Vətənin
yaddaşını yaradan vətəndaş
Hərdən fikirləşirəm ki, mən Bəxtiyar
Vahabzadəni niyə belə sevirəm? Milli düşüncənin,
ictimai vicdanın, vətəndaş mövqeyinin qüdrətinə
görəmi? Dövrünün mənəvi tribunası,
xalqın duyğularının və düşüncələrinin
sözə çevrilmiş möhtəşəm abidəsi
olduğuna görəmi? Bəlkə insanın daxili
dünyasına, onun mənəvi axtarışlarına
işıq salan bədii bir xəzinə yaratdığına
görə? Ən sərt ideoloji məhdudiyyətlərin mövcud
olduğu illərdə xalqın dərdini, dilini, kimliyini
qoruyub saxlamaq uğrunda apardığı mübarizəyə,
"Gülüstan", "Latın dili", "Vətən",
"Ana dili" kimi əsərlər yazdığına
görəmi? Bəlkə bütün ömrünü Azərbaycan
dilinə, ədəbiyyatına həsr etdiyinə,
yaradıcılığının kökündə
azadlıq, vətən sevgisi, haqsızlığa
qarşı etiraz və milli birlik ideyaları
dayandığına görə? Ədəbiyyat tariximizə
milli dəyərləri ən çox tərənnüm edən,
xalqın ruhunu, dilini, tarixini və azadlıq ideallarını
poeziyasında yaşadan böyük sənətkar kimi
düşmüş Səməd Vurğun
yaradıcılığını geniş tədqiq etdiyinə,
həm namizədlik, həm də doktorluq
dissertasiyalarını bu nəhəng dühaya həsr etdiyinə
görəmi? Ən çıxılmaz anlarda xalqın xilas
yolunu düzgün müəyyənləşdirməyi
bacardığına, 1993-cü ildə ölkədəki siyasi
qeyri-sabitlik və Qarabağ münaqişəsinin gərginliyi
fonunda Azərbaycan parlamentində Heydər Əliyevi təcrübəli
və güclü lider kimi ölkəni bu çətinliklərdən
çıxara biləcək yeganə şəxsiyyət kimi
dəyərləndirdiyinə görəmi? Türkiyənin
sabiq prezidenti Süleyman Dəmirəlin onun
yaradıcılığını təkcə Azərbaycan ədəbiyyatının
deyil, bütün türk dünyasının ortaq sərvəti
kimi səciyyələndirdiyinə görəmi? Türk və
bütün müsəlman dünyasının şəksiz və
şəriksiz lideri Prezident Rəcəb Tayyib
Ərdoğanın onun şeirlərindən tez-tez sitatlar gətirdiyinə,
2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər
Paradında dediyi:
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?, -
misralarına görəmi?
Yox, əlbəttə, yox! Ayrı-ayrılıqda bu
keyfiyyətlərin hər biri hər hansı bir şəxsiyyəti
tarixiləşdirmək üçün kifayət etsə də,
bunların hamısının, hətta sadalaya bilmədiyim
onlarla digər xüsusiyyətlərin cəmləşdiyi Bəxtiyar
Vahabzadəni sevməmək, onu lazımi qədər dəyərləndirməmək
mümkün deyil. Mənə bu işdə həm də onu
yaxından tanımağım, bir müddət davam edən səmimi
münasibətlərimiz çox kömək etmişdir.
Əlbəttə, mən də 60-cı illərin digər
gəncləri kimi, Bəxtiyar Vahabzadəni milli məfkurəmizin
memarlarından biri olaraq tələbəlik illərindən
tanıyırdım. 1958-ci ildə Şəki rayonunun
"İpəkçi" qəzetində çap olunmuş
"Gülüstan" poeması 60-cı illərdə,
xüsusən də onun müəllifi universitetdəki pedaqoji
fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra tələbələr
arasında çox məşhurlaşmışdı.
Poemanın əlyazması uşaqlar arasında surətlə
yayılırdı və mən də bu poemanın
mövzusu, müəllifi ilə çox
maraqlanmışdım. Sonralar BDU-da müəllimlik fəaliyyətinə
başlayanda məni ən çox qürurlandıran amillərdən
biri də bu idi ki, Bəxtiyar Vahabzadə kimi böyük
şəxsiyyətlərin çalışdığı
bir ali məktəbdə işləyəcəyəm...
