“1001 gecə” baleti
Belarusun Akademik Böyük Teatrının səhnəsində
Belarusun Akademik Böyük Teatrında beynəlxalq “Balet
yayı” festivalının açılışı dahi Azərbaycan
bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin
möhtəşəm uğuru ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın xalq artisti,
tanınmış xoreoqraf Eldar Əliyevin quruluş verdiyi
tamaşada Mariinski Teatrın Primorski səhnəsinin
aparıcı balet artistləri və Sankt Peterburq Mariinski
Teatrının (bədii rəhbər və baş dirijor -
Valeri Gergiev) simfonik orkestri və xoru iştirak ediblər. Solo
vokal hissəsini Anastasiya Kikot və Samira Qalimova, milli alətimiz
tarda isə Ramin Əzimov və Nadejda Medvedeva ifa ediblər.
Mariinski Teatrın orkestrinə Azərbaycan Dövlət
Opera və Balet Teatrının baş dirijoru, respublikanın əməkdar
artisti Əyyub Quliyev rəhbərlik edib.
İlk tamaşanın uğurlu ifasından sonra
xoreoqraf Eldar Əliyev, balet artistləri və azərbaycanlı
dirijor Əyyub Quliyevin bir sıra görüşləri də
olub. Belarus Milli Olimpiya Komitəsinin sədri Viktor Lukaşenko,
Primorski regionun qubernatoru Oleq Kojemyako, Belarusun mədəniyyət
naziri Ruslan Çernetskiy, Baş nazirin müavini Viktor
Karankeviç, Belarus Böyük Teatrının baş
direktoru Ekaterina Dulova təbriklərini çatdıraraq, Azərbaycan
musiqisi ilə bağlı yüksək fikirlərini
bölüşüblər.
525-ci qəzet .- 2025.- 11 iyun(¹ 99).- S.11.