SAYIB QURTARA BİLMƏYƏCƏK
QƏDƏR ÇOX
O, indi kimya elmində, azərbaycançılıqda,
cəmiyyətşünaslıqda söz sahibi olan əhəmiyyətli
simalardan birinə çevrildiyi vaxtlardan da çox-çox əvvəl,
yolunun başlanğıcında, tələbəlik illərində
də eyni qəliblərlə və meyarlarla
düşünürdü, amma indiki kimi, o vaxtlar da nə qəliblərin,
nə meyarların danışıqsız tabeçiliyində
idi. Sakit, dinc təbiətinə rəğmən, həmişə
nadinc, yenilikçi, bir qədər də sabaha baxan qənaətləri
həmişə vardı.
Hacalı Nəcəfoğlunun ömründəki
uşaqlıq və yeniyetməlik illərindən sonra gələn
son yarım əsrlik müddətdə onun elm, mədəniyyət,
cəmiyyət həyatının ən müxtəlif məsələləriylə
bağlı alim və ziyalı mövqeyi və çöhrəsi
ilə bağlı belə qəti kimi görünən, qiymətverici
mülahizələri ifadə edərkən bunca inamlı
olmağıma səbəb bütün bunlara bilavasitə
şahidliyim, ömrün bu iri və əsas
parçasının yalnız müşahidəçisi
deyil, yaxın iştirakçısı olmağımdır.
Hacalının qatıldığı hər sahədə
danışıqsız və iddiasız fərqliliyi və
üstünlüyü həmişə onunlabirgə olub və
həmin sakitliyi, qədərindən də çox təvazökarlığı,
birinci ola-ola həmişəözünü qabağa
atmağa deyil, bir qədər qıraqda dayanmağa təbii
mailliyi ona İlahinin bağışladığı qoruyucu
vasitə, özünəməxsus zirehmiş ki,
istedadından başqa ayrı köməyi, arxası olmayan bu
gənci daim bədxahlardan, paxıllardan, layiq olduğundan daha
irəli sıçramağa pərgarların
badalaqlarından mühafizə edib.
Sən fitrətdən parlaq olub həm də bunu gizlətməyəndə,
üstəlik həm də o seçkinliyindən
qürurlanaraq bunu aşkar nümayiş etdirməyə
ixtiyarsız cəhdlər edəndə hökmən istəməyənlərinin,
sənə həsəd aparanların, tələ qurmaq həvəsinə
düşənlərin, sənin sürətini
azaltmaqçın açıq, ya
üstüörtülü, icazəli, ya yasaq üsullardan
istifadə ilə yüyənini çəkənlərin
sayı mütləq artır. Hələ müəyyən
sadədilliklə bir qədər özündəndeyən
olsan, ürəyi qibtəylə soyumayan rəqiblər kin də
bağlayır, düşmənçilik həddinə də
çatır, irəli gedəni vurmaq üçün hər
münasib girəvədən istifadə edirlər.
Belə insan naqisliklərinin o qədər qüssəgətirən,
ürəksıyıran örnəklərinə şahid
olmuşuq. Böyük şərqşünas alimimiz professor
Rüstəm Əliyev erkən parlamış, cavankən
dünya şöhrəti qazanmışdı və 1960-70-ci
illərdə dünyanın aparıcı elm mərkəzlərindən
hesab edilən SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunda əsas simalardan birinə çevrilmişdi.
Rüstəm Əliyev kim olduğunu, nəyə qadirliyini hər kəsdən daha
yaxşı bilirdi, parlaqlığı, bunu dilə də gətirməsi
Moskvada yan-yörəsində olanları daha da
qıcıqlandırırdı və bir azərbaycanlının
belə yüksəlişi, həm də digərlərindən
üstünlüyünü hər məqamı düşəndə
qabartması bunu həzm edə bilməyən bədxahları
tədbirlər tökməyə şitəndirirdi. Mənhus
niyyətlərinə çatdılar da, ona elə çuxur
qazdılar ki, sovet dövründəki cəzaların ən
müdhişlərindən olan kommunist partiyası sıralarından
çıxarıldı, həbsin də lap astanasında idi və
o dövrdə Azərbaycan rəhbərliyi işə
qarışaraq nəcib havadarlığını etməsəydi,
nurlu bir zəka elə yarı yoldaca söndürüləcəkdi.
Bu həmlələr elə əks-səda
doğurmuşdu ki, hətta Məhəmmədhüseyn Şəhriyar
da Rüstəm Əliyevə təsəlliverici bir şeir həsr
etmişdi:
Hizb-i şeytandan olan
qoy səni ixrac eləsin,
Başda yazmış səni öz
Hizbinə Rəhman, Rüstəm!
Bu, insanlığın elə xislətidir ki, əsla
təzə söhbət deyil, bütün zamanlarda və
dünyanın hər yerində həmişə olub, bundan
sonra da olacaq. Bu gümandayam ki, son hədəfi adamı əvəz
edən və insana hər cəhətdən bənzər
olacaq məxluq yaratmaqdan ibarət süni intellektin gec-tez
dünyanı dolduracaq robot-adamlarında - Candəmirlərində
də insana xas qayğılanmaq, xiffət çəkmək,
qəhərlənmək, ürək dolusu gülmək, fəxr
etmək və həsrət çəkmək kimi incə
duyğulardan daha əvvəl elə o rəqabət əlaməti
köhnəlməz hiss - özündən daha
üstünü gözügötürməzlik, ağ, ya
qara həsəd bəsləmək ehtirası əmələ
gələcək.
