Maaşlar
saathesabı veriləcək
Əmək məcəlləsinə dəyişikliklər
edilir
Azərbaycanda Əmək Məcəlləsinə bir
sıra dəyişikliklər edilməsi
planlaşdırılır. Bunlardan ən vacibi saatlıq əməkhaqqı
sisteminin tətbiqidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən verilən məlumata görə, məsələ
ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim
olunub. Məlumata görə, Məcəllədə, həmçinin
məsafədən işin hüquqi tənzimlənməsi,
eyni dəyərli əməyə görə bərabər əməkhaqqının
ödənilməsi və ailə üzvləri olan
işçilərlə qadınlara qarşı
ayrı-seçkiliyin aradan qaldırılması kimi
mühüm məsələlər də öz əksini
tapacaq. Normativ hüquqi aktların layihələri əvvəlcə
aidiyyəti dövlət orqanları ilə
razılaşdırılır və bu prosesin
tamamlandığı sənədlər Nazirlər Kabinetinə
təqdim olunur. Artıq bəzi layihələr
razılaşdırılaraq təqdim edilib, digərləri isə
hələ razılaşdırılma mərhələsindədir.
Hazırda təqdim edilən sənədlərə
müvafiq qaydada baxılır.
Minimum aylıq əməkhaqqı işçinin əməyinə
görə ona ödənilən maaşın ən
aşağı pilləsidir. Əməyin qiymətləndirilməsini
təmin edən bu siyasətin əsas məzmunu işçilərin
həyat şəraitini yüksəltməyə, yoxsulluq səviyyəsini
azaltmağa və biznesin effektli olması yönündə
stimul yaradılmasına xidmət edir. Azərbaycanda minimum əməkhaqqı,
müvafiq qanunvericiliyə əsasən, ixtisassız əməyə
və xidmətə görə aylıq əməkhaqqının
ən aşağı səviyyəsini müəyyən edən
sosial normativdir. Ölkəmizdə hazırda minimum əməkhaqqının
məbləği 400 manat təşkil edir.
Azərbaycanda günlük iş saatı 8 saata bərabərdir
və minimum əməkhaqqı üzrə maaşların
hesablanması da həmin saat hesabı ilə tənzimlənir.
Xatırladaq ki, minimum aylıq əməkhaqqı işçinin
əməyinə görə ona ödənilən
maaşın ən aşağı pilləsidir.
Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı
sisteminə keçid bir neçə ildir müzakirə
edilir. Xarici ölkələrdə saatlıq əməkhaqqı
sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial
təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə
tənzimlənir. ABŞ-da saatlıq əmək haqqı “Fair
Labor Standards Act” qanunu ilə tənzimlənir. Federal minimum əməkhaqqı
2024-cü ildə 7,25 dollar olsa da, bir çox ştatlarda bu
göstərici daha yüksəkdir. Həftədə 40 saatdan
artıq iş üçün 1,5 əmsal “overtime” ödənişi
verilir. Saatlıq və maaşlı işçilər eyni
sosial təminat haqları ilə əhatə olunur.
Birləşmiş Krallıqda minimum saatlıq əməkhaqqı
yaş qruplarına görə dəyişir və 2024-cü
ildə 21 yaşdan yuxarı işçilər
üçün 11 funtdur. Saatlıq işçilər də
məzuniyyət və pensiya hüquqlarına malikdir.
Almaniyada saatlıq iş “Arbeitsrecht” və kollektiv
müqavilələrlə tənzimlənir. Minimum əməkhaqqı
12 avrodur. Bu işlərdə vergi və sosial sığorta
yükü azdır, sosial təminat sistemi geniş və əhatəlidir.
Skandinaviya ölkələrində rəsmi minimum
maaş yox, kollektiv müqavilələrlə müəyyən
edilən saatlıq əməkhaqları mövcuddur.
Güclü həmkarlar ittifaqları və inkişaf etmiş
sosial təminat sistemi sayəsində saatlıq işləyənlər
də yüksək səviyyədə qorunur.
