Böyük sənətə
yüksək qiymət
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin "Naxçıvan şəhərində yerləşən
Möminə xatun türbəsi dünya əhəmiyyətli
tarix-memarlıq abidəsinin bərpası və
konservasiyası ilə bağlı bəzi tədbirlər
haqqında"kı 22 may 2025-ci il tarixli Sərəncamı
ölkəmizdə milli mədəniyyətimizin tarixi ənənələrinin
yaşadılmasına, memarlıq abidələrimizin qorunub
saxlanılmasına, bərpa edilməsinə göstərilən
qayğının, bu böyük mədəniyyəti yaradan
tarixi simaların xidmətlərinə dövlət səviyyəsində
bəslənilən hörmət və ehtiramın əyani
ifadəsidir.
Möminə xatun məqbərəsinin həm də
Atabəylər türbəsi adlandırılması bu
möhtəşəm memarlıq əsərinin Azərbaycan
dövlətçiliyi baxımından da mühüm əhəmiyyətə
malik olduğunu nümayiş etdirir. XII-XIII əsrlərdə
(1136-1225) fəaliyyət göstərmiş Azərbaycan Atabəyləri
dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın
sifarişi ilə böyük Azərbaycan memarı Əcəmi
Naxçıvani tərəfindən məharətlə
inşa edilmiş Möminə xatun türbəsi XII əsrdə
Azərbaycan dövlətinin milli mədəniyyətin
inkişafına göstərdiyi diqqət və
qayğını, dövlət və sənətkar
münasibətlərini əyani şəkildə əks
etdirir. Möminə xatun türbəsinin üzərində Azərbaycanın
görkəmli dövlət xadimlərinin "dünyanın ədalətli
hökmdarı, əzəmətli, qalib Şəmsəddin"in
(Şəmsəddin Eldənizin), "dünyanın ədalətli
və ülvi hökmdarı" Atabəy Məhəmməd
Cahan Pəhləvanın adlarının yazılması bu abidənin
dövlətçilik baxımından əhəmiyyətli
olduğunu göstərən tarixi faktlardır. Həmçinin
abidənin Atabəylər sarayında dövlətçilik
sahəsində də fəaliyyət göstərən
Möminə xatunun şərəfinə ucaldılması da
Atabəylər məqbərəsinin dövlət siyasətinin
də göstəricisi olduğunu nümayiş etdirir. Nəhayət,
bu möhtəşəm məqbərədə Möminə
xatunla yanaşı, Şəmsəddin Eldənizin və Məhəmməd
Cahan Pəhləvanın da dəfn olunması bu əzəmətli
abidənin yaradıldığı dövrdə hakimiyyətdə
olan Azərbaycan dövlətinin adı ilə Atabəylər
türbəsi adlandırılmasına haqq qazandırır.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamında ölməz
memarlıq əsəri olan Möminə xatun türbəsinin
dövlətçilik baxımından da əhəmiyyətli
abidə kimi qiymətləndirilməsi mühüm əhəmiyyətə
malikdir: "Misilsiz gözəlliyə malik türbə Azərbaycanda
həmin dövrdə yüksək inkişaf etmiş mədəniyyətin
və dövlətçilik ənənələrinin
mövcudluğunun əyani təcəssümüdür".
Akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər
dövləti" adlı monoqrafiyasında da Möminə
xatun türbəsi Atabəylər dövlətinin XII əsrdə
mədəniyyət sahəsindəki böyük nailiyyətlərindən
biri kimi qiymətləndirilmişdir. Bu gün, müstəqillik
dövründə Prezident İlham Əliyevin "dünya əhəmiyyətli
tarixi-memarlıq abidəsi" kimi Möminə xatun türbəsinin
bərpası və konservasiyası ilə bağlı tədbirlər
haqqında xüsusi Sərəncam imzalaması, müvafiq
dövlət qurumlarına tapşırıqlar verməsi və
maliyyə vəsaiti ayırması müstəqil Azərbaycan
dövlətinin özünün mədəni-tarixi irsinin
sahibi olduğunu, milli mədəniyyəti qorumaq və
yaşatmaq işinə dövlət siyasəti miqyasında
yüksək münasibət bəslənilməsini əyani
şəkildə nümayiş etdirir.
Ən nəhayət, Möminə xatun türbəsi
möhtəşəm mədəniyyət abidəsi olmaqla bərabər, Azərbaycan elminin də
mühüm nailiyyətidir. Hündürlüyü 26 metr
olan, 10 guşəli Möminə xatun məqbərəsinin
dayanıqlığının təmin edilməsində riyazi
qiymətləndirmədən və həndəsi simmetriyadan məharətlə
istifadə olunmuşdur. Abidənin kompozisiyası
dövrün memarlıq elminin prinsipləri əsasında
formalaşdırılmışdır. Möminə xatun məqbərəsinin
səthindəki firuzəyi kaşı bəzəklər və
kufi yazıları Azərbaycan təsviri sənətinin və
xəttatlıq sənətinin mühüm nailiyyətidir. Məqbərənin
tikilməsi üçün istifadə edilmiş xüsusi tərkibə
malik olan kərpic və gəc növləri inşaat
texnologiyası ilə kimya elminin sintezi əsasında
alınmışdır. Deməli, Möminə xatun məqbərəsinin
yaradıcısı Əcəmi Əbubəkr oğlu
Naxçıvani dərin və yüksək elmi biliklərə
malik olan qüdrətli alim-memar olmuşdur.
