Musiqi dünyamıza
akademik dərk bucağından neorealist tarixi baxış...
AKADEMİK İSA HƏBİBBƏYLİNİN
ƏDƏBİ PORTRETİ JANRINDA DÜŞÜNCƏLƏR
Hər nəsil yer üstə bir xal vurubdu,
Hər xalq
tanınıbdır qalan iziylə.
Babəklər vətəni, Koroğlu yurdu
Həm də şöhrət tapıb öz
müsiqisiylə.
İsa Həbibbəyli, “Mahnı çələngi”
Böyük ədəbiyyatşünas alim və nəzəriyyəçi
akademik İsa Həbibbəylini lap çoxdan, ötən əsrin
70-ci illərindən, aspiranturada oxuduğumuz dövrlərdən
tanıyıram. Amma heç
vaxt düşünmürdüm ki, bu görkəmli alim mənim
uzun illər çalışdığım İnstituta nə
vaxtsa rəhbərlik edəcək. Çünki o, uzun illər
idi ki, doğulub boya-başa çatdığı bir məkanda
öz işi ilə hörmət və şöhrət
qazanmış, böyük nüfuz sahibi olmuşdu... Və
elə bu nüfuzun sayəsində o, elm aləminin ən
şərəfli pillələri ilə yüksələrək
xalqına, vətəninə, Azərbaycanına ləyaqətlə xidmətdədir.
Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat Institutunun aspiranturasında “Ədəbiyyat
nəzəriyyəsi” ixtisası üzrə qiyabi təhsil
alıb (1973-1977). “XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikasının sənətkarlıq xüsusiyyətləri”
mövzusunda namizədlik (1980), “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” mövzusunda doktorluq
dissertasiyası müdafiə edib (1996). Filologiya elmləri
doktoru, professordur (1997). 2001-ci ildə AMEA-nın muxbir uzvu,
2003-cü ildə isə AMEA-nın həqiqi uzvu seçilib.
89-dan çox kitabın, 1500-dən çox məqalənin,
212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.
39 fəlsəfə doktoru, 16 elmlər doktorunun elmi rəhbəri
olub. Dünyanın bir çox ölkələrində rəsmi
səfərlərdə olub, dəfələrlə beynəlxalq
simpozium, qurultay və konfranslarda elmi məruzələrlə
çıxış edib. Akademik İsa Həbibbəyli
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun
(1999), Dünya Azərbaycanlıların Əlaqələndirmə
Şurasının (2001), BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının (2006), Beynəlxalq
Çingiz Aytmatov Akademiyasının (2018), Qazaxıstan Elmlər
Akademiyasının (2023), Çin Xalq Respublikasının
Honq-Konq Akademiyasının həqiqi üzvüdür (2023),
Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının
(2024), Turkiyə Elmlər Akademiyasının (TÜBA) və
digər xarici ölkə akademiyalarının həqiqi və
fəxri üzvü, Sankt-Peterburq Universitetinin (2015), Cənubi
Rusiya Universitetinin (2017), Daşkənd Özbək Dili və
Ədəbiyyatı Universitetinin (2021), Cənubi Rusiya
Universitetinin fəxri doktorudur.
1999-cu ildə Azərbaycan Respublikasının “Əməkdar
elm xadimi” fəxri adına layiq görülüb, 2007-ci ildə
“Şöhrət” ordeni , 2009-cu ildə “Şərəf”
ordeni ilə təltif olunub.
2013-cü ildə akademik İsa Həbibbəylinin
AMEA-ya birinci vitse-prezidenti seçilməsini, eyni zamanda Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutuna direktor təyin
olunmasını çoxları kimi, mən də rəğbətlə
qarşıladım. On iki il keçir və bu müddətdə
həm Nizami adına Ədəbiyyat İnstitutunda, həmçinin
Akademiyanın ictimai elmləri tədqiq edən
institutlarında, deyərdim ki, bütün istiqamət və
parametrlərdə yaxşıya doğru böyük
inkişaf baş verdi.
