KEÇMİŞ ƏZİZ
GÜNLƏRDƏKİ KİMİ
Əvvəl-axır Dədə Qorqud deyən olur. Gəlimli-gedimli
dünyanın son ucu ölümdür. Var olduğu müddətdə
kasıb bir komadamı, dəbdəbəli saraydamı
yaşamasından asılı olmayaraq bitəcəkdə
hamının aqibəti eynidir. Sağkən sənə gərək
olandan qat-qat iri mülklərdə yaşamağın
mümkünsə də, həyat sona çatandan sonra
axırıncı yuva hamı üçün mütləq
eyni ölçüdədir.
Boy-buxunun hansı ölçüdədirsə, o qədər.
Hətta məzarın üstünü kiminçünsə
daha təmtəraqlı düzəltsələr də, bunun qəbrin
özünə dəxli olmur. İnsana qazılmış məzarda
daha heç kəsə imtiyaz verilmir. Qəbir bərabərləşdirir.
Son mənzil hamı üçün eynidir.
Həqiqətən, məzar axırıncı mənzildir.
Ömrün boyu hansı mənzillərdə
yaşayırsan-yaşa, qəbir sonuncusudur.
Və dünyada tək-tək adamlara nəsib olur ki,
son mənzilə köçəndən sonra öz əvvəlki
mənzilinə qayıda bilsin. Üzeyir bəy qayıdıb,
Mirzə Cəlil qayıdıb, Bülbül, Səməd
Vurğun, Abdulla Şaiq, Hüseyn Cavid...
Bu baxımdan barmaqla sayılacaq qədər az şəxsiyyətimiz
yarıyıb.
Yaddaşımda nənəmin uşaqlıq illərimdən
qulağımda qalan sözləri səslənir. Söyləyirdi
ki, gərək cümə axşamları evdə mütləq
qazan qaynaya. Çünki bu evdən əbədi
ayrılmışların ruhları həmin axşamlarda
doğma ocağa qayıdır. İndiki ağlımla
düşünürəm ki, belə deyən, dediyinə də,
olsun ki, inanan ulularımız bu cür söyləyəndə
onu düşünmürlərmiş ki, öz keçmiş
evinə təşrif gətirən ruh da bişirilən təamdan
dadsın. Ruhlar bizim kimi yeyib-içmir ki! Ruhların
qidası, onlara enerji veribyaşadan - anılmaqdır.
Ruhların cümə axşamları öz ocaqlarına
qayıdışı söhbətini gələcəkdəkilərə
ötürən dədələrimiz, zənnimcə, ona
görə o gün evdə qazan asılmasını tövsiyə
ediblər ki, gələnlər əzizlərindən nigaran
qalmasın, gördüklərinə pərişanlaşıb
getməsinlər, şahid olsunlar ki, evdə əmin-amanlıqdır,
istəkliləri ac deyil, süfrələri ruzi-bərəkətlidir,
həyatları öz axarındadır.
2025-ci ilin mayında Rəsul Rzanın 115 yaşı
tamam oldu. Artıq onun və həyatının ayrılmaz
parçası Nigar xanımın vəfatından 44 il
keçirdi. O mənzildə ki onlardan əvvəl də
yaşayanlar olmuşdu, Rəsul Rzasız, Nigarsız günlərdə
də yaşayanlar oldu - qızı, kürəkəni, nəvələri.
Amma 2025-ci ilin yazında, nəhayət ki, gedənlər getdi,
evin xatirə muzeyinə çevrilməsi üçün
aparılan təmir işləri bitdi, ev ilkin səliqəsi ilə
təzədən bəzəndi (hərçənd, burada
yaşadığı illər ərzində ailənin
kiçik qızı Təranə xanım
çalışmışdı ki,
atasının-anasının vaxtındakı sahman imkan
daxilində olduğu kimi qalsın) və yenə Rəsulla
Nigar bu evin əsl sahibləri oldular. Onların xatirə muzeyi
öz mənzillərindəcə yaradıldı, mayın son
günündə qohum-əqrəba, dost-tanış,
tanınmış ziyalılar toplaşaraq xatirə muzeynin
açılışını keçirdilər. Bundan sonra
daha həmişə belə olacaq. Elə keçmişlərdəki
kimi, gündüzlər yenə gəlib-gedənlər
çox olacaq, axşamlar, gecələrsə bütün gələnlər
çıxıb gedəcək, yenə ömrün son illərində
olduğu kimi, burada ikiləri qalacaq - Rəsul, Nigar
Bəlkə başqalarının ruhlarının
qayıtması söhbətinə şəkk də etmək
olar. Ancaq onlar kimi ruh adamlarının - doğurduqları
onlarla birlikdəykən də, onlarsız keçən onillərdə
də daim ruhumuzu təsirində, cazibəsində
saxlayanların heç vaxt tamam çıxıb getməməsinə,
həmişə mütləq qayıtmasına necə
inanmayasan?!
...Onları dəyişən vaxt, başqalaşan zəmanə
tuş saldı.
Yoxsa ki, həyat vaxtın köhnə axarı və ləngəri
ilə davam etsəydi, onun ayrı, bunun başqa yazısı
olacaqdı.
