Bayquş və Qarovulçu
Hekayə
Qarovulçu adəti üzrə, sübh namazına
qalxıb boyun-boğazına soyuq su çırpdı.
Yaxşıca yuyunub qurulandı, dəstəmaz aldı.
Eşiyə çıxıb, həyət-bacaya kənardan
göz gəzdirdi, əlinin bərəkətinə baxıb
qürrələndi.
Hər şey cağbacağ yerində:
bağ-bağat tər-təmiz, vaxtaşırı bolluca su
verib, əkib-becərmişdi, özü demişkən,
gül gülü, bülbül bülbülü
çağırır, baxdıqca, qulluğunda durduqca təravətlənir,
nazlanırdı. Bax, budey, qoca bağbanın ruhunu oxşayan
güllər, - min cür rəngləri, ləçəkləri,
laləzar çəmənlik, alağı,
çör-çöpü yox, bal tök barmaq yala və
divar boyu cərgələnmiş bol-bəhrəli meyvə
ağacları: hamısı, hamısı ətə-qana gəlmişdi...
...İntəhası, neyniyəsən ki, iş tərs
gətirəndə, xəşil diş sındırar...
Ağzı yumulmuş bayquş haradan peyda oldu?
Və qərib gecələrin birində qəfil gəlişi
ilə necə ulamağa başladısa, ipin ucu
qırıldı, kələfi pozuldu... xeyir-bərəkət,
hörmət-izzət - hər şey yağlı əppəy
olub qeybə çəkildi...
İki həyət o tərəfə, bayquş
özünə, sanki cəhənnəm yuvası qurmuşdu:
deyilənə görə, sahibi nə qələt eləmişdisə,
tutub içəri salmışdılar, hələ indi də
cəzasını çəkir... Düşər-düşməzinə
görə yaxın durub almaq istəyən yoxuydu, ot-əncər,
qurd-quş basmışdı oraları.
Bəduğur bayquş, qolu-qıçı
qırılmış, qaşına-qaşına, gəlib
keçmişdi kor ocaq başına, qaranəfəs zinhar
tökməyə başlamışdı...
Və bir gün, bağın yiyəsi işə gedərkən,
dönüb gözətçinin şüşəsini
döyəclədi. Ədəb-ərkanlı, təmkinli bir
adam qəzəbindən bulud kimi tutulmuşdu: “A
kişşiii!.. - salamsız-kəlamsız, heç vaxt
olmadığı kimi... - O tərəflərdə neçə
gündü bir bayquş donqarıb, gecələr ulamaqdan
yorulmur. Görürəm, heç vecinə deyil sənin,
ancaq mən onun səsinnən yata bilmirəm bütün gecəni,
qor dolur yatağıma...”
Bağın yiyəsi qulluq sahibi idi, diqqətcil,
böyük-kiçik bilən, hamıya əl tutub hayan duran.
Heç bircə gün keçməmişdi, səhər yenə
işə gedəndə, əlinin işarəsiylə,
acıqlı soruşdu ki, nooldu?!
- Allahın quşudu da, məəllim... - Demişdi
ki, qarovulçunun sözünü kəsib, sifətini
turşutdu:
- A kişi! Bura bax, Allahnan nə işin var sənin!?
Lənətə gəlmiş o quşu tapıb vurmaq
lazımdı! Tüfəngi havayı yerdən nə söykəmisən
o divara? Neynirsən elə, bilmirəm, əlinə duz bas,
yuxuna zəhər qat... amma yum onun ağzını! Səsini
eşidən kimi, ətim ürpəşir...
O, nə fikirləşdisə, duruxdu, yaxın gəldi,
könül alırmış kimi, səsinin avazını
aşağı salıb:
- Səən gəl, eşit məni, əmi! - dedi. -
Yadındamı, kənddə başıma gələnlər?
Rəhmətlik dədəm, sənin dostun, sonralar
danışırdı ki, bəəəsss mən bələkdəykən,
elə qırxım çıxan günü, anam gəlir məni
yelləməyə. Görür nəəə??? Baaaxxx, bu
sinəmin üstündəcə, bir boz gürzə
...qıvrılıb yatıb. Qorxudan, nə təhər
haray-həşir salırsa, rəhmətlik anam, hamı
tökülüb gəlir... İstəyirlər
öldürsünlər, babam, yaranal bir kişi ürəkli
cumub, təpinir onlara. Salavat çəkib ovsunlayır,
“çıx get, Allahın heyvanı”, - deyir, - “çıx
öz yolunla get, yuvana çəkil!” İlan ovsunlanmış
kimi, başın qaldırıb fısıldayır,
açılıb düşür beşikdən, otluğun
içinnəncə qeybə çəkilir...
O, qarovulçunun papirosundan birini götürüb
yandırdı. Meyli olmasa da, acı tüstünü
şövqlə çəkdi ciyərlərinə:
- Həə, sonralar babam deyərdi ki, düz eliyib
qoymadım, bala, bu, bəxt ilanıydı, günahdı,
öldürmək olmazdı onu... Belə ilanlar hər yetənə
pənah gətirib sinəsində yatmaz... Görürsən də,
a kişi, məəəənnn, ilanla da yola gedənəm...
Sən gəl, tovlama mənim başımı! Nə gizlədim,
bayquşun özünnən də, səsinnən də zəhləm
gedir. Yuxum zinhar olur... Vur, rədd elə onu, sən Allah...
Qarovulçu uzun, arğac kişiydi, həyəcanlananda
soyuq tər basırdı, gözü-qaşı əsirdi.
Hiss edirdi ki, kotan kimi bərk kötüyə ilişib.
Papirosdan bir qüllab vurub, fikrə getdi. Dərdini kimə
desin, bu işə necə əlac eləsin?!.
Neynəsin yazıq, haranın daşın salsın
başına?! Hardan uçub gəldi qanadı
qırılmış, qocanın ağrımayan başına
necə dəsmal bağladı?!
Adama ta nətəhəər deyərlər: ya
bayquşu öldürüb ağzını yummalı, ya da,
onun yerinə özün rədd olub getməlisən!..