Bu inkişafın bir sıra əsas istiqamət və
ştrixlərini xatırlamaq yerinə düşər.
Akademiyada Nizamnamə Komissiyası onun sədrliyi ilə
2013-2014-cü illərdə müstəqillik dövrü Milli
Elmlər Akademiyasının yeni nizamnaməsinin
hazırlanıb təsdiq edilməsinə nail olmuşdur.
İsa Həbibbəyli Azərbaycançılıq
konsepsiyasına dair layihə hazırlayıb çap etdirməklə
bərabər, eyni zamanda “Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi konsepsiyası”nın da
müəllifidir. Onun təşəbbüsü ilə Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı,
Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya
ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbələri,
Füzulişünaslıq sektoru, Beynəlxalq əlaqələr,
Elmi nəşrlər və proqnozlaşdırma, Təhsil
şöbəsi kimi köməkçi şöbələr
də yaradılmışdır. Milli Elmlər
Akademiyasında və Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda bir sıra beynəlxalq elmi konfransların
keçirilməsi və xarici ölkələrin elmi
qurumları ilə geniş əlaqələrin
yaradılması İsa Həbibbəylinin gərgin əməyinin
nəticəsidir. Onun təşəbbüsü ilə
2014-cü ildən respublika miqyasında və beynəlxalq səviyyədə
“Fizika və lirika: dünya təcrübəsi və ölkə
reallıqları” mövzusunda simpoziumlar keçirilir.
Görkəmli alimin kitablarından bəzilərinin
adlarını bir daha xatırlatmaq istərdim: “Romantik
lirikanın imkanları”, “Ədəbi yüksəliş”,
“Ədəbiyyat nəzəriyyəsi”, “Cəlil Məmmədquluzadə”,
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”,
“Mirzə Ələkbər Sabirin həyat və
yaradıcılığının əsas tarixləri”, “Məhtimqulu
Fəraqi”, “Yollar şeirdən başlanmışdı”,
“Akademik Səməd Vurğun Vəkilov”, “Xalq şairi Məmməd
Araz”, “Ustad Məhəmmədhüseyn Şəhriyar”, “Heydər
Əliyev və Naxçıvan Dövlət Universiteti”,
“Ədəbi şəxsiyyət və zaman”, “XX əsrin əvvəlləri
Azərbaycan yazıçıları”, “Nuhçıxandan -
Naxçıvana”, “Ədəbi-tarixi yaddaş və
müasirlik”, “Böyük ədəbiyyat nəhəngi Məmməd
Səid Ordubadi”, “Heydər Əliyev: dövlətçilik təlimi
və müasir dövr”, “Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik”, “Duzdağ mozaikası”, “Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”
və s.
Akademik İsa Həbibbəyli ədəbi cərəyanlar,
ədəbi növlər və janrlar üzrə fundamental tədqiqatlar
aparıb, ilk dəfə satiranın ədəbi növ, erkən
realizm, postmodernizm, magik realizm, akademizmin isə ədəbi cərəyan
olduğunu müəyyən edib. Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatında təkmetodlu ədəbiyyatdan
çoxmetodlu bədii metoda keçid prosesinin baş verdiyini
irəli sürüb. Azərbaycançılıq, Azərbaycan
ədəbiyyatının dövrləşdirilməsi və
mollanəsrəddinçilik konsepsiyalarını
hazırlamışdır. XIX-XXI əsrlər Azərbaycan ədəbiyyatı
tarixinə dair çoxsaylı tədqiqatları var.
Akademik İsa Həbibbəylinin çap olunmuş
çoxsaylı dərslik, dərs vəsaiti, proqram və
metodiki göstərişləri də təhsil və maarif
işçiləri üçün böyük pedaqoji-tədris
əhəmiyyətinə malikdir. Bütün bunlar onun elm sahəsində
təşkilatçı kimi fəaliyyətinin operativ və
perspektivli tutarlı cəhətlərinin müəyyən
bir qismidir.