O ailədə ki Nigar Rəfibəyli doğulmuşdu,
o soyadı ki dünyaya gəlişi ilə Nigar
qazanmışdı, ona səadətli, rəvan, rahat bir yol vəd
edirdi. Babası Ələkbər bəy Gəncənin və
bütöv Azərbaycanın ən mötəbər
ağsaqqallarından idi. Rəfibəylilər qollu-budaqlı,
köklü-köməcli bir nəsildi. Ələkbər bəy
dünyadan köçəndə Azərbaycan qəzetlərində
ən seçkin insanlar bunu şanlı bir millət
atasının vəfatı kimi mənalandırmışdılar.
Azərbaycan müstəqillik qazanıb üçrəngli
bayrağını ucaldanda Rəfibəylilər yenə
öndə idilər. Nigarın atası Xudadat bəy ilk müstəqil
milli hökumətin ilk səhiyyə naziri təyin
edilmişdi, daha sonra isə Gəncənin baş valisi
olmuşdu. Ailələrin niyyəti idi ki, Nigar böyüyəndə
Xanxoylular nəslinin gəlini olsun. Bu sevda baş tutmadı,
amma hər halda niyyət də yerini aldı - çox illər
sonra, artıq başqa bir “dünyada” Nigarın qardaşı
Kamil, Xanxoylu qızı ilə evləndi.
Nigar 1913-cü il təvəllüdlü idi və həmin
çağların olmuşları da, babası da, atası da
hafizəsində ayrı-ayrı dumanlı şəkillər
kimi qalmışdı.
Sonra bolşeviklər zaval kimi gəldi, gəlişləriylə
çox dudmanları kor qoydular, çox şərəfli nəsillərin
axırına çıxdılar və dünənəcən
gələcəyin səadətlər vəd etdiyi Nigar
dönüb oldu gələcəyin hər an yeni
uğursuzluqlar və biri digərindən ağır
sınaqlar boyun olduğu bir zavallı.
1920-ci ilin 26-31 mayında, bolşeviklərin
Cümhuriyyətimizi, istiqlalımızı
işğalından heç bir ay ötməmiş
bütün sovet tarixində etiarazçılığın,
istiqlalçılığın nadir örnəyi kimi qalacaq
fövqəladə hadisə baş vermiş, Gəncə
üsyanı qopmuşdu. Bir neçə günlüyə də
olsa, bütün Şuralar tarixində qalacaq
dikbaşlığı edən mərd vətənpərvərlər
Gəncədə sovet hakimiyyətini devirmiş,
istiqlalımızı bərpa etmişdilər. Gəncə
üsyanının önündə gedənlər də Rəfibəylilər
olmuşdu. General-qubernator Xudadat bəy Rəfibəyli isə
hələ üsyan başlanmazdan mümkün etirazların təşkilatçısı
kimi həbs edilmiş, az sonra Bakıya aparılmış,
Nargindəmi, ya Xəzərdəki hansısa başqa
ölüm adasındasa qətlə yetirilmişdi.
O vaxt Nigarın 7 yaşı vardısa da, 70 ilə
yaxın ömrü ərzində həmin müsibətlər
onu daim qarabaqara izlədi.
Və sovet manyakal inadkarlıqla bu nəsildən Gəncə
üsyanının qisasını almaqdan heç vaxt
usanmadı, ədavəti axıracan apardı, Rəfibəyliləri
qatı düşmənləri cərgəsindən bilmərrə
çıxarmadı.
Azərbaycanda Şura hökuməti ayaq tutandan Rəfibəylilər
sovetin və erməniçiliyin özünə ən
qatı düşmən sandığı nəsillərdən
birinə çevrildi.
Mövcud olduğu yeddi onil boyunca sovet dövləti Rəfibəyliləri
doqquz dəfə ən amansız repressiyalara məruz qoydu. Həbs
etdi, sürgünlərə yolladı, güllələdi.
Gözlədi ki, yeni Rəfibəylilər yetişsin, sonra
eyni bəlaları onların başına gətirdi. Rəfibəylilərin
bir dəstəsi isə İrana, Türkiyəyə
mühacirət etdi. Təntənəsini başlamış,
sonralar öhdəsindən gəlmək dünya
üçün müşkülə çevriləcək
şər imperiyasının caynağından qurtulmuş
mühacir Rəfibəylilər orada da asudə yaşaya bilmədilər.
Təqiblər, təhdidlər orada da davam etdi. Rəfibəylilər
izi itirmək üçün Türkiyədə üç
müxtəlif soyadla ömür sürdülər: Arran,
Sayqın, Əsgəran. Sovet İttifaqında qalanlar da bəyliklərini,
Rəfibəyliliklərini gizlətmək üçün
Qarayev oldular, Zamanov oldular, Rəfiyev oldular, Babayevə, Rəfizadəyə,
Kərimliyə çevrildilər.
Çox gözə girməmək gərək idisə,
gərək bir təxəllüsdən-filandan tapıb, ya ərinin
familiyasını götürərək daldaya çəkilən
ən əvvəl elə Nigar olaydı. Axı yazı-pozu
adamı idi, imzası mətbuata çıxırdı, digər
Rəfibəylilərə nisbətən o, daha üzdə
idi.
Cümhuriyyət dönəmində ilk əmək
nazirimiz olmuş Əhməd bəy Pepinovun qızı Sevda
xanımın gələcəyin görkəmli aktyoru Lütfəli
Abdullayevlə qovuşduğu günləri yada salaraq söylədiyi
bir əhvalatı xatırlayarkən indi də qəhərlənirəm.