Filologiya fakültəsi də daxil olmaqla humanitar
fakültələr İstiqlaliyyət küçəsində,
indiki UNEC-in binasında yerləşdiyi üçün
oradakı müəllimlərlə əlaqəmiz zəif idi
deyə, mən onunla şəxsən tanış ola bilməmişdim.
Əslində buna heç özümü hazır da hesab
etmirdim, o bütün xalqın tanıdığı və pərəstiş
etdiyi böyük bir şəxsiyyət, mən isə adi
riyaziyyat müəllimi idim. İlk dəfə tanış
olduğumuz 1986-cı ildə də aramızda xeyli "məsafə"
mövcud idi, mənim 40, onun 61 yaşı var idi, o,
şöhrətinə bir az da əlavə edə bilmişdi,
Dövlət mükafatı da almışdı, ancaq mənim
həyatımda elə də ciddi dəyişikliklər yox
idi. Görüşməyimiz və
tanış olmağımız təsadüfi bir hadisə ilə
bağlı oldu.
1986-cı ildə BDU-nun Qəbul komissiyasının Məsul
katibi vəzifəsində işləyirdim. Qəbul
komissiyası bir növ indiki Dövlət İmtahan Mərkəzinin
funksiyalarını yerinə yetirir, universitetə qəbul
prosesini təşkil edirdi. Ancaq fərq burasında idi ki, biz
ölkənin müvafiq qurumları ilə bərabər, mərkəzi
hökumətə, yəni SSRİ Ali və Orta İxtisas Təhsili
Nazirliyinə də tabe idik və onların göstərişlərini
müzakirəsiz icra edirdik. O dövrdə qayda belə idi ki,
qəbul imtahanlarının keçirilməsinə
üç-dörd ay qalmış Moskvadan - SSRİ Ali və
Orta İxtisas Təhsili nazirliyindən imtahanların təşkili
və keçirilməsi ilə bağlı qaydalar məcmuəsi,
təlimat məktubu göndərilərdi. Bu təlimatda sənədlərin
qəbulundan imtahanların təşkilinə, müsabiqənin
aparılmasına qədər bütün proseslərin necə
keçirilməsi haqqında göstərişlər
olardı. Yaxşı xatırlayıram ki, orada bəzi
abituriyentlərə nəzərdə tutulan güzəştlər,
hərbi xidməti başa vurub qayıdan gənclərə
verilən üstünlüklər, orta məktəbi medalla
bitirən uşaqların hansı fəndən imtahan verməsi
və digər onlarla bu kimi hallar barədə geniş izahat
verilərdi. Doğrusunu desək, təlimat hər il göndərilsə
də, əslində ötən illərdəki ilə eyni
olardı, demək olar ki, heç bir əsaslı dəyişiklik
edilməzdi.
Ancaq 1986-cı ildə həmin təlimata yeni bir bənd
əlavə edilmişdi - Azərbaycan bölməsinə sənəd
verən bütün abituriyentlər ixtisasından
asılı olmayaraq verdikləri əsas imtahanlarla (bunların
sayı, adətən, dörd olurdu) yanaşı rus dilindən
yazılı (imla) imtahan da verməli idilər. Bu, doğrudan
da absurd bir qərar idi. Əvvəla, imtahanlara cəmi
üç-dörd ay qalırdı, rus dili fənnindən
heç bir hazırlıq mərhələsi keçməyən
abituriyentlər üçün bu imtahanı vermək
çox çətin olacaqdı. Digər tərəfdən,
rayon məktəblərində rus dili bir qədər zəif
tədris edilirdi, bu fakt heç kəsə sirr deyildi. Deməli,
riyaziyyatçı, yaxud həkim olmaq istəyən ən
istedadlı kənd uşağı rus dilindən kəsilib
geri dönə bilərdi. Məni Məsul katib kimi ən
çox düşündürən məsələ isə həmin
imtahanların təşkili idi, qısa müddətdə bu qədər
abituriyent üçün yazı vərəqlərinin
çap edilməsindən "bu imlanı kim diktə edəcəkdi?",
"kim yoxlayacaqdı?" kimi texniki məsələləri
götür-qoy edirdim.
Çünki Moskvadan gələn təlimatlar bizim
üçün konstitusiya kimi birmənalı qanun idi, onu dəyişmək,
milli təəssübkeşlik baxımından "rus dilindən
imtahan vermək bizim nəyimizə lazımdır?" deyərək
etiraz etmək heç ağlımıza da gəlməzdi -
dövrün tələbləri belə diktə edirdi.