Göründüyü kimi, universallıq, polifonizm
akademik İsa Həbibbəylinin elmi fəaliyyətinin
aparıcı xüsusiyyətidir. Bundan başqa, o, tarix,
folklorşünaslıq, ədəbi əlaqələr,
mühacirət ədəbiyyatı, sənətşünaslıq,
teatr tarixi kimi sahələrdə də axtarışlar
aparıb, kitablar və məqalələr nəşr etdirib.
İsa Həbibbəyli həm də, incə ruhlu,
şair qəlbli, zərif ruhlu qələm sahibidir. İsa Həbibbəylinin
ilk gənclik illərindən şeir yazması da məlumdur.
İsa Həbibbəylinin 2016-cı ildə nəşr
olunmuş “Yollar şeirdən başlanmışdı”
kitabında onun müxtəlif illərdə yazdığı
şeirləri, hekayə və pyesi, şeirlərin? bəstələnmiş
mahnılar və tərcümə etdiyi əsərlər
toplanıb.
Hətta onun bir sıra şeirlərinə musiqilər
bəstələnib, sözləri ona məxsus olan “Mənin
Naxçıvanım” (musiqisi Aqşin Əlizadə) və
“Akademiya marşı” (musiqisi Vaqif Gərayzadə),
“Naxçıvan - Van” (musiqisi Əli Əlizadə), “Bura
Şərurdur” (musiqisi Ramiz Mirişli), “Arpaçay
mahnısı” (musiqisi Tofiq Bakıxanov), “Gözəlliklər nəğməkarı” (musiqisi
Tofiq Bakıxanov) yüksək səviyyədə respublika
ictimaiyyətinə təqdim olunub. İsa müəllim həm
də ssenarilər müəllifidir, bir sıra teatr
tamaşalarında və filmlərdə ədəbi məsləhətçi
kimi iştirak edib. Akademik İsa Həbibbəyli Azərbaycan
Elmlər Akademiyasına həsr olunmuş “Elm məbədi” sənədli
filminin, “Akademiya marşı”nın müəllifidir. Bəstəkar
Vaqif Gərayzadənin musiqisini yazdığı “Akademiya
marşı” 2014 və 2016-cı illərdə Bakı Elm
Festivalında səsləndirilib.
Akademik İsa Həbibbəyli ölkənin
ictimai-siyasi həyatında da fəal iştirak edir. O, birinci və
ikinci çağırış Naxçvan Muxtar
Respublikası Ali Məclisinin, III, IV, V və VI
cağrış Azərbaycan Milli Məclisinin deputatı olub.
İsa Həbibbəyli elm aləminə qədəm
qoyduğu gənclik illərindən akademik, bizim orta məktəb
ədəbiyyat dərsliklərimizin müəllifi Məmməd
Arif, professor Mirzəağa Quluzadə, böyük Abdulla
Şaiqin oğlu, mənim elmi rəhbərim, professor Kamal
Talıbzadə, akademik, Xalq yazıçısı Mirzə
İbrahimov, akademik Məmməd Cəfər, professor Məmmədhüseyin
Təhmasib, akademik Bəkir Nəbiyev, Yəhya Seyidov, Mirəli
Seyidov, Balaş Azəroğlu, Qasım Qasımzadə, Xəlil
Rza Ulutürk, Kamran Məmmədov, Qulamhüseyin Beqdeli, Azadə
Rüstəmova, Məsud Əlioğlu, Həbib Babayev, Yaqub
İsmayılov, Atif Zeynallı, Fəridə Vəlıxanova,
o vaxtlar qaynar fəallıqları ilə
sayılıb-seçilən Elçin Əfəndiyev, Araz
Dadaşzadə, Yaşar Qarayev, Sokrat Musayev, Teymur Əhmədov,
Akif Hüseynov, böyük Səməd Vurğunun yadigarı
Aybəniz Vəkilova, Şamil Salmanov, Arif Abdullazadə,
İslam Ağayev, Əflətun Saraclı və adları bu
yazıya sığışmayan, hərəsi bir elm, fikir nəhəngi
olan onlarla elm adamları ilə bir İnstitut divarları
arasında təmasda, ünsiyyətdə olub. Bu böyük
şəxsiyyətlərlə təmasad olmaq o vaxt elm aləminə
təzə gələn biz gənclərdə (İsa Həbibbəyli,
Bəhlul Abdullayev, Vaqif Arzumanlı, Qurban Bayramov, Timurçin
Əfəndiyev, Rza Xəlilov, Firuzə Köçərli, Nəzakət
Qafqazlı və b.) məsuliyyətlə yanaşı, həm
də böyük qürur hissi doğururdu.
