Berlində Türk
dünyasının elmi və mədəni töhfələrinə
dair beynəlxalq konfrans keçirilib
İyunun 3-də Berlindəki Azərbaycan Mədəniyyət
Mərkəzində “İnnovasiya və incəsənətin
ustadları: Türk dünyasının dünya elminə və
mədəniyyətinə töhfələri” adlı beynəlxalq
konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan,
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan
və Özbəkistanın Almaniyadakı səfirliklərinin,
TÜRKSOY-un və Yunus Emre İnstitutunun birgə dəstəyi
və təşkilatçılığı, TİKA-nın
tərəfdaşlığı ilə baş tutub.
Konfransın məqsədi türk xalqlarının zəngin
elmi və mədəni irsinin təbliği və bu irsin bəşəriyyətə
təsirini nümayiş etdirmək olub. Əvvəlcə
konfrans çərçivəsində TÜRKSOY tərəfindən
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində
təşkil edilən sərgilərin
açılışı olub. İştirakçılar
“İpək yolu” əl işləri, “Türk incəsənətində
qadınlar” və Türk dünyasından olan gənc rəssamların
əsərlərindən ibarət “Türk ruhunun ifadəsi”
adlı sərgilərə baxış keçiriblər.
Plenar sessiyada çıxış edən Azərbaycanın
Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyada yaşayan
türkdilli icmaların bu ölkənin ictimai, elmi və mədəni
həyatına mühüm töhfə verdiyini qeyd edərək
vurğulayıb ki, Türk dünyası 179 milyon əhalisi və
2,1 trilyon dollarlıq iqtisadi gücü ilə qlobal arenada
önəmli aktordur. Türk sivilizasiyası tarix boyu elm, incəsənət,
memarlıq və ədəbiyyat sahələrində bəşəriyyətə
dəyərli töhfələr verib. Səfir, Türk
dünyasının birliyindən danışaraq deyib: “Azərbaycan
üçün Türk dünyasının birliyi güc mənbəyidir.
Türk dövlətləri arasında əməkdaşlıq
təkcə uğurumuz üçün deyil, həm də dəyərlərimizin
və ənənələrimizin qorunması baxımından
yüksək önəm daşıyır”.
Sonra çıxış edən TÜRKSOY-un Baş
katibi Sultan Raev, Qırğızıstan səfiri Omurbek Tekebaev,
Türkiyə səfiri Gökhan Turan, Özbəkistan səfiri
Dilşod Axatov, Qazaxıstanın müvəqqəti işlər
vəkili Kadır Kassabulatov və Türkmənistanın
müvəqqəti işlər vəkili Ovazgeldi Cumanəzərov
türk sivilizasiyasının tarixdə və bu gün
dünya elminə, fəlsəfəsinə, incəsənətinə
verdiyi töhfələri diqqətə
çatdırıblar.
Konfrans daha sonra iki panel sessiyası ilə davam edib. Mədəniyyətə
həsr olunmuş birinci paneldə sənətşünaslıq
üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva
Üzeyir Hacıbəylinin və digər görkəmli bəstəkarlarımızın
dünya musiqisinə verdiyi töhfələr barədə
danışıb.
Elmə həsr olunmuş ikinci paneldə Bakı
Slavyan Universitetinin rektoru Anar Nağıyev Nəsirəddin
Tusi, Bəhmənyar, Yusif Məmmədəliyev, Kərim Kərimov,
Lütfi Zadə kimi Azərbaycan alimlərinin elmi irsini təqdim
edib və onların dünya elminə verdiyi töhfələri
vurğulayıb.
Sessiyalarda çıxış edən digər
türk dövlətlərinin alimləri və mədəniyyətşünasları
öz dövlətlərinin irsi və şəxsiyyətlərinin
dünya mədəniyyətindəki və elmindəki yeri barədə
geniş danışıblar.
Konfrans TÜRKSOY-un milli musiqi alətləri orkestrinin
möhtəşəm qala konserti ilə yekunlaşıb.
Konsertdə türk xalqlarının milli musiqisindən ibarət
çıxışlar, o cümlədən azərbaycanlı
ifaçıların – xanəndə Nisbət Sədrayeva və
Səfalı Mirzəliyev, tarda Ruslan Zərbaliyev,
kamançada Pərviz Fərhadovun ifaları alqışlarla
qarşılanıb.
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.9.