Yaman yerdə axşamlamışdı, burda deyillər
eee... “heç bayquşun da dar olmasın qəfəsi!..”
lll
Tələsik həyətə, qoşa qol kimi
çarpazlaşan küçəyə çıxıb,
çökdü qapının ağzındakı
oturacağa, yanğısını
söndürürmüş kimi, papirosunu axıracan, lap sinəsi
dolanacan çəkdi. Həyət-bacalardan, dolaşıq məhlələrdən
burulub gələn yellər onun tərləmiş
qasığınacan yayılıb can verdi.
Əyri döngənin o başınnan gələn hənirtiyə
çevrildi. Üzbəüz bağın gözətçisi
şellənə-şellənə gəlirdi, qoy görək,
az idi arıq-uruq, biri də gəlsin dabanı cırıq...
Qarovulçu ağzını əydi: “Bayquşun
dimdiklədiyi həşərat da yaxşıdı bunnan, qələt
eləyib beləsinə əl uzadıb, ürək
açarlar, ay başıboş?!”
Ertəsi gün, it tayadan düşməmiş,
qapıbir həyətin yolunu birgə təmizləyəndə,
o, dilini dinc qoymadı, bayquş söhbətini açıb məsləhətləşdi
qonşu gözətçi ilə, “əl tut, köməkləşib,
bir yerdə bu işə bir əncam çəkək”, - dedi.
Zalım balası o gedən yağlı əppəy olub, yoxa
çıxmışdı, gündüzlər itir, gecələr
çıxır üzə - bayquş kimi... Bütün
günü də dəm, o qədər vurur ki, iylənib cəmdəyə
dönür...
“Bir bayquşun kor nəfəsinə dəyməz,
dingiş köpəyoğlu!” - qarasınca deyindi onun. - “Budey,
genə hardansa doldurub tuluğun, şalvarın darta-darta, elə
yeriyir, elə bil, qırx eşşəyin
sağınınnan gəlir...”
Sıtqı sivrilmiş kimi, yelləndi: “Qoy yaxın gəlsin
qaranəfəsin balası, görək harda
qurtdanırmış...”
Qonşunun sidik kisəsi tez-tez
qızdırırdı, yanpörtü yeriyir,
qasığını sıxıb təntiyirdi, elə ki,
içdi, tablaşa bilmirdi, topuğun isladırdı... Yeddi
qarış aralı iydən adamın ödü
ağzına gəlir, qarmaqarışıq cecə
arağınnanmı, ya peşovdanmı - bilmək olmurdu...
Hallı idi, qanı coşmuşdu. Çatan kimi,
zarafatla: “Bayquş ovçularına eşq olsun!” - dedi və
çırtma çalıb, qafiyə tutdu:
- Səən, qadasın aldığım şair
Vahidin rübabına bir baax:
“Öz xəlqinə hər kim mey içib, versə əziyyət,
Olsun yeri bayquş kimi, viranələr içrə...”
Baxdı ki, sözləri havada qaldı, duruxdu.
Qocanın qanı qara, heç əhvalı yox və
günahını yuyurmuş kimi, canıyananlıqla
soruşdu:
- Həə, qonşu, nooldu bəəə sənin
xozeyinlə söhbətivin axırı, nə qərar verə
bildiniz?
- Nə bilim, eeee... - qoca güllə kimi
açıldı - elə o gedən itmisən, bilmirəm, sən
havaxt yaralı bir barmağa zad eliyəsssən?!
Qonşu gözətçi, elə bil sözə bənd
idi, ayaqlarını cütləşdirib, təzim etdi:
- Bəəə çeeeşşşmmm!!! Məəən
haaazıır... mən sənin qulluğunda, ağsaqqal, mən
ölüüm! Yağlayaq tüfənglərimizi, ataq
partapart. Hamını, bütün məhləni bezdirib, yemək-içməyimiz
də zəhər, gülləboran eləməsəm, onda
içdiyim haram ola...
- Hə dəəəə... Kişi içini
çəkib, qonşunun sözünə dəstək,
özünə ürək-dirək verdi. - Gərək səbrimizi
basıb, yaxşıca güdək onu, axırına
çıxaq, andır səsi bit-birə kimi daraşıb
canımıza... Çox sırtıq quşdu,
gözdüyür, əl-ayaq yığışannan, hamı
yatannan sonra, yuxunun şirin vaxtındaca, şonquyub qonur
buralara, səsini də atır başına,
ağzıyumulmuş, ula ki, ulayasan... Viran qoymasa buraları,
bir qismət çörəyimizə bais olmasa, əl çəkən
deyil!..
Və dəmiri isti-isti, səbirsiz sözkəsdi elədi:
- Bir şüşə cecən məndə, sən
öl!.. Qutaraq ee bu işi, təhər-töhmətdən
abrımız getdi...
- Meysiz-badəsiz də düzələr, əmican! Od
qonşusuyuq, ayıb dööyüülmü?!
Bağladıq söhbəti, amma gərək əvvəlcə,
barmağımıza duz basıb əməlli-başlı
güdək o şoğəribi...
lll
...O günnən qarovulçu bir əlçim
şirin yuxuya həsrət qalmışdı, qara-qura fikirlər
beynini qarışdırır, qəlbini əzirdi... Elə
ki, gözünün hovunu almaq istəyir, rəhmətlik
arvadı yuxusuna gəlir, ah-naləsi qulaqlarına dolur,
vay-şivənlə, ölüsünü qoyub dirisini
ağlayır. “Gəl ay kişi, yalqız qoymusan məni,
heç itirib-axtarmırsan, yada salmırsan, yeddi ağac uzaq gəzirsən
məndən... Gəl, hardasan?” - deyib fəryad qoparır.
O, dikəlib yatağında çöməldi. Vallah,
bayquşun nəfsi, nıfsıdı bu yuxular, başı əzilməlidi,
gözü çıxarılmalıdı...
Fikirlər çözələnir, qara-qura xatirələr
közərir, cızdağını
çıxarırdı.