1960-cı illərdə Hacıqabulda ibtidai və orta
təhsil alarkən şagird yoldaşları arasında
yalnız əla qiymətlərlə oxuması ilə deyil, məktəb
tədbirlərində fəal iştirakı ilə fərqlənməsi,
müəllimlərinin və rayonun artıq peşəkarlaşmış
aktyorlarının köməyi ilə hazırlanan
tamaşalardakı təqdirlə qarşılanan və onu
göz qabağına çıxaran xoşagələn
ifaları, həmin çağlarda hər bir azərbaycanlı
məktəbli üçün şirin xəyal kimi gələn
"Artek" Ümumittifaq pioner düşərgəsinə
yüksək vəzifəli kiminsə havadarlığı
olmadan göndərilən yeganə hacıqabullu məktəbli
olması, Azərbaycan Dövlət Universitetində oxuyarkən
müəllimlərin ən təriflədiyi tələbələr
cərgəsində yer almasından savayı qəzetlərdə
tez-tez imzasının görünməsi, Tələbə
Elmi Cəmiyyətində ilk müstəqil
araşdırmalarının xüsusi dəyərləndirilməsi,
o dövrün ən yüksək tələbə
mükafatı hesab edilən və hər fakültədə
bir nəfərə verilən "Lenin təqaüdü"nə
layiq görülməsi, universiteti bitirincə tezliklə
dissertasiyasını müdafiə etməsi və elmi-pedaqoji
həyatının sonrakı onillərində
qazandığı bu qəbil silsilə uğurları, hətta
taleyin yazısı ilə Türkiyəyə köçərək
orada universitetlərdə çalışanda çevrəsindəki
kimyaçı alimlərin əksərindən bir və
neçə baş ucalığı, məlum məsələdir
ki, gendən bunları seyr edənlərin beşini sevindirəndə
birini də daxilində qayğılandırmamış olmurdu
ki, "niyə o, mən yox?" Amma uşaqlıq, yeniyetməlik
illərindən heç vaxt tərk etməmiş
başıaşağılığı, başqalarından
hansısa üstünlüklərini heç vəchlə
nümayiş etdirməyə can atmaması, ən öndə
olanda da yetərincə təvazölü davranması ilə
Hacalı əslində daim həm də özünü qorumuş
olub, daha başqa irəliləyişlərinə yaradıla
biləcək maneələrdən müəyyən qədər
sığortalanıb.
"Müəyyən qədər" ona görə
ki, sən parlaq olaraq bunu çox üzə vurmamağa,
bacardıqca nəzər nöqtəsindən nisbətən
aralıda durmağa ha çalışsan da, sənə qibtə
gözü ilə baxanlar onsuz da gördüklərini
görürlər və içərilərində nəsə
dəbərir. Yəqin, Hacalının da yolu boyunca bucürlər
az olmayıb. Ancaq məhz parlaq ola-ola kölgədə
qalmağa meyilliliyi səbəb olub ki, hətta o qəbil
adamlar da çəkdiklərini üzə vurmadan içərilərində
çəkiblər, qızışaraq hərəkətə
keçməyiblər.
Hacalı bütün bunları adlayaraq indiki zirvəyə
gəlib çatıbsa, demək, həmişə
göründüyündən də daha səfərbər,
daha məsuliyyətli, çalışmalarında daha inadkar
olmağı, nəfsini iradəsi ilə toxtatmağı
bacarıb!
Hacalı sovet dönəmində doğulub
boya-başa çatsa da, əqidəcə, ruhca heç vaxt o
zəmanənin adamı olmadı, tələbəykən
az-az gəncə nəsib olan "Lenin təqaüdçüsü"
titulunu qazansa da, heç vaxt zəmanənin hökm etdiyi kimi
leninçiyə çevrilmədi. Milli düşüncə
daşıyıcılarından olması, lap
başlanğıcdan milli maraqlara xidmətə köklənməsi
bir tərəfdən ailə tərbiyəsindən və
öz təbiətindən gəlirdisə, digər yandan bu
duyğuların onda daha da dərinləşməsi və
varlığının səciyyəvi xətlərindən
birinə çevrilməsi çevrəsinin,
qaynayıb-qarışdığı mühitin, özünə
əsas müəllim saydığı insanların sayəsində
baş verdi. Bu təsiredənlər və ustadlar
sırasının ən ucasında isə unudulmaz Xudu Məmmədovun
adı dayanır.
Xudu müəllimin bilavasitə yetirmələrinin
sayı çox deyil. Hərçənd onun cazibə
dalğası uzaqdan-uzağa da ona bənzərduyub-düşünən
sıra-sıra aydınımızın yetişməsinə
meydan açdı. Ancaq Xudu müəllimin yanında olan, onun
mütəmadi təsirini hiss edən
Hacalı kimi sayca yetişdirmələri də var ki, hər
biri Xudu işığının
daşıyıcısına çevrildi, onun elmdə, sənətdə,
ziyalılığımızda, ictimai düşüncəmizdə
etməyə macal tapmadıqlarını yerinə yetirmək
yükünü çəkdi. Biri və elə ən barizi
Hacalı Nəcəfoğlu!
1977-ci ild? o zaman Azərbaycanda tək olan və ən
aparıcı ali təhsil ocağı sayılan Bakı
Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən
Hacalı Nəcəfoğlunu oçağkı ənənəyə
uyğun olaraq təyinatla azı 3 il işləməli
olduğu hansısa orta məktəbə kimya müəllimi
yox, Az?rbaycan Milli Elml?r Akademiyasının Qeyri-üzvi v? Fiziki
Kimya İnstitutuna (indi akademik M.Nağıyev adına Kataliz və
Qeyri-üzvi Kimya İnstitutu) gənc mütəxəssis kimi
elmlə məşğul olmaqçün göndərdilərsə,
səbəb arxada qalan 5 illik təhsil boyunca artıq
özünü sabahın ümidverən bir
araşdırıcısı kimi tanıda bilməsi idi.
Buna adətən bəxtin gətirməsi deyirik, amma hər
halda alın yazısındandır ki, instituta ilk qədəm
basan yeni universitet məzunu Hacalını bir başqa
şöbəyə deyil, birbaşa Quruluş Kimyası
Laboratoriyasında iş? təyin etdilər. Bu isə onun
yolunun müstəqil elmi həyatının
başlanğıcından Xudu Məmmədov kimi böyük
alimlə rəsmən qovuşması deməkdi.
Əslində isə Hacalı bu sehrə daha öncələrdə
düşmüşdü. Yəni indi vaxtın
hündürlüyündən baxarkən aydın olur ki, bu, qədərin
onu addım-addım məqsədə doğru
aparmasıymış - 1971-ci ildə Hacalı hələ orta
məktəb şagirdi idi, onu sonralar Hacıqabula çevriləcək
Qazıməmməd rayonundan Bakıya, respublika məktəblilərinin
kimya olimpiadasına göndərmişdilər, haqqında mətbuatdan
oxuduğu, radio-televiziyadan eşitdiyi görkəmli alim Xudu Məmmədovla
canlı olaraq ilk dəfə burada rastlaşmışdı.
