Bizim Perpetuum Mobile
Azərbaycan Respublikasının Bosniya və
Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə
görkəmli dövlət xadimi, diplomat, tarix elmləri
doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər
və Azərbaycan” kitabı Sarayevoda boşnak-serb-xorvat və
ingilis dillərində nəşr olunub. Səfir, ədəbiyyatşünas-alim
Vilayət Quliyev kitaba həmkarının ömür yolu,
ictimai-siyasi fəaliyyəti və elmi-ədəbi
yaradıcılığının əsas istiqamətləri
barəsində ön söz yazıb.
O sözü oxuculara təqdim edirik.
Müasir Azərbaycanın tanınmış
ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi alim,
müstəqillik dövrünün ilk Baş naziri,
keçmiş xarici işlər
naziri Həsən Əziz oğlu Həsənov (1940)
maraqlı taleyi, zəngin ömür yolu olan insandır. O,
qonşu Gürcüstanda, XIX əsrin 30-cu illərindən Azərbaycan
ədəbi-mədəni fikrinin mühüm mərkəzi
kimi tanınan Tiflisdə (Tbilisi) doğulub. Orta təhsilini
burada rus dilində alıb. Qafqazın iki qədim və
qonşu xalqı arasındakı əlaqələrin
inkişafına verdiyi böyük töhfəyə görə
Tbilisinin Fəxri vətəndaşı adına layiq
görülüb. 1958-ci ildən sonrakı həyatı ali təhsil
almaq üçün gəldiyi Bakı ilə, Azərbaycanla
bağlı olub.
Bəzən mənə elə gəlir ki, Həsən
Həsənov öz uzun və hadisələrlə zəngin həyatında
sanki bir neçə dəfə təzədən doğulub.
Başqa sözlə desəm, hər dəfə əsaslı
şəkildə dəyişib, yeni məzmun və formada
meydana çıxıb. Məsələn, gənc
yaşlarında texniki sahəyə üstünlük
vermişdi. Bakı Politexnik İnstitutunu uğurla başa
vurub inşaatçı mühəndis ixtisasına yiyələnmişdi.
Hətta praktika ilə kifayətlənməyib elmi əsər-dissertasiya
üzərində işləməyə
başlamışdı.
Amma elə bu arada savadlı, enerjili, təşəbbüskar,
üstəlik də, insanları arxasınca aparmağı
bacaran, həqiqi təşkilatçılıq qabiliyyətinə
malik gənc mütəxəssis partiya-dövlət
orqanlarının diqqətini çəkmişdi.
“Yuxarılar” fikir vermişdi ki, geniş bilik və məlumat
ehtiyatına malikdir, ünsiyyət qurmağı bacarır,
mexaniki icrası yox, yaradıcı təbiətə malikdir,
yaxşı natiqdir. İctimai fəaliyyətə
marağı böyükdür. Bir sözlə, hazır
partiya işçisi, perspektivli rəhbər xadimdir.
Gənc yaşda irəli çəkilən Həsən
Həsənov etimadı doğrultdu. Paytaxtın mərkəzi
rayonunun, respublikanın iri şəhərlərinin partiya təşkilatına
uğurla rəhbərlik etdi (Sosialist dövründə partiya
bossunun necə imkan və səlahiyyətlərə malik
olduğunu tək keçmiş Sovet İttifaqı deyil,
keçmiş Yuqoslaviya sakinləri də yaxşı bilirlər).
Nisbətən qısa müddət ərzində respublika Mərkəzi
Komitəsinin katibi vəzifəsinə yüksəldi.
Yalnız doğma Azərbaycanda deyil, keçmiş Sovet
İttifaqı hüdudlarında hörmət və nüfuz
qazandı. Yaradıcı ziyalılar arasında xüsusilə
sayılıb-seçilirdi. Yeri gəlmişkən, yüksək
partiya vəzifəsi tutmasına baxmayaraq, hələ sosialist
quruluşunun, sovet cəmiyyətinin sarsılmaz
göründüyü illərdə respublika mətbuatında
maraqlı elmi-ədəbi debütü ilə diqqəti
çəkdi. O illərin ənənəvi partiya
işçisi üçün bu, həqiqətən də
görünməmiş hadisə idi...