Azərbaycan ədəbiyyatında Əcəmi
Naxçıvaninin həyatı və sənəti müxtəlif
janrlarda yazılmış bədii əsərlərin
mövzusunu təşkil etmişdir. Xalq şairi Nəriman Həsənzadənin
"Atabəylər" dramı Əcəmi
Naxçıvaninin sənətinə ucaldılmış
böyük sənət abidəsidir. Xalq
yazıçısı Hüseyn İbrahimovun "Əsrin
onda biri" tarixi romanında Əcəmi Naxçıvaninin
taleyi və sənəti yüksək bədii boyalarla
işıqlandırılmışdır. Tanınmış
yazıçı Yunus Oğuz da müstəqillik dövründə
yazdığı "Atabəy Eldəniz" tarixi
romanında Əcəmi Naxçıvaninin hərtərəfli
işlənmiş bədii obrazını
yaratmışdır.
Bundan başqa, Azərbaycan elmində hələ sovet
hakimiyyəti illərindən Əcəmi Naxçıvani və
Möminə xatun türbəsi haqqında müəyyən tədqiqatlar
aparılmışdır. Akademik Ziya Bünyadovun "Azərbaycan
Atabəylər dövləti" adlı monoqrafiyasında
Əcəmi Naxçıvani və onun ucaltlığı
memarlıq abidələrindən də bəhs olunmuşdur.
Akademiyanın müxbir üzvləri Əbdülvahab Salamzadə,
Xudu Məmmədov, Cəfər Qiyasi, memarlıq üzrə fəlsəfə
doktoru, dosent Qadir Əliyev və başqaları Əcəmi
Naxçıvani və Möminə xatun türbəsi
haqqında geniş araşdırmalar aparmış, bu möhtəşəm
sənət abidəsini elmi cəhətdən yüksək dəyərləndirmişlər.
Bununla belə, Əbdülvahab Salamzadənin Əcəmi
Naxçıvaniyə həsr edilmiş tədqiqatlarında
Möminə xatun türbəsinə elmi cəhətdən əsaslandırılmış
qiymət verilməklə bərabər, həm də bu
böyük sənət abidəsinin ayrıca tədqiqata
layiq olduğu da qeyd edilmişdir: "Türbənin
bütün səthləri rəssamlıqla
memarlığın sintezi şəklində təzahür
edir. Möminə xatun türbəsi səthlərinin və
bucaqlarının kitabə və həndəsi ornamentlərdən
olan bəzəyi və gəc üzərindəki nəbati təsvirləri
öz-özlüyündə monoqrafik bir əsərin
mövzusu ola bilər".
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyev 17 oktyabr 1999-cu ildə Möminə xatun məqbərəsini
ziyarət etmiş, türbənin daxilində
yaradılmış Atabəylər muzeyinin işi ilə
tanış olmuşdur. Həmin tarixi görüşdə Azərbaycan
Respublikasının gələcək Prezidenti İlham
Əliyev də iştirak etmişdir. Əməkdar mədəniyyət
işçisi Arif Qədimov Atabəylər muzeyindəki Azərbaycan
dövlətçiliyinin tarixi səhifələrini əks
etdirən nadir eksponatlar barədə Ulu öndərin
qarşısında məlumat vermişdir. Görkəmli
dövlət xadimi Heydər Əliyev Azərbaycan
memarlığının şah əsəri olan Möminə
xatun məqbərəsinin qorunması, ərtaf ərazinin
abadlaşdırılması və Atabəylər muzeyinin daha
da zənginləşdirilməsi, türbənin tarixinin,
memarlıq xüsusiyyətlərinin hərtərəfli şəkildə
araşdırılıb öyrənilməsi haqqında
tapşırıqlar vermişdir.
Ulu öndər 2002-ci ilin avqust ayının 9-da Azərbaycan
Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
təsis edilməsinə həsr olunmuş
yığıncaqdakı nitqində bu fikri bir daha diqqət mərkəzinə
çəkərək demişdir: "Mən burada tarix
haqqında çox danışıram. Tarix, mədəniyyət,
tarixi abidələr. memarlıq abidələri... Məsələn,
Naxçıvanın ərazisini götürsək, bu
kiçik ərazidə həddindən çox dünya
miqyaslı tarixi-memarlıq abidələri var. ...Bu
tarixi-memarlıq abidələri yaşayıb və bu gün
də yaşayır. Onların hər biri Azərbaycan
xalqımın həm tarixini, həm də mədəniyyətini,
adət-ənənələrini göstərən abidələrdir.