Sevda xanım deyirdi ki, nənəm
izdivacımızın əleyhinə olduğundan Lütfəli
məni illərcə gözləməli olmuşdu, toy
günümüzün sabahı ona dedim ki, atamın məndən
başqa övladı olmayıb, icazə verərsənmi mən
ikili familiya götürüm, həm sənin, həm
atamın soyadını daşıyım?
Lütfəli qayıtdı ki, kişi qızısan,
mənim familiyamı götürməyinə ehtiyac yoxdur, elə
Pepinova qal!
Nigar, bu zərif və yenilməz təbiətli
qız çəkinmədi, qorxmadı, “nə olur-olsun” əzmi
ilə ata-baba soyadına dönük çıxmadı, ən
fırtınalı illərdə adının yanında təbərrik
kimi daşıyaraq həm qorudu, həm ondan qüvvət
aldı.
Təsəvvür edin ki, olduğundan daha uzun yarım
əsr boyunca qart bir düşmənin hakimiyyəti altında
yaşayaraq namuslu ədəbiyyat adamı olaraq qalmaq nə qədər
mürəkkəb, həm də nə qədər təhlükəli,
riskli bir yol getmək deməkmiş.
1931-ci ildə Nigar Rəfibəylinin 18 yaşı
vardı. Sonradan taleyini bağlayacağı Rəsul Rzadan fərqli
olaraq, o, Bakıya öz xoşuna gəlməmişdi, bu
böyük şəhərə şöhrət ardınca,
özünüifadə məqsədilə can
atmamışdı. Onu anasıyla, dayısı ilə birgə
Gəncədən bura sürgün etmişdilər.
Adının yanında şərəfli və sovetin
nəzərincə ləkəli soyad, üzərində “xalq
düşməni” damğası olan bir yeniyetmə qız ədəbiyyat
aləminə atılırdı.
Və hər sözü üfürə-üfürə
deməyə vadar edən xəfiyyə xislətli sovet
gerçəkliyində belə bioqrafiyayla söz mühitinə
gələrək özünü təsdiq eləməkdən
ağlasığmaz istək təsəvvür etmək
çətin idi. Nigar Rəfibəyliyə qəhrəman deməyib
kimə deyəsən?! Sovet hökuməti
laxladığı, dağıldığı son
çağlaracan Rəfibəylilərlə ədavətini kəsmədi.
Bu isə Nigar Rəfibəylinin bütöv ömrünü əhatə
edən bir yol demək idi.
1931-ci ildə oçağkı Azərbaycan ədəbi
gəncliyinin toplaşdığı əsas mərkəzlərdən
olan Maarif Evində biri Göyçaydan, digəri Gəncədən
gəlmiş iki gənc - Rəsulla Nigar ilk dəfə
rastlaşdılar.
Qovuşdular və yarım əsr qoşa qaldılar.
Birgə addımladılar, birgə mübarizə
apardılar və heç birinin sevmədiyi rejim onları
yalnız öləndən sonra ayıra bildi.
Stalinin ölümündən sonra 1930-40-cı illərin
siyasi repressiya qurbanlarının bağlı qapısı
açılmağa başladı. 1956-1957-ci illərdə
onminlərlə insana sovetin vurduğu siyasi damğalar silindi,
bəraətlər dalğası bütün Sovet
İttifaqını əhatə etdi. 1987-1988-ci illərdə
isə SSRİ-də Kreml səviyyəsində
yürüdülən aşkarlıq xətti çərçivəsində
sovet siyasi keçmişinin bir çox qara-qura səhifələri
də yenidən açıldı,
özünüifşanın çərçivəsi bir az
da genişləndi, ötən bəraətlər zamanı
qıraqda qalan adlar da ucdantutma təmizə
çıxarıldı. Amma bir zümrə vardı ki, sovet
dövləti nəfəsi gedib-gələn
axırıncı günlərədək onları
bağışlamadı, ən qart düşmənləri cərgəsində
saxladı və belələri bəraətini yalnız
SSRİ-nin süqutundan, 1992-ci ildən etibarən almağa
başladılar.
Bolşeviklərin Azərbaycanda hakimiyyəti qamarlayan
kimi dərhal həbsə alaraq yox etdikləri Xudadat bəy Rəfibəylinin
də taleyi həmin cür oldu.
Nə qədər ki sovet dövləti vardı, onun
adı “qara siyahı”da qaldı.
Millətinin bəxtiyar gələcəyi
üçün hər fədakarlığa hazır olmuş
doktor Xudadat bəyin həyatı cavankən əlindən
alınmışdı, dövlət təhlükəsizlik
xidmətinin arxivlərində saxlanan köhnə cinayət
işinin daha onun özünə heç bir təsiri yoxdusa
da, övladları, yaxınları ömürlərini davam
etdirməkdəydilər və məkrli rejimin gözündə
onlar”xalq düşməni”nin varisləri, sonadək etibar
bağlamaq mümkün olmayan ögeylər idilər.
Belə bir soyadla, belə bir ömür tarixçəsi
və belə bir varisliklə Nigar Rəfibəyli bütün
sovet dövründə ideoloji cəbhədə
çalışdı, sözdən söz
çıxarmaqda, hər kəlməni tərsinə
çevirərək içərisində əks baxış
tapmaqda pərgar olan cəmiyyətdə ədəbiyyat
yaratmaqla məşğul oldu.