Qızının, cavan ikən, nifrət elədiyi səfeh
bir tayfanın çiy süd əmmişinə qoşulub
qaçmağı, elə o gedən, hansı cəhənnəmdəsə
itib-batmağı, vəfalı arvadının balasını
haylayıb dərdindən azara düşməyi, əriyib
çöpə dönməyi və bir gecənin dar
vaxtında, ərinin qolları üstündəcə can verməyi...
Özünün isə, çölə-bayıra
çıxmadan, qırx gün, qırx gecə bayquş kimi
ulaması, uşaqların təhər-töhmətinnən
sonra, başını qatmaq üçün, dostunun
oğlunun istəyilə, onun evinə gözət çəkməyə
razılaşması, bağ-bağata dərhal isinişməsi
və işlərinin sahmana düşməsi, ali məktəbə
qəbul olan oğul nəvəsinin vaxtaşırı ona
baş çəkməsi, hər şeyin öz axarına
düşməsi bir titrək kölgə kimi gözlərinin
qarşısından gəlib keçdi.
Di gəl ki, bayquşun qəfil gəlişi,
özü də bu tərəflərə köç
salması sahmanı pozdu, hər şeyi zəhrimara döndərdi,
zəqqutun elədi...
Hə, necədi, atam balası, di çıx
görüm, bu düyünnən?! Dartıb üzərsən,
ipin elə yerdən qırılar ki, el yığıla, ilgəh
tapılmaz.
lll
...O günü nəvəsi babasını
yoluxmağa gəlmişdi, əli çatan pay-püşlə.
Düzdü, Allah rizası, bağın yiyəsi, urvatlı,
mərdanə bir insan idi, qoymazdı bir çətinliyi olsun
onun, amma nəvədi, payı da özü kimi şirin...
Ancaq budəfəki gəlişi ilə o da bir yandan korladı
işləri. Babasının təlx olmuş əhvalının
səbəbini biləndən sonra, atası kimi,
qırsaqqız olub yapışdı onun yaxasından, elə
bil dilotu yemişdi.
“Baba, sən nə danışırsan, güllə nədi,
vurub öldürmək nədi?! Köhnə təfəkkürünüzü
bir qırağa qoyun?! Bayquşun sizinlə nə işi,
öz həyatıdı, yaşayır... Bəy quşudu ee
bu, bəy quşu! Necə qıyıb güllə ata bilərsən
ona, ay baba?!”
Zalım balası, elə bil, dərs deməyə gəlib
bura: bildiklərini, oxuduqlarını hüdüləyir,
babasını bu nainsaf yoldan çəkindirmək
üçün gözünü qırpmadan
danışırdı: “Bilirsən, babacan, dəcəl
balaları analarının ağuşuna birdən atlanır
deyin, cırnaqları anasının gözünə batıb
kor edər, o da müdrik səbirlə dözər,
ağrıyıb-acımaz, sevər öz
çağalarını... Bax, elə ona görə də
miflərdə adına “Ana bayquş” deyirlər”.
Qoca özü də uşaq vaxtlarından
görürdü ki, hamı bayquşun zəhmindən, naləsindən
qorxur, yerindən duran onu lənətləyir, qovur,
daşlayır, qarasınca deyinir.
İlahi, binəva quşcuğazın alın
yazısımı bu? Yoxsa, belə hədyanlarla gecələrmi
əriyəcək, xarabalıqlarmı qeyb olacaq? Ya yazıq
quş bayquşluğundanmı çıxacaq?!
Baba dizini uzadıb nıqqıldadı:
- Düzdü, “bayquş necədirsə, şöhrəti
də elədir” məsəlini mən də eşitmişəm.
Amma a bala, neynəyəsən ki, bayquş
xarabalığı seyrangaha dəyişməz, viranəliyə
köç salar... Burdan da, bağın yiyəsi dirəşib.
Daşlamağınan, qovmağınan gedəndi, ya
ağlı olan da bayquşa güllə atar?!
Bu söhbət çıxandan, kişinin
yaddaşı təzələnib, dərin dərələrdən
yel çəkir, canında simləyirdi. Uşaqlıq
çağları, el-obanın yaşam tərzi, inancları,
daşlaşmış adət-ənənələr, kənd
arvadlarının, heç nə yox, tək elə bu
bayquşla bağlı qorxuları, təşvişlə
keçən gecələri, “üzü bülöv həşərat!”
deyib daşladıqları, çarəsiz qalanda gecələr
damların hündür yerinə, bayquşu diksindirib
qaçırdan qırmızı parça bağlamaları,
qapıların cəftəsindən pişikcırnağı
asmaqları, anaların körpələrin döşünə
alaqurşaq dağdağan budaqları tikməyi...
Zaman dəyişir, inanc, vərdiş, etiqad və...
onu yaradan insanlarsa dəyişmir...
Bayquş da ki, öz bayquşluğunda...
Çox qəribə quşdu, heç bir canlıya
qoşulmadan, tək-tənha dolanır və sanki lal
sükutun, sirli kainatın və mübhəm gecələrin,
özü ilə gizlətdiyi sirlərin keşiyini təkbaşına
çəkmək istəyirdi.
“Sən onun ildırım gözlərinə
baxmısanmı, baba, gör qaranlıqda necə
alışıb-yanır?! - deyir nəvəsi. - Ölü
can yeməz, bərk dimdikləriylə təbiəti
qurd-quşdan təmizləyər, qaralayıb
şığıdığı ovunu-qovunu boşuna
buraxmaz... Beyni, qan damarları dayanmadan qaynayar, boynu, fəqərə
sümükləri çevik - bədənini bir səmtdə
saxlasa da, başını tam bucaq altında fırlada,
qaranlığın hər qarışını görüb
izləyə bilər. Qulağı, heç bir canlıda
olmayan kimi, darı dələr. Eeeee, ay baba, onun adıyla o qədər
miflər, nağıl, rəvayətlər var ki... Yormuramsa,
qulaq as, bəlkə quşunu oğurlayıb, əlini nahaq
qana batırmaqdan qoruya bildim...”
