Ələkbər Salahzadə
poeziyası: şeirdə vizual struktur
Ələkbər Salahzadənin
yaradıcılığı XX əsrin 60-cı illərindən
XXI əsrin 10-cu illərinədək olan dövrdə Azərbaycan
poeziyasının özünəməxsus hadisəsidir. Onun
yaratdığı qeyri-adi poetik mətnlər sözün həqiqi
mənasında özü-özlüyündə "fərqli
bir qalaktika" kimi qəbul edilməlidir. Şairin
yaradıcılığında mətnin düzxətli və
məhdud işarə mahiyyəti onun ortaya qoyduğu
çoxölçülülüyü və məna
variativliyi ilə bərabər, həm də fərqli struktura
malikdir. Sənətkarın mətnlərinin məkanında
konsept (təfəkkürdə, fikirdə predmetlər
arasındakı əlaqə) və konseptual strukturun həm
özünəməxsus şəkildə qruplaşması, həm
də qarşılıqlı əlaqələri
özünü bariz şəkildə nümayiş etdirir.
Şeirlərinin vizual strukturuda, görkəmi də fərqlidir.
Mətnlərinin qrafik təsviri Ə.Salahzadənin
yaradıcılıq kredosu üçün təyinedici əlamətdir.
İşlətdiyi söz, söz birləşməsi və
anlayışlar birmənalı qavrayışa malik olmamaqla,
çoxsaylı interpretasiyalarla zəngindir. Buna görə də
onlardan hər biri fərqli subyektiv, izah, estetik hiss və
duyğular ortaya çıxarır. Mətnlərindəki
qeyri-adi obrazlı-emosional rəngarənglik onların forma və
məzmun tərəfinin də subyektiv dəyər
daşımasına şərait yaradır. Dediklərimizin təsdiqinə
"Afrika, Afrika..." şeirinin forma və məzmun
kontekstində baxaq:
Daşıyıblar hər şeyi
quyunu dərin qazıb!
Qanı,
təri,
qabarı -
qızıl-qızıl...
daşıyıblar hər şeyi,
gözəl üçün ədanı,
dərdli üçün siqarı,
muzey üçün şöhrəti,
ölkə üçün vüqarı...
...Daşıyıblar hər şeyi,
uran axtarışında
ekvatora çatıblar.
Daşıyıblar hər şeyi,
burda kin, qəzəb qalıb,
burda min əzab qalıb,
saysız suallar qalıb,
zaman-zaman
daşınıbdır cavablar!
Ələkbərdə gerçəklik modeli verbal
(sözlü, şifahi) formada onun mətn komponentlərini daim
verbal olaraq reprezentasiya (birinin digərində təsvirini)
ortaya qoyur. Odur ki, onun şeirlərinin dil mənzərəsi
çoxsaylı işarələrin marginal (ikili, mərkəzi
məna kəsb etməyən) və linqvistik elementlərin
özünəməxsusluğu ilə zəngindir. Ələkbərin
mətnlərində məna resipiyentin (qəbul edənin, mənimsəyənin)
özünün fərdi rolunu artırır. Onun mətnlərinin
dil vasitələrini dərk etmək heç də hələ
mətnin mənasını başa düşmək anlamına
gəlmir. Yəni burada mətnin səthində dayanmış
mənaların dərkinin konseptual motivasiyasının mənası
dərk anlamından fərqli olur. Onun mətnləri vizual
baxımdan interpetasiya olunsa da, söz və ifadələrin
semantik məkanı nöqteyi-nəzərindən olduqca
geniş və dərindir. Odur ki, burada şairin daxili mətnaltı
fikirlərinin dəyərləndirilməsi onun psixoloji-poetik fəaliyyətinin
xüsusi forması olsa da, heç də şəxsin məntiqi
təfəkkür bacarığı ilə korrelyasiya (hadisə
və obyektlər arasındakı qarşılıqlı əlaqə)
anlamına gəlmir. Ələkbərin poetik mətnlərində
adi ana dilimiz üçün səciyyəvi olan qayda pozulduqca
resipiyentin (hər hansı məlumatı qəbul edənin)
mövqeyi mətndəki konseptual və assosiativ əlaqələr
qurduqda mətni asan başa düşmək üçün
şərait yaratmır. Ələkbərin poetik mətnləri
onların keyfiyyətindən asılı olmadan poeziyası,
belə demək mümkünsə, mühüm tikinti
materialı olaraq xidmət edir. Şairin "Düz
nağılı" qeyd etdiklərimiz üçün səciyyəvi
imkanlar ortaya qoyur:
Düzdü,
bura dağ deyil, düzdü,
dörd yana yayılıb gedən düz.