Demə, bizim hələ yaxşı
tanımadığımız, sözdə yox, əməldə
vətənpərvər olan qeyrətli, necə deyərlər,
papaq altda oğullarımız var imiş. Bu təlimat bizim o
vaxtkı Ali və Orta İxtisas Təhsili Nazirliyinə
göndərilmiş, oradan da dilimizə tərcümə
edilib ali məktəblərə paylanmışdı.
Hansı vasitə ilə isə (indiki texniki imkanlar - sosial
şəbəkələr, votsap, kseroks və s. o zaman yox idi)
bu xəbər (rus dilindən imtahanın məcburi olması)
bütün ölkəyə yayılmışdı. Həmin
günlərdə Şüvəlan qəsəbəsində
Yazıçıların yaradıcılıq evində
ölkə başçısı Kamran Bağırovla
şair və yazıçıların görüşü
keçirilirmiş. Təbii ki, rus dilində keçirilən
həmin görüşdə Kamran Bağırov yenidənqurmanın
yazıçılar qarşısında qoyduğu vəzifələr
haqqında bir saatlıq məruzə etdikdən sonra
soruşub ki, kimin nə dərdi, sualı var, imkan daxilində
kömək edəcəyik. Bəxtiyar Vahabzadə əlini
qaldırıb, ona məxsus pafos və məntiqlə
odlu-alovlu bir çıxış edib ki, bu nə
biabırçılıqdır, mənim xalqımın
övladı niyə rus dilindən məcburi imtahan verməlidir?
Nəsirəddin Tusi, Füzuli, Nəsimi rus dilini bilməyib
alim, şair olmayıb? Mənim kənddə oxuyan balalarım
rus dilini heç keçmirlər, yaxşı da eləyirlər
keçmirlər, ona doğma dili lazımdır, rus dili yox,
deməli, bu uşaq gəlib ali təhsil ala bilməyəcək?
Eynşteyn rus dilini bilməyib, Nobel mükafatı almayıb?
Bu uşaq da öz dilində fizikanı öyrənib fizik
olmaq istəyir, rus dilini zorla niyə
sırıyırsınız mənim xalqıma? Birdəfəlik
universitetləri bağlayın, rus dilində eləyin, biz də
bilək ki, dilimizdə ali təhsil almaq qadağandır... və
s.
Kamran Bağırov öyrəşdiyi - ev almaq, əmək
haqqını qaldırmaq, şəxsi problemlər kimi sosial məsələlərin
həlli ilə bağlı müraciətlərin əvəzinə
belə ritorik sualları olan çıxışı
eşidəndə çaş-baş qalıb və iclası
yarımçıq saxlayıb otaqdan çıxıb. Səhəri
günü rektor Faiq Bağırzadə işə gələndə
partkom (Partiya Komitəsinin katibi) Qurban Bayramovu, prorektor Teymur Vəliyevi
və məni (Məsul katib kimi) təcili otağına
çağırtdırdı: "Bilirsiniz, nə
biabırçılıq olub? Dünən o Bəxtiyar yenə
cızığından çıxıb, şairliyi tutub,
Kamran Mamedoviçə (qardaşına belə deyirdi)
ağzından çıxanı deyib ki, niyə rus dilindən
qəbul imtahanı salmısınız? Guya bunu o eləyib, ya
mən eləmişəm?! Niçeqo ne ponimayet (yəni
heç nə başa düşmür). Nə isə, bizi Mərkəzi
Komitəyə çağırıblar, saat 11-də orada
olmalıyıq, gedin hazırlaşın. Görək
başımıza nə oyun açacaqlar?"
Saat on birin yarısında universitetin
qarşısında idik. O vaxtlar əsas korpusun önündən
keçən Patris Lumumba (indiki Zahid Xəlilov) küçəsi
maşın yolu idi, Faiq Bağırzadənin qara rəngli,
Qurban müəllimin isə ağ rəngli QAZ-24 markalı
xidməti maşınları dayanıb bizi gözləyirdi.