Nəvəsi dil-boğaza qoymur: “Bayquş sizə
neyniyib, hə, baba? Onun uğursuzluq, ölüm xəbərçisi
olmağı uydurmadı, vallah, inan mənə! Gözləri
qaranlıqda parlayır deyə, böcəklər, xırda həşəratlar
çaş-baş qalıb onun işığına doğru
gedir, ovuna çevrilirlər. Bilirsən, baba, bayquşun
müdrikliyi həm də türk şamanlığından gəlir.
Şamanlar, hətta papaqlarına bayquş tükü
taxarmışlar...”
Baba başı ilə təsdiqləyib,
bığaltı gülümsədi: “Vallah, belə
baxıram, bu uşaq mənnən ağıllıdı, nəyi
düz demir axı... Allaha acıq gedər, ahıl vaxtımda
qanamı calayım özümü?! Bu qədər
ömür yaşa, axırda da gəl günaha bat, bir
bayquşun qanına bais ol? Qanmırlar ki, bayquşun
dalınca düşən, xarabalığa gedib
çıxar... Neyniyim, haranın daşın salım
başıma, öz xoşumla cəhənnəmə gedim?
Günahsız bir quşnan nə işim, qarğış yiyəsi
eləmə məni, ya Rəbbim! İnsaf ver, uçurt onu
buralardan... Hara gedir-getsin, dalınca da qara yellər!..”
Bu düşüncələrlə həyəcanlanıb
nəvəsinə könülsüz qulaq asan kişi
qeyri-ixtiyari söhbətə qoşuldu:
- Sən düzsən, bala, bilirəm, çoxdu belə
rəvayətlər. Mənim rəhmətlik dədəm, sənin
ulu baban, danışardı ki, Allahın izniylə,
bütün canlıların dilini bilən Süleyman peyğəmbər
bayquşu fərasətinə, bacarığına görə
mükafatlandırıb, “sən bunnan sonra daha qida
axtarmayacaqsan” deyib. Ona görə məsəl var: “Bayquş
başın tək istər və qidası ayağına gələr...”
Nəsə... Boş söhbət dananı qurda verər.
Kəmhövsələ baba nəvəsiylə söhbəti
burdaca tamamlamışdı və o gedəndən sonra,
arxasınca bir parç su atıb dua eləmişdi və bir
müddət özünə gəlmədən, eşitdiyi ilə
gördüyü arasında naəlac qalıb
karıxmış, rahatlığı ərşə çəkilmişdi...
lll
Qarovulçu, yatağında eşələnib sakitləşmək
istəyir, amma nə fayda, qara-qura fikirlər beyninə pərçim
olub, əl çəkmir.
Yer üzündə nə qədər həşərat
növü varsa, bir o qədər də insan var:
barmağının ucundan tutmuş burnunacan - təkrarsız
və bənzərsiz. Yazı yazan hamısını fərqli
yaradıb: bir-birinə bənzəyən canlı varmı, hərənin
öz taleyi, yolu və qisməti. Biri ölür, birini
öldürürlər. - Qoca duyğulandı. - Dərdi hərə
bir cür çəkər: için-için ölən də,
çölün-çölün əriyib sönən də...
Hər canlı öz dərdinin daşıyıcısı -
sənin yaşadıqların isə başqasına çox
uzaq gələr. Dərd - dərd çəkənindir!..
Get naxıra, gəl axura - heyvan ömrüdü,
naxırla axur arasında fərqi bilməyənin
yaşamasına nə lüzum?! - rəhmətlik atası
yaman demişdi. Dörd fəsli, yaxud bir ili fərqsiz, vecsiz
yaşayan, ağzının tamını, sözünün
zamını bilməyən, rəngləri seçib
ayırmayan adamları görəndə, deyərdi ki, beləsi,
ömründə bir istiot qırmayıb hələ...
İndi bu qabırğası qalınlar yorulmadan, usanmadan vurub
yıxır, ovlayır, çapıb-talayır,
yeri-göyü uçurur və qan tökür!..
Zəmanə xarab olub, üzü çönüb,
bayquş da yalan olub, qaranca elə hədyan, nifrin
tökürlər ki, az qala yeddi arxa dönəninin yeddi
qatınnan keçə...
İlanın zəhərindən, qurdun zəhmindən
qorxuruq, ayının gücündən, bayquşun səsindən...
Hər canlıya bir ayama qoşuruq: at kişnəyir, it
hürür, qoyun mələyir, xoruz banlayır, bülbül
oxuyur - hərəsinin bir həyat tərzi, dili, səsi və
naləsi...
Görəsən, bülbül gecələr gəlib
oxusaydı və insanların yuxusuna haram qatsaydı, ona nə
ayama qoşardılar?!.
Bayquşun qəmli səsi gecəni başına
götürmüşdü, haylanır, hallanır və elə
bil etiraz edirdi: məəəəəənnn, mən,
ulamıram! Açın qulaqlarınızı eşidin: mən
səslənirəm, dünyaya, kainata car çəkirəm,
ey dilimi bilən, məni anlayanım, hardasan?..
Cınqırını çəkmədən, səsinin
dalındaca gizlənən o qədər canlı var ki!?.
Yazını tərsinə oxuyanlar, ayrı
düşünüb, özgə hava çalanlar?
İnsan - canına qorxu düşən kimi, min
hoqqadan çıxır, nağıl qoşur, mif uydurur, dua
edir, nə bilim, cadu qurur.
Qorxu isə... sonda qəddarlaşdırır və
ölüm gətirir!..
Gördüyün qorxunun, duyduğun fəlakətin,
nə vaxtsa, qabağını alıb dəf edə bilərsən,
yaxşı bəs, heç vaxt ağlına gətirmədiyin,
gözləmədiyin və qəfil ildırım kimi
başına şığıyan qarğışlar,
latayır söyüşlər, yellər, fələyin gərdişi
və səni qəfil çuğlamış qara talelər -
bunların əlindən hara qaça bilərsən?!
Min illərlə məskən saldığı
doğma yurdunu, insanların zülümlə qurduğu
ev-eşiyini başına necə uçurtmaq olar? Vətən
bilmədən, sərhəd görmədən, ədalət
gözləmədən...