Olimpiada çərçivəsində gənc
kimyaçılarla görüşü əsnasında Xudu Məmmədov
Azərbaycanın qədim və orta əsr abidələrinin
naxışları ilə kristal quruluşlarının eyniyyəti
və qohumluğundan söz açanda indiyədək
eşitmədiyi belə gözlənilməz yanaşma
Hacalını valeh etmişdi. Bunun üstündən az
keçincə Xudu Məmmədovla daimi təmaslara doğru
aparan daha bir qapı açılmışdı. 1972-ci il idi,
artıq Hacalı universitet tələbəsi idi və
günlərin birində onlara dərs deyən müəllim
növbəti mühazirəsini özü oxumamış, bunu
həmin gün dəvət etdiyi qonağın
oxuyacağını bildirmişdi. Hacalının artıq
ötən ildən, məktəblilərin kimya
olimpiadasında gördüyündən yaddaşına
parlaqlığı ilə həkk olunmuş
tanınmış alim Xudu Məmmədov o gün atomun
quruluşu haqqında danışmış, sonra bir neçə
dərsdə də həmin mühazirələr silsiləsini
davametdirmişdi. Elə o gedişatda da uşaqların proqram
çərçivəsindən kənara çıxan
marağı və verdikləri suallardan həvəslənən
Xudu müəllim təklif etmişdi ki, bəlkə belə
görüşlərin və mühazirələrin təsadüfdən-təsadüfə
baş verməməsi, müntəzəmləşməsindən
ötrü kimya fakültəsində tələbə elmi
seminarı yaradaq. Elə bir seminar tezliklə təşkil
edilmişdi, Hacalı da həmin seminarlardakı ən fəal
tələbələrdən olmuşdu və Xudu Məmmədovun
o seminarlardan birində söylədiyi "Elmi öyrənib sonra elmlə
məşğul olmaq həyatı öyrənərək
sonra həyatı yaşamağa başlamağa bənzəyir"
fikri onun ürəyinə ömrünü gələcəkdə
elmə bağlamaq hərarətini salmışdı.
Onda Hacalı hələ vur-tut birinci kurs tələbəsi
idi. 5 il sonra isə taleyin avand püşkü onu artıq hər
gün görüşmək, hər gün bir yerdə
olmaqçün Xudu Məmmədovun rəhbərlik etdiyi
laboratoriyaya apardı.
Qismət elə gətirmişdi ki, o illərdə mən
də həmin Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsini bitirərək Elmlər Akademiyasında
işləməyə göndərilmişdim, əvvəlcə
Fəlsəfə və Hüquq, daha sonralarsa Yaxın və
Orta Şərq Xalqları institutlarında
çalışsam da, həmin Qeyri-üzvi və Fiziki Kimya
İnstitutuna, məhz o Quruluş Kimyası Laboratoriyasına
tez-tez gedib-gəlirdim. Məni ora çəkən kimya elmi
yox, professor Xudu Məmmədovun cazibəsi idi. O dövrdən
başlayaraq ömrünün son günlərinədək də
Xudu müəllimlə mehriban ünsiyyətlərimiz davam
etdi və o misilsiz insan və alimlə həmsöhbət
olaraq ötən illər mənim də, onunla o vaxt eyni
laboratoriyada çalışmış cavanların hər
birinin də həyatının unudulmaz, işıqlı,
universitetdən sonra ayrı bir universitetkeçmə mərhələsi
idi. O vaxt Xudu müəllimin laboratoriyasında elm
mülkünün kandarına doğru ilk addımlarını
atan o cavanların hər biri sonradan tanınmış alimə
çevrildi, onlarla o vaxtdan başlanan səmimi dostluğumuz
indiyədək davam edir və Hacalı da onlardan biri idi.
Əlbəttə, Xudu müəllimin öz
laborantları, gənc elmi işçiləri ilə onlara aid
elm sahəsi ilə bağlı özəl söhbətləri
və müzakirələri vardı ki, bunların mənə
- orta əsrlər müsəlman coğrafiyası ədəbiyyatı
və mədəniyyətini araşdırmağa başlayan
cavan tədqiqatçıya aidiyyəti yoxdu. Ancaq axı
dünyamız quruluşların dünyasıdır. Xudu Məmmədov
kristalloqrafiya elmində yeni söz deyən, quruluşun
yalnız özünü yox, fəlsəfəsini açan,
bunu həm elmin, həm həyatın hər səmtində
görməyi bacaran bəsirət sahibi idi. O,
saçdığı qığılcımla
ağıllı müsahibinin içindəki
çırağı yandırmağı bacaranlardan idi və
həmin heç vaxt yaddan çıxmayan 1970-ci illərdə
pərvanə kimi Xudu Məmmədovun başına
yığılıb söhbətlərini, mülahizələrini,
tövsiyələrini dinlədikcə dünyaya, hadisələrə
daha əvvəlki kimi yox, fərqli münasibət bəsləməyə
başlayırdıq, büsbütün müxtəlif elmi
istiqamətlər üzrə ixtisaslaşsaq da, hamımız
dönüb onun kimi quruluşçu olurduq. Həyatın
başdan-başa təkrarlananların bənzərsiz
düzümlərinin doğurduğu naxışlardan ibarət
olması düşüncəsi hər yöndə gözəlliklər
arayıb-tapmağa yönəldirdi.
Hacalıdakı yorulmadan, bıqmadan məşğul
olduğu yaradıcılıq xətlərinin hər birində
müdam yeniliklərə can atması, tapıntılara da
müvəffəq olmasının ən ümdə təməllərindən
biri məhz əvəzsiz Xudu müəllimlə birgəlik
illərində qoyulandır.
Xudu Məmmədovla sıx əməkdaşlıq əyyamlarının
içərisini onunla həmritm etməyi bacaranlara
bağışladığı bir məziyyət də hadisələrə,
cəmiyyətə, araşdırdığın istənilən
sahəyə ucalardan, miqyaslı baxmaq və fəlsəfi
düşünmək, həm də sadiq, ardıcıl
yurdçu, millətsevər olmaq məziyyətidir.
Hərdən-hərdən ürəyini şeirlə
də boşaltmağı xoşlayan Xudu müəllimin dua
kimi səslənən və həm özü, həm sadiq
ardıcıllarından ötrü qəlib kimi gələn
bir bayatısı da vardı:
Əlim köməyim olsun,
Elim köməyim olsun,
Elə gərək olmasam,
Ölüm köməyim olsun!
Xudu müəllimin ruhunu yaxından duyduğumdan ikinci
misradakı "elim" sözünü mən həm "vətənim",
həm də "elm" kimi qavrayıram. Çünki o, həyatı
boyu zəhmətkeş oldu, usanmadan işlədi, qüvvəti
bir tərəfdən elindən, obiri yandansa elmdən aldı
və özü də həm elinə, həm elmə əlavə
güc verməkçün əlindən gələni əsirgəmədi.
Onunla mütəmadi təmaslarda olub xalqının, vətəninin
aşiqinə çevrilməmək, qaynar azərbaycançı
olmamaq mümkünsüzdü.