1992-ci ildə Azərbaycan dövlət müstəqilliyini
bərpa edəndə xalqdan uzaq durmağa çalışan
keçmiş rəhbər partiya işçilərinin
çoxundan fərqli olaraq Həsən Həsənov yenə
hadisələrin mərkəzində idi. O, müstəqil
milli dövlətin ilk Baş naziri oldu. Bacarıqlı təşkilatçı
və hazırlıqlı təsərrüfat işçisi
kimi zəruri məqamda bilik və təcrübəsinə
daha çox ehtiyac duyulan yeri tutdu. Amma müstəqilliyin ilk
dövründə yalnız güclü iqtisadiyyata deyil, həm
də fəal xarici siyasətə, geniş beynəlxalq əlaqələrə
ehtiyac yarandığını yaxşı başa
düşürdü. Xüsusilə vətəni Azərbaycan
kimi xarici hərbi müdaxiləyə - erməni
işğalına məruz qalan bir dövlətdə tarixi
gerçəkliyə əsaslanan tanıtma və təbliğatın,
yeri gələndə isə hücum diplomatiyasının nə
qədər vacib olduğunun fərqində idi. Odur ki,
artıq tamamilə yeni sahədə - diplomat kimi fəaliyyət
göstərmək, xalqın və dövlətin
maraqlarını beynəlxalq miqyasda qorumaq barəsində
düşünürdü. Düzdür, həmin vaxta qədər
bir gün də olsun, ölkə xaricində, səfirlik və
nümayəndəliklərdə işləməmişdi,
diplomatik xidmətin incəliklərinə bələd deyildi.
Amma ürəyindəki inam, vətən sevgisi,
prinsipiallıq və işgüzarlıqla bu əskiklikləri
tam şəkildə kompensasiya edəcəyinə əmin idi.
Beləcə, Həsən Həsənov nizamlı həyatını,
işini, dərindən bələd olduğu sahəni, həyat
tərzini yenidən dəyişdi. Azərbaycanın BMT
yanındakı Daimi Nümayəndəsi vəzifəsini
baş nazirliyə tərcih etdi. Hətta onu yaxından
tanıyanların da təəccübünə rəğmən,
yeni şəraitdə müstəqillik uğrunda mübarizənin
beynəlxalq təsdiq mərkəzi olan Nyu-Yorka yollandı.
Onun planetin ali diplomatik qərargahındakı yorulmaz və məqsədyönlü
fəaliyyəti, ağıllı gedişləri, siyasi təcrübə
və peşəkarlığı sayəsində Ermənistanın
Azərbaycana haqsız ərazi iddiaları nəticəsində
yaranmış Dağlı Qarabağ münaqişəsi ilə
əlaqədar BMT Təhlükəsizlik Şurasının 4
mühüm qətnaməsi qəbul edildi. Uzun illər
işğalçı dövlətlə siyasi
danışıqlarda əsas istinad nöqtəsi olan bu sənədlər
həlledici anda - ölkəmiz ərazi
bütünlüyünü hərbi yolla təmin etməyə
qərar verdiyi zaman əvəzsiz siyasi silaha, mühüm
hüquqi alibiyə çevrildi.
Xarici işlər naziri (1993-1998-ci illər), Azərbaycanın
Macarıstanda (2004-2010-cu illər), sonra isə Polşada
(2010-2020-ci illər) fövqəladə və səlahiyyətli
səfiri vəzifəsində
çalışdığı dövrdə Həsən Həsənov
ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi,
Avropanın aparıcı dövlətləri, habelə beynəlxalq
təşkilatlarla siyasi, iqtisadi və humanitar əlaqələrin
genişlənməsi üçün yorulmaq bilmədən
çalışdı. Eyni işi xalqımızın tarix və
mədəniyyətinin təbliği, görkəmli şəxsiyyətlərinin
tanıdılması, etibarlı dostluq, əməkdaşlıq
körpülərinin qurulması istiqamətində də
gördü.
Yaşının ötkün çağına
baxmayaraq, Həsən müəllim, necə deyərlər,
indi də ön sıradadır. İctimai-siyasi fəaliyyətini,
maarifçilik missiyasını davam etdirir. Türk Dövlətləri
Təşkilatının Ağsaqqallar Şurasında Azərbaycan
təmsilçisi kimi daha məsul və gələcəyə
istiqamətlənmiş
mühüm işlər görür.
