Sultan Bəyazidin Mikelancelo sevdası
İmperatorların bacarmadığını bacaran
qadın
Son zamanlar yeni limanım tarixçi və yazar Rəşad
Əkrəm Qoçudur. İlk fürsətdə onunla
bağlı yazacağam, ancaq təəssüfləndiyim məsələ
başqadır: belə dərin bir şəxsiyyəti axı
niyə gec kəşf etdim?! Bu dövrdə həyat elə
sürətli axıb gedir ki, dəyərli nəsə və
ya kimisə tapanda insanı “gec qalmışlıq” hissi
bürüyür. Zənnimcə,
yaşadığımız çağın ən pessimist və
yayqın hisslərindən biridir. Təbii ki, kimə görə,
nəyə görə...
Bezmialəm Sultanın izinə qiymətli
tarixçinin kitablarından yola çıxaraq
düşmüşəm. Bezmialəm, Osmanlı dövlətinin
otuzuncu padşahı II Mahmudun həyat yoldaşı, Sultan
Abdulməcidin anasıdır. Ərinin ölümündən
sonra 16 yaşlı Abdulməcid taxta keçir. Bezmialəm də
32 yaşında Validə Sultan olur və 14 il bu mərtəbədə
qalır. Yaşı az və təcrübəsiz olan
hökmdarı Bezmialəm Sultan yönləndirməyə
başlayır. Təsəvvür edirsiniz, kiçik yaşda
kölə bazarından satın alınaraq saraya gətirilən,
padşah üçün hazırlanan, 13-14 yaşında ana
olan, üç oğlunu itirən, dördüncüdən
bütün gücü ilə yapışan gürcü
qız Osmanlı imperatorluğunu idarə edib. Nə rəvayətdir,
nə əfsanə; həqiqətdir, gerçəkdir. Bəzən
mənə elə gəlir ki, onu idarə edən hər
qadının ruhundan qopan bir parça İstanbula hopduğu
üçün bu qədər çılğın, dəli-dolu
yerə çevrilib. “Axı, İstanbulun qadın
hökmdarı olmayıb” deyənlər var. Doğrudur! Rəsmi
şəkildə olmayıb, lakin ölkənin tarixinə nəzər
yetirəndə, bəzi dönəmlərdə ölkəni
qadınların idarə etdiyinə əmin olmaqdan başqa
çarən qalmadığını görürsən. Bu,
sadəcə Osmanlı imperatorluğuna aid deyil, elə Bizans
da bura daxildir. İlahi, bir şəhərin səhəri ilə
günortası, günortası ilə axşamı bir-birinə
uyğun gəlməzmi? Yaxşı, səhəri,
axşamı qoyaq bir kənara, burada bir saat öncəki saatla
uyğunlaşmır. Dəqiqələr belə bir-birini təqib
etmir. Ayağını önə atırsan cümhuriyət,
sağa atırsan Osmanlı, sola atırsan Bizans, bir addım
geri gedirsən Şərqi Romaya düşürsən sanki.
Tarixi də elədir, düşünürsən ki, Hürrəm
və Kösəmdən betəri olmayıb, bir də
baxırsan ki, Bezmialəm illərin bir küncündən sənə
göz qırpır.
Sultanların edə bilmədiyini bacaran qadın
Doğrudur, ölkəni idarə edib, söz sahibi
olub, amma digərlərindən fərqli olaraq güc zəhərlənməsi
yaşamayıb. Əksinə, həyatını xeyir işlərə
həsr edən Bezmialəm Validə Sultan təvazökar həyat
tərzi ilə təqdir görüb. Adı, sayı
hesabı bilinməyən xeyir işlərində keçir. Xəstəxana,
məktəb, məscid, çeşmələr və bir
çox memarlıq abidələri inşa etdirib.
Günümüzdə ən çox tələb görəni
isə Qureba-i müsəlman xəstəxanası, digər
adı ilə Bezmialəm Vəqif Universiteti xəstəxanasıdır.
Bundan əlavə, Məkkədə Qureba-i müsəlman xəstəxanası,
Darülmaarif məktəbi, Bezmialəm Validə məktəbi,
Bezmialəm Sıbyan məktəbi, Qureba xəstəxanasına
aid məscid, Maçkada Validə çeşməsi, Silivridə,
Topqapıda, Beşiktaşda, Tarabyada, Kərbəlada, Mədinədə
müxtəlif abidələr inşa etdirib. Sultanəhməddə
inşa etdirdiyi Üçlər çeşməsini ölən
üç oğlunun xatirəsinə həsr edib.
