hansısa nəşriyyatda redaktora nəsə izahat versin.
Yaza-yaza “susmağı” seçdi. Mənimlə evlənəndən
sonra ilk böyük kitabını nəşrə
hazırlamağa başladı. Bir gün baxdım ki, bu
iş çox ləng gedir, özümü verdim işə.
Başladım, şeirlərini makinada çap etməyə.
Artıq mən onun yaradıcılığı ilə
maraqlanmağa başladım, daha dərinə baş vurdum. Nəhayət
24 ildən sonra, 1996-cı ildə ilk böyük kitabı -
“Mən burdayam, İlahi...” çapdan çıxdı.
Sonradan isə digər kitablarının da çapa
hazırlanmasını öz üzərimə
götürdüm. Bir gün ona sual verdim ki, mən
olmasaydım, necə olardı, bu işləri kim görəcəkdi?
Dedi, mənim işim yazmaqdır, bəlkə də, cəmi
bir kitabım çıxacaqdı, yəqin mənim xoşbəxtliyimdir
ki, qarşıma sən çıxdın. İnsan
bütün dünyanı xoşbəxt edə bilməz, xilas
edə bilməz. Əgər bir insana bu hissləri yaşadırsansa,
yəqin ki, bu sənin qələbəndir. Nə gözəl
ki, kimisə həyatda xoşbəxt eləmişəm. Bizim
aramızda hər şeydən əlavə,
yaradıcılıq birliyi başladı. Münasibətlərin
möhkəm olması üçün bu, çox vacibdir. Bu
işbirliyinin mövcudluğu ömür yoldaşınla
münasibətlərin daha etibarlı və daha inamlı
olmasına gətirib çıxarır. Özümü
tamamilə onun yaradıcılığına buraxdım.
Baxmayaraq ki, elmlər namizədi idim, öz elmi işlərim
var idi, amma onun yaradıcılığının təbliği
mənim əsas qayəm oldu. Bu isə həm mənim, həm
də yəqin ki, onun xoşbəxtliyi idi. Biz bu yolla
bir-birimizi tamamladıq. Vaqif müəllim mənə hərdən
deyirdi ki, şairlə yaşamaq çətindir, axı sən
niyə mənə gəldin? Elə deyəndə mən də
dedim ki, indi də gec deyil, səhvimi düzəldə bilərəm
(Gülür). Dedi ki, yox artıq gecdir...
Yarım, dizlərinə döy,
Mən çıxdım qabağına,
Lənət şair cinsinin
Qarasına, ağına...
Özüm yaradıcı ailədə, musiqi aləmində
böyümüşəm, musiqi ilə məşğul
olmuşam və bu səbəbdən yaradıcı insanlar həmişə
mənə maraqlı olub. Musiqini poeziyadan daha çox sevirəm.
Vaqif müəllimə də demişdim ki, sən təkcə
şair olsaydın, mənə maraqlı olmazdın, ilk
növbədə musiqiçisən deyə sənə gəldim.
Bizim musiqi zövqlərimiz də üst-üstə
düşürdü. Deyirlər təsadüflər yoxdur. Yəqin
bizim görüşməyimizdə də bir hikmət var
imiş. Mənə deyirlər ki, sən çox xoşbəxt
qadınsan. Əlbəttə, xoşbəxtəm ki, həyatımda
heç kəsə bənzəməyən bir insanla
rastlaşdım, onunla yaşadım.
- Müsahibələrində də sizi çox istədiyini
xüsusilə vuğulayırdı.
- Əlbəttə, mənim ona,
yaradıcılığına münasibətimi görürdü,
özü də deyirdi ki, sevmək ilk növbədə əməldə,
işdə olmalıdır. Bilirsiniz, əsas odur ki, hiss edəsən
ki, sən bu insana lazımsan və onun sənə ehtiyacı
var. Onun mənə verdiyi dəyəri münasibətində
və mənə yazdığı şeirlərdə
görmək olar. O çox qeyri-adi düşüncə
sahibi idi. Ona görə də bütün
yaradıcılığındakı fərqlilik paradoksal
düşüncə sahibi olmasından qaynaqlanırdı.