1990-cı illərin sonunda Həsən Əziz
oğlunun həyatında başqa bir qanunauyğun dəyişiklik
baş verdi: o, bir tərəfdən partiya qadağaları,
digər tərəfdən isə vaxt çatışmazlığı
nəticəsində məcburən yarımçıq
qoyduğu ədəbi-elmi fəaliyyətinə
qayıtdı. Əslində bu həm də dövrün,
zamanın çağırışına cavab idi. Gizli deyil
ki, SSRİ-nin 70 illik mövcudluğu ərzində bir
çox xalqların, ilk növbədə isə “müsəlman
respublikaları” xalqlarının mənşəyi, tarixi
keçmişi, dili, mədəniyyəti, mənəvi dəyərləri
kommunist ideologiyasının tələblərinə uyğun
şəkildə təftiş olunmuşdu. SSRİ-nin
süqutundan sonra isə məlum mərkəzdən
körüklənən bu proses silahlı qarşıdurmadan
tutmuş bütöv etnik qrupların tarixini, hətta milli
mövcudluq haqqını inkar etməyə qədər
müxtəlif ədalətsiz formalar almışdı.
Xalqın öz irsinə, milli varlığına sahib
çıxmaq zərurətinin yarandığı belə
şəraitdə Həsən Əziz oğlu ölkənin qədim
və müasir tarixinin tədqiqatçısı kimi fəaliyyətə başladı.
Necə deyərlər, yenə də lazımi məqamda zərurət
duyulan yerdə olmağı bacardı.
Vətənimizin, daha geniş anlamda isə türk
etnosunun çoxəsrlik tarixi onun zəngin faktiki material və
dəqiq elmi-metodoloji prinsiplər əsasında
apardığı araşdırmaqlarda necə deyərlər,
yenidən, daha böyük diqqətlə “oxundu”. Nəticədə
bir sıra mühüm məsələlər ənənəvi
tarixçiliyin qənaətlərindən fərqli şəkildə
dəyərləndirildi. Tarixi əsaslılıq, məntiqi
ardıcıllıq, antik müəlliflərin fakt və nəticələrinə
istinad bu əsərlərin əsas səciyyəvi xüsusiyyətləri
sayıla bilər. Hər şeyə elmi ad, dərəcə,
diplom prizmasından yanaşan rəsmi elm nümayəndələrinin
nəzərində “həvəskar” görünməmək
üçün o, 65 yaşında tələblərin kifayət
qədər ciddi olduğu Gürcüstanda tarixin fəlsəfəsinə
həsr edilmiş doktorluq dissertasiyasının müdafiəsi
kimi əziyyətli və məsuliyyətli bir işdən də
çəkinmədi.
Həsən müəllimin tarixi tədqiqatları
zaman çərçivəsi tanımır. O, eyni asanlıq
və maraqla həm Azərbaycan tarixinin ən qədim
dövrlərindən, həm də Cümhuriyyətin - Birinci
Azərbaycan Respublikasının (1918-1920) yaranmasından yaza
bilir. 20-ci əsr Azərbaycan dövlətçilik tarixinin
iki görkəmli şəxsiyyəti - Nəriman Nərimanov
(1870-1925) və Heydər Əliyevin (1923-2003) siyasi portretləri
Həsən Əziz oğlunun qələmi ilə çəkilib.
Milli dövlətçiliyimizin başqa bir görkəmli
siması Əlimərdan bəy Topçubaşovun
“Seçilmiş əsərlərinin” 4 cildliyi də onun gərgin
zəhməti sayəsində işıq üzü
görüb (Çox məmnunam ki, moskvalı tarixçi
Salavat İshakovla birlikdə mən də bu mükəmməl
nəşrin hazırlanmasında yaxından iştirak
etmişəm).
