Türkiyədə
Azərbaycan xoreoqrafının tamaşası keçirilib
İstanbulun Ali Emiri Əfəndi Mədəniyyət
Mərkəzində məşhur Azərbaycan xoreoqrafı
Farid Kazakovun "Elementlərin birləşməsi"
tamaşasının premyerası keçirilib. Tamaşada
teatr-xoreoqrafik interpretasiyalar nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, səhnə əsərində
Farid Kazakovun beynəlxalq akademiyasının yetirmələri
və "Elita" peşəkar bədii gimnastika klubunun
üzvləri çıxış ediblər. Eyni zamanda,
tamaşada dünya balet çempionu, Türkiyənin dəfələrlə
çempionu Zeynəb Yağmur Uzşen və Rusiyanın bədii
gimnastika üzrə idman ustası Yekaterina Komarskix iştirak
ediblər.
“Türkiyədə növbəti tamaşamın
uğurla baş tutmasından çox məmnunam”, – deyə
Farid Kazakov bildirib. “Baletmeyster olaraq yaradıcılıqla məşğul
olmaq xüsusi bir zövqdür. Bütöv bir
tamaşanın quruluşçu xoreoqrafı olmaq isə həm
də böyük məsuliyyətdir. Bütün artistlərə
və peşəkar bədii gimnastika klubunun rəhbəri, həmkarım
Aytən Rüstəmovaya bu layihənin gerçəkləşməsində
göstərdikləri dəstəyə görə dərin təşəkkürümü
bildirirəm. Gələcəkdə
tamaşalarımızı beynəlxalq teatr festivallarında
nümayiş etdirməyi və təbii ki, Bakıya qastrol səfərinə
gəlməyi planlaşdırırıq!
Mənim üçün çox dəyərlidir ki,
Türkiyədə məni ilk növbədə azərbaycanlı
sənətçi kimi tanıyırlar və öz fəaliyyətimlə
mədəniyyətimizi təqdim edə bilirəm. Öz bilik
və bacarığımı gənc sənətçilər
nəslinə ötürmək böyük xoşbəxtlikdir”,
- deyə o əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Farid Kazakov Türkiyədə
uşaqları yüksək sənətə və mədəniyyətə
cəlb etdiyi üçün yerli idarəetmə orqanları
tərəfindən təşəkkürnamə ilə təltif
olunub.
Farid Kazakov azərbaycanlı və rusiyalı rəqqas,
xoreoqraf, balet artisti, rəqs üzrə dünya çempionu,
Rusiyanın üçqat ən yaxşı solisti, beynəlxalq
“Most Fashionable Awards” mükafatının qalibi, “Central Asia's
Got Talent” beynəlxalq istedad şousunun finalçısı,
Azərbaycanın ikiqat milli mükafatçısı,
“Türkiyənin ən istedadlı rəqqası” fəxri
adına və Türkiyənin “Turkiye Zirve Ödulleri” milli
mükafatına layiq görülmüş sənətkardır.
O, ali kateqoriyalı pedaqoq, Azərbaycanla Türkiyənin Avropa
Mədəniyyət Assosiasiyasında fəxri üzvü və
mədəniyyət səfiri, Bakı Xoreoqrafiya
Akademiyasının və Moskva Dövlət Mədəniyyət
İnstitutunun məzunu, bir çox beynəlxalq, ümumrusiya
və respublika müsabiqələrinin qalibi və qran-pri
mükafatçısı, eyni zamanda Azərbaycan Prezidenti və
Birinci vitse-prezidentin "Zirvədəki Azərbaycanlılar"
kitabında XXI əsr Azərbaycan gəncliyinin görkəmli
nümayəndəsi kimi yer alan sənətkardır.
525-ci qəzet .- 2025.- 12 iyun(¹ 100).- S.9.