Bəyəm, bəşər övladı
hamısı bir Allahın bəndəsi deyilmi? Niyə
müxtəlif dinlər və dillər hamını
arzuladığı və istədiyi bir sülhə
qovuşdura bilmir?
Eehh, ay qoca, sən belə düşüncələrlə
çabala, indi gör bayquş nələr
düşünür və necə baxır bizə? Görəsən,
onun qaranlığın bağrını dələn
şüalı gözlərində necə görünür
dünya?
O, canı ilə əlləşirdi elə bil,
özünü bayquşun yerinə qoyub, onun dərdinə, duyğularına
həmdəm olmaq istəyirdi.
“Yoxsa, qurbanı olduğum, nəfəssiz və hənirsiz
bu viranəliyə keşik çəkmək
üçünmü xəlq elədi məni, hə?! -
Bayquşun hay-küylü səsi sanki özü kimi
havalanmışdı - Guya mən,
bu xaraba qalmış tikilidən uçub getsəm, səsimi
içimdə boğsam, düzələcəkmi bu viranəlik?
Niyə bəni-insan ancaq dara düşəndə yada
salır məni, səsimnən qorxur, söyüş, nifrin
yağdırır, dalımca qarğış töküb,
daşlayır və güllə atır?! Bu qara ayamaları
kim yazdı mənim taleyimə, ya Rəbbim, kim? Niyə? Nə
üçün? Kim anladı mənim naləmi, kim yozdu? Bəlkə
mən elə bu faciələrə, dünyanın belə gərdişinə
fəryad edirəm? Başa düşməməyiniz bir yana, hələ,
məni heç harda görmək belə istəmir,
bütün bəlaların səbəbkarı
sanırsız... Ətrafımda - bağlarda, həyətlərdə,
evlərdə, yollarda və dalanlarda nələr görürəm,
“gecə qara, cücə qara”, deyib, nə oyunlar, şəbehlər
çıxarırlar... Amma mən, bütün
qaranlıqları aydın görürəm,
pıçıltıları eşidirəm, əyrilikləri,
fırıldaqları bilirəm... Kim əyilir, kölgəsindən
qorxub gizlənir, kim başqasına torba tikib, darvazalardan xəlvət
keçir? Nə yaxşı ki, dil açıb danışa
bilmirəm... Bəlkə deyə bilmədiyim sirlərdən
qorxub belə hay-həşir qoparırsınız?!”
Zavallı quşcuğaz hikkəsindən odlanıb,
çabalayırdı...
“Mənim naləm dərdim oldu, başıma şəbehlər
açdı və axırda hamını qaçaq saldı mənnən...”
Bayquş dərindən ah çəkir, dərdini,
naləsini, öz dili ilə bax beləcə, oxuyurdu...
Aaa - uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
“Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım necə?!.”
Bu qəm naləsi elə bil zindana dönüb,
qarovulçunun qulağını çəkiclə
döyürdü. Hikkə ilan zəhəri kimi
boğazına tıxanıb nəfəsini kəsirdi.
Qarğış, nifrin yağdıran, paxıllıqdan və
xəbislikdən için-için çürüyən
adamlar qarşına çıxanda, işin düz gətirməz,
bəduğur tökər, yükün əyər...
Yatmış insanlar, oyaq günahlar: hər şey
göz qabağında - ay işığı kimi...
Gecə yatan, gündüz didişən insanlar...
İçindəki xəbisliyə rəvac verən,
burnundan qabağı görməyənlər şeytana
daş atırlar, bayquşu lənətləyirlər: hər
şeyi, bütün günahları kənarda,
başqasında axtarırlar...
Belə çıxır ki, gizlinlərə gecələr
şahidlik edir, gecələrə də bayquşlar???
Xəfif meh bayquşun ipək xovlu, bəyaz çilli
tüklərini yellədikcə, ağappaq və tərtəmiz
zılğa əti görünürdü. Yaradan incə bir qələm
çəkmişdi ona. Qoşa qanadlarına mor rəngli
tünd xallar çiləyib, sanki gecələr
üşüməsin deyə, isti bir kürk kimi çiyinlərini
örtmüşdü. Qara tüklərini isə, nizamlı
bir xətt boyunca, pırpız qaşlarının
üstündən aşırıb, ovurd çanaqlarından
ta şəkli qulaqlarının dibinəcən
fırlamışdı, zərif naxışlı nal kimi
cizgiləyib, vücuduna yapışdırmış,
yastı-yapalaq canlını yaraşığa mindirmişdi.
Bədirlənmiş Ay hər yeri nura calasa da,
güclü caynaqları altında gizlənmiş
ölümü, sanki bayquşdan savayı bilən və
görən yoxuydu...
Bəy quşu kimi gecənin
şahlığını yaşayırdı...
lll
...Qəfildən göy guruldadı, şimşək
çaxdı, qarovulçunun keşik çəkdiyi
otağın pəncərələri taybatay
açıldı, şüşələr
çilik-çilik olub ətəyinə töküldü.
Aaauuu!!! Aaauuu!!!
Baauuu!!! Baauuu!!!
Aman... Kaftar bir bayquş, qanadlarını
çırpıb içəri şığıdı,
uzun-uzadı sızladı, qara-qırtıq, qıllı
caynaqlarındakı şikarını qəzəblə kişinin ayaqları altına
atdı... Qanrılıb baxdı ki, qızıdı,
yumağ kimi topuğuna döşənib onun, qan tökür
kor bəbəklərindən... Çürük kəfən
içində, sarı köpük qusurdu, oğurluq edən
dovşan kimi ürkək idi, əyri ayaqlarını
qoşulub qaçdığı dərələrin kolu-kosu
sürtüb qançır eləmişdi...
