Yay soyuqluqları
Esse
Yaz sevginin, payız ayrılıqların fəslidir. Yəni
çox vaxt belə tərənnüm olunub. Qış
ağrının, ağırlığın, ehtiyacların və
dərin düşüncələrin
mövsümüdür. Bunu da uzandıqca uzanan qış gecələrində
yuxusuz, düşüncələri lopa-lopa yağan qar kimi
önünə tökülən adamlar kəşf edib, deyəsən.
Amma yayın xüsusi bir missiyası yoxdur sanki. İnsan hissləri
qızmar günəş altında donub qalır. Daha çox
fiziki və maddi dəyərlərin özünü qovrulan
quma sərdiyi bir fəsildir. Dənizlər həmişəki
kimi onsuz da qaranlıq, sahillər isə hər zaman olduğu
kimi o qaranlığı seyrə çıxanların məkanı
olur. Səhərləri şəhər
çılğınlıqları ilə keçən bir fəslin
üç-dörd saatlıq gecələrində qəfil bir
kimsəsizlik, məchul hüzn yaxalayır adamı. Balkonda
oturub səhəri gözləyənlərin
damağındakı siqaretin tüstüsü isti havadaca
asılı qalır, sonra min bir xəyal, xatirə ilə ciyərlərinə
dolur. Həmin üç-dörd saat üç-dörd il
uzağa aparıb tullayır adamı. Yolunu çoxdan
ayırdığın adamların siluetinə calayır divara
yansımış kölgəni. Dondurma yeyən
uşaqların sevinci qədər çəkir divardakı
kölgənin həmin siluetlərlə yanaşı
addımlaması. Hansısa pis bir xatirə təzədən
qopardır onları bir-birindən.
Nədir o siluetlərin arxasınca gələn xatirə
seli? Niyə bizi ən gücsüz, ən
hazırlıqsız vaxtımızda gəlib tapır? Qəribədir
ki, insanın bütün duyğulara qarşı immuniteti olsa
da, bircə xatırlamağa qarşı tərki-silahdır.
Unutmaq deyəcəksiniz? O da xatırlamağın bir bəhanəsidir.
Bir dəfə Aqualuzanın “Kaş unudaydım” romanı
haqqında yazmışdım. Yazının adı belə
idi: Tarix - unutmaq haqqında əhvalat. İndi bunun əksini
düşünürəm. Unutmaq - tarix haqqında məşhur
əhvalatdır. Zamanın süzgəcindən keçirə
bilmədiklərimizi atdığımız keçmiş
qovluğudur. Axır-əvvəl yenə gəlib əlimizə-ayağımıza
ilişir. İnsanın mahiyyətində unutmaq haqqında
heç nə yoxdur. Yəqin Adəmin bir cəzası da unuda
bilməməkdir. Həmişə xatırlamalıydı. O
da, ondan olanlar da. Qorxunun, sevginin, əzizliyin
özülüdür, mayasıdır xatırlamaq.
Xatırlamaq da yalnızların vərdişidir.
Dünya elə bir şəklə büründü ki, tənhalıq
ən böyük faydaya, gücə çevrildi. Təbii ki,
fərdi gücə. Beləcə bütün kütlələr,
münasibətlər parçalanıb səpələndi mənzil-mənzil,
otaq-otaq. Aristotelin çox məşhur bir fikri var: Tənhalığı
sevənlər ya vəhşi heyvan olmalıdır, ya da
Tanrı. Nə vəhşi heyvanıq, nə də göylərə
çəkilmiş isimsiz bir Tanrı. Tənhalığı
sevmək indi o qədər adi bir hala çevrildi ki, bununla biz
də mahiyyətimizə qayıtdıq. Heyvani, ali olana
çata bilməyən mahiyyətimizə. Elə bayaqkı
balkondaca göy üzünə baxıb ulduzların
işığı ilə xəritə çizəndə nə
qədər balaca, xatırlamaq üçün də, unutmaq
üçün də nə qədər gücsüz
olduğumuzu aydın başa düşürəm.
Ulduzların altındakı küçə lampaları nə
qədər xırda və lazımsız görünürsə,
yəqin ki, bizim də mahiyyətimizdə o
lazımsızlığın izləri aydın görünməli
idi. Təbiətdə vəhşi heyvan ola bilməyən, cənnətdə
də Tanrıya lazım olmayan bir əcdadın soyundanıq.
Yarımçıq mələklərik. Yay gecəsinin
hüznündə bu qədər uzaqlara qalxmağın da
ağır bir enişi olacaq, əlbət. Amma əvvəlcə
tənhalığa da bəhanə tapmaq, onu da toxtatmaq
lazımdır. Kimin üstünə atasan bu günahı?!
Kim istəyər ki, tələsib gecəsinə
çatdığımız bir yay gününün
axırında səhərə kimi yuxusuz qalmağı?! Rəqəmsal
həyatımızın bizə verdiyi rahatlıq
yaddaşımıza və keçmişimizə ziyan vurur.
Xatirələrimizi və ümidlərimizi əl boyda alətlərə
sığdıraraq, istədiyimiz vaxt və hara istəsək
gedə bildik. Bununla belə, sorğu-sual etməyə fürsət
tapmadığımız keçmişin və zamanın
ağırlığını çiynimizdə
yaşamağa davam edirik. Keçmiş heç vaxt yox olmur,
ömrümüzün sonuna qədər bizimlə
yaşamağa davam edir. Tərcümeyi-halımız kimi
sosial həyatlarımız nə qədər yenidən
yazılsa da, “unutmasan, yaşaya bilməzsən” desə də,
nə qədər keçmişimiz, xatirələrimiz məhv
edilməyə çalışılsa da, onlar hüznlərimizin
güzgüsü olmağa davam edəcək. Qospodinovun
yazdığı kimi: “Seçim çox sadədir - əgər
gələcək haqqında heç nə bilmirsənsə,
səsini keçmişə verəcəksən...” Hər nə
qədər siyasi bir mesaj kimi səslənsə də, sosial həyatımızın
ən yaxşı təsəllisi ola bilər bu cümlə.
Həmişə xatırlayacağıq. Qoxular, rənglər,
səslər, qışqırıqlar, qırıq vazalar, köhnə
ayaqqabılar, qanayan barmaqlar, çirkli dəsmallar,
ütülənmiş yaxalar, qarışıqlar, məxmər
yastıqlar, dişli meyvə bıçaqları,
şişmiş gözlər, ərimiş qar, uzun bir
qaranlıq, solğun dodaqlar, çatlamış, soyuq, qoca əllər,
əhəngli küplər, qapının
cırıltısı, ürək döyüntüləri,
otaqda bir parıltı, doğum, xəstəlik və
ölüm. Çünki bunları əzbərləyir və
elə bu cür bir yay axşamında onlara zehnimizdən yenidən
azadlıq veririk. Xatırlamaq ağrılıdır.
Yaddaşımızda əsnəyə-əsnəyə oyanan,
qəfildən xatırladığımız bir xatirə ilənələrin
canlanacağını heç vaxt bilməyəcəyik. Bir
gün bu qəribə yay gecəsinin başqa bir şəhərdə,
başqa adamların arasında gətirəcəyi
hüznün bilinməzliyi kimi.
Rəvan
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.20.