Bütün bu abidələrin içərisində ikisi daha
diqqətçəkici gəldi mənə. Onlardan biri
Eminönünü Karaköyə bağlayan, hər gün
üstündə onlarla balıqçının balıq
tutduğu, yüzlərlə insanın yeriyərək
keçdiyi, minlərlə avtomobilin hərəkət etdiyi,
sağa-sola şütüyən tramvayların
ötdüyü məşhur Qalata körpüsüdür. Hətta
deyərdim ki, bura 1845-ci ildə Bezmialəm tərəfindən
inşa edilən ilk körpü hesab edilir. O vaxt dönəmin
şərtlərlərinə uyğun olaraq taxtadan
salınır. Buna rəğmən, 18 il xalqa xidmət edir.
Körpünün yenilənməsi Abdulməciddən sonra
taxta keçən ögey qardaşı Abduləziz tərəfindən
həyata keçirilir. İstənilən halda bu cür əhəmiyyətli
körpünün Bezmialəm tərəfindən tikilməsi
mənim üçün sürpriz, ümumi mənada isə
bu qadının iti zəkasından xəbər verir.
Çünki tarix boyu İstanbulun iki yaxasını birləşdirən
bir çox körpü inşası nəzərdə tutulub.
Hətta bu körpü “sevdası” VI əsrdə I Yustinian
dönəmində də gündəmdə idi. Hətta
imperator tərəfindən belə bir körpünün
inşa edildiyi deyilir. Di gəl ki, o körpünün harada,
necə tikildiyinə dair heç bir iz yoxdur. Növbəti
körpüsalma məsələsi Sultan Fateh Mehmet dönəmində
ortaya çıxır. O da körpü olmur, İstanbulu fəth
etmək üçün müvəqqəti keçid vasitəsi
olur. Əslində körpü də demək olmaz.
Çünki böyük çəlləkləri dəmir
halqalar ilə bir-birinə bərkidib, üzərinə
taxtalar yerləşdirmişdilər. Nişançı Mehmet
Paşa isə qeydlərində bu körpünün çəlləklərdən
yox, yanyana düzülən gəmilərdən ibarət
olduğunu yazır.
Leonardo da Vinçinin suya düşən İstanbul xəyalı
Gələk mənim üçün də sürpriz
sayılan digər tarixi hadisəyə: 1502-03-cü illərdə
bölgəyə qalıcı körpü inşa etməyin
vacib olduğuna dair müzakirələr başlayır. Həmin
dönəm taxtda Fatehin oğlu II Bəyazid vardı.
Körpü söhbəti İstanbuldan dünyaya yayılır,
oradan da Leonardo da Vinçinin qulağına çatır. Da
Vinçi Sultana içərisində çəkəcəyi
körpünün eskizi olan məktub yazır. “Cənəvizli
Leonardo adlı kafirin məktubu” adı ilə tarixə
keçən məktubda Da Vinçi, 240 metr uzunluğu, 24
metr genişliyi olan körpü inşa etmək istədiyini
yazırdı. Əgər tikilsə, o dönəm
üçün dünyanın ən uzun körpüsü
statusunu daşıyacaqdı. Ancaq niyəsə padşah bu
işə yanaşmır. Hətta Leonardoya cavab belə vermir.
Arxivlərdə Leonardonun “kafir” adı ilə bu məktubu
mövcuddur, amma padşahın cavab məktubu yoxdur.
Ona görə ki, Sultan Bəyazid, körpünü
Mikelancelonun tikməyini istəyirdi. Yazarkən belə inanmaqda
çətinlik çəkir insan, bir padşah Mikelancelo ilə
Da Vinçi arasında seçim edir, hətta digərinin az
qalsın yalvarış dolu məktubunu rədd edir,
Mikelancelonu razı salmağa çalışır. Belə
ki, Sultan məsələ ilə bağlı italyan heykəltaraşa
dəvət göndərir, ancaq Mikelancelo bu dəvəti qəbul
etmir, körpü işinə isə ümumiyyətlə
yanaşmır. Elə bununla da körpü məsələsinin
kitabı düz XIX əsrə qədər bağlanır. Ta
ki, Sultan Abdulməcidin anası Bezmialəm Validə Sultan tərəfindən
inşa edilənə qədər. Lap əvvəllər bura
“Validə körpüsü” deyilirdi. Körpünün
üstündən ilk keçən Sultan Abdulməcid olub.
Altından keçən ilk gəmi isə fransız
kapitanı Maqananın istifadə etdiyi Kyagne gəmisi olub.
Burada əsl məsələ nədir? Bizans imperatoru I
Yustinianın, Fateh Sultan Mehmetin, II Bəyazidin edə bilmədiyini,
kiçik yaşlarda əsr bazarından satın alınaraq
saraya gətirilən gürcüstanlı cariyə bacarır.
Bu cümləni yazmaqda məqsədim qadını
imperatorlarla, sultanlarla müqayisə edib onların
qarşısında kiçik göstərmək deyil, kölə
bazarından satın alınaraq bəlli bir nöqtəyə
gəlib heç kimin edə bilmədiyini edəcək qədər
iti zəkasının olduğunu göstərməkdir.