Həsən Həsənovun “Tarixin məqsədi”,
Bakı, 2004), “Dünya tarixində sivilizasiyaların genezisi
problemləri” (Tbilisi, 2005), Azərbaycan-macar vahid etnik kökləri”
(Budapeşt, 2008, macar dilində), “Birinci Respublikaya doğru”
(Bakı, 2010), “Qız qalası” (Bakı, 2014; əsər
YUNESKO-nun sifarişi ilə ingilis dilində də nəşr
olunub), “Makedoniyalı İsgəndər və Atropat” (Moskva,
2017), “Top gurultusu altında diplomatiya” (Bakı, 2020) və digər
kitabları mütəxəssislər və sıravi oxucular
arasında kifayət qədər populyardır. Özündə
nadir xəritələri ehtiva edən, uzun illər dünya
kitabxana və arxivlərində aparılmış
axtarışlar nəticəsində meydana çıxan “Azərbaycanın
tarixi-coğrafi atlası” və “Azərbaycanın
tarixi-etnoqrafik atlası” kitabları isə artıq çap ərəfəsindədir
(Hər iki əsər çapdan çıxıb və elmi
ictimaiyyətə təqdim edilib - red.). Azərbaycan və rus
dillərində yazan Həsən Həsənovun əsərləri
indiyə qədər türk, ingilis, italyan, ispan, macar, polyak və
digər dünya dillərinə tərcümə edilərək
müxtəlif ölkələrin nəşriyyatlarında
çap olunub.
Bəs hansı səbəbdən biz Həsən
Əziz oğlunun zəngin elmi irsindən (təxminən 20-yə
yaxın kitab və onlarla məqalə) boşnak-serb-xorvat və
ingilis dillərində nəşr etmək üçün
müəllifin prinsipial səciyyəli iki mühüm
müsahibəsini seçdik?
Həsən Həsənovun Azərbaycan tarixinin qədim
və ən qədim dövrləri ilə bağlı
araşdırmaları onu belə nəticəyə gətirib
çıxarmışdı ki, Azərbaycan dövlətçiliyinin
təşəkkülü indiyə qədər bir çox
tarixçi-alimlərin güman etdikləri kimi, bizim eradan əvvəl
321-ci ildən, Makedoniyalı İsgəndərin
imperiyasının tərkibində Atropatenanın (Azərbaycanın
qədim adı - V.Q.) yarandığı dövrdən
başlanmır. Müəllif qədim Roma və Suriya mənbələri
əsasında e.ə. 673-cü ildə oğuz-skiflərin
Aşquz adlı dövlət yaratmaları, Assiriya
imperiyasının süqutundan sonra isə Aşquzun dövlətinin
zəminində Atropatena/Adorbayqanın təşəkkülü
qənaətinə gəlmişdir. 27 illik mövcudluqdan sonra
585-ci ildə müstəqilliyini itirən Aşquz dövləti
Midiyanın tərkibinə daxil olmuşdu. Makedoniyalı
İsgəndərin ölümü və e.ə. 321-ci ildə
qurduğu imperiyanın süqutundan sonra Atropatena/Adorbayqan
faktiki olaraq dövlət müstəqilliyini bərpa eləmişdi.
Eyni zamanda Həsən müəllim inandırıcı dəlillər
əsasında indiki Azərbaycan ərazisində
yaranmış qədim dövlətlərin adlarının bəzi
mütəxəssislərin iddialarının əksinə
olaraq fars yox, xalis türk etimologiyasına əsaslandığını
sübuta yetirmişdir. Müəllifin Moskva və
İstanbulda, rus və türk dillərində çap edilən
“Makedoniyalı İsgəndər və Atropatena” kitabı
yalnız maraq deyil, həm də polemika doğurmuşdu. Ona
görə də Həsən müəllim müəyyən
məsələlərə aydınlıq gətirmək
üçün belə bir formaya - canlı söhbət və
müsahibə janrına ehtiyac görmüşdü.
İndiki halda bu söhbət və müsahibələr həm
də uğurlu reklam rolunu oynayır və tariximizin ən qədim
dövrlərini öyrənmək istəyən oxucu kütləsini
mövzu ilə daha dərindən maraqlanmağa sövq edir.
Güman edirəm ki, tarix elmləri doktoru Həsən
Həsənovun şəxsiyyətinin, yaradıcılıq və
fəaliyyətinin ensiklopedik xarakteri ilə ümumi şəkildə
tanışlıq imkanı yaradan bu qeydləri ötəri
şəkildə də olsa gözdən keçirənlər
müxtəsər giriş sözünü nə
üçün “Bizim Perpetuum Mobile...”
adlandırmağımın fərqinə varacaqlar
P.S. Aşağıdakı sətirlər kitaba
yazdığım ön sözə daxil deyil. Onları sadəcə
indi, yazının qəzet variantına əlavə etməyə
zərurət duydum.