Millət vəkili Musa Quliyevin sözlərinə
görə, saatlıq minimum əməkhaqqının müəyyənləşdirilməsinin
müsbət tərəfləri çoxdur: “Bunun müsbət
tərəfləri daha çoxdur. İnsanlar ay ərzində
nə qədər işləyəcəklərini və
gündə neçə saat işləyəcəklərini
biləcəklər. Bu, daha proqressiv sistemdir. İnsanları
istehsal vaxtını da tənzimləməyə daha çox
imkan verəcək. Həmçinin bu, insanların məşğuliyyət
dairəsini genişlənəcək. Bu gün insanlar günəmuzd
5-6 gün 6-8 saat işləyir. Ola bilər ki, sabah elə
insan olacaq ki, ona 4 saat işləmək kifayət edəcək.
Qalan 4 saatı başqası işləyə bilər. Onu
işə götürmək məşğulluq
baxımından da əhəmiyyəti olan məsələdir”.
Millət vəkili məsələnin ciddi
ölçülüb-biçilməli olduğunu
düşünür: “Qazancın məbləği nə qədər
olacaq? Saatlıq minimum əmək haqqını müəyyənləşdirəndə
sahibkara nə qədər yük düşəcəyini
ölçüb-biçmək lazımdır. Avropada bu
asandır. Çünki kifayət qədər inkişaf
etmiş dövlətlər var. Biznes inkişaf edib, gəlirləri
də çoxdur. Bizdə dövlət büdcəsindən
bunu müəyyənləşdirmək çox asandır,
olar. Amma sahibkarın yükünün nə qədər
artıb-artmayacağı, onun bu yükü daşıya
bilib-bilməyəcəyi, leqal əmək haqqına, leqal əmək
münasibətlərinə təsirinin olub-olmayacağı
kimi məsələlərin hamısı
ölçülüb-biçilməlidir. Təbii ki, gec-tez
bu sistemə keçəcəyik. İqtisadi səviyyə,
güc mütləq sahibkarlığın inkişafı ilə
bağlı hesaba alınmalıdır. Bu, sahibkarlığa mənfi
təsir göstərə bilər. Təklif o demək deyil
ki, dərhal qəbul olunacaq. Azərbaycan reallığı və
yaxın perspektivlər nəzərə alınmaqla məsələyə
baxmaq olar. İndi olmasa da, yaxın vaxtlarda bu sistemi tətbiq
etmək mümkündür”.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
bir sıra proqressiv ölkələrdə saathesabı
maaş ödənişi artıq çoxdandır tətbiq
olunur. Burada maaş ödəyərkən 1 saatlıq ödəniş
məbləği müəyyən edilir: “Saatlıq minimum əməkhaqqı
sistemi dünyanın bir çox ölkələrində tətbiq
edilir. Burada işçilərin işlədiyi saatın
müqabilində maaş alması nəzərdə tutulur.
Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı
müəyyən edilir. Yəni iş adamları müqavilə
bağlayarkən işçiyə saatlıq minimum əməkhaqqından
aşağı maaş ödəyə bilməz. Azərbaycanda
isə aylıq minimum əməkhaqqı qaydası tətbiq
edilir. Fikrimcə, bizdə də normal mexanizm olsa, saatlıq
minimum əməkhaqqı sistemini tətbiq hesab etmək olar”.
İqtisadçının dediyinə görə,
minimum əməkhaqqının artırılması ilə
bağlı təkliflərdə saathesabı hesablanma ilə
bağlı yeniliklər var. Minimum saatlıq əməkhaqqına
keçid zamanı maaş ödənərkən dövlət
tərəfindən qanunvericiliklə 1 saatlıq ödəniş
məbləği müəyyən edilir. Azərbaycanda da belə
bir mexanizmin hazırlanacağı güman edilir. Lakin elə
bir mexanizm hazırlanmalıdır ki, işçilərin
hüquqları pozulmasın. Hazırda Azərbaycanda minimum
saatlıq əməkhaqqı olduqca aşağıdır.