“Ay dədə, - deyib zarıdı - günahımnan
keçmə mənim, noolar, heç üzümə də
baxma... Yazıq anamın o nakam ruhu bağışlamaz,
qırx gün, qırx gecə o zavallı qadını
dalımca, bayquş kimi ulatdıran, için-için
çürüdən mən oldum, mən
başıdaşlı!.. Bir binamusun yağlı, şirin vədinə
allandım, ata-ana xeyir-duası almadan qoşulub
qaçdım... Xeyir çörəyi yeyə bilərmi beləsi?!
Axırı çöllərdə qaldım, dərdə-bəlaya
düçar oldum, qurd-quş da iylənmiş meyitimə
yaxın durmadı... Dalımca gəlmədin, niyə o
gülləni götürüb ikimizi də qanına qəltan
eləmədin?.. Axı sən, köhnə kişisən,
öz üstünnən namus ləkəsini niyə
yumadın, ay dədə? Üzünmü çöndü,
iyrəndinmi, sıtqındınmı? Bilirəm, yaxşı
tanıyıram səni, qəzəbindən belinə,
qanına, dölünə söydün. - Onun pərişan
saçları sicim kimi boğazına dolaşmışdı.
- Nə durmusan, mənim qeyrətli dədəm, nə fikrə
qərq olmusan, götür, götür o tüfəngi! Şərəfnən
yaşayıb qədrini bilmədiyim günləri qaytar, ləkəmi
yu! Qoluna qüvvət, vur, ay dədə, qanım halaldı sənə,
öldür məni!..”
O, başı bıçağa gələn quzu kimi mələyib,
üzünü ümidsiz göylərə tutub, asi
düşdü: “Apar məni, a qara yellər! Gəl, a
bayquş, gəl, apar məni, soyxa qoy sümüklərimi!..”
Qızı sanki ilğımlarda uçur... Sən ora
bir bax, nə illah eləyirsə, əlindəki
yaylığı başına bağlaya bilmir, dəsmalın
deşiklərindən qanlı damlalar bayquşun ovcuna
tökülür...
Aaa - uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
“Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi
halım necə?!.”
Onun qandonduran naləsi sanki son vəsiyyəti idi...
Və çox ağladı, çox
sıtqıdı, sonra özü də bayquş kimi qanad
çalıb kükrədi və boz yellər kimi burulub, evin
çökmüş tavanındanca qeybə çəkildi...
Atasının qolları ixtiyarsız uzandı və
barıt qoxusu gələn havadan asılı qaldı: “Səba
yellərimi əsdi sənin dalınca, qız, qarğışamı
ürcah oldun?! Çoxdan it-bat olmuşdun, nə hayın
vardı, nə huyun... Gör neçə ildi heç yuxuma
da gəlməzdin... Hardan belə peyda oldun, ay günüqara,
hardan?..”
...Kişi dik atıldı, vaayy, bu nə yuxudu belə,
yarəb? Əsirdi, bədəni buz kimi tərin içindəydi.
Tər basmış yastığını aşırıb,
üzüqoylu çevrildi, kürəyini şişlə
dağlamışdılar elə bil, boğulurdu. Divara
naümid söykənmiş tüfəngə baxdı:
“Düz deyirdi, gərək vuraydım... Nəəə? Nəyi
vuraydın, ay bədbəxt, nə sayıqlayırsan,
ayılsana, yuxudu ee, yuuxuu?!.”
Gör neçə gündü zülm çəkib
od ayaqlayır, gecəni diri gözlə açır, bir az
mürgüləyən kimi yeddi qəbir qarışır
bir-birinə...
Özü də son zamanlar yaman kövrək
olmuşdu, kədərli nəsə görən kimi, göz
yaşları sellənib-sulanıb gedirdi... Əli işdən
soyumuş, bağa-bağata qulluq eləməyə heyi, həvəsi
qalmamışdı.
Başına nə çarə qılsın? Bəlkə
gedib ev sahibinə desin ki, bu iş mənlik deyil, a bala, qadan
ürəyimə, mən uşaqlığımnan ta bu
günə kimi, toyuq başı da kəsməmişəm,
bir qarışqanı belə tapdamamışam, durduğum yerdə xataya salma məni...
Bayquş ovu eşqinə düşənin hansı biri indiyənəcən
xeyir tapıb, ay başına dönüm?!
Birdən... o da çönə ayrı söz deyə,
bəs onda? İp də getsin, it də?! Bəlkə,
yükünü yığıb, siz sağ, mən salamat,
üzüsulu çıxıb getsin buralardan?.
Yooxx, bu yaraşmaz sənə, ağsaqqal kişisən,
bəs əhd-peyman, duz-çörək? O, sənin elə
günündəcə əl tutub hayan oldu, indi ağzı
yumulmuş bir quşcuğaza görə xətir-hörməti
yerə vurursan?!
Ayıbı it yeməz, bayquş da dimdikləməz!.
Çörəyin yolu ağırdı, bu yolda duz
daşı, düz daşı!
Andır fikirlər dəyirman daşı kimi
sallaşır boynunnan: aranı dağa, dağı arana
daşıyır. “Qu” desən, qulaq tutulan dərələrdən,
sehrli kalafalardan yellənib gələn və min ilin sirrini
yaşadan dərdli ağılar, mübhəm
ağlaşmalar, vay-şivən, üzü tutqun ölü
kölgələri... kimsə bataqlıqda çabalayır,
imdad diləyir...
Arı - öz balına batanda, ha dartınır, qurtula
bilmir, amma karıxmır, səbirlə çevrilib,
dözümlə, aram-aram təmizləyir özünü və
sonra da rahatca xilas olub uçur azuqəsinin dalınca.
İnsansa, bərkə-boşa düşüncə
çaşır, ətrafını da arxasınca
sürüyüb aparmaq istəyir...
“Uca Tanrım! İnsanları yanlış verdikləri
qərarla fəlakətə sürüklənməkdən
qoru!..” - deyə yalvardı qarovulçu. - Duaları da, gərək
yerində qılasan, Allahı dara düşəndə,
yükün əyəndə axtarmaqla savab qazana bilməzsən!..
Müharibələr və savaşlar nəsə bir
qazanc gətirə bilər - ancaq qanın və ölümün
çiyinləri üstündə!
