Azad olunmuş ərazilərdə hava limanları

Gələcəyə yönəlmiş strateji addım

 

Məlum olduğu kimi, mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.

Hava limanları hərbi təyinatlı obyektlərin yerləşdiyi bölgənin iqtisadi aktivliyinə səbəb olur. Bu baxımdan, Laçında istifadəyə verilmiş hava limanı məhz təkcə Laçının deyil, eyni zamanda, Kəlbəcər və ətraf ərazilərin logistik imkanlarını artıracaq, ticarət axınını inkişaf etdirəcək, həmçinin, yük və sərnişindaşıma sahəsində qovşağa çevrilməsinə imkan verəcək. Bununla yanaşı, yeni hava limanı turizm və xidmət sektorunun inkişafına böyük faydaları özündə ehtiva edəcək. Əlavə olaraq, bu, birbaşa və dolayı yolla kiçik və orta biznes subyektlərin ayrı-ayrı sektorlar üzrə inkişafına gətirib çıxaracaq.

Bu tip hava limanları bölgələrdə məşğulluğun artırılmasına xidmət göstərir. Laçın Beynəlxalq Hava Limanının daha bir müsbət tərəfi bölgənin investisiya mühitinin daha da yaxşılaşdırılmasına imkan verməsidir. Çünki nəqliyyat-logistika imkanları investorların qiymətləndirdikləri əsas faktorlardan biridir.

Millət vəkili Vüqar Bayramov deyir ki, Laçın Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə strateji əhəmiyyəti ilə yanaşı, eyni zaman iqtisadi üstünlüklərə malikdir. Çünki Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib: “Laçının strateji əhəmiyyətini nəzərə aldıqda, həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan yaradır. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur və bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın hava limanının rentabelli işləməsinə şərait yaradacaq. İstifadəyə verilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, işğaldan azad olmuş bölgələrdə, o cümlədən Laçın şəhərində hava limanının açılması kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir: “Təkcə iqtisadi yox, təhlükə nöqteyi-nəzərindən də Azərbaycanın qurduğu həm müttəfiqliklər, həm də təhlükəsizlik çətiri üçün önəmli əhəmiyyətə malik olan obyektlərdir. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək”.

İqtisadçı qeyd edib ki, bunun iqtisadi cəhətdən həm yerli iş yerlərinin yaradılmasına, həm də gələcəkdə həmin bölgələrin turizmlə qazandırılması üçün də ciddi önəmi olacaq: “Həmin bölgələrin, əsasən də Laçın, Kəlbəcərin çox böyük ekoloji və təbiət turizmi potensialı, fantastik gözəllikləri var. Biz bunu bazarlaya bilsək və bu hava limanı turistlərin cəlb olunmasında ciddi rol oynaya bilsə, mənə elə gəlir ki, yeni iqtisadi fürsətlərin yaranmasına da səbəb ola bilər”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov hesab edir ki, Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyəti olduqca böyükdür. Laçın şəhəri həm Ermənistan sərhədinə, həm də işğaldan azad edilmiş bir çox ərazilərə yaxındır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına, regionda istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışına öz töhfəsini verəcək.

Şöbə müdirinin sözlərinə görə, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə hava hava daşımalarının inkişafı milli iqtisadiyyatın mühüm istiqamətlərindən birini təşkil edir. Hava nəqliyyatının inkişafı həm sərnişin, həm də yük daşımalarının artırılmasına yönəlib. Bu sahədə görülən işlər müxtəlif istiqamətləri əhatə edir ki, bunun da əsasını yeni hava limanlarının tikintisi və modernləşdirilməsi, yeni hava daşıma marşrutlarının açılması, hava daşınmalarında rəqəmsallaşmanın tətbiqi təşkil edir.  

Aqil Əsədov vurğulayıb ki, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ölkəmizin imkanlarını daha da artıraraq Azərbaycanın hava daşımaları üzrə də bir HUB-a çevrilməsinə təkan verəcək. Şübhəsiz ki, hava limanları bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıqları da genişləndirməyə şərait yaradacaq. Bu, beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə və təhlükəsizlik səviyyəsini artırmağa kömək etməklə, hava nəqliyyatı sahəsində əlavə marşrutların açılması və uçuş coğrafiyasının genişləndirilməsi, ekoloji baxımdan təmiz texnologiyaların tətbiqi, regionlarda hava limanlarının potensialının artırılması, hava limanlarının logistik mərkəzlərə çevrilməsi kimi istiqamətlərdə də mühüm töhfələr verəcək.

Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, ölkə üçün strateji önəm daşıyır. Məlumdur ki, bəhs olunan ərazilər çətin keçilən reylef şəraitinə malikdir. Xüsusilə qış aylarında buraya nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşir. Qarabağda üç məkanda yaradılan hava limanları yenidən qurulan yüksək səviyyəli yollarla birlikdə bu çətinliyə birdəfəlik son qoyacaq və yayda, isti havalarda olduğu kimi, qış aylarında da Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana və digər yaşayış məntəqələrinə gediş-gəlişi mümkün edəcək.

İşğaldan azad edilən ərazilərdə bərpa işlərinin genişlənməsi ilə əlaqədar oraya daha böyük həcmlərdə yüklərin çatdırılmasının zəruriliyi getdikcə artır. Hava limanları bu tələbatı qarşılayacaq. Eyni zamanda, işğaldan azad edilən ərazilərdə yaşayacaq və yaxud Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Cəbrayılı, Ağdamı görmək, turist kimi bu yerlərə səfərlərə getmək istəyən insanlar üçün gediş-gəliş rahat, asan və əlçatan olacaq.

İşğaldan azad olunan ərazilərdə hava limanlarının inşası, həmçinin hərbi nöqteyi-nəzərdən də çox önəmlidir. Müharibə başa çatandan sonra Azərbaycan dövlət sərhədləri boyunca yeni zastavalar inşa edir. Yeni tikilən aeroportlar sərhəd bölgələrimizə hərbi təyinatlı yüklərin operativ qaydada çatdırılmasını təmin edəcək.

 

Sevinc QARAYEVA