Yalnız qəlbindəki məhəbbətlə
deyil, həm də bu eşqi əməllə təsdiqləyən
azərbaycançılıq sevdası Hacalı Nəcəfoğlunun
içərisində bir nəbz kimi ilk gəncliyindən
bugünədək çarpmaqdadır. Əlbəttə, bu
sevginin dairəsi bir qədər də əhatəlidir, əslində
Türk dünyasını, türklüyü çevrələyir.
Lakin həmişə tən mərkəzdə dayanan Azərbaycandır,
türkcəmizdir, milli maraqlarımızdır və tam duran
da özəkdə azərbaycançılıqdır.
Bunun dünən-bugün yaranıb şəkillənən,
bir para insanlarda olduğu kimi, dəyişən vaxtın və
siyasətlərin təsiri ilə müəyyən dövrdən
sonra üzə çıxan xüsusiyyət deyil, son 50 ili də
aşan müddətdə daim Hacalıyla olmuş bir dəyişməz,
il-ildən də artaraq qüvvətlənən təbii istək
olduğunu isbat edən onun bir-birindən qiymətli
yazılarıdır.
Hacalı Nəcəfoğlu yüksək peşəkarlıqlı
və oturuşmuş kimyaçı alimdir, ancaq ciddi tarixi
araşdırmalarını mütaliə edən hər kəs
onun tarixçi alim olmasına şəkk etməz. Türkcəmizin
müqəddəratı və çağdaş durumu ilə
bağlı linqvistik təhlillərini oxuyanlar,
hazırladığı lüğətləri vərəqləyənlər
onu dilçi alim kimi qəbul edər, beynəlxalq münasibətlərlə
bağlı çoxsaylı mənbələrə və dərin
təhlillərə söykənən məqalələrini nəzərdən
keçirənlər politoloq sayar.
Azərbaycanın Avropa tipli çağdaş mətbuatı
150 yaşına çatdı. Bu şərəfli tarixin son
50 ilində Hacalının imzası var. O nə jurnalistdir, nə
publisist, ancaq son yarım əsrdən də uzun müddətdə
müxbirlik Hacalının zövq ala-ala yerinə yetirdiyi
daimi və sevimli işlərindən olub. 1969-cu ildə sanki
möcüzə içindəymiş kimi Krıma yola
düşməsinin, uşaqlıq həyatında ən
işıqlı səhifələrdən biri kimi qalacaq
"Artek"ə gedib çıxmasının da səbəbi
elə yazı-pozusu olmuşdu - Hacalını ora məhz məktəbli
müxbir kimi göndərmişdilər. Tələbəlik həyatı
başlandı, müxbirliyini Universitet qəzetində davam
etdirdi, Akademiyada çalışdı, "Elm" qəzetinin
etibarlı müəlliflərindən birinə
çevrildi, 1991-ci ildə Azərbaycan
istiqlalına yenidən qovuşdu və dövlət müstəqilliyinin
bərpasından sonra yaranan ilk azad qəzetlərin ən itiqələmli
və məhsuldar təmsilçilərindən biri də
alim-müxbir Hacalı Nəcəfoğlu idi, Türkiyəyə
köçdü, yenə qəzetçiliyindən əl
çəkmədi, "7 gün" qəzetinin xaricdəki
müxbiri kimi oradan da mütəmadi yazılar göndərməyə
başladı. Bir sözlə, axırıncı yarım əsrdə
o, əsla fasilə etmədənAzərbaycan mətbuatına
daim saf qan verənlərdən olub. İrili-xırdalı nə
yazıbsa, hamısı ortadadır. Başqaları
haqqında, özünün də çoxsaylı
iştirakçılarından biri olduğu hadisələr
barədə, günün cərəyan edən təmayülləri
haqda yazdıqlarının hərəsi ayrılıqda və
hamısı birlikdə bu gün hər mətləbdən
daha öncə Hacalı Nəcəfoğlunun
özünün qeyrətli vətəndaş, dövrün
rüzgarlarından asılı olmayaraq sağlam və
dayanıqlı ziyalı mövqeyini əks etdirən dəqiq
portretidir.
Hacalının qələmindən və
klaviaturasından çıxan belə yazılar silsiləsini
izləyən tərəddüdsüz təsdiq edər ki, o,
həm yetkin jurnalistdir, həm mahir publisistdir.
Orta çağ Azərbaycan və müsəlman
coğrafiyası aydınına bir neçə əcnəbi
dili sərbəst bilmək, çoxşaxəli biliklərə
sahiblik və yiyələndiyi elm sahələrinin hər
birində qələm çalmaq, tutarlı risalələr
yaratmaq, üstəlik şairlikdə özünü
sınamaq xas idi. Bizim zamanlarda artıq əski universallıq
xatirəyə çevrilib, indi eyni bir elm sahəsinin
iki-üç istiqamətində səriştəli olmaq
artıq universallıq kimi qəbul edilir. Bu baxımdan da
Hacalı Nəcəfoğlu,təəssüf ki, tükənmiş
ənənənin yaşayan örnəyi - universal klassik
Şərq ziyalısı və aliminin zəmanəmizdə tək-tək
təsadüf edilən qədri bilinməli örnəklərindəndir.
(Doğrudur, Hacalı elmdə İbn Sina ola bilmədi,
zatən, bu, tarixdə bircə nəfərin payına
düşən səadətdir. Amma hər halda Hacalı gənckən
"Əbu Əli" olmaq xoşbəxtliyinin sevincini də
daddı. Bir ara - 1990-cı illərin əvvəllərində
Bakıda çıxan və müxbiri olduğu
"Tanıdım" qəzetindəki bəzi
yazılarını elə bu imza ilə də çap
etdirirdi. Maşallah, övladları Əli də, Türkan da
ağıllı böyüdülər, ata yolunu tutdular, elmə
bağlandılar).
Eyni bir kökdən yaratdıqları sözlərlə
biliklər şəbəkəsinə "elm", öyrədənə
"müəllim", araşdırıcıya
"alim" deyən ulular sanki həmin səsləniş və
məna birliyi ilə bu təfəkkür
üçbucağının bölünməzliyi və
bütövlüyünə riayəti də gələcəkdəkilərə
nəsihət və vəsiyyət etmişlər.
Elm, alimlik və müəllimlik Hacalı Nəcəfoğlunun
da ömrünün mənasına, başlıca yol xəritəsinə
çevrildi. Ancaq onun müəllimliyinin də, alimliyi kimi,
bir para özəllikləri var ki, o barədə düşüncə
bölüşməyin yeri var.