İnsan dayanmır: dünyanı məhvərindən
çıxarır, yeri-göyü silahla doldurub oda bələyir,
ölüm saçır, nahaq qana batırır. Hər
gün silah-sursat, bomba, raket, atom, neytron icad edir. Ölüm və
qan gətirən kəşfləri ilə öyünür, hələ
bu azmış kimi, ödüllər, mükafatlar alır...
Allah eləməsin ki, bu kəşflər və sınaqlar
yerlə göyün birləşməsinə gətirib
çıxara və bir gün bütün canlılar ortada
yanıb kül ola - bunumu istəyirik
Hər səhər bəşər övladı səksəkə
içində oyanıb baxır ki, kainat yerindədimi, yer
göylə toqquşmayıb hələ!?
Yağışı, quraqlığı,
aclığı, toxluğu, istisi, soyuğu ilə
dözüm, duruş gətirə bilirmi?!
Fərqli qitələr, yeddi iqlim qurşağı,
damarı qaçmış fəsillər və məhvərinnən
çıxmış dünya - necə pozuldu sənin
intizamın...
Böyük Yaradan isə, xəlq elədiyi bu insan məxluqunun
qanlı əməllərinə baxır, baxır...
Dözür, səbirlə dözür... Bir də
görürsən ki, qəfil bir gündəcə səbir
kasası daşır, acığı tutur öz bəndəsinə,
fırtına qoparır, zəlzələ, yanğın,
qasırğa, nə bilim, nələr, nələr gətirir
və əməllicə silkələyir ki, bəlkə
ayılıb dayana... Ancaq bəni-insan durmur, düzəlmir. -
Qoca fikirləşib qıvrıldı, bürüşüb
yumağa döndü. - Dünya qocalır sənin kimi, əsrlər,
qərinələr sıralanır, gecə gedir, gündüz
gəlir: amma yenə də xarabalıq, dağılmış
yurdlar, viran qalmış, közü sönmüş
ocaqlar...
Bayquş isə öz taxtında!.. Və minillikdən
üzü bəri səslənir, nalə tökür, hay
qoparır!..
Qarovulçu xoflanıb, özünə sual edirdi:
görəsən, qurbanı olduğum, hər viranəliyə,
çox yox, tək bircə bayquş bəxş eləsəydi,
sayı-hesabı bilinərdimi və bayquşlar bu kainatı
başına götürüb hara aparardı?!
Bəyəm savaşın, tökülən nahaq
qanın, bəlanın baiskarı zavallı
bayquşlardımı?”
Elə ki, qaranlıq düşür, kainat,
canlılar qınına yatıb, yuvasına çəkilir və
bu lal səssizliyin içindəcə tənha qalan
bayquşlar başlayırlar ələm boyunca səslənməyə...
Və hamı - yatan da, oyaq da bayquşu baiskar bilir,
qarasınca söyüb söylənir...
Bəlkə, insan, bayquşu lənətləyib
susdurmaqla, qovmaqla - öz əllərilə saldığı
xarabalığın səsini kəsir ki, xatırlayan və
heç yerini bilən də olmasın?!.
Kainatın doğuluşundan, təbiətin
yaranışından, taa ölümə kimi - bütün
canlılar arasında mübarizə gedir: əzəli, əbədi
və qanlı mübarizə...
Qocanın qəmli gözləri uzaq nöqtəyə
zillənib yol çəkirdi, su içən toyuq kimi
başını qaldırıb udqundu: “Kömək əlini
uzat, ya Rəbbim, səxavətini əsirgəmə, qandan,
xatadan uzaq elə bizi!..”
Di gəl ki, insansız yurd - özü elə viranəlikdi,
xarabalıqdı!.. İnsansız, hənirsiz həyat -
ölüdür, ölü: axı, burası da var...
Həyatın gərdişini anlayan insanlar nə
çox, əzəli saçlarını töküb təkəmseyrək
tükləri qalan qoca dünyayla bir-birinin abrına
qısılır, min cür hoqqadan çıxan qaragüruha
baxır və çaşqınlıqla, intizarla gözləyirlər..
Bu nədi, nə tilsimdi: həyatın, orası elə,
burası belə, ortası da yox. Qızıl ortanı tapmaq və
baş açmaq müşkül bir məsələ... Sənin
gərdişinnən heç nə anlamadıq, ay gidi dünya!..
Qarovulçu dirsəklənib əl-qolunu yellədi, “əşşi,
boşla getsin, şeytan əməlidi bunlar, çıxart
getsin başından!..” - deyib qalxdı.
Özünü yormağa, cəfəng
düşüncələrlə içini çürütməyə
dəyməz. Sənin haqlı bilib
düşündüyün bu fikirlərə, bəlkə
kimsə etiraz eləyər, fərqli düşünər və
ya istehza ilə yanaşıb gülər... sənsə, ay
qoca, bağda, öz xudmani otağında şonquyub, köhnə
pambıq içi tökürsən, isti çaydan içib
filosofluq eləyirsən?! Kimi itirib, nəyi axtarırsan?!
Söz dəyirmandakıdı: sənin alın
yazındır bu, əzizim, dolanıb doğanaqdan keçməlisən,
odur, küncə söykədiyin, lüləsini tor
basmış tüfəngini götür yağla,
darağını doldur, sözünü tut, qonşunun da
arağını al və düş ovunun dalınca!..
lll
...Aylı gecə səssizliyin ruhuna şellənmişdi...
Bayquş həminki yerində, o xaraba evin tavanında
çürümüş millərin kəsiyinə
qırtdaq caynaqlarını elə
yapışdırmışdı ki, elə bil,
döyüşə gedirdi.
Gecəninmi, ya ölümünmü intizarını
çəkirdi?..
Ölümün iyini gecənin saf havasında
duyurmuş kimi, baş çanağını dayanmadan
fırlayır, alışqan gözlərisə bir nöqtədə,
tərpənmədən şəraitə nəzarət
edirdi. Şəkli qulaqları darı dəlirdi, həvirləşib
yaxınlaşan hər iki canlının - ovçunun, hətta
təlaşlı ürək döyüntülərini belə
eşidə bilirdi...