2012-ci ildə ölkəmizin Polşadakı səfiri
Həsən müəllimlə birlikdə Torun şəhərində
idik. Tarixə Nikolay Kopernikin vətəni kimi daxil olan bu qədim
şəhər YUNESKO-nun Ümumdünya İrs siyahısında
da yer alıb. Yerli “Adam Marşalek” nəşriyyatında
kitabım çap olunmuşdu. Həsən müəllimin isə
həmin nəşriyyat xətti ilə keçirilən beynəlxalq
“Polşa-Şərq” konfransında məruzəsi vardı. Nəşriyyat
fürsətdən yararlanıb bizimlə görüş və
kitabın təqdimat mərasimini keçirdi, ikimizə də
nə isə bir xatirə medalı verdilər. Əslində
diribaş polyaklar özlərinin reklamı ilə məşğul
idilər. İki keçmiş nazir, iki səfir, az-çox
tanınan iki elm adamı ilə görüş və
ünsiyyət təbii ki, bizdən çox onların işinə
yarayırdı. Könüllərini qırmayıb gün ərzində
elmi-mədəni xarakterli bir neçə proqrama
qatılmalı olduq.
Axşamüstü Vistula çayının sahilindəki
şəhər parkında gəzişib söhbət edirdik.
Əslində “söhbət edirdik” ifadəsi burada bir qədər
şərti anlamda başa düşülməlidir.
Çünki Həsən müəllim olan yerdə həmsöhbət
tərəf daha çox dinləyici funksiyası
daşıyır. Amma bir məsələ var ki, bundan
yorulmursan. Çoxlu yeni, maraqlı şeylər öyrənirsən.
Bəzi gizli mətləblərə agah olursan, mürəkkəb
insan talelərindən xəbər tutursan, ucundan-qulağından
eşitdiyin hadisələrin, proseslərin pərdə
arxasına baş vurursan. Yaxşı yadımdadır ki, həmin
axşam elmdən, kitablardan, alimlərdən
danışdığımız üçün mən də
arada bəzi məsələlərlə bağlı fikirlərimi
deyə bilirdim.
Gəzişdiyimiz alleyanın sonuna çatanda Həsən
müəllim birdən ayaq saxladı. Üzünü mənə
tərəf çevirib ciddi səslə:
- Bax, - dedi, - bu gün də bu haqda neçə dəfə
fikirləşmişəm. Sən hansı yüksək vəzifə
tutsan da, camaatın nəzərində daha çox alim, elm
adamı kimi tanınırsan. Amma mən nə qədər
çox kitab, məqalə yazsam da, sıravi insanların
gözünə daha çox vəzifəli şəxs,
dövlət adamı kimi
görünürəm.
Həmin anda mənə elə gəldi ki, vaxtı ilə
keçmiş SSRİ-nin ali kabinetlərində Azərbaycanın
mövqeyini cəsarətlə müdafiə edən, müstəqilliyin
ilk illərində dövlət iyerarxiyasında ikinci pilləyə yüksələn, Ümummilli lider
Heydər Əliyevin yaxın silahdaşı kimi tarixə
düşən Həsən Həsənov ilk baxışdan
bir az qəribə görünsə də, elm xadimi, alim kimi
tanınmağı yüksək vəzifələrdən daha
üstün tutur... Yəqin
oğlu Zauru mənsəb, yaxud biznes adamı deyil, ciddi alim
kimi görmək istəyi də buradan irəli gəlmişdi.
Həsən müəllim bir dəfə
danışmışdı ki, komsomol-partiya işi sahəsində
ilk addımlarını atdığı dövrdə
uğurlarına sevinəcəyini düşündüyü
atası Əziz kişi ciddi bir tərzdə ona “Sən belə
şeylərə çox
baş qoşma. Yaxşısı budur ki, get, elmlə məşğul
ol”, - deyibmiş. Yəni bu ailədə əvvəl başdan
bir elm kultu mövcud imiş...