...Müəllimlik nə qədər nəcib iş
olsa da, elmlə təhsilin yanaşı, qovuşuqda irəliləyişinin
uğurlu model olduğu nə qədər təsdiqlənsə
də, bu, bir ürəkdə iki sevgi gəzdirmək kimidir.
İkisindən birinə mütləq daha artıq
bağlanmağın qaçılmazdır. Yəni
böyük alimin həm də dərs deməsi
üçün (əlbəttə, bu da çox vacibdir. Təcrübələr,
biliklər hökmən ötürülməlidir) gərək
elə şərait yaradıla ki, bu onun elminə mane olmaya,
onu araşdırmaçılığından çox
ayırmaya. Yəni dərs deməyə cəlb edilən dəyərli
alimləri əsas işi müəllimlik olan digərləri
kimi dərs cədvəllərinin sərt məhdudiyyətləri
çərçivəsinə salmaq yox, daha asudə iş
qrafiki yaratmaq məsləhətdir. Dərs izdihamlı təması,
davamlı canlı ünsiyyətləri umursa, ciddi elmi
araşdırmaçılıq tənhalığa çəkilməyi
daha artıq istəyir.
Hacalı yolunun əvvəlindən dərs də
deyib, elmlə də məşğul olub və o azlardandır
ki, hər ikisini yüksək səviyyədə
aparmağı bacarıb.
Həm də onun elmi araşdırmalarını daim
yeni nəsə olanı tapmaq səmtində tənzimləyən
ümdə bir səbəb var - onillər öncədən
beynəlxalq elmi simpozium və konfranslarda iştirak etməyi
özü üçün əsas xətlərdən biri
kimi götürüb.
Yaradıcılığın sirli bir özünəməxsusluğu
var. Bir tərəfdən azadlığı, buxovsuzluğu
sevir, digər tərəfdən də daha yaxşı irəliləyə
bilməsi üçün maneələrə ehtiyac duyur.
Sanki məntiqsiz olan bir məntiqlə azadlıq genişləndikcə
yaradıcılıq imkanları daralır. O səbəbdən
də yaradıcı insan hansısa maneələr olmayanda belə
daha yaxşı işləyə bilməkçün
özü süni də olsa maneələr qurur, hüdudundan
mütləq hansısa vaxt ərzində çıxmalı
olduğu çərçivələr axtarıb tapır.
İrəlicədən elan edilən elmi məclislərin
hər birinə qatılmağın müəyyənləşmiş
vaxt hüdudları və şərtləri olur -
çatdırmasan, əməl etməsən, kənarda
qalırsan.
Və hər belə toplantıya artıq imzası
tanınan alim kimi qoşulursansa, gərək hər dəfə
də yeni olan, maraq doğuran, diksindirə bilən təzə
mövzu və fikirlər təqdim etməyə qadir olasan. Beləliklə,
bir tərəfdən səni sıxan vaxt, o biri tərəfdən
növbəti dəfə üstün görünə və
ola bilməkçün yerinə yetirilməli zəruri şərtlər
hərəsi özünə görə bir maneədir.
İnsan zəkası və ilhamı sanki belə darmacallarda
daha artıq səfərbər olur, axtarıb tapmağa daha qətiyyətlə
yönəlir və ola bilsin ki, asudəlikdə
iki-üç dəfə uzun vaxtda edə biləcəyini
daha gödək vaxt ərzində yerinə yetirməyi
bacarır.
Hacalı Nəcəfoğlu uzun illərdir ki, məhz
bu çətin, amma bəhrələri özünə
zövq və yeni yaradıcılıq həvəsi gətirən,
elmə də töhfələr verən üsulla işləməkdədir.
Mütəmadi qatıldığı beynəlxalq elmi
simpoziumlar Hacalıdan ötrü illərcə bütün
başqa faydalarından əlavə həm də bu yöndə
yardımçı olubdur.
1980-ci illərdə Bakı Dövl?t Universiteti Kimya
fakült?sindəki Qeyri-üzvi kimya kafedrasında
çalışanda da, 1990-cı illərdə Türkiy?d?ki
Ərzurum Atatürk Universiteti F?nn-Əd?biyyat Fakült?si Kimya
Bölümünd? mü?llimlik edəndə də, sonrakı çox illər ərzində
Qarsdakı Kafkas Universiteti F?nn-Əd?biyyat Fakült?si Kimya
Bölümünd? işləyəndə də, dərs
saatlarıyla nə qədər yüklənməsindən
asılı olmayaraq, Hacalı həmişə elmə sədaqətini,
elmi araşdırmalarla fasiləsiz məşğulluğunu
qoruyub saxlaya bilibsə,belə sabit formasaxlamanın əsas səbəblərindən
biri elə yerli və beynəlxalq elmi yığıncaqlara hər
dəfə yeni mövzular, təzə axtarışlarla
qatılmasıdır.
Sadəcə, onun qatıldığı
simpoziumların, hazırladığı məruzələrin,
gördüyü işlərin, etdiyi səfərlərin
statistikasına baxsan, rəqəmlər özü dil
açıb ən mötəbər şahid kimi
danışar. ABŞ, İngiltərə, Fransa, Finlandiya,
Slovakiya, Əlcəzair, Misir, İordaniya və onlarca başqa
ölkədə keçirilmiş beynəlxalq konqres, konfrans
və simpoziumlarda 120-yə yaxın məruzə qətiyyən
sadə və hər kəsə nəsib olan göstərici
deyil
Elə il olmaz ki, bir neçə dəfə
hansısa sanballı elmi tədbirlərə qatılmasın,
məruzələr etməsin, yüksək reytinqli jurnal və
toplularda yeni məqalələri dərc edilməsin. Heç
biri də köhnənin nə şəkildəsə təkrarı
deyil, hamısında hansısa tapıntılar, yeniliklər,
təzə söz var. Məhz belə ritm əsl
alimiqocalmağa qoymur, daim gənc saxlayır, onun gərəkli
işləkliyini hifz edir. Alim oxumaqdan, öyrənməkdən,
yeni yaradıcılıq axtarışlarından, təzə
tapıntılara sevinə bilmək gücündən məhrum
olanda fəaliyyətdə olan alimlik keyfiyyətini itirərək
keçmiş və qocalmış alimə dönür.