Yerdən baxsan yerdən.
göydən baxsan göydən düz!
Yolları düzdü deyə
cığırları da düzdü.
Çox dərinə getməyəsən
çuxurları da düzdü.
Küçələri tər-təmizdi,
sərvlərisə rəmzdi!
Hətta söyüdləri də
özünə görə düzdü.
Doğru yazanlarının
sözünə görə düzdü!
Kəsə əsir yelləri,
bıçaqları düz kəsir.
Yollarında kəsir yox,
adamları şax gəzir;
birdən sınaram, deyib
bircəsi də əyilmir:
Odu-budu, bir kəsə
Burda əyri deyilmir!
Ə.Salahzadənin şeirlərində mətn o qədər
intensiv və qeyri-adi ifadələrlə omonimiklik, sinonimiklik,
omofonluq, omoqraflıq təşkil edir ki, oxucu növbəti
ifadələrdən hansının gələcəyinin
intizarında olur. Və həmin ifadələrin içindən
şairin düzlük, təmizlik, vicdanlılıq və mətinlik
xüsusiyyətlərinin rəngarəng tərəfləri
görünür. Buna görə də ədəbiyyatşünaslar
Ələkbərin mətn
yaradıcılığındakı yenilikçi
yanaşmaları, mövzu və motivləri, Azərbaycan mədəni-sosial
və ictimai-mənəvi məkanının onun
yaradıcılığına etdiyi təsirləri, yaxud
yaradıcılıq fərdiyyətinin alt qatını təhlil
etməli, bunların öz növbəsində müasir ədəbi
prosesə necə təsir etdiyini, yaxud tənqidin
imkanlarını genişləndirdiyini və dərinləşdirdiyini
öyrənməlidir. Sadalananların mahiyyəti üzrə
nəzərdən keçirilməsi isə şairin fərdi
yaradıcılığının çoxcəhətliliyinə
hörmət və sayğı ilə yanaşmanı təmin
edə bilər. Ələkbərin poetik mətnlərində
hipermətn (yəni digər mənbə və sənədlərə
keçid) nümunələri yer alır: əslində o xətti,
qeyri-xətti, ənənəvi üslub və formanı pozub,
poetik forma ilə eksperimentlər həyata keçirməyi
xoşlayan, ənənəvi üslub tərzindən kənarlaşıb,
qeyri-xətti süjeti qabartmağa çalışan,
fraqmentar səhnələri göz önünə gətirib
"düz" ifadəsini çeşidli variasiyalarda
(düzdü, dağ deyil düzdü, yayılıb gedən
düz, yerdən düz, göydən düz, yolları düz,
çığırları düz, çuxurları düz,
söyüdləri düz, bıçaqları düz kəsir
və i.a və s. eyni zamanda "düz" ifadəsi isim, sifət
və feil rolunda da uğurla işlədilir. Şairin
yaradıcılığında belə yanaşma, yaxud
üsluba önəm verməsi onun tərəfindən
gözlənilməyən unikal əsərlərin ortaya
çıxmasına geniş şərait yaradır. Nitqində
poetik mətn həm çeşidli, həm də əyləncəli
təsir bağışlayır.
Belə yanaşmanı biz şairin "Vaxt vadisi"
poetik məcmuəsində təqdim etdiyi
"Böyüklük" şeirində də görə
bilirik:
Böyüklük
dünyanı görə bilməkdi:
yerini bilmək,
yolunu bilməkdi.
Dünyanı uzaqlardan, dərinlərdən,
gələcəkdən - gedəcəkdən
görməkdi.
Gedən yazı bir hənirdən,
ölən qışı bir ləçəkdən
görməkdi.
...Bir də gələcəkdən
o körpəni,
o uşağı görməkdi;
bu dünyanın bir fərli işini,
bir yaxşı sözünü ötürməkdi!
Ələkbər poetik düşüncəsində
sanki gələcək nəsillər üçün
yazdığından lakoni frazalara, ifadələrə meydan
verməklə daha az, lakin hədəfə tuşlanan sözlərdən
istifadə edib. O, bu tipli nümunələrdə sanki öz
yaradıcılığının mahiyyətinin
çatdırılmasında maraqlı olub. İstedadlı və
orijinal şairin ustalığı gördüyümüz
kimi, "Böyüklüy"ün tutumu haqqında
çeşidli anlam və mahiyyət bazası yaradır.
Ə.Salahzadənin də poetik sənətkarlığı məhz
bundadır.
Nizami MƏMMƏDOV-TAĞISOY
Professor
525-ci qəzet .- 2025.- 12 iyun(№ 100).- S.13.