1930-cu illərin lap əvvəllərində
özünün deyil, bir başqasının
yazdığı şeirə görə yanlışlıq
ucbatından haqsız ittiham edilməsi kənara qoyularsa,
görün Nigar Rəfibəyli ədəbi aləmin labirintlərindən
keçdiyi zaman boyunca hər sözünü dilə gətirərkən,
hər misrasını qələmə alarkən necəusta
davranmışdısa, həm ürəyi istəyənləri
deyə bilmişdi, həm konyunkturlara uymamışdı, həm
ədəbi mühitinüzdə olan simaları cərgəsində
yer almışdı və haqqında da mətbuatda o dövrə
xas ifşaçı, söyüşcül, eşərək
sətirlər altından düşmənçilik ovqatı
arayan yazılar çıxmamışdı.
Bu uzun və məşəqqətli yolu Nigar xanım
başacan ləyaqətlə, qeyrətlə, dəyanətlə
addımladı. Bir ideoloji düşmən ailəsi
üçün ən yolverilməz peşə ilə məşğul
oldu - şairlik etdi, hər zaman göz önündə oldu və
sovet dövlətinin bir ədib üçün müəyyən
etdiyi ən ali dərəcə olan “Xalq şairi” adına
layiq görüldü. Bu titulu sadəcəNigar Rəfibəylinin
şairliyinə verilən yüksək qiymət,onun ədəbi
gücünün dövlət tərəfindən dəyərləndirilməsi
saymaq düz olmazdı.
Nigar Rəfibəylinin qazandığı bu ad
başqa istənilən şairimizin, yazıçımızın
aldığı eyni addan mahiyyətcə büsbütün fərqli
idi.
Bu, yenilməz ruhun zəfəri, damğalı
soyadın qələbəsi, böyük ölçüdə
-rejim tərəfindən şairənin timsalında Rəfibəylilərə
verilən ən sanballı bəraət, dolayısı ilə,
məşum rejimin Nigar xanım və nəslin qarşısında
“Siz haqlıymışsınız!” etirafı idi.
...1931-ci ildən birlikdəydilərsə də,
toyları çox sonra, qara ayaqlı 1937-nin 11 fevralında
olmuşdu (“Toy” deyəndə xəyalınıza
mağarlı, çal-çağırlı, şurlu məclis
gəlməsin. Bir dəstə yaxın qohum, məhrəm
dost, Birinci Paralel küçəsində (indiki Əli bəy
Hüseynzadə küçəsi), ora necə
sığışdıqları təəccüb oyadan,
ikiotaqlı xırdaca balaca mənzildə
yığışaraq şənlənmişdilər və
“dam dolusu toyu var” deyişi elə bil məhz həmin balaca otaq
haqqında söylənibmiş).
Tuthatutlar həmin ilin iyunundan, Azərbaycan Kommunist
(bolşeviklər) Partiyasının iyunun 3-də keçirilən
nəhs XIII qurultayında - Mərkəzi Komitənin əzazil
birinci katibi Mircəfər Bağırovun bir çox ədibi
elə birbaşa “xalq düşməni” elan etdiyi məruzəsinin
səslənməsindən bir neçə saat sonra
başlanacaq.
Başda Hacı Kərim Sanılı, Əhməd
Cavad, Hüseyn Cavid olmaqla iri bir dəstəni təxirə
salmadan elə həmin iyunun 3-dən 4-nə keçən gecə
aparacaqlar. Ancaq əslində bu həbslərə tədarüklər
artıq bir neçə ay idi ki, gedirdi. Bir çoxunun
adına NKVD-də də açılmış cinayət
işlərini vərəqləmişəm. Həbs orderləri
iyundan başlayaraq imzalanırsa da, həbslər
üçün əsas kimi götürüləcəkmateriallar
artıq əvvəldən asta-asta yığılır -
qovluqlar bir neçə ay öncədən
açılmışdı. O şahid sənədlərinaltındakı
tarixlər əsl həqiqəti çatdırır. Proseslər
planlı gedirmiş. Müəyyənləşdirilmiş
meyarlara uyğun olaraq tutulmalılarınkateqoriyalar üzrə
iri siyahıları əvvəlcə Bakıdan Moskvaya göndərilmişdi,
oradan ilk növbədəkilər təsdiqlənib bura
qaytarılmışdı, Bakıda da iyunun
başlanğıcınadək bütün lazımi həbstədbirləri
tökülmüşdü.
Fevralın başlanğıcında bir
çoxlarının əl altından görülən bu
faciəli hazırlıqlardan xəbəri yoxdusa da, hər
halda tək-tək də olsaduyuq düşənlər
varmış.
Elə onlardan biri Əli Nazim (1906-1941). “Gəlməsəm,
daha yaxşı olar, sizə ziyan yetməsin” deyib Rəsulla
Nigarın toyunda iştirak etməyən Əli Nazim,
görünür, artıq qaçılmaz təhlükəni
hiss edirmiş, ya bəlkə də yaxın həbsinin
labüdlüyündən xəbərdarmış. Doğrudan
da, həmin il ilklərdən biri kimi onun ardınca gələcəklər,
Əli Nazimə 10 il həbs cəzası kəsiləcək,
ancaq həmin müddət bitmədən -1941-ci ilin avqustunda həlak
olacaq. Bu, həbs düşərgəsindəki növbəti
adiləşmiş ölümlərdən biri idi, ya onu da
müharibə başlanan çağlarda, bir sıra başqa
sovet həbs düşərgələrində olduğu kimi,
özləri gülləyə tutmuşdular?