...Faiq müəllim aşağı düşəndən
sonra Teymur Vəliyevi öz maşınına mindirdi, mən də
Qurban Bayramovun xidməti avtomobilinə əyləşib indiki
Nazirlər Kabinetinin binasında yerləşən Mərkəzi
Komitəyə yola düşdük. Faiq müəllimgil bizdən
bir az əvvəl çatıb binaya daxil olmuşdular, biz
çatanda gördük ki, qabağımızdakı
maşından Bəxtiyar Vahabzadə düşdü və
surətlə binaya tərəf getdi. "Partkomumuz" onu
görüb mənə göz vurdu, "buna bax, gör necə
qaçdı, yəqin məni görüb qorxusundan belə
elədi", - dedi. Biz də onun arxasınca binaya daxil olduq. Həmin
binanın liftləri çox kiçik - ikinəfərlik və
"astagəl" olduğuna görə Faiq müəllimgili
yuxarı aparan lift hələ qayıtmamışdı, Bəxtiyar
Vahabzadə onun qarşısında dayanıb gözləyirdi.
İri cüssəli Qurban müəllim arıq və nə
üçünsə büzüşmüş şairə
yaxınlaşıb bayaq dediyi sözlərin havası ilə
hücuma keçmək istədi:
- Ay Bəxtiyar müəllim, o nə sözlərdir
dünən demisən? Sənin nəyinə lazımdır
kim imtahan verir, nədən verir, niyə verir, adamın var, gəl
de, kömək eləyək də...
Cılız bədənli, bayaqdan
büzüşmüş şairə elə bil haradansa sehrli
qüvvə gəldi, bir anın içində
nağıllarda ağzından od püskürən əjdahalara
döndü. Səsinin tonu, sözləri elə idi ki, bayaqdan
"gur-gur guruldayan" Qurban müəllim özünü əməlli-başlı
itirdi. Bu zaman qarşılarında lift dayandı və
qapıları açıldı. Qurban müəllim tez
özünü liftə salıb canını qurtarmaq istədi.
Ancaq Bəxtiyar müəllim də, mən də onunla birlikdə
balaca kabinəyə daxil olduq. Yuxarı qalxana kimi şairin
gurultulu səsi və ittihamları davam edirdi:
- Vicdanınız yoxdur sizin, milli qeyrətiniz yoxdur,
rus desə ki, o biri imtahanları da rus dilində keçirin, ləbbeyk
deyəcəksiniz. Puldan başqa heç nə bilmirsiniz. Buna
bax, mənə deyir, adamın var, de, keçirdim. Bunun mənə
nəsihət verməyinə bax... Məndən soruşur ki,
niyə belə demisən, niyə elə demisən. Mən
danışanda gəlib səndən icazə almalıyam?
Adamda milli qeyrət olmalıdır... və s.
Bu qışqırıqlarla lift yuxarıya qədər
getdi, yuxarıda da Bəxtiyar müəllimin səsi
bütün binanı başına götürdü. Səs-küyə
dəhlizə çıxanlar şairin səsindən,
hökmündən vəziyyətin mürəkkəbliyini
görüb hərə öz kabinetinə getdi. Bu məsələ
ilə bağlı Mərkəzi Komitənin (indiki Prezident
Administrasiyası) Birinci katibi də olmaqla bütün rəhbərliyinin
iştirak etdiyi iclas başladı və həmin iclasda da Bəxtiyar
Vahabzadə heç kəsə danışmağa aman vermədi.
Əslində, dövr çox mürəkkəb idi,
şairi oradaca dövlət məmurlarını təhqir etmək
adı ilə həbs edib apara bilərdilər, üzünə
duranlar, şahidlik edənlər də, şübhəsiz
tapılardı. Münasibətlərimiz istiləşəndən
sonra özü də vaxtilə belə vəziyyəti
yaşamış bir insan kimi hər şeyi gözlədiyini
etiraf etdi, ancaq həmin anlarda gözünə heç nə
görünmürdü, milli qeyrət, vətəndaşlıq
mövqeyi, dildə yox, əməldə xalqın, dilin təəssübkeşi
olmaq ona qeyri-adi cəsarət vermişdi.
Vəziyyəti belə görən Birinci katib Kamran
Bağırov təcili Moskvaya, bu sahəni kurasiya edən Heydər
Əliyevə məlumat verir. Ulu öndər də SSRİ Ali
və Orta İxtisas Təhsili nazirinə zəng edib xalqın
o məsələyə ciddi etiraz etdiyini bildirib və
tapşırıb ki, o təlimata yenidən baxın və dəyişdirin.