Hazırkı minimum əməkhaqqını saat hesabına
çevirsək, 1,79 manat təşkil edəcək. Bu,
çox azdır. Əgər minimum saatlıq əməkhaqqına
keçilərsə, bu, ən azı 2 dəfə artıq
olmalıdır. Azərbaycanın da daxil olduğu inkişaf
etməkdə olan ölkələrdə minimum saatlıq əməkhaqqı
2 dollar ətrafındadır. Bu da indiki məzənnə ilə
3,4 manat edir. Belə bir yanaşma daha məntiqli olar”.
Ekspert bildirib ki, saathesabı minimum əməkhaqqının
müəyyənləşdirilməsi zamanı bəzi neqativ
halların yaşanmaması üçün qaydalar detallı
olmalıdır: “Özəl sektorda da, dövlət sektorunda
da 1 aylıq minimum əməkhaqqından aşağı
maaş vermək qadağandır. Amma saathesabı minimum əməkhaqqı
müəyyənləşəcəksə, bu zaman işəgötürənlə
işçi arasında sövdələşmələr
mümkündür ki, 2-3 saatlıq işgünü
yazılsın. Bu zaman işəgötürənin ödənişləri
əslində azala bilər. Bu, qara maaşın, yəni nəzərə
alınmayan maaşların yaranmasına da səbəb ola bilər”.
İqtisadçı ekspert Pərviz Heydərov bildirib
ki, minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə
alınmaqla qanunvericiliklə ixtisassız əməyə və
xidmətə görə verilən aylıq ən
aşağı əməkhaqqı məbləğidir. Onun dəyişdirilməsi
həm dövlət, həm də özəl sektorda
çalışanların maaşlarına təsir edir. Belə
ki, birincisi, ölkə üzrə heç bir işəgötürən
bundan aşağı maaş verə bilməz, ikincisi isə,
onun əsasında dövlət sektorunda, yəni büdcədən
maliyyələşən sahələrdə
çalışan işçilərin aylıq tarif (vəzifə)
maaşları müəyyən edilir: “Söhbət,
maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə
tənzimlənən təqribən 700 min nəfərdən
çox işçidən gedir. Minimum əməkhaqqının
aylıq mexanizmdən saatlığa keçirilməsi məsələsinə
dair əvvəla qeyd edim ki, ölkədə minimal maaş
göstəricisinə aid mövcud mexanizmin işlək
xüsusiyyəti və təsiri əslində indikindən
daha çox əhəmiyyət təşkil etməli, ondan
heç bir sosial ayırma və vergi tutulmamalı, ümumiyyətlə
minimum maaşın ölkədə əsas iqtisadi, sosial
göstərici olaraq rolu birbaşa və həlledici
xüsusiyyət kəsb etməlidir. Bundan ötrü isə
qanunvericilyə dəyişikliklər etmək lazımdır.
Minimum əməkhaqqı əgər ixtisassız əməyə
və xidmətə görə verilən ən
aşağı əməkhaqqı məbləği
sayılırsa, sözügedən göstərici bunu həqiqətən
tam mənada ehtiva etməlidir. Yəni o, əslində,
aylıq deyil, iş saatına görə ödənilsə,
yaxşıdır. Bir çox inkişaf etmiş ölkələrdə
olduğu kimi”.
İqtisadçının sözlərinə əsasən,
Əmək Məcəlləsində qeyd olunub ki, ölkəmizdə
gündəlik normal iş vaxtının müddəti səkkiz
saatdan, normal iş vaxtına uyğun olan həftəlik normal
iş vaxtının müddəti isə 40 saatdan artıq ola
bilməz. Lakin işçi bəzi hallarda müəyyən səbəblər
üzündən bundan az və yaxud çox saat da işləyə
bilir. Bu zaman, minimum əməkhaqqının saata görə
deyil, standart ay üzrə ödənilməsi heç də ədalətli
sayıla bilməz. Bu baxımdan da, iş saatına görə
ödəniş həm işçi, həm də işəgötürən
üçün daha mükəmməl mexanizm sayılır.