- Vaqif Səmədoğlu realist şair idi. Onun tez-tez
ölümdən yazması sizi incitmirdi?
- Yox, incitmirdi. Xəstəlik vaxtlarında məndən
daha möhkəm idi, həyat eşqi daha çox idi. Deyirdi
ki, xəstələnəndən sonra həyatı daha
çox sevdim. Tənhalıqdan, ölümdən yazmaq o demək
deyil ki, həyatı sevmirsən. Dar çərçivədən
düşünməyək. Ölüm haqdır. Vaqif müəllim
deyirdi ki, mən ən xoş dəqiqələrimdə də
ölümü düşünürəm. Məncə, hər
anında ayrılığı düşünməlisən,
o zaman yanındakının, sevdiyinin, həyatın qədrini
daha yaxşı anlaya bilərsən. Onunla biz 20 il bir damın
altında yaşadıq. Amma bir saniyənin içində hər
şey ölüm qarşısında dağıldı, məhv
oldu. Ölüm, ayrılıq sanki bütün illərə
bərabər olur və ömür bir yuxuya bənzəyir.
Vaqif müəllimin bir misrası var: “Minorda ömür
sürüb, majorda ölmək, Baxın əsəri kimi”.
Çox təəssüflər olsun ki, istədiyi kimi
alınmadı... Ancaq son dəqiqəsinə kimi xəstəliyi
ilə qeyri-bərabər mübarizədə mərdlik
göstərdi və ölüm anında belə sağlam
düşüncəsini saxladı. Dedi, məni rahla, mən
gedirəm...
- Vaqif Səmədoğlunun belə bir sözü var
idi: “İnsan tənhalığından səs
çıxsaydı, fəryaddan bir anda bəşəriyyətin
qulaqları tutulardı”. Şairin tənhalıqla münasibəti
necə idi?
- İnsanların çoxu tənhalıqdan qorxur.
Vaqif müəllimin tənhalıqla bağlı şeirləri
çoxdur. O deyirdi ki, mən şairəm və şair tənhaqlıdan
qorxmamalıdır. Bu hisslər onun yazdıqlarının əsasıdır.
Fikrimcə, belə insanla ailə qurursansa, münasibətini,
sevgini göstərməyi bacarmalısan. Düzdür,
çox zaman ailə insanı tənhaqlıdan xilas etmir. Ancaq
bu insanla həyat yolunu birgə addımlayırsansa, ona
göstərməlisən ki, sən onun arxasındasan.
Çünki elə insanların həyatında həm
yüksəliş, həm də enişlər olur, buna görə
hər zaman onun arxasında durmağı bacarmalısan.
Yaradıcı insanların sevgiyə, diqqət və
anlayışa daha çox ehtiyacı var. Bu, asan deyil. Amma məncə,
sevgi varsa, hər şeyi yoluna qoymaq olur.
- Eşitdiyimizə görə, Yusif Səmədoğlunun
doğum günləri daha təmtəraqlı keçirmiş.
Səməd Vurğun öz yaxın dostlarını da
çağırırmış. Amma Vaqif Səmədoğlu
doğum günlərini daha sadə keçirirdi.
- Vaqif özü danışırdı ki, Yusif ailənin
ilk övladı idi və babasının adını
daşıyırdı. Ona görə onun ad günləri
daha təmtəraqlı şəkildə keçirdi, Səməd
Vurğun onun ad gününə ən yaxın
dostlarını, həmkarlarını
çağırırdı. Həmin gecələr
çal-çalğısız keçmirdi,
tanınmış xanəndələri dəvət edirdi.