Fevralın 11-i - deyib-gülürlərmiş, bəxtəvərlik
içindəymişlər, Cavid, Cavad, Müşfiq
sağlıqlar deyirmiş, şeirlər oxuyurmuş, masabəyi
Kazım Ələkbərli həyatının son xoşbəxt
yazıçı məclisini idarə edirmiş.
Lap az keçəcək, hamısı pərən-pərən
düşəcək, həmin toydakıların neçəsi
o ildən sağ çıxmayacaq və Rəsulla Nigar da həyatın
bu xoşbəxt gecəsini sonralar hər xatırlayanda
qüssələnəcəklər, ürəkləri xiffətdən
sıyrılacaq, qəhqəhələrlə dolu, fərəhlə
daşan şad günün hər anı sonralar yalnız kədər
gətirəcək.
Nigar xanım dostlarla birgəliyin o axşamını
da, Pirşağıda simsarların hamısının
axırıncı dəfə hər axşam birlikdə
olduqları 1936-cı ilin bəxtiyar yayını da, ondan əvvəlki
illərdə sonra bir daha görə bilməyəcəyi
munislərlə hər görüşünü də
sonralar heç vaxt unuda bilməyəcək, daim həsrətlə
anacaq. 1960-cı illərin bitər-bitməzində, artıq
dünyanın nisbətən başqa, öz həyatının
xoşbəxt, bir çox nigaranlıqların arxada
qaldığı günlərində də xəyalən
dünənlərə qayıdanda yeridolmaz itkilərin
göynəyi yenə ürək sıxırdı. Yada
salırdı 1936-cı ilin əvvəllərində Rəsulla
bərabər Moskvada təhsil aldıqları çağlarda
qış tətilində anasını görməkçün
Bakıya gəlməsini, Akademiyanın böyük zalında
keçirilən ədəbi gecədə Müşfiqlə
yanaşı oturmasını, Müşfiq Rəsulu xəbər
alanda “Bizi lap unutmusunuz” deyə ərklə gileylənməsini,
Müşfiqinsə bu sözlərə cavab vermək əvəzinə
ondan dəftərçəsini istəyərək orada bir bənd
şeir yazmasını:
Ey şair,
Düşün öz-özünə, sən bir
cahansan,
Başqadır gərdişin, başqadır yerin.
Gözlərdən, doğrudur, bu gün nihansan,
Bunun nə eybi var, könüldür yerin.
...O mənzilə ki Rəsulla Nigar 2025-in mayında bir
daha buradan ayrılmamaqçün qayıtdılar, orada 44 il
yaşamışdılar. Özümü də bəxtli
insan hesab edirəm ki, şəxsiyyətləri də,
yaradıcılıqları da ruhumca olan bu insanları o evdə
birgə görmək də, qayıdışlarına
şahid kəsilmək də mənə qismət oldu.
Vaxtilə Üzeyir bəyin köməkçisi və
sonra da onun ev muzeyinin ilk direktoru olmuş Ramazan Xəlilov bir dəfə
mənə böyük opera müğənnisi, Karmenlərin
ən gözəli Fatma Muxtarova ilə ilk rastlaşmasından
danışırdı. Deyirdi ki, içəri girdim,
gördüm ki, Fatma xanım bir əlində əsgi,
yanında su dolu vedrə, diz çöküb döşəməni
yuyur. Mat-məəttəl qaldım ki, axı bu necə olur,
axı o, əfsanəvi Muxtarovadır.
Nigar xanımla birinci dəfə həyatda tuş
düşənəcən onu televiziyada seyr etmişdim,
fotolarını görmüşdüm, şeirlərini
oxumuşdum. Tələbə idim, radio ilə yenicə əməkdaşlığa
başlamışdım, çiyni döyənək edən
ağır reportyorum - səsyazanımla gəlmişdim Rəsul
müəllimdən müsahibə almağa.
Bəlkə çox gənc idim ona görə mənə
qəribə görünmüşdü - Nigar xanımı
ev geyimində, sadə bir evdar qadın, ərinə,
qonağına çay gətirən görmək mənə
heyrətamiz gəlirdi.
Bu, “Göyərçin qızın dastanı”nı
yazan, yasəmənləri, qərənfilləri,
qızılgülləri öyən, durnalara nəğmə
deyən Nigar xanım deyildi, “Mətbəx şeirləri”ni
yazan Nigar ana idi:
Biri şit sevir,
biri şor sevir.
Biri bişmiş,
biri çiy pomidor sevir...
Birinin yeməyi yağsız gərək,
birinin xörəyi soğansız,
sarımsaqsız gərək...
Bütün günü yu, sil,
bişir, düşür.
Birinin qismətinə
yüksək masa arxasında oturmaq,
birinin qismətinə
qab-qacaq yumaq düşür.
Nə zərər,
bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
Adi mətbəxlər...
