"Millət
"Əkinçi"liyinin davam edən ənənələri"
AZƏRBAYCAN MƏTBUATININ 150 İLLİYİNƏ
SANBALLI TÖHFƏLƏR TƏQDİM OLUNDU
...Ötən əsrin əvvəllərinin küləkləri
neft qoxan Bakısının yastı daş döşənmiş
küçəsi ilə Qoşa qala qapısına doğru əyninə
atlasdan libas geymiş, başına bənövşəyi yelənli
ağ kəlağayı örtmüş xanım
addımlayır. Geyimindən, davranışından
dövrünün ziyalı qadınlarından olduğu bəllidir,
bəlkə də şəhərin hansısa qız məktəbinin
müəllimi, yaxud da hansısa mətbu orqanın mühərriri
və ya şəfqət bacısıdır... Qala
qapılarından elədən belə, belədən elə
şütüyən faytonların təkərlərinin
taqqıltısı küçədə alver edən tacirlərin,
sənətkarların səsinə qarışıb
izdihamın ümumi küyündə yox olur. Xanımın
önündə zəmanəsinin aydınlarından olduğu
ilk baxışdan sezilən üç-dörd nəfər
eynəkli şəxslər və xeyli "intelligent studentlər"
deyə-gülə addımlayırlar. Onların yanından
keçən beli silahlı bir qoçunun gözünü bərəldib
az qala nəriltiylə danışığını da,
başdan ayağa qapqara çarşaba bürünüb
ötən digər qadınların xısın-xısın
pıçıltılarını da küçədə əlində
bir dəstə qəzet satan yeniyetmənin qəfildən
ucalan cır səsi batırır:
- Qəzet alın, məcmuə alın, ay camaat!
Əlabbas Müznib əfəndinin rəngli şəkillərlə
dolu "Babayi -Əmir" dərgisi çıxıb!
Gör, müharibə çıxaranlara nələr-nələr
deyirlər - "Ey biinsaf Vilhelm! Sənin Allahın, peyğəmbərin,
dinin, imanın yoxdurmu?" Qəyyur Əyyar yenə şuluq
yazılar yazır! Hələ Əlağa Vahidin mollaya
yazdığı həcvi demirəm! "Məktəb" məcmuəsi
də var, ay camaat, alın, balalarınız oxuyub böyük
adam olsun!..
...Bir əsrdən artıq zaman fərqi ilə (əbədiyyətin
fonunda bu, çox uzun zaman sayılmasa da, bir xalqın
kimliyinin, milli mətbuatının keçdiyi inkişaf yolu
üçün böyük əhəmiyyət kəsb edir)
zəngin təxəyyülümün bədii
vizuallığından sıyrılıb bu günə
qayıdıram... Və yenə "həmin küçə,
həmin şəhər"də Qoşa qala qapısı
istiqamətinə, lap dəqiqi - Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə doğru
addımlayanları yenə görürəm...
İyunun 11-də bu muzeydə ADA Universitetinin və
"Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun birgə
təşkilatçılığı ilə Azərbaycan
milli mətbuatının yaranmasının 150 illiyinə həsr
olunmuş "Millət "Əkinçi"liyinin davam edən
ənənələri" mövzusunda tədbir
keçirildi. Tədbirdə ADA Universitetinin son illərdə
Azərbaycan xalqının ədəbi-tarixi mirasını
qorumaq və gələcək nəsillərə ötürmək
üçün həyata keçirdiyi çoxsaylı
transliterasiya layihələrinin davamı olaraq "Məktəb",
"Babayi-Əmir" və
"Əfkari-mütəəllimin" jurnalları
ictimaiyyətə təqdim edildi.
Muzeyin direktoru, akademik Rafael Hüseynov "Bu
günümüzə qayıdan söz abidələri"
mövzusunda geniş çıxışında öncə
ADA Universitetinin rəhbərliyinə və "Ədibin
evi"nə ədəbiyyatın inkişafına dəstəyə
və mətbuatımızın tarixi ilə bağlı həyata
keçirdikləri əhəmiyyətli layihələrə
görə minnətdarlığını bildirdi.
Akademik adıçəkilən jurnalların
transliterasiya edilib ictimaiyyətə təqdim olunmasını
millət naminə görülən uzunömürlü
işlər kimi səciyyələndirərək tarixə
ekskurs etdi: "Mətbuat tariximizin 150 illiyi yalnız rəqəm
deyil - bir millətin mədəniyyətinin,
maarifçiliyinin, mübarizə ruhunun tarixidir. Bu gün biz təkcə
"Əkinçi"ni yada salmırıq, onun yolunu davam
etdirən, maarifçilik missiyasını daşıyan,
xalqın ruhunu yaşadan "Məktəb",
"Babayi-Əmir" və "Əfkari-mütəəllimin"
kimi nəşrlərə də yenidən
qayıdırıq".
R.Hüseynov çıxışında təqdim edilən
jurnalların nəşri tarixindən və mətbuat
tariximizdəki rolundan ətraflı söz açdı:
"1911-1920-ci illərdə nəşr edilən "Məktəb"
elmi-pedaqoji jurnalı cəmiyyətin gələcəyini
yetişdirmək istəyən bir millətin səsinə
çevrilmişdi. "Məktəb" jurnalında
yazılan hər bir yazı xalqın gələcəyini
formalaşdırmaq, milli şüuru oyatmaq üçün
bir vasitə idi. 95 nömrəsi işıq üzü görən
məktəb şagirdlərinə
məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr
olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə"
idi. "Məktəb" pedaqoji biliyin və
dünyagörüşünün genişlənməsində,
elmə, maarifə həvəsin artmasında, uşaqlarda
müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində
müəyyən rol oynayıb.