Dünənədək çempion, lider kimibərq
vurub pərəstiş edilən, ancaq məşğul
olduğu sahədən ayrılandan, mütəmadi məşqlər
etməyi tərgidəndən sonra qəfilcə çəkisi
artıb ixtiyarlaşan, görkəmi dəyişən, qocalar
cərgəsinə düşən keçmiş
idmançı ilə dünənki tədqiqatları ilə
kifayətlənərək yeni araşdırmalara meyil etməyən
və sabiqləşən alim bir-birinə çox
oxşayır. Əksinə, beyni işləməkdə davam
edən, yeni və dəyərli əsərləri ilə
sevindirməyi bacaran alim, yaşının üstünə nə
qədər yaş gəlməsindən asılı olmayaraq,
hər yeni baharda təzədən pöhrələnən,
yenə çiçək açan, yenə bar gətirən
və yenə gənc qalan ağac kimi olur.
Hacalı Nəcəfoğlunun son bir neçə onil
ərzindəki elmi simpozium və konfranslardakı məruzələrinin
hər biri ayrı-ayrı məqalələr məcmuəsində
ya çap, ya elektron versiyada hamınınkılaşıb.
Amma onların bütününün illər üzrə
ardıcıllıqla ayrıca bir kitabda birləşməsinə
də lüzum var və belə bir məcmuə həm də
dayanmayan, axtarışlarını durmadan davam etdirən
alimin boyunun ildən-ilə necə artdığını,
yaradıcılıq imkanları və tapıcılıq
gücünün nə təhər yüksələrək
yeni üfüqlərə çatdığını
göstərərdi.
Hacalı Nəcəfoğlunun alimliyi ilə
yanaşı müəllimliyini də fasiləsiz olaraq davam
etdirməsinin mən onun ömür yolunun doğru seçimlərindən
biri olması qənaətindəyəm.
Şübhəsiz ki, auditoriyalarda ötən saatlar da
onun ömür möhlətindən gedib və həmin
saatları da tədrisə deyil, sırf elmə həsr etsə
idi, bəlkə yazmış olduğu məqalə və
monoqrafiyaların da siyahısı qat-qat sıxalınardı,
elm də daha artıq zənginləşərdi.
Çox illər öncə mən doktorluq
dissertasiyamı müdafiə edərkən həmin məclisə
qatılan və çıxış edənlərdən biri
də universitetdə dərs aldığım sevimli müəllimlərimdən
biri idi. O, həmin vaxt artıq canlı klassik kimi etiraf edilən
tanınmış alim idi və bir çox kitabların müəllifi
idi. Söylədi ki, cavanlıq illərimdən başlayaraq
universitet müəllimi olmasaydım, bəlkə də mənim
əsərlərimin sayı indikindən bir neçə dəfə
çox olardı. Ancaq peşman da deyiləm. Çünki elmdə,
yaradıcılıqda sözünü deməyi bacaran hər
keçmiş tələbəmi də özümün daha
bir və bir neçə yeni kitabım hesab edərək
iftixar duyuram.
Hacalı Nəcəfoğlu bir kimyaçı alim
olaraq mükəmməl məktəb keçib. Həm də
bu, yalnız onun bilavasitə dərs aldığı müəllimlərdən
ibarət deyildir.
Hacalının gənclik illəri vətəni Azərbaycanın
müstəqil yaşamadığı, Sovet İttifaqı tərkibinə
daxil olduğu illərə təsadüf etdi. Söz yox, bir
millət və yurd üçün istiqlalından ali nemət
ola bilməz. Azərbaycan da itirilmiş müstəqilliyinin yenidən
dönüşü haqqında daim
düşünürdü, bu yolda mübarizələr
açıqda və gizlində daim aparılırdı,
Hacalı da həmin saf niyyəti hər an qəlbində gəzdirənlərdən
idi. Ancaq ötülmüş keçmişin içərisində
həmişə mütləq yaxşı olan nələrəsə
də rast gəlinir və belə məqamların da qiyməti
gərək verilə. Yəni fəlsəfədəki zərbülməsəlləşmiş
o məşhur deyimdəki kimi, körpənin
çimizdirildiyi artıq çirklənmiş suyla bərabər
gərək uşağın özünü də atmayasan.
Azərbaycanda sovet onillərində fundamental elmlər
qısa zaman kəsiyində böyük uğurlar
qazanmış, fizika, riyaziyyat, kimya, biologiya və digər elm
sahələrində dünya səviyyəli görkəmli
alimlər yetişmişdi. Bunun əsas səbəblərindən
biri SSRİ boyda müştərək elm və təhsil məkanının
olması idi. Azərbaycan o dövrdə həmin nəhəng
elmi müstəvinin tərkib hissəsi idi, ortaq elmi məktəblərin
təcrübələrindən yararlanırdı, son dərəcə
faydalı tədris və tədqiqatçılıq
mübadilələri ümumi inkişafa müstəsna dərəcədə
müsbət təsir göstərirdi. Hacalı Nəcəfoğlu
da bir güclü kimyaçı alim olaraq yalnız Bakı məktəbinin
deyil, ən müxtəlif xalqların seçmə alimlərinin
doğurduğu və dünyada ən qabaqcılları
sırasına qalxmış ortaq sovet kimya elm məktəbinin
yetirmələrindən biridir. Öz istedadı, qabiliyyəti,
çalışqanlığı ilə qovuşan bu kamil məktəb
və təcrübələr Hacalını da, onun kimi bir
çox başqalarını da nadirləşdirib.
Çünki daha nə həmin ortaq elm məkanı var, nə
o məktəb. Həmin ənənəni yaradan böyük
alimlər hamısı keçmişdə qalıb, həyatdan
gedənləri gedib, qalanları da hərəsi
dünyanın bir tərəfinə yayılıb.
Kim ki o məktəbdən keçib,
götürdüyünü götürüb, bu, onların hər
birinə taleyin qismət etdiyi müstəsna qazancıdır.
Çünki həmin unikal elmi-mədəni müstəvi və
mühitin təklif etdiklərindən gərəyincə
yararlanmağı bacaranların hər biri daha heç vəchlə
əyalət səviyyəsinə sığmırdı. Sovet
İttifaqı o çağlarda dünyanın iki əsas
super dövlətindən biri idi və elmin, mədəniyyətin
ayrı-ayrı sahələrində məhz İttifaq səviyyəli
səriştə və bilikləri qazananlar da mənsub
olduqları respublikaların da elmi və mədəni
nüfuzunu müasir dünya səviyyəsinə
qaldırırdı. Ona görə də SSRİ çökəndə,
onillərcə qapalı sərhədlər yumşalmağa
başlayanda Azərbaycandan digər ölkə universitetlərinə
və elm mərkəzlərinə, o cümlədən elə
Türkiyəyəən müxtəlif elm və mədəniyyət
sahəsi üzrə gedən mütəxəssislərin hər
biri açıq qucaqla qarşılandı - çünki
bunların hər biri ortabab yox, çox yüksək çəkili
alimlər, müəllimlər, sənətkarlar idi.