Mən indi desəm ki, Möminə xatın türbəsi
haqqında geniş təsvirli, müasir poliqrafiya səviyyəsində
hazırlanmış alborn, onun haqqında tarixi mənbələr
və başqa şeylər toplusu varmı? ...Ayrı-ayrı
bukletlər var, broşürlər var. Ancaq elə bircə bu
abidə böyük bir kitaba bərabərdir. ...Həm
memarlıq xüsusiyyətləri, həm mühəndis
işləri, inşaat işləri, tikinti materialları, abidənin
yaranması tarixi və sair, onun hər bir fraqmenti müasir
poliqrafiya üsulundan istifadə edilərək albomda əks
olunsa, bunun özü elə Azərbaycan mədəniyyətinin
nə qədər zəngin olduğunu göstərəcəkdir".
Dövlət əhəmiyyətli bu
çağırışı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
"Naxçıvan şəhərində yerləşən
Möminə xatun türbəsi dünya əhəmiyyətli
tarix-memarlıq abidəsinin bərpası və
konservasiyası ilə bağlı bəzi tədbirlər
haqqında" imzaladığı Sərəncamı bir daha
gündəmə gətirir. Azərbaycan alimləri
Mömünə xatun məqbərəsi haqqında müstəqil
dövlətçilik və azərbaycançılıq
ideyaları işığında, müasir tədqiqatlar əsasında
yeni tarixi dövrün yüksək tələblərə
cavab verən monoqrafik əsərlər və elmi-populyar
kitablar yazıb xalqımıza çatdırmağa
borcludurlar.
Memar Əcəmi Naxçıvaninin adı ölkəmizdə
əbədiləşdirilmişdir. Dahi memarın adına
Bakı şəhərində metro stansiyası, Bakıda və
Naxçıvanda küçələr vardır. Əcəmi
Naxçıvaninin Naxçıvan şəhərində
ucaldılmış büstü mükəmməl sənət
əsəridir. Bunlar Əcəmi Naxçıvaninin
Mömünə xatun türbəsinin baş tağında
küfi xətlə həkk etdiyi "Biz gedirik, ancaq qalır
ruzigar. Biz ölürük, əsər qalır yadigar" -
sözlərində ifadə olunan sənətin əbədiyyəti
haqqındakı müdrik fikirlərin nə qədər
böyük uzaqgörənliklə deyildiyini bir daha sübut
edir.
Qeyd edilənlər Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Naxçıvan şəhərində
yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli
tarix-memarlıq abidəsinin bərpası və
konstruksiyası ilə bağlı tədbirlər
haqqında"kı 22 may 2025-ci il tarixli Sərəncamında
XII əsr Azərbaycan və Şərq memarlığının nadir
nümunəsi olan Möminə xatun məqbərəsinin
"islam aləminin şah əsərləri sırasında
fəxri yer tutan monumental sənət nümunəsi" və
"xalqımızın milli sərvəti" kimi qiymətləndirilməsinin
siyasi-ideoloji baxımdan olduğu kimi, mədəni-tarixi və
elmi cəhətdən də yüksək səviyyədə
dəyərləndirilməsinin əməli ifadəsi
olduğunu nümayiş etdirir.
Beləliklə, həm siyasi-tarixi əhəmiyyətinə
və həm də nadir sənət əsəri kimi dünya
memarlığı sahəsindəki xüsusi yerinə və
qiymətinə görə özünəməxsus statusa
malik olan Möminə xatun memarlıq abidəsinin dövlət
səviyyəsində qorunması, bərpa edilməsi,
konservasiya olunması haqqındakı mühüm əhəmiyyətə
malik olan Sərəncamı müstəqil Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
xalqımızın tarixi-mədəni irsinə verdiyi
böyük dəyərin və göstərdiyi xüsusi
qayğının əməli ifadəsidir. Müzəffər
Ali Baş Komandanın Sərəncamı ölkəmizin və
xalqımızın tarixində xüsusi yer tutmuş Azərbaycan
Atabəyləri dövlətinin fəaliyyətinin,
memarlıqda məktəb yaratmış Əcəmi Əbubəkr
oğlu Naxçıvaninin tərcümeyi-halı və xidmətlərinin,
Möminə xatun məqbərəsinin memarlıq xüsusiyyətlərinin
daha dərindən və əsaslı şəkildə
araşdırılıb tədqiq olunması sahəsində
geniş perspektivlər açır. Heç şübhəsiz,
bütün bunlar Möminə xatun məqbərəsinin bərpası
və konservasiyası ilə məşğul olan təşkilatlarla
bərabər, Atabəylər dövlətinin mədəniyyət
siyasətinin möhtəşəm təcəssümü
olan Möminə xatun abidəsinin tədqiqi ilə məşğul
olacaq elmi qurumları da səfərbər edəcəkdir. Azərbaycan
Respublikasının elm və mədəniyyət
işçiləri, yaradıcı ziyalıları adından
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
ölkəmizdə elmin, ədəbiyyatın və mədəniyyətin
inkişafına göstərdiyi yüksək qayğıya
görə dərin minnətdarlığımızı
bildiririk.
28 may 2025-ci il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik,
525-ci qəzet .- 2025.- 11 iyun(№ 99).- S.6;7.