“Bizi tanıyan yox, sevən yox...”
Kuklaçı Aygül Ağayeva: “Hamıdan çox
biz zəhmət çəkirik, amma az dəyər
görürük”
Müsahibimiz Kukla Teatrının aktrisası, Prezident
mükafatçısı Aygül Ağayevadır. Aktrisa
“Pişiyin evi”, “Nar çubuğu”, “Turp”, “Qoğal”,
“Üç donuz balası”, “Məlikməmməd”,
“Qırmızı papaq”, “Cırtdan”, “Piter pen” kimi 20-dən
çox tamaşada rol alıb.
Aygül Ağayeva ilə söhbəti təqdim
edirik.
- Aygül xanım, əvvəlcə sizi Prezident
mükafatına layiq görülməyiniz münasibətilə
təbrik edirəm.
- Çox sağ olun, təşəkkür edirəm.
Əziyyətinin bəhrəsini görmək həqiqətən
çox gözəl hissdir. Hər kəs istəyər ki, bu
mükafata layiq görülsün. İnşallah,
bütün aktyor heyətinə qismət olar.
- Necə oldu ki, kuklaçı olmaq qərarına gəldiniz?
- Əslində, mən kuklaçı deyildim.
Universiteti bitirəndən sonra Mədəniyyət idarəsində
teatr şöbəsi açılmışdı, ora
getmişdim. Oranın da rejissoru kukla teatrının baş
rejissoru Rəhman Əlizadə idi. O, məni orada gördü
və bura gətirdi. İlk dəfədən kukları sevdim.
Kim sevməz ki. Çox gözəldir, hər gün
nağıllar aləminin içindəsən. Amma çətindir,
çox çətindir.
- Kuklaçıların əsas qayəsi nədir?
- Biz kuklaya can veririk və istəyimiz odur ki, tamaşa
vaxtı biz yox, oynatdığımız kuklalar canlı olsun
və uşaqlar ona inansınlar. Əgər inanmasalar, onda
kukla oynatmağın mənası yoxdur.
- Bayaq qeyd etdiniz ki, kuklaçı olmaq çətindir.
- Hə, Kukla Teatrında işləmək digər
teatrlarda işləməkdən daha çətindir. Hamı
elə bilir ki, çox asandır, kukladır da, nə var ki,
burada, qaldırırsan, oynadırsan. Amma elə deyil. Hər kəs
canlı şəkildə bir obrazı canlandıra bilər.
İndi biz şəhərə çıxsaq və bir gəncə
desək ki, filan hərəkətləri elə, çox
asanlıqla edəcək. Biz bütün teatrlara gedib işləyə
bilərik, amma başqa teatrlardan buraya gələn aktyorlar
çox çətinliklə işləyirlər. Biz
özümüz əl-qolumuzu tərpətdiyimiz kimi kuklada
bunu göstərə bilmirik. Ona görə çox çətindir.
Elə kuklalarımız var ki, çox ağırdırlar.
Ağırlığdan çiynimdə yırtıq əmələ
gəlib, bir insan bir litr suyu əlləri yuxarıda olmaq şərtilə
neçə dəqiqə saxlaya bilər? Uzağı 10-15 dəqiqə.
Amma biz həmin kuklaları bir saat oynadırıq.
- Özünüzdə bu gücü haradan tapırsınız?
- Bizə güc verən uşaqların sevinci,
alqışları və reaksiyalarıdır. İndiki
uşaqları heç nəyə inandıra bilmirik axı.
Kompüter var, televizor var. Bunların hamısı onlara təsir
edir. Ona görə bizim oynadığımız tamaşalar,
kuklalar elə maraqlı olmalıdır ki, uşaqlar həvəslə
baxsınlar. Elə oynamaq lazımdır ki, inansınlar. Bir dəfə
“Göyçək Fatma” tamaşasında ögey ana
obrazını canlandırmışdım. Uşaqlar məni
o qədər söydülər ki. Mənə nifrət
edirdilər. Kuklanın pis olduğuna o qədər çox
inanmışdılar ki, deyirdilər, sən pissən,
çıx səhnədən. Bu, əslində mənim
üçün çox gözəl bir şeydir. Pis sözlər
desinlər, neynək, amma mənə xoşdur. Demək ki,
inandırmağı bacarmışam. Şükür Allaha,
biz bacara bilirik. Onların alqışı bizə ilham verir.
- Sizin tamaşaçılarınız
uşaqlardır. Uşaqlarda da hələ bir tamaşanı təhlil,
tənqid etmək bacarığı demək olar ki,
formalaşmayıb. Mənə elə gəlir ki, digər
teatrlarla müqayisədə bu baxımdan
şanslısınız.