Adlarını çəkdiyim klassik ədəbiyyatşünasların
əksəriyyəti, o cümlədən Məmməd Cəfər
Cəfərov, Mirzağa Quluzadə, Yaşar Qarayev, əziz
Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov və
başqaları ilə yaxın ünsiyyətdə olması və
onları özünə müəllim hesab etməsi bu cəfakeş
tədqiqatçının elmi dünyagörüşünün,
xarakterinin, alim şəxsiyyətinin formalaşmasında
mühüm rol oynayıb. Məhz Məmməd Cəfər Cəfərova
məxsus müdriklik, dərinlik və sadəlik, Abbas Zamanovun
vətəndaşlıq mövqeyi, əziz Mirəhmədovun
dəqiqliyi və məsuliyyəti, Yaşar Qarayevin emosional-fəlsəfi
tədqiqat üsulu, Kamal Talıbzadənin ədəbi tənqidə
aid tarixi faktlarla müasir ədəbi tənqid
qovuşuğunda işləmək bacarığı, Kamran Məmmədovun
ədəbi şəxsiyyətlərə monoqrafik
masştabda baxış səriştəsi kimi kreativ cəhətlər
İsa Həbibbəylinin elmi fəaliyyətində cəmləşərək
aydın surətdə ifadə olunur. İsa Həbibbəyli
bu nəhəng ədəbiyyatşünasları müasir
elmi-nəzəri prosesdə öz şəxsində birləşdirir.
Geniş elmi dünyagörüş, pozulmaz yaddaş, natiqlik
səriştəsi, nəciblik və xeyirxahlıq, məsuliyyət
və sədaqət, habelə yorulmaz fəaliyyət İsa Həbibbəylinin
yaradıcı alim xarakterinin əsas xüsusiyyətlərini
özündə cəmləşdirir.
İsa Həbibbəyli ilk tədqiqat illərindən
görkəmli ədəbiyyatşünaslarımız Məmməd
Cəfər Cəfərov, Kamal Talıbzadə, əziz Mirəhmədov,
Abbas Zamanov, Yaşar Qarayev, Kamran
Məmmədovun diqqətini cəlb etmiş, onlar tərəfindən
tədqiqatı yüksək qiymətləndirilmişdi.
Sonrakı illərdə, demək olar ki, əksər
tanınmış elm adamları, qələm sahibləri, həmkarları
onun şəxsiyyətini və
yaradıcılığını dəyərləndirmişlər.
Akademik Teymur Kərimlinin “Şərqin qapısından
dünyaya” və filologiya elmləri doktoru, professor Yusif
Seyidovun “Akademik İsa Həbibbəyli” kitablarında onun bu cəhətləri,
xüsusiyyətləri dəyərincə əks etdirilib.
“Böyük ömrün illəri və əsərləri”
adlı məqalədə AMEA-nın müxbir üzvü
Kamran Əliyev və professor Məmməd Əliyev
yazırlar: “Akademik İsa Əkbər oğlu Həbibbəyli
Azərbaycan ədəbiyyatşünaslığının və
ictimai fikrin inkişafında xüsusi yeri olan,
özünün orijinal axtarışları ilə elmimizə
sanballı töhfələr vermiş görkəmli alimlərimizdəndir.