Nigar xanım az yazmayıb. Şeirlər, poemalar, nəğmələr
qələmə alıb, tərcümələr edib,
publisistikası var. Amma o yaradıcılıq təpəri, o
ilham potensialı ki Nigar xanımda idi, bunlardan azı onqat
artığını doğura bilərdi - həm sayca, həm
də xüsusi çəkicə.
Nigar xanım üçuşaqlı və daim
qonaq-qaralı bir ocağın ev sahibəsi idi. Təbii,
yüz cür məişət qayğıları hər
gününü müşayiət edirdi. Ancaq onu az yazmaq məcburiyyətində
qoyan nə məişət qayğıları idi, nə də
mətbəxsərhədləri.
Ən başda siyasi hürkülər idi ki,
axıracan ürəyindəkilərin çoxunu üzə
çıxarmasına macal vermədi. Axı Nigar
yazdığı hər kəlməyə şübhəcil
rejimin əl altından daimi nəzarət etdiyini
anlayırdı.
Hər sovet vətəndaşının
vaxtaşırı doldurduğu şəxsi vərəqədə,
yazdığı tərcümeyi-halında
qarşısında həqiqəti göstərməli
olduğu bənd - “Xaricdə və həbsdə olan yaxın
qohumlarınız” Nigar xanım üçün
dünyadakı sualların ən çətini idi.
Kimisə yazıb kimisə yazmamaq, nəyisə
yazıb nəyinsə üstündən keçmək
olmazdı. Bunu daha artıq qəbahət, saxtakarlıq
adlandıracaq, siyasi don geydirərək bir az da əcaib
yozacaqdılar. Lap heç kəsi göstərməsə də,
doğma qardaşı Kamil Rəfibəylinin sovetin
özünə dost saymadığı ölkələrdən
olan Türkiyə Cümhuriyyətində
yaşadığını necə dana bilərdi?
Lap dansın, onsuz da Nigarın Türkiyədəki
hansı qohumunun hansı şəhərdə, hansı
qohumunun Sovet İttifaqındakı hansı şəhərdəki
hansı həbs düşərgəsində və dustaqxanada
olduğundan hökumət onun özündən də
yaxşı agahdı.
Qohumlar da nə qohumlar! Sovet Azərbaycanında əqrəbasından
mühacirətdə yaşayan başqaları da vardı ki,
heç yada düşmürdülər. Nigarınkılarsa
birbaşa Moskvanın, SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin və SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat
İdarəsinin ciddi nəzarətində idi. Çünki əmilərindən
(tam əmi də olmasa, elə təxminən əmi, dayı səviyyəli
qohumlardılar) biri Türkiyə ordusunda general idi, digəri
Türkiyə Xüsusi Xidmətlərində, obiri Qarsın
komendantı idi, doğmaca qardaşı da yenə Milli
İstihbarat Təşkilatı ilə bağlı idi.
Ona görə də çöldəki bütün
senzorlardan daha oyaq, daha kəskin senzor həmişə
Nigarın öz içərisində olmalı idi. O,
yazmamaqla, ürəyini yaradıcılığına
boşaltmamaqla tək özünü deyil, ərini də,
oğlunu da qoruyurdu.
Sovet rejiminin Rəfibəylilərə və Azərbaycana
etdiyi ən böyük pisliklərdən biri də bizi Nigar Rəfibəylinin
yazıla biləcək neçə-neçə işıq
dolu əsərindən məhrum etməsi oldu.
Heykəl də qoymayın şairə vaxtsız,
Zaman sınağından qoy qalib çıxsın.
Nə oxucu ona söyləsin “baxtsız”,
Nə dövran uçurub heykəli yıxsın.
Qəlblərdə yaşasın onun heykəli,
Şeiri məşəl kimi illəri yarsın,
Gələcəyin xoşbəxt nəsillərinə,
Əsrindən, dövründən salam aparsın.
Rejim Rəfibəylilərdən ala biləcəyi son
intiqamını aldı. Rəfibəylilərə edə biləcəyi
son ağır pisliyini etdi. İmkan vermədi ki, Rəsulla
Nigar eyni məzarlıqda yanaşı uyusun. O məzarlıqda
ki, orada Mirzə Cəlillə Həmidə xanım
yanaşıdır, o məzarlıqda ki, orada Üzeyir bəylə
Məleykə xanım böyür-böyürədir. Rejim
Nigar xanımı yalnız üzdən qəbul edibmiş.
İçərisində onu elə düşmənləri,
arzu etmədikləri sırasında saxlayırmış.
Sovet tar-mar olmayınca bu nəslə ağ gün
yoxmuş.
Nigar Rəfibəylini həyat yolunun, sənət
yolunun lap başlanğıcında doğma Gəncəsindən
didərgin salmışdılar. Ləyaqətlə
yaşadığı ömrə taleyin, tarixin
üzrxahlığı və mükafatı kimi Nigar bu əziz
şəhərə, atasının, anasının,
babalarının, nənələrinin şəhərinə
XX yüzilliyin bitəcəyində heykələ dönərək
qayıtdı.
Nigar xanımın 1998-ci ildə Gəncədəki
Xan bağında qoyulan, Münəvvər Rzayeva ilə Fəxrəddin
Əliyevin düzəltdiyi abidəsinin açılış
mərasimindəiştirak etmək də nəsibimiz oldu.