Həyat isə, gecənin qaranlığında
üzücü intizarın ağırlığına
dözüb çabalayırdı.
Bayquş qaraltının hər ikisini, süd kimi
görürdü. Qoşalülə tüfəng əllərində,
kəmər daraqları da ağzınacan dolu...
“Zalım uşağı, elə bil, meşəyə,
canavar sürüsü ovlamağa gəliblər. - Bayquş
fısıldadı - “Pahh, ovçularıma bax, ee!? Neçə
gecədi sərasər buralarda sümsünüb məni
güdürlər...Barıtınız özünüzə
qismət olsun! Xatanız öz başınızda
çatlasın, inşaallah!..”
Qabaqda əhlikef yeriyən kepkasını
başına bərk-bərk sıxmışdı. Bayquş,
onun papağının altından qıvrılıb
çıxan, sallaşıb tökülən yağlı
tüklərinə və tez-tez əl dəydiyindən
günlüyünə yığılmış bir əlçim
kirə-kirsava baxıb, istehzayla qımışdı: “Buna
bax, kürkünnən bit ürkən pinti köpəyoğlu,
papağın boş qalsın sənin!..”
Onun dalınca naümid gələn qoca isə
qıs-qıvraq, özünə baxan idi, ancaq əhvalsız,
könülsüz, naümid halda, əlləri və
ayaqları sözünə baxmadan, peşmanlıqla yeriyirdi,
elə bil ki, ölüm ayağına, cəhənnəm əzabına
gedirmiş kimi, can çəkirdi...
Qızının uzun illərdən sonra, elə
bayquşun caynaqlarındaca, yuxusuna gəlib haram qatması və
ulayıb, tozanaq qaldırıb, nəmli ilğımlar kimi
buxarlanması - kişinin yaralı qəlbinin
közünü qopartmışdı...
Tüfəng qocanın əlində duruş gətirmirdi,
tətiyi çəkməyə belə heyi yoxudu... Qonşu
gözətçi onun bu halını görüb, səs
çıxarmadan dümsüklədi ki, fikrin hardadı, əmican,
ayıl, özünə gəl...
Qəfil bir səs burulğan kimi guruldadı, sanki
yaxasından tutub silkələdi gecəni. “Möhkəm ol, a
kişi, bu nə haldı, nə duruşdu, sən əməlli-başlı
meyit olmusan ki...”
Deyəsən, arvadı idi, kölgəsi boyundan uzun gəlirdi,
istədi göy damarı çıxmış əlləri
ilə qucaqlasın ərini, ancaq əlləri də sözləri
kimi soyuq idi, elə bil, il boyu, qışın
sazağından üzübəri donub buz
bağlamışdı.
“Bizə, səfada da, cəfada da sənə
şükür edən Həzrəti Əyyubun səbrini ver,
İlahi!..” - qarovulçunun duasını arvadının kəsik
hıçqırıqları boğub soyutdu və
boğazınacan nəm çəkmiş divarların
kölgəsində yel kimi sovurdu.
Bayquş yastılanıb, dirəyə
çökdü, acığından dimdiklərini tənəylə
şaqqıldatdı: “Ey yazıq, zavallı məxluq! Bu boyda
gen-bol dünyanı, bir belə genişliyi qoyub, bura
çataçatdamı yadına düşdü Allah?! Qəzəbdən
kükrəyən caynaqlarımın altında heç
yeridimi bu duaların?! - Sənin gecikmiş
duyğularının və yalvarışlarının
ömrü, mənim bax, bu caynaqlarımın ucuna qədərdi,
çox qısadı, çox, ay bədbəxt qoca!..”
Kölgələr dayandı, sakitcə, əl-qol hərəkətləri
ilə şərtləşib ayrıldılar: biri vəhşi
akasiya kolluğuna girdi, o biri qoşa millərin altına pərçim
elədi özünü...
Sonra gecə ilbizləri səs-səsə verdi, sanki
qaranlığın lal və dərin sakitliyini özləri
ilə çəkib aparmaq istəyirdilər...
...Və qəflətən, bayquş
caynaqlarını sıxdı, isti və güclü qanı
canına doldu, qüvvətləndi, iri, yekə
qanadlarını qəflətən elə çırpdı
ki, şaqqıltısınnan gecənin bağrı
çatladı...
Aaa - uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
“Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım necə?!.”
...Və güllələr dalbadal açıldı,
gecənin lal sükutunu parçalayıb dağıtdı,
isti gilizlər nəm divarlara dırmaşıb, siçan
kimi civildədi...
Uçuq damın altında çöməlib ağ
kəfənə bürünmüş qadının kölgəsi
əyildi, sanki göydən yerə qanad saldı,
başını qarovulçunun parçalanmış sinəsinə
sıxıb, gözünün qorasını tökdü:
“Aman!.. Sən neynədin, ay zalım, əlin qurusun!.. Kürəyin
hardan deşildi, ay kişi? Ağ kəfənin necə
boyandı qanına, ay kişi? Qarğışamı
ürcah oldun, günahamı batdın?!” - ölümlə əlləşən
qarovulçunun canına, sümüyünə, iliyinəcən
yeriyən bu kəsik hıçqırıqlar, vay-şüvən
bayquş ulartısına çevrilib gecənin soyuq ruhundaca əriyir,
acı göz yaşları qanlı su kimi axıb sellənirdi...
...Zülmət qaranlıq öz canını xoruz
banıyla səhərə təslim edirdi...
...Göyün yeddi qatınacan çəkilib, qeyb
olmuş bayquşun səsi - üzücü, qandonduran
ulartısı dünyanı başına
götürmüşdü...
Bayquş, elə bil, qaranlıq bir qəbirdən indicə
çıxırdı, səsi çatınca, ünü
yetincə hayqırır və al qan içində can verən
qarovulçunu, naqəfil açılan güllə ilə əlini
nahaq qana batırmış qonşunu, həm də, baiskar kimi
özünü, özünü ağlayırdı...
İmamverdi İSMAYILOV
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.18-19.