Böyük ədəbiyyatşünas alimin,
tanınmış ədəbiyyat tarixçisi və nəzəriyyəçinin
elmi araşdırmaları Azərbaycanda ədəbiyyat
haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai
fikrin əsas problemlərinin araşdırılıb
ümumiləşdirilməsinə uğurla xidmət edir”.
Akademik Teymur Kərimlinin aşağıdakı fikirləri
də, öz həmkarı barəsində həqiqəti
ehtiva edir: “İsa Həbibbəylinin müəllimliyi ilə
alimliyi bir-birini tamamlayan və biri digərinin inkişafına
stimul verən, bir-birindən ilham alan iki fərdi keyfiyyət,
iki ayrılmaz əlamət kimi onun həyat və zəhmət,
yaradıcılıq və fəaliyyət yollarında
qoşa addımlamaqdadır”.
Xalq yazıçısı Anarın fikridir:
“AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli mənim məslək
dostumdur. Bu, sözün hər iki mənasında: peşədaşlıq
anlamında da (ikimiz də ədəbiyyat adamlarıyıq), əqidə
anlamında da (ədəbiyyatımıza,
onun tarixinə, mənəvi dəyərlərə eyni
yöndən yanaşırıq).
İsa Həbibbəyli ilə ruh
yaxınlığımız hər ikimizin böyük
yazıçı Mirzə Cəlil Məmmədquluzadəyə
duyduğumuz qibtə hissiylə başladı.
...İsa müəllimin bütün bu sahələrə
səriştəli, professional münasibəti onun şəxsiyyətinin
intellektual zənginliyinin göstəricisidir. Ədəbiyyatşünaslıq,
tarix, dilşünaslıq, fəlsəfə, şərqşünaslıq,
folklorla bərabər, həm də musiqi, rəssamlıq, heykəltaraşlıq
sahəsinə ixtisaslaşmış peşəkar mütəxəssis
kimi yanaşması heyrətamizdir. Peşəkar musiqi təhsili
almayan və ya təsviri sənətlə bilavasitə məşğul
olmayan alimin bəstəkarlarımızın, rəssamlarımızın,
heykəltaraşlarımızın, musiqiçilərimizin sənətinə,
hələ teatr və kino əsərlərini demirəm, belə
dərin peşəkarlıqla yanaşması qibtə
doğurur. İsa Həbibbəylinin dünya şöhrətli
Xalq rəssamı Tahir Salahov, böyük heykəltaraş
Ömər Eldarov, məşhur pianoçu Fərhad Bədəlbəyli,
adlı-sanlı bəstəkar Firəngiz Əlizadə
haqqında yazdıqları və çıxışları
nəinki peşəkar sənətşünasları və
musiqişünasları, hətta haqlarında çox sözlər
deyilmiş bu sənətkarların özlərini də
düşündürüb. İsa müəllimin
Akademiyanın prezidenti kimi Azərbaycan tarixinin,
musiqişünaslığın, fəlsəfi fikrinin
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələlərinə,
milli fəlsəfi fikir və idealist fəlsəfə
anlayışlarına, türkologiya elminə,
İraq-Türkman ədəbiyyatına və Qərbi Azərbaycan
tarixinə qayıdış sahəsində
başlatdığı işlər ictimai və humanitar elmlərimizin
yenidən formalaşdırılmasına yol açıb”
(Bax: “Həbibbəylinin 75 yaşına: Məslək
dostluğu və yorulmazlıq örnəyi - ANAR.”, “Ədəbiyyat
qəzeti”, 14.10.2024.).
İsa Həbibbəylinin lap təzəcə
işıq üzü görən “Musiqi dünyası”
(Bakı, “Elm və təhsil” 2025, 244 səh.) kitabı bu faktın bariz nümunəsidir.