Nazir də söz verib ki, növbəti Kollegiya iclasında bu
məsələni müzakirə edib müsbət qərar qəbul
edərik.
Bir neçə gündən sonra Moskvadan rus dili
imtahanının ləğv edilməsi ilə bağlı
yeni təlimat məktubu gəldi. Bəxtiyar Vahabzadənin cəsarəti,
"qəhrəmanlığı" sayəsində bu
imtahanı təkcə bizim ölkəmizdə yox,
bütün müttəfiq respublikalarda ləğv etmişdilər.
Latviyada, Estoniyada, Gürcüstanda, Tacikistanda və digər
ölkələrdə çoxu bilməmişdi ki,
SSRİ-nin ən nüfuzlu nazirlərindən biri nə
üçün imzaladığı əmri 15-20 gün sonra
geri oxumuşdu, bunun səbəbkarı kimdir?
Mənim də canım yeni blanklar çap etdirməkdən
və imtahanları təşkil etməkdən qurtardı...
1989-cu ildə siyasi vəziyyət bir az da mürəkkəbləşəndə
Bəxtiyar Vahabzadə ilə daha yaxından ünsiyyətdə
ola bildim. Vəziyyət haqda bir qədər ətraflı
yazım ki, gənclər yaşadığımız illəri
yaxşı təsəvvür edə bilsinlər. Biz hələ
müstəqilliyimizi əldə etməmişdik, bu möhtəşəm
hadisəyə iki il qalırdı, Moskva bütün
aparıcı nöqtələrdə "öz
adamını" - milliyyətcə rus olan bir nəfər əyləşdirmişdi.
Doğrudur, 20-ci, 30-cu illər deyildi, nazirlər, İdarə
rəisləri milli kadrlar idi, ancaq müavinlər mütləq
rus olmalı, lazım bildikləri məlumatları
"yuxarıya" çatdırmalı idilər. Həmin
dövrdə nazir Rafiq Feyzullayevin birinci müavini Mirabbas
Qasımovdan savayı, 3 müavini var idi - Əlimirzə
Əhmədov, Mahirə Fərəcova və milliyyətcə
rus olan Krotkov Yuri İvanoviç. Mənim Ali Təhsil
şöbəsinin (bir az sonra Ali Təhsil İdarəsinin)
müdiri vəzifəsində də bir nəzarətçim
var idi - müavinim Muxin Anatoli Pavloviç.
Adını beynəlmiləlçilik qoyub bizi aldatmaq
istəyirdilər, ancaq hamıya hər şey aydın idi. Təəssüf
ki, əlimizdən heç nə gəlmirdi, onu nə dəyişə,
nə də başqa vəzifəyə keçirə bilirdik.
İşi də elə qurmuşdular ki, istər bizim
şöbədən olsun, istərsə də nazirlikdən,
müavinlərin imzası olmadan bir sənəd də xaricə
çıxa bilməzdi. Deməli, müavin olsalar da, əslində
biz onlardan asılı vəziyyətdə idik. Bircə təsəllimiz
bu idi ki, əyləşdiyimiz Hökumət evinin önündə
- Azadlıq meydanında çox mühüm hadisələr cərəyan
edirdi, böyük ümidlər yaradan mitinqlər, müxtəlif
toplanışlar baş tutur, çox ciddi bəyanatlar
eşidilirdi. İnanmaq çətin olsa da, milli mənafelərlə
bağlı səslənən şüarlar, bizim kabinetlərə
qədər gəlib çıxan söz-söhbətlər,
şayiələr, ümumiyyətlə gedən proseslər
belə bir təəssürat yaradırdı ki, yaxınlarda
bu müavinlərdən canımız qurtaracaq, respublikamız
milli və müstəqil dövlət olacaq.
Buna inanmaq ona görə çətin idi ki, nazirliyin
bütün sənədləri, yazışmaları, nazirin,
onun müavinlərinin, rektorların, hətta orta məktəb
direktorlarının yazdıqları dərkənarlar rus dilində
olurdu. Bunların hamısı birdən necə dəyişə
bilərdi?
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki,
1990-cı ilin yanvarında baş verən hadisələrdən
sonra bu proses daha da gücləndi,
Azadlıq meydanından Leninin, dağüstü parkdan (indiki
Şəhidlər xiyabanından) Kirovun heykəllərinin götürülməsi,
əhalinin kütləvi şəkildə Kommunist partiyası
biletindən imtina etməsi və bu biletlərin
nümayişkaranə şəkildə yandırılması
milli hisslərin bir qədər də alovlanmasına rəvac
verdi.
