Türkiyənin
Millət Kitabxanasına Azərbaycana dair zəngin kitab
kolleksiyası hədiyyə olunub
Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi
Türkiyənin Prezident Sarayının Millət
Kitabxanasına Azərbaycana dair nəşrlərdən ibarət
zəngin kitab kolleksiyası hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, kitab kolleksiyasına Azərbaycan
dövlətçiliyi, tarixi, mədəniyyəti, ölkəmizin
nailiyyətlərinə dair Mədəniyyət Nazirliyi tərəfindən
göndərilən nəşrlər, habelə Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi ilə ölkəmizə dair
Türkiyə türkcəsinə tərcümə olunmuş
və çap olunmuş kitablar daxil edilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən
bildirilib ki, Türkiyənin ən böyük
kitabxanalarından olan Millət Kitabxanasında artıq Azərbaycana
dair zəngin kitab kolleksiyası formalaşmış, gələcəkdə
də regionun ən böyük informasiya mərkəzi –
kitabsaxlayıcısı ilə bu istiqamətdə layihələr
davam etdiriləcəkdir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi
ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət
Mərkəzləri milli mədəniyyətimiz, tariximiz, ana
dilimiz, klassik ədəbiyyatımızın təbliği məqsədlə
layihələr həyata keçirir, aparıcı kitabxanalara
ölkəmizə dair nəşrlər hədiyyə edir,
kitabxanalarda Azərbaycan fondlarının
formalaşdırılması istiqamətində işlər həyata
keçirir.
525-ci qəzet .- 2025.- 12 iyun(№ 100).- S.9.