Kitabda akademik İsa Həbibbəylinin musiqi sənətinə
və görkəmli musiqi xadimlərinə, Azərbaycan musiqi
elminin nəzəri-fələfi əsaslarını
yaratmış - Əbdülqadir Marağayi, Səfiəddin
Urməvi, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəylidən
tutmuş Müslüm Maqomayev, Polad Bülbüloğlu, Fərhad
Bədəlbəyli, musiqi nəzəriyyəçisi və tədqiqatçısı
akademik Zemfira Səfərova, Firəngiz Əlizadə,
Aqşin Əlizadə, Xuraman Qasımova, Ağacəbrayıl
Abasəliyevə qədər sənət adamları barəsində
qələmə aldığı portret oçerklər də
Xalq yazıçısı Anarın müşahidə etdiyi
faktların davamıdır. İsa Həbibbəylinin bu əsəri
də, digər elmi-nəzəri, publisistik, ədəbi-bədii
əsərləri təkin milli elmi elitanın
formalaşması məqsədi güdür... Deyərdim ki,
“Musiqili dünyamız” kitabı professional musiqi sənətimizin
izahlı, şərhli, universal ensiklopediyasıdır.
İsa Həbibbəyli Azərbaycanda elmin ən
müxtəlif sahələrinin belə, dövlətə,
dövlətçiliyə, azərbaycançılığa
- milli maraqlara xidmətdə bulunmasını ən əsas
meyar, kredo hesab edir. Mütəşəkkil elmi cameə qurmaq
istəyi, cəhdi sosial faydalılığa xidmət göstərir.
Bu, onun məqsədinin prioritetidir... Bu cəhətlər onun
elmi konsepsiyasının özəlliyini,
orijinallığını təşkil edir. Məhz,
müşahidə edə bildiyimiz bu cəhətlərə
görə onun elmi konsepsiyasında intellektuallıqla ədəbi
emosionallıq uyarlaşaraq yeni orijinal yanaşma və şərh-təhlil
modeli formalaşdırır. Bu, əslində, sosial
mühitimizdə olduğu təkin, elmdə də akademik
müstəqillik və azadlıq modelidir. Dolayısıyla,
akademik İsa Həbibbəyli tənəzzülə meyillənən
elmi-ədəbi zövqün formalaşmasını və təkamülünü
əsas prinsip təkin götürür, fundamental tərzdə
inkişaf etdirir.
Görkəmli dövlət və elm xadimi akademik
İsa Həbibbəyli geniş dünyagörüşə,
dərin biliklərə və yüksək zövqə məxsus
erudik elm fədaisidir. Elmi, ədəbi, mədəni
mühitimizdə gedən prosesləri bütün dərinliklərinə
qədər qavrayıb təhlil etməyi bacaran və mədəniyyətimiz
üçün gərəkli olan zəruri məqamları
seçib müəyyən edən akademik İsa Həbibbəyli
həm də, necə deyərlər, “öz köynəyindən”
keçirdikdən sonra Azərbaycan ictimai elmlərinin
inkişafı təcrübəsinə tətbiq edib. Beləliklə,
o, Azərbaycan mədəniyyətinin tarixi keçmişindən
bu günümüzə qədər inkişaf mərhələlərinə
qiymət verərək onun mahiyyətini açıb göstərib,
eyni zamanda, həm də rəhbərlik etdiyi Azərbaycan Milli
Elmlər Akademiyasını dünyada gedən proseslərə
və inkişaf səviyyəsinə doğru istiqamətləndirib.
Elmimizin və mədəniyyətimizin daxili imkanlarından
istifadənin də geniş potensialını açıb
üzə çıxaran və onlardan yaradıcı şəkildə
istifadə etməyin, maksimum şəkildə
faydalanmağın da nümunəsini göstərən
akademik İsa Həbibbəyli bu səmərəli fəaliyyəti
ilə inkişafda olan yeni bir Azərbaycan elmi modeli qurmağa
nail olub.