Əks halda oğlu 22 il taxta qala bilməzdi. Bezmialəm Sultan
1853-cü ildə Dolmabağça sarayında vəfat edir. Məzarı
Çəmbərlidaşda, II Mahmud Türbəsindədir.
Bezmialəm məscidi
Validə Sultanın adına olan və görənləri
məst edən digər abidələrdən biri də
Dolmabağça sarayının yaxınlığında,
sahil kənarında əzəməti və
memarlığı ilə baş gicəlləndirən Bezmialəm
məscididir. İnşası Validə Sultanın
sağlığında başlayır, amma
tamamlanmağını görmədən ölür. Oğlu
Abdulməcid tərəfindən tamamlanır və ibadətə
açılır. Məscid Dolmabağça sarayının
önündəki saat qülləsinin
yaxınlığına yerləşdiyi üçün
çoxları bura Dolmabağça məscidi deyir. Amma bu,
sadəcə xalq arasında bilinən adıdır. Abidə
XIX əsr Osmanlı memarlığına damğa vuran Balyan
ailəsinin əsəridir. Memarı Nikoğos Balyandır.
Qarışıq memarlıq modası
Abidə Qərb memarlığının Osmanlıya
ayaq açdığı dönəmdə inşa edilib.
Ümumiyyətlə, həmin dönəm barok, rokoko, ampir
üslublarının sintezi ilə əfsanəvi əsərlər
ərsəyə gətirilib. Məsələn, memarlıq
baxımından Bezmialəm tərzindəki məscidlərdə
xüsusi bir yenilik yox idi, ancaq əsl dəyişiklik ənənəvi
dəstixəttin, klassik motivlərlə birləşməsi,
fasadlarda əsrarəniz görüntülərində
özünü göstərir. Dönəmin ən önəmli
hadisəsi, memarlığa
qarışıqlığın hakim olması və Qərb
üslubunun ənənədən çıxması, eyni
zamanda İslam elementlərinin qarışdırılaraq
istifadə edilməsi idi. Bu baxımdan Dolmabağça məscidinə
aid olduğu dönəmin ən zövqlü əsərlərindən
biri olduğunu demək olar.
Abidə, dəniz kənarında atriumun ortasında,
dördbucaqlı, dörd sütun üzərində inşa
edilib. Üstü tək qübbə ilə
örtülüb. Aşağı hissələrdə dairəvi
kəmərlər mövcuddur. Qübbəyə yaxın
hündür divarların üzəri pəncərələrlə
əhatələnib. Klassik memarlıqda görünənin tam
əksi olan üsuldan istifadə edilib. Belə ki, divarların
üzərində oturdulmuş qübbə yüklənən
ağırlıqdan yanlara doğru aşmasın deyə,
künclərə əlavə dörd bucaqlıq qüllələr
yerləşdirilib. Üzərlərində barok-rokoko tərzinə
uyğun işləmələr mövcuddur. Dilimlənmiş
kimi görünən bəzəklərin içərisində
isə çiçək motivləri nəzərə
çarpır.
Məscid içərisində saray
Məscidin içərisində ampir üslubunda səkkiz
guşəli planda, qübbəli hökmdar qəsri var. Qəsr
kiçik saray tərzindədir. Yanlardan yuxarıya qalxan iki
pilləkəni mövcuddur. İçərisi həddən
artıq aydınlıq, işıqlıdır. Buraya məsciddən
yox, xüsusi yerdən girirsən. Kiçik saray tərzində
olan bu abidənin içində otaqlar mövcuddur. Minarələr
qəsrin iki tərəfindən ucalır. Üzəri akantus
yarpaqları ilə bürünüb. Akantus memarlıqda bitki
motivli işləmələr deməkdir. Döşəməsi
iri qırmızı kərpiclərdən və mərmərdən
qurulub. Qəsrin qübbəyə bənzər pandantivləri
ulduzlardan ibarət yağlı boyadan istifadə edilib.
Beşbucaqlı formada olan mehrab nişinin üzərində fərqli
tərzdə çiçək və yarpaqlardan ibarət
bitki bəzəklərinə üstünlük verilib.
Ortası çələnglə taclandırılıb. Minbər
iki rəngli mərmərdən və qotik tərzindədir.
1948-61-ci illərdə hökmdar qəsri də daxil olmaqla Dəniz
Muzeyi kimi fəaliyyət göstərən ziyarətgah,
muzeyin köçməsi ilə birlikdə yenidən ibadətə
açılır. Bu gün kifayət qədər
yaxşı vəziyyətdə olan abidə
axırıncı dəfə 1966-cı ildə Vəqflər
İdarəsi tərəfindən restavrasiya edilib.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.21.