“Röya Ayxanın Kann festivalında
iştirakında bir qəbahət görmürəm”
Kann Festivalı iştirakçısı Hacı Səfərov:
“Beş-on il sonra Kann Festivalında Azərbaycanlı
rejissorları da görə bilərik”
Müsahibimiz 78-ci Kann Beynəlxalq Film Festivalından
qayıtmış
kinoşünas Hacı Səfərovdur
- 78-ci Kann Beynəlxalq Film Festivalında
kinoşünaslıq saytı olan kinoyazar.az-ı təmsil
edirdiniz. Festivalda rəsmi şəkildə akkreditasiyadan
keçərək iştirakınız Azərbaycan
kinoşünaslığı və mətbuatında bir
ilkdir. Maraqlıdır, Fransadan hansı təəssüratlarla
qayıtmısınız?
- Festivalla bağlı fikirlərim yüksəkdir.
Dünya kinosunun nəbzi Kannda döyünürdü.
Festivalda dünyanın hər tərəfindən kino
adamları iştirak edirdilər. Söhbət təkcə
böyük kino ölkələrindən yox, həm də
kiçik ölkələrdən gedir. Ümumilikdə isə
Kann bu gün Avropanın ən vacib kino hadisələrindən
biridir. Orada bunu daha yaxşı hiss etmək
mümkündür. Həddindən artıq çox
iştirakçı var, seansların hamısı doludur,
nümayişlar anşlaqla keçir. Festivalda qonaq olan şəxslərə
də, filmlərə də maraq həddindən artıq
böyükdür. Kann sanki kinonun məbədidir.
- Festival müddətində izlədiyiniz filmlər
arasında ən çox xoşunuza gələn hansı oldu?
- Əslində, bu suala cavab vermək çox çətindir.
Ard-arda filmlərə baxdıqdan sonra onların sənin
daxilində özünə yer tapması müəyyən qədər
zaman tələb edir. Ancaq şəxsi zövqümə
görə, ən çox bəyəndiyim film kolumbiyalı
rejissor Simon Mesa Sotonun çəkdiyi, Kannın ikinci dərəcəli
yarışmasında nümayiş etdirilən olan “Şair”
filmi oldu. Ekran işi bir şairin uğursuzluq zolağından
çıxması və həyatda öz yerini tapması
haqqındadır, komediya və faciənin
qarışığıdır. Film komediya kimi başlasa da,
sonlara doğru drama çevrilir. Ancaq tam olaraq tragikomediya da
deyil. Daha sonra dünya kinosunun parlaq müəlliflərindən
olan çinli rejissor Bi Qanın “Dirilmə” filmi çox
xoşuma gəldi. Həmin iş kifayət qədər diqqətimi
çəkdi. Hər iki fimi böyük zövqlə təkrar
izləyərdim.
- Cəfər Pənahinin “Qızıl Palma
budağı”na layiq görülən “Sadə bir təsadüf”
filmi haqqında nə düşünürsünüz?
- Cəfər Pənahinin kino karyerasına
baxdığımız zaman 2011-ci ildən bəri çəkdiyi
filmlərə bənzər bir işdir. Əsər kino dili
baxımından axsasa da, mühüm siyasi, əxlaqi, etik məsələlərə
toxunur. Açığı, mən bu tərz kino dilini sevmirəm.
Düşünmürəm ki, “Sadə bir təsadüf”
çox parlaq filmdir. Buna baxmayaraq, Pənahinin yanaşması,
cəsarəti qərblilərin diqqətini çəkir. Pənahinin
mübarizliyi də bu seçimdə müəyyən qədər
rol oynayıb. Fikrimcə, bu film Azərbaycanda nümayiş
olunsa, yaxud internetdə izləmək mümkün olsa, bizdə
də maraqlı müzakirələr gedəcək.
- İndiki mərhələdə isə müzakirələr
əsasən Pənahinin milliyyəti üzərində
qurulmuşdu.
- Mən düşünmürəm ki, Pənahi azərbaycanlıdır.
O, iranlıdır və İran mədəniyyətini təmsil
edir, İran mədəni dünyasının məhsullarını
göstərir. Filmləri oranın mədəni kodlarını
daşıyır. Pənahinin milli kimliyinə gəldikdə
isə deyə bilərik ki, o, öz milli kimliyini müxtəlif
formalarda vurğulamağa çalışır. Bu filmdə
də baş qəhrəman Vahid adlanan şəxs yalnız
anası ilə Azərbaycan türkcəsində
danışır. Bir növ rejissor bununla öz
keçmişini qabardır, ana dilinə işarə edir. Buna
baxmayaraq, mən Pənahinin İran mədəniyyətinin bir
hissəsi olduğunu düşünürəm.
