“Ədibin Evi”ndə
“150 ilin söhbəti” kitabının təqdimatı olub
İyunun 5-də “Ədibin Evi”ndə
yazıçı, Əməkdar jurnalist Natiq Məmmədlinin
“150 ilin söhbəti” kitabının təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan milli mətbuatının
yaranmasının 150 illiyi münasibətilə Azərbaycan
Dövlət Nəşriyyatı tərəfindən çap
edilib.
Tədbirdə çıxış edən “Ədibin
Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı
direktoru Şəfəq Mehrəliyeva kitab haqqında məlumat
verib. O bildirib ki, 150 il müddətində jurnalistika elm sahəsi
kimi çox böyük inkişaf yolu keçib.
“İnformasiya texnologiyalarının sürətli
inkişafı media sahəsinə də ciddi təsir göstərib.
150 il düşünən insanlar üçün olduqca
böyük rəqəmdir. bp şirkətinin dəstəyi
ilə nəşr olunmuş kitab milli mətbuat tarixinin,
müasir Azərbaycan publisistik fikrinin öyrənilməsi,
geniş oxucu auditoriyasında kütləviləşdirilməsi
və Azərbaycanın maarifpərvər fikir
adamlarının irsinin təbliği məqsədi
daşıyır. Kitabda müəllifin otuz il ərzində
apardığı araşdırmalar, yazdığı
oçerklər, məqalələr, müsahibələr, eləcə
də bədii əsərləri yer alıb”, - deyə
Ş.Mehrəliyeva əlavə edib.
Kitabın elmi redaktoru, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli
qeyd edib ki, kitabda Prezident İlham Əliyevin və Ümummilli
Lider Heydər Əliyevin mediaya göstərdiyi diqqət və
qayğı da əksini tapıb.
Akademik yeni nəşrdə müəllifin intellektual
səviyyəsi, analiz etmə və nəticə
çıxarma bacarığının açıq şəkildə
göründüyünü deyib: “Prezident İlham Əliyev
bu il Azərbaycan milli mətbuatının 150 illiyinin ölkəmizdə
geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam
imzalayıb. Kitabın adına nəzər yetirdikdə
aydın olur ki, o, “söhbət” üslubunda qələmə
alınıb. Bu, mətbuat tarixi ilə bağlı
yazılmış orijinal elmi-publisistik əsərdir. Kitabda
yazıçının ictimai-siyasi baxışları barədə
aydın təsəvvür formalaşır və heç bir
təkrarçılıq müşahidə olunmur. Müəllif
özü də qeyd edib ki, yazılar birinci şəxsin təkində
qələmə alınıb. Bu səbəbdən həmin mətnləri
bir növ monoloq kimi də dəyərləndirmək olar.
“Ön söz” isə sanki kitabın ayrılmaz tərkib hissəsinə
çevrilib. Bu da əsərə fərqli yanaşma nümunəsi
kimi qiymətləndirilə bilər. Onun
yaradıcılığı yeni realizmi əhatə edir”.
Kitabın “Ön söz” müəllifi, Bakı
Dövlət Universitetinin Milli mətbuat tarixi
kafedrasının müdiri, professor Cahangir Məmmədli
vurğulayıb ki, kitabda yer alan məqalələrin
böyük qismi media problemlərinin müxtəlif aspektlərini
əhatə edib.
“Kitab milli mətbuatın 150 illiyinə töhfədir.
Müəllifin publisistik fəaliyyətinin, yaradıcı
axtarışlarının yalnız müəyyən bir
qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi
dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası,
dövlətçilik ideallarının təbliği və təbii
ki, bu qəbildən olan ana mövzuların əsas tərkib
hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir
inkişaf təmayüllərini əks etdirməkdir”, - deyə
C.Məmmədli əlavə edib.
Kitabın rəyçiləri Medianın
İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılov və Mətbuat Şurasının sədri Rəşad
Məcid diqqətə çatdırıblar ki, kitab publisistik
toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir
tarixinə maraq göstərən ali məktəb tələbələri,
habelə geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
bp-nin Xəzər regionu üzrə kommunikasiya və
xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli mətbuatın qurumlar və cəmiyyət
arasında körpü rolu oynamasından danışıb.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli
kitabın nəşrinə yüksək dəyər verərək,
onu milli-mənəvi dəyərlərimizin, mətbuat
tariximizin və ziyalılıq ənənələrinin
layiqli daşıyıcısı kimi səciyyələndirib.
Tədbirin təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirən kitabın müəllifi, Əməkdar jurnalist
Natiq Məmmədli bildirib ki, Mir Cəlal Paşayevin “Ən
vacib şey nədir?” adlı məqaləsində vətənə,
ailəyə və ali mənəvi dəyərlərə
xidmət əsas məqam kimi ön plana çəkilir. Onun
sözlərinə görə, kitab üzərində işləyərkən
insanın sözə həssas yanaşmalı olduğunu bir
daha anlayıb. “Kitab üçün xüsusi sözlər,
xüsusi yanaşma tələb olunur. İlk dəfə olaraq
bu kitabda Şuşa Qlobal forumları və Vətən
müharibəsində medianın rolu ilə bağlı məqalələr
də yer alıb. Əminəm ki, bu gün “Ədibin evi”ndə
yanan mənəviyyat məşəli hər bir mətbuat
işçisinə çatacaq”, - deyə müəllif əlavə
edib.
Sonda müəllif oxucular üçün kitabları
imzalayıb.
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.7.