Akademik İsa Həbibbəylinin yaratdığı
yeni ictimai Azərbaycan elmi modeli sivil, demokratik milli-mənəvi
dəyərlərin qorunub saxlanılması və inkişaf
etdirilməsinə əsaslanan, böyük sürətlə
və yüksək zövqlə bütün istiqamətlər
üzrə inkişaf edən, monumental elmi dayaqlar üzərində
qərarlaşan qüdrətli bir mənbədir.
Bundan başqa, elmin təşkili və idarəçiliyində
ictimai rəyin formalaşdırılması və milli xalq
faktorundan bacarıqla istifadə də İsa Həbibbəylini
elm aləminin lideri kimi səciyyələndirən əsas
xüsusiyyətlərdəndir. Həyata keçirməsinə
akademik səviyyədə qərar verdiyi proqramların, layihələrin,
tədbirlərin icrasından əvvəl həmin istiqamətdə
maarifləndirici təbliğat işinin aparılması,
ictimai rəyin öyrənilməsi yolu ilə müxtəlif
baxışları müəyyən edib, onlardan
yaradıcı şəkildə faydalanması da AMEA-nın
prezidenti, akademik İsa Həbibəylinin sınaqlardan
çıxmış idarəçilik prinsiplərindəndir.
Elmi ictimaiyyət faktoruna istinad etmək isə onun
çoxillik fəaliyyətinin ana xəttini müəyyən
edir.
Bu baxımdan akademik İsa Həbibbəylinin, demək
olar ki, bütün əsərləri və həyata
keçirdiyi tədbirlər həm bu möhtəşəm
Azərbaycan ictimai elmlərinin xalqımıza və
dünyaya yenidən tanıdılmasına, həm də
müstəqillik dövründə yeni nəsillərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasına böyük töhfələr
verib.
Onun bu yaxınlarda nəşr etdirdiyi “Musiqi
dünyası” kitabı da, bu həqiqətin bariz nümunələrindən
biridir. Kitabda akademik İsa Həbibbəylinin müxtəlif
illərdə qələmə aldığı Azərbaycanın
musiqi sənətinə, eləcə də görkəmli
musiqi xadimlərinə həsr edilmiş məqalələri,
araşdırma yazıları, həmçinin mahnı mətnləri,
notlar və müxtəlif tədbirlərdən fotolar təqdim
olunur.
“Musiqi dünyası” kitabında “Azərbaycan muğam
elmi: reallıqlar və perspektivlər”, “Türksoylu
xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri”,
“Yallı azərbaycançılıq
möhürüdür” sərlövhəli yazılar, Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi
Aşıq Ələsgər haqqında araşdırmalar
oxuculara çatdırılıb. Bundan başqa, kitabda dahi Azərbaycan
bəstəkarı, görkəmli musiqişünas, pedaqoq
akademik Üzeyir Hacıbəyli, dünya şöhrətli Azərbaycan
müğənnisi, Xalq artisti Müslüm Maqomayev,
pianoçu və bəstəkar, professor, Xalq artisti Fərhad
Bədəlbəyli, Azərbaycan opera müğənnisi, Xalq
artisti Xuraman Qasımova, məşhur kamança ifaçısı,
Xalq artisti Ağacəbrayıl Abasəliyev, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, AMEA-nın müxbir
üzvü, Xalq artisti Firəngiz Əlizadə və digər
musiqi xadimlərinin yaradıcılığına, Azərbaycan
musiqi tarixi elminin tanınmış yaradıcısı
akademik Zemfira Səfərovanın elmi fəaliyyətinə həsr
olunmuş məqalələr yer alıbdır və bunlar
bütövlükdə uzaq keçmişdən bu
günümüzə qədər Azərbaycan musiqi sənəti
haqqında tam təsəvvür yaratmağa xidmət edir.
Topluda təqdim olunan tədqiqat xarakterli
araşdırmalar aşıq sənətinin nümayəndələri
Aşıq Ələsgər, Dədə Şəmşir və
Pir Sultan Abdalın yaradıcılığını da əhatə
edir.