Bu həqiqətə mən, bir yox, bir çox
nümunələrdən bələdəm.
Asılılıqdan yenicə qurtulmuş Azərbaycandan xarici
ölkələrə, o sıradan elə qardaş Türkiyəyə
də Vətəndəkindən daha artıq (amma yerlilərə
veriləndən xeyli az) məvacib dalınca gedən mütəxəssislərə
əvvəl-əvvəl bir qədər üstdən
aşağı, köydən gələnə şəhərdəkinin
baxışına oxşayan yanaşmalar da olmuşdu. Lakin
asta-asta həyat özü hər şeyi yerinə qoymuşdu
və görmüşdülər ki, bu "kənddən gələnlər"ə
çatmaq, tay olmaq heç də asan deyil. Elə
Hacalının özü. O, qardaş ölkə universitetində
Türkiyədən doqquz-on dəfə kiçik bir ölkənin
deyil, Türkiyədən qat-qat böyük bir elm məkanının
yetişdirməsi sanbalında işə başlayırdı.
Türkiyəyə yenicə köçdüyü
çağlarda Kafkas Universitetində müəllimliyə
başlayan Hacalı Nəcəfoğlu ixtisas üzrə
müəllimlərin olmaması ucbatından bir məvacib
ala-ala dördnəfərin əvəzinə
- ta növbəti illərdə müvafiq fənlər üzrə
xaricdən bir-bir müəllimlər gələnədək
- həm qeyri-üzvi, həm
üzvi, həm analitik, həm fiziki kimyadan dərs
keçmişdi. Bunlar tam ayrı-ayrı fənlər idi və
təbii ki, hər biri müvafiq biliklər, səriştələr
tələb edən həmin işi Hacalının çətinlik
çəkmədən rahatca yola verməsi fakültənin də,
Universitetin də rəhbərliyinə anlatmışdı ki,
bu təzə müəllim nə qədər hündürdən
uça bilir.
Bu gün Hacalı Nəcəfoğlu bilikləri,
keçdiyi elmi yol, ortaya qoyduğu nəticələrə
görə Türkiyə Cümhuriyyətinin qeyri-üzvi
kimya sahəsində dünyaya çıxarılası
barmaqla sayılacaq qədər seyrək və çox
üstün alimləri sırasında sabit bir məqama
yüksəlibsə (bunu kiminsə görüb, ya görməməsi,
etiraf edib, ya etməməsindən asılı olmayaraq.
Çünki kişinin, yəni ki, elm adamının
rütbe-yi əqlinin onun əsərindən bilinməsi
gün kimi aydın gerçəkdir),bunu hər yeri
düşdükcə açıq söyləmək, bununla
qürur duymaq borcdur!
Bizdə - Azərbaycanda da, orada - Türkiyədə də!
Odur ki, daha heç vaxt təkrarlanmayacaq və
artıq mövcudluğunu çoxdan başa vurmuş, amma
vaxtında dünyada aparıcılardan sayılmış bir
möhtəşəm elm məkanı və məktəbinin
yetirməsi olan, bilavasitə də böyük alimlərdən
dərs almış Hacalı Nəcəfoğlu o qədər
zəngin və xeyirli təcrübəni dərs deməklə
yeni nəsillərə ötürməsəydi, bu həm təhsil,
həm elm şəbəkəsi üçün itki
olardı.
İllərcə onunla dərs otaqları və
laboratoriyalarda baş-başa olmuş tələbələr də
çox qazanıblar, onların arasından da yeni-yeni elm
adamları çıxıb və Hacalıyla birgə işləyən
mütəxəssislər də bu təmaslardan yetərincə
faydalanıblar.
30 ildən artıqdır ki, Hacalı Nəcəfoğlu
Türkiyədədir, müxtəlif universitetlərdə və
elmi mərkəzlərdə çalışdığı
bu illərdə yorulmaz professor daim mötəbər
körpü olmağa, Türk dünyasını daha
yaxın, daha vəhdətdə etməyə, türk
xalqlarının bir-birini daha gözəl tanıyıb sevmələrinə,
cümhuriyyətlərimiz və xalqlarımız arasında səmərəli
işbirliyinin daha da dərinləşməsinə vicdanla xidmət
yolunda fədakarlıqla çalışıb. Kimdənsə
təşəbbüs və tapşırıq gözləmədən,
daha artıq bəzən üzləşdiyi biganəliklərə
və diqqətsizliklərə bənd olmadan bu vəzifəni
yerinə yetirib.
Hacalı yol adamıdır və necə yol
yoldaşı olması sualına ən dürüst cavabı
onunla yola çıxmış, ya qürbətdə
olmuşdan yaxşı verən olmaz. Yaddançıxmaz
dostumuz, Osman Sarıvəlli yadigarı, bir vaxtlar mənimlə
də iş yoldaşı olmuş filosof Babək Qurbanov
1990-cı illərin əvvəllərində Hacalıyla
Ərzurumda eyni universitetdə çalışmış,
eyni binada, eyni lojmanda yaşamış, hər gün birgə
olmuşdular, saatlarca dərdləşmiş, bir-birini lap
yaxından tanımaq imkanında olmuşdular. Vaxtsız vəfatından
az qabaq Hacalı haqqında yazdığı bir essesində
Babək onu "yüksək mənəviyyatlı şəxsiyyət"
adlandırırdı. Haqq sözdür - ləyaqətlə
yaşadığı ömür və keçdiyi şərəfli
yolla Hacalı həm yaxşı alim, həm də elin nəzərincə,
fəth edilməsi alim rütbəsinə çatmaqdan da
çətin olan insanlıq yüksəkliyinə
yetişmişlərdəndir. Söz sözü gətirmişkən,
elə Hacalı Nəcəfoğlunun dilçilik və
terminoloji ilə bağlı dəyərli əsərlərindən
birinin yaranmasına səbəb Babək Qurbanovun başına
gələn bir hadisə olub. Əslində isə bu qəziyyə
hər Türkiyə və Azərbaycan türkünün
qarşısına vaxtaşırı
çıxdığından ona adətən olduğu kimi
gülüb keçmək yox, bir əncam çəkmək
yolunda düşünmək gərəkdir. Hacalı
hamının etdiyi kimi etməyərək, hamı
üçün gərəkli olan işi görüb.