Yaxşı xatırlayıram, həmin dövrdə
idarə və müəssisələrin kargüzarlıq sənədlərinin
Azərbaycan dilinə keçidini təmin etmək məqsədilə
bir Dövlət Komissiyası yaradılmışdı.
Komissiyanın sədri Xalq şairi Bəxtiyar Vahabzadə,
müavini isə şair Qasım Qasımzadə idi. Onlar
bütün nazirlikləri, digər dövlət
qurumlarını gəzir, sənədləşmənin milli
dildə aparılmasının vəziyyətini yoxlayır, bu
prosesin sürətlənməsini inadla tələb edirdilər.
Dərd burasında idi ki, hələ çar
dövründən, yəni Azərbaycan Rusiyaya ilhaq edildiyi
tarixdən ölkəmizin idarə və müəssisələrində
bütün rəsmi sənədlər, kargüzarlıq
işləri rus dilində tərtib edilirdi. Bura adi
arayışdan ən yüksək dövlət qurumlarında
yazılan sənədlərə kimi hər şey daxil idi.
1918-ci ildə Xalq Cümhuriyyəti qurulduqdan sonra sənədləşmənin
doğma dildə aparılması ilə bağlı qərar
qəbul edilsə də, 23 aylıq müddətdə mütəxəssislərin
yoxluğundan milli əlifba ilə şriftləri olmayan nəşriyyatlarda doğma dildə
blankların çap edilməsinə kimi yüzlərlə
problemin mövcudluğu buna imkan verməmişdi. Sonra isə
məlum hadisələr baş vermiş, yenidən
"böyük qardaşların" hakimiyyəti ələ
alması həmin arzunu ürəklərdə qoymuşdu. Nəticə
isə bu idi ki, rus dilində kargüzarlıq sənədlərinin
ən azı 150 illik kökləri olduğu halda, bunun Azərbaycan
dilində heç rüşeymləri də yox idi. Əlbəttə, 1989-cu ildə vəziyyət
başqa idi, Azərbaycan dilində heç bir sənəd
olmasa da, milli və qeyrətli kadrlarımız var idi...
...Əsas nazirliklərdən biri olduğuna görə
rəhmətlik Bəxtiyar müəllim tez-tez bizim təşkilata
gəlir, nazirlə görüşür, özü bu prosesin
necə getdiyini şəxsən yoxlayırdı. O dövrdə
təbii ki, bütün şöbələrdə sənədləşmə,
yazışmalar rus dilində
aparılırdı, vəziyyətdən çıxmaq
üçün nazir Rafiq Feyzullayev Bəxtiyar müəllimi
mənim yanıma göndərirdi. Mən o zamanlar Ali məktəblər
İdarəsinin rəisi işlədiyimə görə ali məktəblərin
potensial imkanlarından və kadrlarından istifadə edərək
xeyli sənədi Azərbaycan dilinə tərcümə
etdirmiş, milli dildə yenilərini
hazırlatdırmışdım. Kağızın
tapılmadığı, nəşriyyatların çox məhdud
sayda və imkanda olduğu bir zamanda böyük çətinliklərlə
məktubları, blankları, digər xeyli sənədi Azərbaycan
dilinə tərcümə etdirib, dəfələrlə
yoxladıqdan sonra çap etdirmişdim. Doğrusunu deyim ki, Bəxtiyar
müəllimin rəhbərlik etdiyi o komissiyanın da xofu var
idi, ancaq özümüz də bir vətəndaş olaraq sənədlərin
milli dildə olmasında çox maraqlı idik. Təsəvvür
edin ki, ali məktəblərdə jurnallardan
başlamış kafedralarda tədris yükü, metodik təlimatlara,
dekanlıqlarda verilən arayışlara, tələbələrin şəxsi
işlərinə, diplomlara kimi bütün sənədlər
rus dilində idi. Bizim şöbədə də vətəndaşların
qeydiyyatından təlimat məktublarına kimi yüzlərlə
sənəd rus dilində idi. Bu qədər sənədi,
blankı, jurnalı, məktubu Azərbaycan dilinə tərcümə
etmək üçün əməkdaşlarla birgə bəzən
gecə yarısına kimi işdə qalmalı olurduq...
