Şüuraltımızın
“qırxıncı otağ”ındakılar
Fransız psixoanalitiki Jak Lakanın bu fikri
vaxtaşırı həm ağlıma, həm də dilimə
gəlir: “Üsulunca basdırılmayan ölülər
xortlayar”. Bu cümlədən ilk baxışda qəbir,
ölü, torpaq və köhnə sirlərin qoxusu və
qorxusu gəlir. Elə bil qədim məzar daşları
arasında uğuldayan səsləri eşidirsən.
Amma əslində burada xoflanası bir şey yoxdur - bu
fikir insan ruhunun zülmət gecələrdən keçən
dönəmlərində unutmağa, basdırmağa
çalışıb yadından çıxara bilmədiyi
sirli, qaranlıq və qorxunc görünən hər şeyi
şüuraltının “qırxıncı otağ”ına
ötürüb qapını möhkəmcə
bağlamasına aiddir. Bəlkə də çoxumuzun o
“qırxıncı otağ”ında “xortlamış
ölülərlə” dolu bir qəbiristanlıq var... Orada bir
vaxtlar basdırdığımızı
düşündüyümüz “cəsədlər” çox
vaxt yarımcan olurlar, yaxşı bükmədiyimiz “kəfənləri”
yırtıb çıxmaq, ayağa qalxmaq üçün məqam
gözləyirlər. Adını çəkməyə,
üzləşməyə, qarşı-qarşıya gəlməyə
ürək eləmədiyimiz - “palaz altına
süpürdüyümüz” uşaqlıq travmaları,
itirdiyimiz adamlar, qışqıra bilməyib içimizdə
saxladığımız fəryadlar, sonunadək
ağlanılmayan göz yaşı, əlvida demədiyimiz ayrılıqlar,
bağışlamadığımız insanlar, deyilməmiş
sözlər, boğazımızda düyünlənib qalan
suallar - bax, bunların hər biri üsuli-ədəblə
basdırmadığımız “ölülər”dir... Bu
fikirdəki “ölü” metaforası - keçmişdə
yaşanmış, amma sonlandırılmamış emosional
hadisələrin, gizlədilmiş ağrıların,
üstü örtülmüş itkilərin ruhdakı
varlığını təmsil edir. Onlar nə qədər
keçmişdə qalsa da, əslində heç vaxt tam
anlamıyla yox olmurlar. Və əgər layiqincə, yəni
başa düşülərək, qəbul edilərək, mənalandırılaraq “adam kimi” “basdırılmasalar”,
gec-tez şüuraltının dərinliklərindən
xortlayaraq geri dönürlər.
İnsan ruhunda düşüncələrin və
xatirələrin dərin qatlarında bir zamanlar
çözülməmiş, anlam verilə bilinməyən dərin
yaralar var. Bu yaralar - yaşanmış və yaxud
basdırılmış ağrılar, itkilər və
qaranlıq sirlər - sanki “ölülər” kimidir:
ötüb keçsə də, tamamilə bitməyib,
üstü örtülməyib, tamamilə dəfn edilməyib.
Lakanın dediyi “üsulunca
basdırmaq” - yəni üzərlərində
düşünmək, başa düşmək, qəbul etmək
və şüuraltında səliqə ilə yerləşdirmək
deməkdir. Bu “xortlayan ölülər” keçmişin
qaranlıq, həll olunmamış məsələlərinin
simvoludur, əgər onlar görməzdən gəlinib
heç nə olmamış kimi davam edilərsə, yaxud dilə
gətirilmədən, işlənmədən üstü
bağlanarsa, onlar şüuraltının qaranlıq künclərində,
ruhun qəbiristanlığında xortlayıb
“dolaşmağa” davam edir, bizi əsir götürür, mənəvi
azadlığımızı əlimizdən alır,
yaşamağa imkan vermirlər.
Şüuraltının sirlərini öyrəndiyim
çoxsaylı təlim və dərslərdən sonra
anlamışam ki, insan əslində heç nəyi unutmur,
unuda bilmir. Unutduğunu düşünür, amma aysberqin
görünməyən hissəsində -
şüuraltımızda və ruhumuzun yaddaşında
psixoloji, mənəvi olaraq həll etmədiyi nə varsa, səssiz,
gizli və inadkar düşmən kimi öz işini
görür. Ruhun dərinliyində, şüuraltının
“sarayında” elə bir yer var ki, orada zaman başqa
cürdür, “keçmiş” deyilən məfhum yoxdur. Orada həmişə
- indidir, hər şey indi kimi ağrıyır, indi kimi sevindirir,
indi kimi yandırır. Və insan özünə ən
böyük pisliyi, ən ağır
haqsızlığı o yeri
görməməzliyə vuraraq, üz çevirərək
edir. Amma buna da şüuraltı deyərlər, sən onu
saymasan, özünü xatırlatmağın min bir yolunu
bilir: susduğumuza dair nə varsa, bizi danışdıracaq
bir dil tapır: kabus yuxular, ağır xəstəliklər, təkrarlanan
toksik münasibətlər, izah edə bilmədiyimiz hisslər
və davranışlar şəklində... Beləliklə,
Lakan bizi xəbərdar edir ki, ruhun şüuraltı
“ölüləri” ilə barışmaq - onları yox saymaq
deyil, qorxular, travmalar, yaralarla üzləşmək, onları
şüura gətirərək “üsulunca gömmək”dir, -
bu yeganə yol, insanın daxili azadlığa, həqiqi
özünüdərkə aparan yoludur. Əks halda,
keçmişin xortlayan kölgələri daim geri dönərək
günümüzü göy əskiyə düyəcək.
Zamanı gəldikcə ən sayğılı və layiqincə
yası tutulmalıdır ki, onlar da hüzur içində
yaddaşın torpağına qarışıb yox olsunlar. Hər
kəsin özünəməxsus “yas rituali” ola bilər, fəqət
yetər ki, o yas - yaşanaraq, yazılaraq,
danışılaraq, ağlanaraq, düşünərək
tutulsun. Keçmişi qəbul edib özünü də, o
“ölülər”i də bağışlamaq,
halallaşıb onları sevgiylə buraxmaq həyatı daha
yaşanmalı edir. Hər “ölü” yası tutulmağa
layiqdir. Hər bir xatirə, hər bir ağrı, hər bir
travma zamanında bizə nələrisə öyrətdiyi
üçün, həyatın həqiqətini
anlamağımız üçün ustad kimi gəldiyinə
görə ehtiramla yola salınmalı, öz adı ilə
çağırılmalı, ona bir məzar, bir dua, bir
göz yaşı ayrılmalıdır. Bu, onları
yerli-dibli unutmaq demək deyil. Əksinə, onları qorxusuz, dərk
edərək, adlandıraraq, qəbul
edərək, öz psixoloji xəritəmizdə onlara
sayğılı bir yer verərək ruhi dincliklə yoluna
davam etməkdir. Çünki insan yalnız keçmişi ilə
üzləşəndə, onunla barışanda ruhən, mənən
şəfalanıb gələcəyini azad, fərəhli
şəkildə qura bilər.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.11.