Güney Azərbaycandakı 40 milyondan artıq, Quzey Azərbaycandakı
10 milyondan çox insanın hamısı eyni qanı və
eyni dili daşıyan türklərdir. Ancaq "gümrah"
deyəndə güneydəkilər "yolunu
azmış" adamı, quzeylilər "sağlam"
insanı düşünür. Quzeydə "xəstə"
deyəndə səhhəti yerində olmayan adam, Güneydə
sadəcə "yorğun" şəxs ağla gəlir.
Türkiyə türkcəsi ilə Azərbaycan
türkcəsinin arasındasa belə fərqliliklər daha
boldur. Türkiyədə dərs deməyə yenicə
başladıqları vaxtlarmış. Babəklə Hacalı
eyni mənzildə yaşayırmışlar. Bir axşam Babək
təəccüblə söyləyir ki, bu gün cinsi şalvar geyinən qızlara
tövsiyə etdim ki, milli adətlərimizi də
unutmayın, universitetə üç gün kotla gələndə,
iki gün də donla gəlin, nədirsə, hamısı
başladı qəhqəhə ilə gülməyə. Babək
belə deyəndə Hacalı da şaqqanaq çəkir və
fağır lap heyrətlənir. Hacalı izah edir ki, biz
"don" deyəndə xanımların üst geyimini nəzərdə
tuturuq, Türkiyə türkcəsində isə "don"
alt paltarı deməkdir.
Bu dəfə Babəki gülmək tutur.
Həmin hadisə, daha sonra isə Türkiyədə
yaşadıqca səslənişi eyni, fəqət mənaları
uyuşmaz ortaq kəlmələrlə bağlı həm
eşitdiyi, həm qəzetlərdən oxuduğu lətifəvari
söhbətlər Hacalını sövq edir ki, bir kitab
hazırlasın. Geniş ön sözlə müşayiət
edilən həmin araşdırmasını ayrıca kitab
şəklində nəşr edilməkçün Türk
Dünyası Araşdırmalar Vəqfinə yollayır. Ancaq
Vəqf "Türkiye ve Azerbaycan Türkçelerinde
Eşsesli ve Eşköklü Kelimeler
Sözlüğü" adlı bu əsəri ayrıca
kitab kimi buraxmasa da, 1999-cu ildə öz dərgisində dərc
edir. Həmin kitab hər halda 2013-cü ildə Bakıda
"Azərbaycanda və Türkiyədə türkün
sözü" sərlövhəsi ilə işıq
üzü gördü.
Hamımız deyirik qardaşıq, hamımız
razılaşırıq ki, türk xalqları və dövlətləri gərək birlikdə ola,
hamımız təsdiqləyirik ki, türkcəmizi
ortaqlaşdırmaq naminə çalışmalıyıq.
Hamımız gözəl sözləri çox söyləsək
də, bu birliyi gerçəyə döndərmək yolunda
iş görməkdə ləngiyirik. Hacalı Nəcəfoğlununsa
"Ortaq türkcə açısından kimya
terminolojisi" başlıqlı araşdırması və
həmin tədqiqatına əlavə etdiyi lüğət,
fikrimcə, sözdən işəkeçmənin ən diqqətəlayiq
nümunələrindən sayılmalıdır. Türkiyədəki
və Azərbaycandakı kimya terminlərini
qarşılaşdıraraq təhlil edib. Baxırsan ki,
hansısa bir terminin azərbaycancada çox gözəl
qarşılığı tapılıb, Türkiyədə
isə bunun əvəzinə bir əcnəbi kəlmə
işlənməkdədir. Ya hansısa terminin Türkiyə
türkcəsində çox uğurlu ifadəsi var,Azərbaycanda
isə onun yerinə bir rus, yaxud Avropa sözü işlənir.
Bu qarşılaşdırma kimya terminologiyasında həm
Türkiyə, həm Azərbaycan üçün məqbul
ola biləcək ortaq bir variant hazırlamağa zəmin
yaradır. Və özünün tərtib etdiyi lüğəti
də əlavə etdiyi araşdırmasının yekununda
Hacalı Nəcəfoğlu Özbəkistana, Türkmənistana,
Qazaxıstana, Qırğızıstana səslənir ki, gəlin
səylərimizi birləşdirək, eyni işi görək
ki, kimyaçı alimlərimizin ortaq elm dili daha mütənasib
biçim qazansın.Üzdən baxanda dilçilik məsələsidir,
kimya elminin mövzusu olan sualdır, amma mahiyyətcə
sırf siyasi mənalıdır. Çünki hədəfi
sözün vasitəsilə bizləri bir-birimizə sözdə
yox, əməldə daha məhrəm, daha yekdil, daha
bütöv etməkdir.
Bu, qoca Qaspıralının o əsrdən bu əsrə
çatanacan nimdaşlaşmayan, bəlkə əksinə,
yeni zamanda daha əzəmət və gərəkliliklə səslənən
"dildə, işdə, fikirdə birlik"
çağırışına əməletmənin bir tərəfi.
Ancaq Hacalının Türkiyə təhsil və elm şəbəkəsi
ilə Orta Asiyanın (daha Azərbaycanı demirəm)
uyğun təsisatlarının uzaq gələcəklərə
hesablanmış çoxtelli bağlantılarını
yaratmaq səmtində əvəzsiz xidmətləri və
verdiyi töhfələr də az deyil axı.
Bu gün azərbaycanlılar dünya boyuncadır. Bir
qədər az, bir qədər çox - hər qitədə
soydaşlarımız yaşayır. Aralarında elm
adamları da az deyil. Çox məşhurları var, az
tanınanları var. Bəs onların neçəsi Azərbaycanladır,
millətlədir, onlardan neçəsi ömrün hansısa
mərtəbəsində vicdanı və tarix
qarşısında açıq alın və təmiz ürəklə
hesabat verə bilər ki, öz taleyini yaşaya-yaşaya hərdən
ona qanbir-canbir ata-anası kimi doğma olan xalqıvə yurdu
haqqında da düşünüb, Vətən
üçün nələrisə edib?
Professor Hacalı Nəcəfoğlu millət şərqisi
oxuyurmuş kimi, Qutsal Kitaba əl basırmış sayaq əlini
ürəyinin üstünə qoyaraq arxayınca söyləyə
bilər ki, yarım əsrdir bu yoldadır.
Vətən və millət, türk ailəmiz və
türklüyümüz qarşısında belə bəxtiyar
sevgi hesabatı verə biləcək daha neçə nəfərimiz
var?
Arzumdur ki, sayıb qurtara bilməyəcək qədər
çox olsun!
7 iyun 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 11 iyun(¹ 99).- S.12-13;16.