Bəxtiyar müəllim hiss ediləcək qədər
qürurla bu sənədləri diqqətlə oxuyur, işin
belə sürətlə getdiyini görüb çox sevinir,
mənə səmimi razılığını bildirirdi.
Ancaq tez-tez də deyirdi ki, nə məsələdirsə, gələn
kimi bu nazir bizi Sizin şöbəyə göndərir, məgər
başqa şöbə yoxdur? Nə qədər dərin təfəkkürlü
şəxsiyyət, geniş düşüncəli şair
olsa da, həm də çox saf və dürüst insan
olduğuna görə nazirin onu aldatdığını, digər
şöbələrdə bu məsələ ilə
bağlı heç bir işin getmədiyinə görə
onu daim bizim idarəyə yönəltdiyinin səbəbini
hiss etmirdi. Ancaq müntəzəm görüşlərimiz bu
fövqəladə keyfiyyətlərə malik böyük
insanı daha yaxından tanımağımla və onu bir qədər
də çox sevməyimlə nəticələndi...
...Etiraf etmək lazımdır ki, 90-cı illərin
sonlarına doğru ölkədə siyasi durum mürəkkəb
olaraq qalırdı. Bu gün vəziyyət xeyli
aydınlaşmış, o illərlə müqayisə edəndə
tərəddüdlər, ikibaşlı oyunlar, məkrli niyyətlər
xeyli azalmışdır. Zaman öz işini
görmüş, bir çox həqiqətlər üzə
çıxmış, kimin kim olduğu bilinmiş, necə
deyərlər, "maskalar açılmışdır".
Bu gün biz "5-ci Kolon" sözünü cəsarətlə
deyib bu adın altında gizlənənləri ifşa edə
bilirik. Ancaq 90-cı illərdə Rusiyanın agenti olub
içəridən bizi "yeyən" "5-ci Kolon"
nümayəndələrinə güldən ağır
söz demək mümkün deyildi, onlar da "bəlkə də
qaytardılar" ümidi ilə ruslaşdırma siyasətini
həm eninə, həm də uzununa davam etdirirdilər. Bu, bir
həqiqətdir, niyə gizlədək?! İndi
özünü qəhrəman, "millət fədaisi"
kimi qələmə vermək üçün
maskasını dəyişib "Avropa", yaxud
"Türk" qılafına girənlərdən fərqli
olaraq o çətin illərdə də Rusiyanın
"assimilyasiya siyasətinə" qarşı həqiqi
mübarizə aparan oğullar var idi. Bunlardan biri də Bəxtiyar
Vahabzadə idi ...
Buna görə də nazir təyin edildiyim ilk günlərdə
- 1998-ci il aprelin əvvəllərində Bəxtiyar Vahabzadə
ilə görüşmək, onunla milli məsələ ilə
bağlı məsləhətləşmək qərarına
gəldim. Hesab edirdim ki, Bəxtiyar müəllim milli
konsepsiyamızın ən qüdrətli nümayəndələrindən
biridir və onun məsləhətləri mənə nazirlik fəaliyyətimdə
çox kömək edə bilər. Həqiqətən belə
də oldu. Bəxtiyar müəllimlə iki saata yaxın
söhbət etdik, qərara aldıq ki, nazirliyin
kollegiyasının genişləndirilmiş iclasını
onun iştirakı ilə mayın əvvəllərində
BDU-da keçirək və əsas məruzəçi də
elə o olsun. Görüş zamanı şair mənə məsləhət
bildi ki, XIX əsrin ortalarında yaşamış
tanınmış rus pedaqoqu Dmitri Uşinskinin məşhur
"Ana dili" məqaləsinin tərcüməsini "Azərbaycan
müəllimi" qəzetində çap etdirək. XIX əsrdə
Rusiyada fransız və alman dillərinin rus dilini
sıxışdırdığı bir zamanda Uşinski bu məqalədə
xalq ruhunu mənimsəmək üçün ana dilinin
böyük əhəmiyyəti olduğunu göstərmiş
və dil məsələsinə xüsusi diqqət
yetirmişdi: "Bir millətin, xalqın varını,
dövlətini əlindən alsan, o millət ölməz,
yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət
məhv olar, ondan əsər-əlamət qalmaz". Bu fikirlər
Bəxtiyar müəllimin ruhuna, o illərin milli siyasətinə
çox yaxın olduğuna görə həmin məqalənin çap edilməsi cəmiyyət tərəfindən
böyük maraqla qarşılanmışdı.