- Əslində yox. Bizim öhdəmizə çox
şey düşür. Çünki uşaqların ilk gəldiyi
teatr Kukla Teatrıdır. Əgər uşaqlar ilk gəldiyi
yerdən mənfi fikirlə ayrılsalar, onda onların
teatrlara baxışı dəyişəcək və gələcəkdə
böyük teatrlara getməyəcəklər. Biz uşaqlara
elə şeylər göstərməliyik ki, onların teatra
maraqları artsın və böyüdükdən sonra da
teatra can atsınlar, teatra istəkləri, maraqları olsun. Bu
baxımdan bizim məsuliyyətimiz daha çoxdur.
Çünki teatra ilk addımı buradan atırlar və
hansı təəssüratla qayıdırlarsa, gələcəkdə
də digər teatrlara qarşı həmin münasibəti
göstərəcəklər.
- Azərbaycanda beş Kukla Teatrı var. Bölgələrdə
olan teatrlarla əlaqələriniz varmı?
- Əlbəttə, biz orada, oradakı aktyorlar da gəlib
burada tamaşalar göstərirlər. Əsas dövlət
teatrı biz olduğumuza görə onlara nə lazım olsa,
sağ olsun teatrımızın rəhbəri Rəşad
Əhmədzadə yardım edir.
- Bəs əsas Kukla Teatrına və
kuklaçılarına münasibət hansı yerdədir?
- Bizə münasibət çox da yaxşı deyil,
soyuq yanaşırlar. Bəlkə də kuklaçı
olduğumuza görədir, çünki biz görsənmirik,
tanınmırıq, yəni başqa teatrlardan fərqli olaraq
1 saat tamaşanı oynayırıq, tamaşaçı isə
üzümüzü iki dəqiqəlik görür. Amma digər
teatrlarda belə deyil. Biz qara geyimdə oluruq deyə nə
görünür, nə də tanınırıq. Ona görə
biz o cəhətdən geridə qalırıq. Əslində
hamıdan öndə olmalıyıq, amma tərsinə olur.
Hamıdan çox biz zəhmət çəkirik, amma az dəyər
görürük. Məsələn, bizim teatrda Prezident
mükafatına cəmi üç yer ayırıblar. Kimə
verəsən, kimlə bölüşdürəsən?
Axı hamısının haqqıdır. Əziyyət
çəkənlər var, illərlə burada işləyənlər
var. Çox istəyirik ki, teatrımız akademik olsun. Elə
olanda həm maaşımıza, həm teatrın büdcəsinə
təsir edir, həm də bizim statusumuz yüksəlir. Bunu illərdir
ki, gözləyirik, müraciət də etmişik və hələ
də gözləmədəyik. İnşallah, nə vaxtsa,
qismət olar. Maaşımız da çox azdır, aktrisalar
müəyyən qədər idarə edə bilirlər. Amma
aktyorlarımız var ki, onlar ailə saxlayırlar,
uşaqları var, onların təhsili var. Artıq təkcə
bu işlə məşğul olmaq bəs etmir. Amma maaş
yüksək olsa, ordan-ora qaçmazlar və tam fikirlərini
bu teatra yönəldərlər, beləcə hər şey
daha mükəmməl olar.
- Kuklaların qiyməti bildiyim qədərilə
300-500 manat arasında dəyişir. Bu məbləğ bəzi
kuklaçıların aldığı maaşdan da
çoxdur. Bütün xərcləri teatrmı qarşılayır?
- Hə, əgər dövlət sifarişi deyilsə,
hamısı teatrın öz büdcəsi ilə həll
olunur. Bilirsiniz, bizdə bir tamaşanın ərsəyə gəlməsi
üçün uzun müddət vaxt lazım olur. Rejissor
pyesi verir rəssama, rəssam pyesə uyğun çertyojlar
çəkir, kuklalar gedir sexə, sexdə onların
paltarlarının, göz-qaşlarının
hazırlanması çox uzun prosesdir. Tamaşadan əvvəl
gedirəm kuklama baxıram, haradan tutmaq mənə rahatdır,
əlim harada daha yaxşı işləyir, bunların
hamısı vacib məsələlərdir. Çətin
prosesdir.
- Elə olur ki, eyni zamanda bir neçə rolu
canlandırırsınız.
- “Nənəmin aş qazanı” tamaşasında
qazanı, cavan gəlini, Butanı, Şəkər nənəni
canlandırıram. Həmçinin, “Tülkünün ad
günü” tamaşasında tülkünü də mən
oynayıram, dovşanı da.
- Səhvən başqa obrazın nitqini səsləndirdiyiniz
olubmu?