Bundan başqa, “Musiqi dünyası” kitabında bir
sıra mahnıların mətnləri və şeirlərə
bəstələnmiş notlar verilib. Toplunun “Foto-təqdimat”
hissəsində isə müxtəlif məkanlarda
keçirilmiş musiqi və poeziya dünyasına həsr
olunan tədbirlərdən xatirə fotoları yer alıb.
Qeyd edək ki, “Musiqi dünyası” kitabı “Elm və
təhsil” nəşriyyatında işıq üzü
görüb. Kitabın elmi redaktoru akademik Zemfira Səfərova,
tərtibçisi isə AMEA Rəyasət Heyəti
aparatının İctimaiyyətlə əlaqələr, mətbuat
və informasiya şöbəsinin müdiri, filologiya üzrə
fəlsəfə doktoru, dosent Ağahüseyn
Şükürovdur.
“Musiqi dünyası” monumental, çoxşaxəli əsərdir:
musiqi sənətinə və görkəmli musiqi xadimlərinə
həsr edilmiş məqalələr fonunda Azərbaycan
reallığı, mənəvi dəyərlərin
qorunması uğrunda mücadilə, kişilik, ərənlik
kultu, dövrün ictimai-siyasi mürəkkəbliyinin mədəniyyətin
inkişaf etaplarında təsviri və bütün
bunların fərqli moduslarda Azərbaycanın taleyinə təsiri...
İsa Həbibbəyli qələmə
aldığı dövrün həm
iştirakçısıdır, həm də onu təfərrüatıyla
araşdıran, çevik ədəbi dili və manerasıyla
çoxqatlı musiqi tarix elmimizin uğurlarını əks
etdirən motivi ədəbi-bədii, elmi publisistik prozanın
lirik üslubunda, sənədli
və poetik realizm manerasında, milli duyğuların
üfüqündə məharətlə nizamlayan,
rasionallıqla emosionallığın vəhdətində
ehtiva edən müəllifdir.
“Musiqi dünyası” kitabında təqdim olunan mətnlər,
ayrı-ayrı portret məqalələr sonda musiqinin
yaranması haqqında zamanın içindən doğulan,
daha çox gələcəyi işıqlandıran,
böyük sənətin gerçəkliyi və əfsanəsini
vahid axarda cəmləşdirən məqsədyönlü
bütöv, monumental, etnik-mədəni sistemdə xalqın mədəni
dirçəlişinin təzahürünü əks etdirən
mətnə çevrilir... Və bu estetik formula zühur edir:
“Musiqi bəşər övladının İlahi vəcdin
yaratdığı sonsuza qədər minnətsiz xidmətdir!..”
“Mahnı bu torpağın canıdır, canı-
Aşıq Ələsgərin nəvəsiyik biz.
Bizə versələr də, bütün
dünyanı,
Yaşaya bilmərik sözsüz, nəğməsiz”
(İsa Həbibbəyli, “Mahnı çələngi”
şeirindən).
“Musiqi dünyası” əsərində bədii-estetik
keyfiyyət, canlı və dinamik, sənədli təsvirlər,
kolorit, musiqi mədəniyyətimizin epoxal zənginliyi və
mürəkkəbliyini reallıqları ilə təqdim etmək
kitabın ümumi mətninə tam orijinal bir status
qazandıran amildir və bununla akademik İsa Həbibbəyli
musiqi dünyamızın epoxal proseslərinə varmaqla üslubi cəhətdən
bədii-sənədli nəsrə estetik mizanlı epik-lirik
panoram genişliyi ilə siqlətli nüfuz qazandırır.
Bu əsəri mən uğurlu əsər hesab edirəm.
Çünki bu uğur, əsrlərlə formalaşan milli
irsimizin, dəyərlərimizin, musiqi mədəniyyəti ilə
yoğrulmuş Azərbaycan adlanan dünyamızın bariz
göstəricisidir. Bu əsər Azərbaycan musiqi mədəniyyətinin
potensialına olan inamı gücləndirən böyük sənət
töhfəsidir.
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.16-17.