Zəfər
tariximizin başlanğıcı
Hər bir xalqın taleyində elə günlər
olur ki, onlar tarixə qızıl hərflərlə
yazılır. Azərbaycan xalqının da taleyində
böyük əhəmiyyətə malik günlərdən
biri də 15 İyun - Milli Qurtuluş Günüdür.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri
tərəfindən davam edən işğalı, getdikcə
gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət
ölkəni bu bəlalardan xilas edə biləcək,
xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac
olduğunu şərtləndirirdi. Cəmiyyətdə belə
bir ümumi fikir yaranmışdı ki, ölkəni
düşdüyü bu ağır vəziyyətdən
çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər
Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə
hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu
öndər Heydər Əliyev xalqın
çağırışına səs verərək
Naxçıvandan Bakıya gəldi və bir neçə
gündən sonra hakimiyyətin sükanı arxasına
keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin
taleyində dönüş anı oldu.
Ulu öndər müstəqilliyimizin həmin mərhələsini
belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə
qarşısında idi. Çünki Azərbaycanın
müstəqil yaşamasının əleyhinə olan həm
daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin
təbii sərvətlərə malik olan ölkənin tam
müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın Azərbaycana
etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın
zəifləməsi, məğlubiyyətə uğraması,
ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi...
1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri
bir ildən sonra xalq özü hakimiyyətdən saldı”.
İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri
seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım
da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu
ağır vəziyyətdən çıxmasına həsr
olunacaqdır”.
Ümummilli lider problemlərin həlli
üçün, ilk növbədə, bütün səylərini
ölkədə vətəndaş həmrəyliyinin,
sabitliyin təmin olunmasına yönəltdi və buna nail
oldu, gələcək inkişaf üçün möhkəm
təməllər yaratdı. Bu istiqamətdə atılan ilk
mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin
müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə
Ulu öndərin təşəbbüsü və rəhbərliyi
ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və
qaz kəmərlərinin çəkilişinə
başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti
dövründə bu transmilli layihələrə Asiyanı
Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir
yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub
Qaz Dəhlizi əlavə edildi.
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin
təməlini təşkil edən yeni Konstitusiya qəbul
olundu. Eyni zamanda, zəruri islahatlar aparılması
üçün normativ-hüquqi bazanın
formalaşdırılmasına start verildi. Təfərrüata
varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın
xaosdan, anarxiyadan, hərc-mərclikdən,
özbaşınalıqdan, parçalanma təhlükəsindən
qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa
qovuşmasının əsasının qoyulduğu, ölkəmizin
taleyinin dəyişdiyi gündür.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı
real təhlükələrdən xilas etməklə
yanaşı, gələcək inkişaf strategiyasını
müəyyənləşdirdi və bu istiqamətdə ilk
mühüm addımlar atdı. Ulu öndərin gərgin fəaliyyəti,
səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar
olundu, böyük təhlükə mənbəyi olan
qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi,
sosial-iqtisadi dirçəlişə yol açan islahatlar
başlandı. Gələcəyə, konkret nəticələrə
hesablanmış bu siyasət nəticəsində, həmçinin
Ermənistan silahlı qüvvələrinin
torpaqlarımıza davam edən təcavüzünün
qarşısını almaq mümkün oldu.
Xalqımız artıq neçə ildir ki, bu
bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi,
Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli
lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu
Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində
parlaq Qələbə qazanaraq işğal altındakı
torpaqlarımızı azad etdi, ölkəmizin ərazi
bütövlüyü təmin olundu. 44 günlük Vətən
müharibəsində qazandığımız möhtəşəm
Zəfər və digər uğurlar öz
başlanğıcını məhz Milli Qurtuluş
Günündən götürür. Ulu öndərin ən
böyük arzusu Azərbaycanı bütöv görmək
idi. Ümummilli lider Heydər Əliyevin məcburi
köçkünlərlə görüşlərinin birində
böyük inamla və özünə xas uzaqgörənliklə
söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm
ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik,
inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın
gözüdür, hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.
Amma təkcə Şuşa yox, Laçın dağları da
əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik.
Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin
o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu öndərin ən böyük arzusu Azərbaycanı
bütöv görmək idi. Bu arzu 27 ildən sonra
reallaşdı, Prezident cənab İlham Əliyev ata vəsiyyətini
yerinə yetirdi. Bu gün Şuşada, Laçında,
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda,
Qubadlıda, Kəlbəcərdə, Xankəndidə
üçrəngli bayrağımız əzəmətlə
dalğalanır. Qalib xalq, müzəffər ordu və
müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda
neçə-neçə tarixi zəfərlər, qələbələr
bizi gözləyir.
Həmid Mehdiyev
Binəqədi rayon Ağsaqqallar Şurası İdarə
Heyətinin üzvü
525-ci qəzet .- 2025.- 11 iyun(¹ 99).- S.7.