Vaqif isə yay ayında anadan olduğuna görə ad günlərini
dostlarıyla bağda keçirməyi sevirdi, həm də təmtəraqlı
həyatdan uzaq idi. Ümumiyyətlə, bayram adamı deyildi,
bayramları ona mən sevdirdim. Biz evlənəndən sonra
artıq həm ad günlərini, həm də bayramları
daha geniş keçirtməyə başladıq.
- Şair bir növ şöhrətin zirvəsini fəth
etmişdi.
- Şöhrətin zirvəsi çox pafoslu səslənir.
Onun 1980-ci illərin əvvəllərində
yaşadığı subyektiv və obyektiv səbəblər
özünə qapanmasına səbəb oldu. Hətta 1970-ci
illər yaradıcılığını
yandırmışdı. Vaqif müəllimin
yaşadığı mənəvi əziyyətlər o
dövrdə yazdığı şeirlərdə öz əksini
tapmışdı. Bir də ki, şair üçün
yazdıqlarının illərlə çap olunmaması nə
deməkdir... Yaxşı ki o dövrdə bir neçə
pyes yazdı və yazdıqları uğur qazandı. “Bəxt
üzüyü” isə böyük anşlaqla keçdi. Deyirdi ki, mən xaricdə
yaşayasaydım və “Bəxt üzüyü” kimi əsər
yazsaydım, bir ada alardım. Əfsuslar olsun ki, bizdə
lazımi qiymət verilmədi. Əsərlərə görə
aldığı qonorar çox aşağı idi.
Şöhrət ona gec gəldi. Siz deyirsiniz ki, şöhrətin
zirvəsini fəth etmişdi. Amma məncə, 60
yaşından sonra qazandığı şöhrət
zamanında yaşadığı əziyyətlərin,
çəkdiyi mənəvi iztirabların təsəllisi idi.
O, şöhrət adamı deyildi, Vaqif o şöhrəti
görməyə də bilərdi. Ümumiyyətlə, Vaqif
Səmədoğlu iddialı adam deyildi və onun bütün
şeirləri də iddiasızdır.
- Sizcə, xoşbəxt idimi?
- Nə deyim? “Bəxt
üzüyü”ndə Moşu xoşbəxtliyə qafiyə
tapmadı. Xoşbəxtlik illüziyadır. Həyatda hər
şey nisbidir. Daha geniş mənada götürsək, o,
xoşbəxt deyildi. Dünyada gedən bütün prosesləri
bilirdi, ətrafında baş verənləri
görürdü...
Deyirdi ki, yaşa dolduqca suallarım çoxalır,
amma cavablar azalır və hətta yox dərəcəsinə
çatır. Yaradıcılığı üzə
çıxandan sonra Vaqif yəqin ki, hardasa xoşbəxt idi.
O deyirdi: “Əvvəllər fikirləşirdim ki, sabah
şeirlərimin əlindən tutub səkidən-səkiyə
keçirən olmayacaq. Bu gün başa düşürəm
ki, səhv etmişəm... Mən taleyimə minnnətdaram ki,
o, məni Vaqif Səmədoğlu kimi yaratdı”. Ləman
xanım, yəqin ki, bu fikirləri deyən insan hər halda məmnunluq
hissini yaşayıb. Bu gün mən özüm də
xoşbəxtəm ki, o, gənclər tərəfindən
sevilir və unudulmur. Şair taleyi üçün bundan
böyük xoşbəxtlik ola bilməz.
- Gəlin söhbətimizi şairin şeirlərindən
biri ilə yekunlaşdıraq.
- Bu dünya görüş yerimizmiş
həyat dediyimizlə
Bu dünya
Allahla ayrılıq nöqtəsi,
inamın yuxudan əvvəl
nağıla çevrilən gecəsiymiş.
Ayrılıqdan ayırlmayacağımız
yolayrıcı imiş bu dünya.
Bu dünya
şeytanların həbsxanası,
mələklərin sığınacaq yeriymiş...
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.10.