Onu da yaxşı xatırlayıram ki, 1998-ci il
mayın 1-də Bakı Dövlət Universitetində Təhsil
Sahəsində İslahatlar üzrə Dövlət
Komissiyası üzvlərinin iştirakı ilə nazirliyin
genişləndirilmiş kollegiya iclasını keçirdik.
İclasda təhsil sahəsində islahatların strateji istiqamətləri
kimi iki əsas məsələ - müəllim nüfuzunun bərpası
və təhsilin milliləşdirilməsi geniş müzakirə
edildi. Burada əsas məsələ olan təhsilin milliləşdirilməsi
ilə bağlı mən bir neçə dəqiqə
çıxış edərək dedim ki, bu gün müstəqil
dövlətdə yaşasaq da, təhsilimizin vəziyyəti
Rusiyanın vilayətlərində olduğu kimidir - hələ
də Kiril qrafikalı əlifba ilə yazırıq, dərsliklərimizin
əksəriyyəti sovet dönəmindən qalmadır, rus
dili 1-ci sinifdən 11-ci sinfə kimi məcburi fənn kimi tədris
edilir, mərkəzi şəhərlərdə - Bakıda, Gəncədə,
Sumqayıtda və bəzi digər regionlarda təlim rus dilində
olan məktəblərin sayı Azərbaycan məktəblərinin
sayına ya bərabərdir, ya da rus bölmələri
artıqdır. Bundan sonra xalqımızın böyük vətənpərvər
şairi Bəxtiyar Vahabzadə ölkəmizdə ana dilindən
istifadənin vəziyyətilə bağlı
danışdı və ümumtəhsil müəssisələrində
Azərbaycan dilinin tədrisinə dair dəyərli təkliflərini
verdi. Çıxışının sonunda isə indiyə qədər
unutmadığım şeirindən bir parçanı oxudu:
Siz ey doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Ruhunuzu oxşamır qoşmalar,
telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim
olsun.
Bu çıxışlar, həmin kiçik şeir
parçası və şairin odlu-alovlu, həm də ürək
yanğısı ilə dediyi sözlər iclasa tamam başqa
əhval-ruhiyyə gətirdi. Hər zaman dil məsələsinə
özünəməxsus yanaşması olan Bəxtiyar müəllimin
ziyalı mövqeyi, həqiqətən, hamı
üçün örnək idi.
Bu tədbirdən sonra
dil məsələsi ilə bağlı həm təhsil
sistemində, həm də deyərdim ki, bütün ölkədə
ciddi dəyişikliklər oldu. O vaxta qədər məcburi fənn
kimi tədris olunan rus dilinə xarici dil statusu verildi, o da
ingilis, fransız dilləri kimi şagirdlərin arzusu ilə
seçmə fənn oldu, yalnız müəyyən siniflərdə
keçirildi, rus bölmələrinin sayı surətlə
azalmağa başladı. Belə ki, əgər 1988/89-cu tədris
ilində ölkədə təlim yalnız rus dilində olan
məktəblərin sayı 163 idisə, 2010/11-ci tədris
ilində onların sayı 18-ə düşdü. Şagirdlərin
sayı isə müvafiq olaraq 117 min nəfərdən 5800 nəfərə
qədər azaldı. Əlbəttə, milli-azadlıq hərəkatı
günlərində dediyi sözlərə görə
heç bir məsuliyyət daşımadan, həmin vədləri
yerinə yetirmək mexanizmini təsəvvür belə etmədən
odlu-odlu danışmaq, "milli dili bütün tədris
müəssisələrində birmənalı şəkildə
tətbiq etmək lazımdır" tipli
çağırışlar etmək ayrı bir məsələ
idi, ancaq onu reallaşdırmaq tamam ayrı bir məsələ.
Müəyyən çətinliklərlə rastlaşsam da,
həmin çıxılmaz vəziyyətlərdə
böyük şairin milli məsələlərdə
aydın və birmənalı mövqeyi, həmçinin
sarsılmaz cəsarəti mənə "ikinci nəfəs"
verirdi.
(Ardı var)
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet .- 2025.- 12 iyun(¹ 100).- S.10-11.