- Bəs müğənni, Xalq artisti Röya
Ayxanın festivalda iştirakı ilə bağlı gedən
müzakirələr haqqındə nə
düşünürsünüz?
- İctimaiyyətin məsələyə bu cür
reaksiya verməsinin əsas səbəbi mediada tam dəqiq
olmayan məlumatların yayılması və həddindən
artıq qabardılması oldu. Bu, insanları sanki bir qədər
qıcıqlanırdı. Təbii ki, dəstəkləyənlər
də vardı. Mən isə burada bir qəbahət
görmürəm. Bu, çox normal prosesdir. Kann sadəcə
festival deyil, həm də böyük bir tədbirlər silsiləsidir.
Buraya müxtəlif ölkələrdən insanlar dəvət
olunur. Nə yaxşı ki, Azərbaycandan da kimsə dəvət
edilmişdi. Ümid edirəm ki, bunun ardı gələr.
Çünki bu o deməkdir ki, xarici markalar, brendlər, tədbiri
təşkil edənlər Azərbaycandakı insanlara da maraq
göstərirlər. Buna ancaq sevinmək olar.
- Sizcə, azərbaycanlı rejissorları Kann səhnəsində
nə vaxt görəcəyik?
- Orada bəzi filmləri izləyəndən sonra bir
daha əmin oldum ki, azərbaycanlı rejissorlar nə istedad
baxımından, nə də başqa kriteriyalarda geri
qalırlar. Kannda elə filmlər vardı ki, Azərbaycanda
çəkilən bəzi filmlər onlardan dəfələrlə
yaxşı idi. Azərbaycan rejissorlarının
qarşısında duran əsas maneələrdən biri
dünya kino sənayesinə kifayət qədər adaptasiya
ola bilməmələridir. Həmin yerlərə gedib
çıxmaq üçün lazımi yolları öyrənmək
lazımdır. Bu, bir qədər zaman alacaq. Ancaq mən əminəm
ki, növbəti beş-on il ərzində biz Kannda Azərbaycan
rejissorlarını da görə biləcəyik. Bu, çox
böyük ehtimaldır. Çünki artıq gənc nəsil
gəlir və onlar məsələyə başqa cür
yanaşırlar. Digər tərəfdən isə Kannda
gördüm ki, orada yarışan filmləri tək bir
rejissorun yox, bir xalqın uğuru kimi dəyərləndirirlər.
Məsələn, Braziliya filminə baxmağa gedirdinsə,
orada braziliyalılar üstünlük təşkil edir və
filmi dəstəkləyirdilər. Biz də məsələyə
bu cür yanaşmalıyıq. Ortaya çıxan məhsulu
Azərbaycan mədəniyyətinin,
dünyagörüşünün bir hissəsi kimi qəbul
edib sona kimi dəstəkləməliyik.
- Kann təcrübəsi sizin hansı fikirlərinizi dəyişdi?
- Yəqin etdim ki, biz azərbaycanlılar dünya kino
prosesinə çox inteqrasiya olmasaq da, dünyada gedən
proseslərdən çox da uzaq deyilik. Bizim kifayət qədər
istedadlı insanlarımız var. Özümüz də bu
prosesin içərisinə daxil ola bilərik.
Sizə bir nümunə deyim. Məsələn, filmi
izləyib bitirdikdən sonra haqqında müəyyən fikirlərim
formalaşırdı. Eyni zamanda baxdığım film
haqqında dünyanın bir çox məşhur onlayn
platformalarında çıxan yazıları oxuyurdum. O tənqidlərlə
tanış olanda fikirlərimlə oxşar məqamlar
görürdüm. Anlayırdım ki, kino universal bir dildir və
hamı bunu eyni cür qavrayır. Bu məqam müəyyən
mənada məndə özünəinam yaratdı. Fikrimcə,
biz kino dünyasında gedən proseslərdən o qədər
də uzaqda deyilik. Sadəcə davamlı olaraq belə
platformalarda iştirak etməliyik ki, daha yaxşı nəticələr
əldə edə bilək.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.9.