Odur ki, ölkəmizdə də saatlıq minimum əməkhaqqı
sisteminin tətbiqi zəruri görünür. Ancaq bunun nəticəsində
büdcə sektorunda çalışanların
maaşlarının əvvəlkindən daha çox
artacağını gözləməyə dəyməz.
Başqa sözlə, minimum əməkhaqqının aylıq
deyil, saatlıq iş rejimi əsasında tətbiqi büdcə
sistemində çalışanların maaşlarına indiyədək
olduğundan artıq təsir etməyəcək və edə
də bilməz.
“Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə
Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, yeni
sistemin tətbiqi üçün bu sahədə müzakirələr
getməli, hesablamalar aparılmalıdır: “Bununla
bağlı aidiyyəti qurumlar tərəfindən xüsusi
hazırlıq görülməli, eyni zamanda qanunvericilik
aktlarında da müvafiq dəyişikliklər edilməlidir.
Məsələn, şərti olaraq 1 saatlıq iş
üçün minimum 3 manat əməkhaqqı müəyyən
edilsə, 22 iş günü götürsək, bu, ayda 500
manatı keçəcək. Bu zaman əhəmiyyətli dərəcədə
maliyyə vəsaitləri tələb olunacaq. Dəyişikliklər
qəbul edilərsə, dövlət büdcəsindən əlavə
vəsait ayrılmalı, eləcə də kommersiya
qurumları əməkhaqlarını əhəmiyyətli dərəcədə
artırmalıdır”.
Xatırladaq ki, Əmək Məcəlləsinin 89-cu
və 90-cı maddələrinə əsasən Azərbaycanda
gündəlik normal iş vaxtının müddəti 8
saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət
günü olan beşgünlük iş həftəsi müəyyən
edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik
normal iş vaxtının müddəti isə 40 saatdan
artıq ola bilməz. Qanunvericiliyə uyğun olaraq 40
saatlıq iş həftəsində iş vaxtının illik
norması 1901 saat təşkil edir.
Millət vəkili Vüqar Bayramov hesab edir ki,
saatlıq minimum əmək haqqının tətbiq edilməsi
vətəndaşların bir neçə yerdə
çalışmasına və daha yüksək maaş
almasına imkan verir: “Saatlıq minimum əmək haqqı
praktikası bir sıra ölkələrdə tətbiq olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
bu praktikanın araşdırıldığı və tətbiqi
imkanlarının müzakirə olunduğu bildirilmişdi.
Saatlıq minimum əmək haqqının tətbiq edilməsi
vətəndaşlarımızın bir neçə yerdə
işləmə imkanları üçün vacibdir. Vətəndaşların
bir neçə iş yerində çalışması
onların yüksək əmək haqqı almasına gətirib
çıxara bilər”.
Millət vəkili vurğulayıb ki, saatlıq minimum
əmək haqqı tətbiq edən ölkələrin
praktikası bunun işləyən vətəndaşların
maaş artımına təsir göstərdiyini ortaya qoyur:
“Saatlıq əmək haqqı xüsusilə də əmək
müqaviləsi ilə çalışan vətəndaşların
maaşına təsir edir. Digər tərəfdən, bu həm
həftəsonu, həm də iş saatlarından sonra, o
cümlədən bayram günü işləyən vətəndaşların
daha yüksək tarifli əmək haqqı almasına, beləliklə
də, onların maaşlarının artmasına gətirib
çıxarır. Bu, həmçinin işçilərin
sosial hüquqlarının qorunması baxımından vacibdir.
Çünki söhbət çalışılan hər
saat üçün əmək haqqı ödənilməsi
məsələsindən gedir. Ona görə də oxşar
praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun
olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin
aparılması, saatlıq iş rejiminə keçilməsi
istisna deyil”.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.8.