O açılışın bir rəmziliyi və
gözəlliyi də bu idi ki, həmin gün abidənin
üstündəki örtüyü çəkən hələ
Dövlət Təhlükəsizlik Komitəsində
çalışdığı illərdən bu nəslin həm
ölkə içində, həm qürbətlərdəki təmsilçilərinin
başına gələnlərdən heç kəsə məlum
olmayan çox təfərrüatları bilən, bitmiş
sovet dövlətinin liderlərindən olmuş və
artıq müstəqil Azərbaycana rəhbərlik edən
unudulmaz Heydər Əliyev idi.
1990-cı illərin əvvəllərində Rəfibəylilər
nəsli haqqında kitabımı yazarkən Gəncədə
1920-ci illərin əvvəllərində balaca Nigarla məktəbdə
oxumuş yaşı səksəni keçən nurlu
xanımları danışdırırdım. Xatirələrini
söyləyirdilər, amma keçmiş zamanda
danışmırdılar, qocalmış insanlar kimi
danışmırdılar, bir-birinin sözünü kəsə-kəsə
elə həvəslə nağıl edirdilər ki, elə bil
həmənki vaxtlardadırlar, üçüncü,
dördüncü, beşinci sinifdə oxuyan
qızlardırlar.
Tarix mənə çox yaxın gəlirdi...
“Gəlirdi” sözünün həm gəlmək, həm
də görünmək mənasında!
Rəsul Rza cavanlığında mübariz
olmağı əhd etmişdi, sonacan da mübariz olaraq
qaldı.
Mənim fikrimcə (söz sözü çəkmişkən,
Rəsul Rza məqalələri və esselərindən ibarət
bir kitabının adını elə belə qoymuşdu - “Mənim
fikrimcə”. Guya özünü daha dürüst sovet
adamı kimi nümayiş etdirmək istəyən Məmməd
Rahim də bundan az sonra nəşr edilən məqalələrindən
ibarət kitabını, Rəsul Rzaya sataşırmış
kimi, “Xalqın fikrincə” adlandırmışdı),
böyük şairin həyatı boyu apardığı
mübarizələri içərisində ən vaciblərindən
biri, bəlkə də birincisi Nigarını qorumaq
yolundakı ardıcıllığı idi.
Nədən Rəsul Rzanın mübarizələri
içərisində Nigar sevdasını daha ucada tuturam?
Çünki ola bilərdi ki, yolunun lap
başlanğıcında Nigara görə o, çox
şeyi, hətta hər şeyi itirsin. O bilirdi Nigar hansı nəslin
övladıdır, dövlətin, rəsmi siyasətin bu nəslə
hansı qəvi münasibəti bəsləməsindən də
yetərincə məlumatlı idi, üstəlik bunu da
çox gözəl anlayırdı ki, lazım hesab etdiyi anda
bu dövlət və siyasət istədiyi başı “uf” demədəm
kəsməyə hazır qədər qansızdır və
bunu da dərk edirdi ki, Nigarla birləşməsi onun
bütün gələcəyinin üstündən xətt
çəkə bilər və Şura hökumətinin təbiətinə
yaxşı bələd olduğundan bunu anlayırdı ki, həyatını
bağladığı nəsillə dövlətin
barışmazlığı müəyyən vaxt ötəndən
sonra da səngiyən deyil, nə qədər sovet qalır, əğyarca
yanaşma da yerində duracaq, bu minvalla, ömür-gün
yoldaşı nəsli ilə birgə nə qədər həyatdadırlarsa,
ona mütləq nə şəkildəsə maneəyə
çevrilmiş olacaq.
Rəsul Rza mərdanəliyini onun şeirindən əvvəl
bu əməlində arayın!
Onun Nigar sevgisinin ömrü düz 50 il çəkdi.
Ölənəcən!
Abbas Zamanov 1985-ci ildə “Ulduz” jurnalında dərc
etdirdiyi Rəsullu xatirələrində yazır ki, dostu ilə
son dəfə Mərdəkandakı xəstəxanada, vəfatından
üçcə gün əvvəl görüşüb və
şairdə heç ölüm əhvalı yoxmuş.
1942-ci ildə Kerçdə olduqları dava günlərini təsvir
edən təzə şeirlərini oxuyubmuş, Abbas müəllim
yada salırdı ki, o şeirlərdə Əli Vəliyevin,
Nəsir İmanquliyevin, mənim də adım vardı.
O məqaləni yazmasından 2 il sonra, evlərindəki
bir görüşümüzdə söz necə oldusa Rəsul
Rzadan düşdü, qayıtdı ki, düzdür, Rəsul
ağır xəstə idi, amma hələ yaşaya bilərdi,
xüsusən onunla axırıncı dəfə
görüşüb ayrılanda ümidim artmışdı,
halsız deyildi, özünə inamlı
görünürdü, ancaq nə oldusa o üç
günün içində oldu, görünür, kimsə
dedi, ya özü duyuq düşdü ki, Nigarın vəziyyəti
yaxşı deyil, ürəyi tab gətirmədi.