Torun şəhərindəki söhbətimiz
zamanı yuxarıdakı müxtəsər giriş
sözündə adlarını çəkdiyim bir xeyli
sanballı elmi əsərin müəllifi kimi kifayət qədər
geniş dairələrdə yaxşı tanınan Həsən müəllimə
təsəlli vermək, onu alim, həm də heç kəsin
ayaq basmadığı yolla gedən alim olduğuna
inandırmaq cəhdim gülməli görünərdi. Ona
görə də həmkarımın əsassız
narahatlığını yalnız gülümsəməklə
cavab verdim.
Xalqa, camaata gəldikdə isə...
Budapeştdəki səfirliyimizdə Hikmət adlı
bir nəfər işləyirdi. Diplomat deyildi. Mühasib
Gülnarə xanımın həyat yoldaşı idi. Həsən
müəllim onu yarım ştat sürücü vəzifəsinə
götürmüşdü. Təbii ki, Macarıstana səfir
təyin olunandan sonra mən də bu təyinatla bağlı
bir dəyişiklik etmədim. Əksinə, imkan yarananda
maaşını da bir az artırdım. Hikmət sadə, səmimi,
ürəyitəmiz adam idi. Amma rəyinin soruşulmadığı
halda sözə qarışmağı, mövqe bildirməyi,
məsləhət verməyi xoşlayırdı. Deməli,
bir dəfə Budapeştdən əyalət şəhərlərindən
birinə gedirdik. Vaxtı
boş yerə itirməmək üçün noutbuku
çıxarıb yeni bitirdiyim məqaləni redaktə etməyə
başladım.
Hikmət güzgüdə ara-sıra baxırdı.
Axırda özünü saxlaya bilməyib dilləndi:
- Vilayət müəllim, maşallah, görürəm
siz də yazı-pozuya çox
həvəsliniz. Amma xətrinizə dəyməsin. Həsən
müəllimə çata bilməzsiniz. Vallah, nə vaxt
otağına girsən görürdün ki, sifətini az qala
kompüterə yapışdırıb dayanmadan yazır.
Baxanda deyirdin ki, kişi bu dəqiqə kompüterin içinə
girəcək...
Bunu elə-belə, könül xoşluğu
üçün yazdım. Amma əslinə baxanda xalqın
bir fərdi olan Hikmətin də rəyi ümumun səsi,
sözü kimi qəbul edilə bilər...
Hikmət son illər yeni fikirlərini mənimlə
bölüşmədiyi üçün Həsən müəllimin
iş üsulunda hansısa bir dəyişiklik
olub-olmadığını deməyə çətinlik
çəkirəm. Amma yəqin ki, olmayıb. Çünki
aradan keçən illər ərzində ortaya qoyulan
çoxsaylı, biri-birindən sanballı elmi tədqiqatlar
onun əvvəlki qaydada, yorulmadan
axtarıb-aradığının,
yazıb-yaratdığının bariz təsdiqidir. İndi əsərlərinin
nəşr coğrafiyası dünyanın müxtəlif
ölkələri və dilləri baxımından da xeyli zənginləşib.
Bu gün Həsən Həsənov Azərbaycan
humanitar elminə cəsarətli və ciddi töhfələr
verən görkəmli alim, fəal ictimai xadimdir. Milli təəssüb,
həqiqi vətəndaşlıq mövqeyindən
çıxış edərək laqeydlik və sükut
buzunu sındırmağa, üz tutduğu mövzularla
bağlı daşlaşmış təsəvvürləri,
bütləşmiş ehkamları dağıtmağa
çalışır. Ortaya mühüm elmi müzakirələrə
meydan açan mövqe və ideyalar qoyur.
Başqa sözlə desəm, milli qayəli, sağlam
düşüncəli insanların nəzərində o,
yalnız sadəcə dövlət adamı, ictimai-siyasi
xadim, diplomat deyil, həm də
ali həqiqətlərə yol axtaran əsl alimdir! Üstəlik
də, bir çox kabinet və tribuna aşiqlərindən fərqli
olaraq elmi yaradıcılığının əsasında
praktiki fəaliyyəti, inamı, əqidəsi, cəmiyyətin
gözü önündəki mübarizəsi dayanan gerçək
elm xadimidir.
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.10;11.