- O qədər (gülür). Elə həmin
tamaşada olub. Dovşan deyir ki, xoş gəldin, tülkü
lələ. Deməkdən ki, xoş gördük, dovşan
bacı, deyirəm xoş gördük, tülkü bacı.
Dovşana tülkü deyirəm, tülküyə dovşan
deyirəm, aləmi qatıram bir-birinə.
- Kukla sənəti ixtisası yoxdur. Bu, sizə çətinlik
yaratmır ki? Ümumiyyətlə, bura daha çox hansı
fakültələrdən gəlirlər?
- Mədəniyyət və İncəsənət
Universitetindən fərqli-fərqli fakültələrdən
gəlirlər. Biz də məcburuq ki, sıfırdan hər
şeyi öyrədək, o da uzun prosesdir. Bir-iki ilə aktyor
püxtələşənə kimi çətin olur, amma
onun fakültəsi olsa, çox gözəl olar. Çoxusu gəlir,
dözməyib bir aydan sonra qaçır, görürlər
ki, çətindir. Amma elə ixtisas olsa, istəyənlər
sırf kukla sənətinə sənədlərini verərlər
və oranı bitirib bura gələrlər. Kukla
Teatrının rəssamları da fərqlidir. Adicə bir
paltar çəkirsən, onu canlı adam geyindirirsən,
işin rahat olur. Amma kukla üçün paltar çəkib
onu kuklanın üzərində işləmək çətin
olur. Onun da ayrı fakültəsi olmalıdır. Çox istəyirik
və hər dəfə də deyirik. Çünki aktyorlara
da çətindir. Bilmirlər ki, nə baş verir burada. Gəlirlər,
sonra qorxub qaçırlar. O qədər olub ki. Bir aydan
çox işləyə bilmirlər, çətinliyini
görürlər. Deyirlər, nəyimə lazımdır,
üzüm bağlı olur, məni heç kim görmür.
Çoxusu da istəyir ki, tanınsın, sevilsin. Bizi
tanıyan yox, sevən yox.
- Bəs siz tanınmaq istəmirsiniz?
- Yox.
- Niyə?
- Nə bilim, ehtiyac duymuram. Populyar olmaq istəyi məndə
yoxdur. Çünki sənətimi sevirəm, həm də ki,
biri var sənətə pula görə gələsən, biri
də var pulu düşünmədən sənətə
görə işləyəsən. O, daha gözəl olur,
onda daha səmərəli iş ortaya qoyursan. Amma pula görə
sənətə gələnlər gördükləri
işi başdansovdu edirlər, əsas maaşlarını
alsınlar. Mən övladlarıma da deyirəm ki, hansı sənətə
sevirsinizsə, onun ardınca gedin. Sevmədiyin işdə
işləmək olmur. Mənim fikrimcə, bu, belə
olmalıdır. Mən həm də illərdir rəqs müəlliməsiyəm.
Belə tanıyırlar, amma ekranda çox tanınmıram.
Düzdür, seriallardan dəvət alıram, amma ailə ilə
artıq çətin olur. İşdən qaçıram evə,
yorğun oluram, evin işlərini gör, uşaqlara bax, bir də
görürsən, saat ikidir. Çatdırmaq olmur.
- Tez-tez qastrol səfərlərində olursunuz.
- Hə, qastrol səfərlərimiz çox olur.
Qazaxıstandan yeni qayıtmışıq, ondan əvvəl də
Türkiyədə idik.
- Bizim tamaşaları digər ölkələrin
tamaşaları ilə müqayisə etdikdə hansı
üstünlük və
çatışmazlıqlarımızı görmək olar?
- Texnika baxımıdan bəzi
çatışmazlıqlarımız var. Amma biz onlardan daha
üstünük. Qazaxıstanda gördük ki, həqiqətən
də bizim tamaşamız möhtəşəmdir.
Bütün ölkələrin tamaşaları qara rəngə
bürünmüşdü, amma biz rəngarəng idik. Orada
bizə yaxınlaşdılar, dedilər çox gözəl
tamaşa idi. Dil baxımından heç nə başa
düşmürdülər, düzdür, arxada titrlər
gedirdi, amma onu oxumağa ehtiyac olmurdu, artıq bizim oyunumuzdan
bildilər ki, söhbət nədən gedir. Bizim
üçün bu, böyük uğurdur. İnşallah, hər
kəs sevər, bəyənər. Amma bizim arzumuz odur ki, əsas
uşaqlar sevib bəyənsinlər, biz onlarla nəfəs
alırıq, onlar sevinirlərsə, biz də sevinirik. Hərdən
deyirlər ki, necə belə cavan qalırsınız? Deyirəm,
axı hər gün nağıllar aləminin içindəyik.
Nə qədər problemim olsa da, teatra girəndə hər
şeyi unuduram.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.12.