Bunu da xatırlayıram ki, 1980-ci illərin
başlanğıcında Rəsul Rza ilə Nigar Rəfibəyli
haqqında “İki ömrün işığı” adlı
xatirələr toplusunu hazırlayarkən onlarla
oturub-durmuş, üns bağlamış ayrı-ayrı
adamları dindirərək xatirələrini yazıya
alırdım. Maestro Niyazigildə idim. O
danışırdı, Həcər xanımın yadına nəsə
düşürdü, əlavələr edirdi (O səsləri
də saxlamışam). Söhbət gəlib
çıxmışdı onun üstünə ki, Nigarın
sürgün edilmək təhlükəsi lap ciddiləşibmiş.
Rəsul qayıdır ki, Nigarı sürgün eləsələr,
mən də onun ardınca gedəcəm.
Niyazi də zarafata salır ki, o vaxt dekabristlərin
arvadları ərlərinin ardınca Sibirə gedirdilər,
indi sən tərsinə edərsən.
Gülüşürlər...
Cavan idilər, odlu idilər, ümidlərlə,
arzularla dolu idilər və hər məhrumiyyətdən, hər
yaxınlaşa biləcək bəladan güclü idilər...
...Son mənzillərinin yanaşı olmasınaimkan
verilmədi. Ancaq Allah gözəl Allahdır!
Pərvərdigar ucalardan baxaraq insan naqisliyinə bir
daha güldü ki, istək mənimkidirsə, sən nəkarasan
onun ziddinə gedəsən.
İlahi Rəsulla Nigarın iqbalına daha
yaxşısını çıxardı -
yaşadıqları ömürdən daha uzun müddətdə
sözün müstəqim mənasında birlikdə
olmaqçün öz əvvəlki mənzillərinə, hər
halda səadəti sıxıntılarından qat-qat çox
olan gözəl günlər sürdükləri evlərinə
qayıtdılar.
Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr
edib. Amma Rəsul Rzanın Nigara 1957-ci ildə - toy
axşamlarından 20 il keçərkən səfərdən
- Moskvadan yolladığı bir teleqram da qalır və o
teleqram da elə zərif şeir kimidir: “Nigar, əzizim!
İyirmi il əvvəl boranlı bir fevral günü biz səninlə
əl-ələ verib həyatın mürəkkəb, çətin
yollarına çıxdıq. Bu iyirmi il boyunca bütün
sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti
azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin
üçün sağ ol! Əgər günlər geriyə
varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən
ömrümü yenə səninlə bağlayar, həyatın
daha çətin yollarında tərəddüdsüz səninlə
əl-ələ verib gedərdim. Qoy üç sevimli
balamızın sevinc və səadəti gələcək
günlərimizi bəzəsin! Qoy məhəbbətimizin hərarəti
onları hər cür fırtınalardan qorusun! Vəfa və
sədaqətin qarşısında baş əyirəm”.
...İkinci Dünya müharibəsinin ən şiddətli
ölüm-dirim döyüşlərinin getdiyi 1942-ci ildə
Rəsul Rza əvvəlcə “Vəfa” adlı bir şeir,
ardınca da pyes yazmışdı və əsər 1943-də
ilk dəfə Adil İskəndərovla Ələsgər
Şərifovun quruluşunda səhnəyə gəlmişdi.
O günlər idi ki, insanların vəfaya, sədaqətə,
etibara, inama ehtiyacıhər zaman olduğundan daha çoxdu.
Söyləyirlər ki, müharibə bitənəcən sərasər
3 il səhnədən düşməyən “Vəfa”da
tamaşaçılar hər dəfə Ələsgər
Ələkbərovun, Hökumə Qurbanovanın, Rza
Əfqanlının, Leyla Bədirbəylinin... bir-birindən
parlaq aktyorlarımızın ifasını, pyesə əlavə
gözəllik qatan Səid Rüstəmov musiqisini həyəcanla,
kövrələrək, alqışlara qərq edərək
qarşılayırmışlar. İlk tamaşadan 82 il sonra
rejissor Mərahim Fərzəlibəyovun quruluş verdiyi, Azərbaycanın
Müstəqillik Günü və Rəsul Rzanın
ev-muzeyinin açılışı ərəfəsində
- mayın 28-də göstərilən “Vəfa”ya şairin
oğlu Anar elə Rəsul Rzanın öz irsindən
yararlanaraq əl də gəzdirmişdi, bununla tamaşa bir az
rövnəqlənmiş, Qarabağ Zəfərimizlə də
həmahəngləşmişdi və artırmalar arasında
həm Rəsul Rzanın, həm Nigar Rəfibəylinin
sözlərinə müxtəlif illərdə bəstələnmiş
nəğmələr də vardı.
“Vəfa” Rəsulla Nigarı yenə
qovuşdurmuşdu. Yenə əl-ələ, yenə ürək-ürəyə,
yenə nəfəs-nəfəsə idilər və
qayıtmışdılar.
Dünyada hansı qüvvət səni məndən
ayırar?!
Gözləyirəm səni mən, gözləyirəm
hər anda,
Axşamın kölgəsində, üfüqlər
qızaranda.
Sarı yarpaq düşəndə, isti külək əsəndə
Gözləyirəm səni mən gəlsən də,
gəlməsən də!..
Bunca vəfa varsa, olarmı ki, gəlməsin?! Gəldi
və bundan belə daha heç vaxt ayrılmadan, həmişə
bir yerdə olacaqsınız - keçmiş əziz günlərdəki
kimi doğma yuvada, bir tavan altında...
31 may 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.14-15.