"Babayi-Əmir" dövrünün satirik
güzgüsü idi. 1915-1916-cı illərdə nəşr
olunan "Babayi-Əmir" mətbuat tariximizin az
ömürlü, amma güclü təsirə malik nəşrlərindən
biridir. Yumorla, satira ilə cəmiyyətin eyiblərini
göstərən bu jurnal xalqın gülə-gülə
düşünməsinə yol açırdı.
"Türk müəllimlər cəmiyyəti"nin
mətbu orqanı olan, Gəncədə işıq
üzü görən "Əfkari-mütəəllimin" aylıq ədəbi-tarixi, elmi dərgisinin cəmi 4 nömrəsi çapdan
çıxsa da, o, milli düşüncənin formalaşmasında
mühüm rol oynayıb. Jurnalda elmi məqalələrə
və istiqlal mövzusunda şeirlərə
üstünlük verilib. Əsas məqsəd məktəblilərə
sağlam əxlaqi keyfiyyətlər aşılamaq, elmə,
yeniliyə həvəs oyatmaq idi".
Akademik R.Hüseynov millətin inkişafı
üçün görülən faydalı işlərin
ömrünün uzun olduğunu və yüz ildən sonra da
minnətdarlıqla xatırlandığını və bundan
sonra da xatırlanacağını inamla vurğuladı.
ADA Universitetinin rektoru Hafiz Paşayev
çıxışında muzeyə hər gəlişinin
onu xoşbəxt hiss etdirdiyini, buraya aid xatirələrini
canlandırdığını dedi, sözügedən nəşrlərin
Ədəbiyyat Muzeyində təqdimatından məmnunluğunu
ifadə etdi.
"Ədibin evi"nin icraçı direktoru Şəfəq
Mehrəliyeva milli-mənəvi kimliyin vacibliyindən
danışaraq Azərbaycan oxucusuna mətbuat tarixi irsimizin
yenidən tanıdılmasından xoşbəxt olduğunu dilə
gətirdi. İcraçı direktor əski Azərbaycan əlifbasından
latın qrafikasına transliterasiya layihələrində fəal
iştirak edən tələbələrə də xüsusi
minnətdarlığını bildirdi, onların əməyini
yüksək qiymətləndirdi.
Filologiya üzrə fəlsəfə doktoru Şəhla
Abdullayeva, tərcüməçi, filoloq, transliterasiya edib nəşrə
hazırlayan Azad Ağaoğlu və digər
çıxışçılar mətbuat tariximizi - ötən
əsrin əvvəllərində nəşr olunan qəzet və
jurnalları milli yaddaşın əsas sütunu kimi dəyərləndirərək
maarifçi mətbuatın xalqın mənlik şüurunu
formalaşdırmasındakı mühüm rolunu qeyd etdilər.
lll
Tədbir yekunlaşandan sonra oradakı
çıxışlarda dönə-dönə vurğulanan
milli kontekstdə öz mənəvi-tarixi kimliyini dərk edərək
xoşbəxt olmağın mahiyyətinə daha dərindən
varıb İstiqlaliyyət küçəsi ilə
üzüyuxarı addımladıqca düşündüm
ki, mətbuatın 150 illiyində belə sanballı nəşrlərin
ruhuna yenidən qayıtmaq sadəcə nostalji deyil, həm də
tarixi zərurətdir. Tədbir boyu səslənən fikirlər
bir məsələni daha da ön plana çıxardı ki,
biz təkcə keçmişi yad etməklə kifayətlənə
bilmərik, zəngin tarixi keçmiş üzərində bərqərar
olan bugünkü mediamızın üzərinə daha
böyük məsuliyyət düşür. İnformasiya
bolluğunun içində aydın(laşdıran), mənəviyyatı
formalaşdırıb xalqı tərəqqiyə aparan, etik dəyərləri
qoruyan milli mətbuata daim ehtiyac var.
1875-ci ildən başlayaraq "millət yetişdirən"
"Əkinçi"nin işıqlı yolu bu gün də
davam edir, sadəcə dövrə uyğun olaraq adlar və
formatlar dəyişib. Amma mətbuatın xalqı
düşündürmək, maarifləndirmək və milli-mənəvi
tərəqqiyə yönəltmək kimi əsas məqsədləri
dəyişməyib və dəyişməməlidir.
Zaman dəyişsə də, o prinsiplər qalmalıdır.
Bugünkü tədbir yalnız bir retrospektiv baxış
deyildi, həm də gələcəyə uzanan fikir marafonu
idi. Tarixi nəşrlərimiz latın qrafikasında yenidən
gənc nəsillə keçmiş arasında körpü
qurur. Bu körpü yalnız tarixi yaddaşı qorumaq
üçün deyil - həm də milli ruhu yenidən kəşf
etmək üçündür. Vaxtilə əski Azərbaycan
əlifbasında işıq üzü görən nəşrlərin
latın qrafikasında yenidən nəşrinə olan maraq
onların yalnız tarixə aid olmadığını,
bugünkü oxucunu da düşündürə biləcəyini
sübut edir. Ənənəvi mətbuat formatının dəyişməsi,
rəqəmsal medianın önə çıxması fonunda
da belə tədbirlər bir daha sübut edir ki, milli ruhu
qoruyan ideoloji dayaqlar - dil, mətbuat,
maarifçilik kimi sanballı dəyərlər öz önəmli
təsir gücünü qoruyub saxlayır.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 12 iyun(№ 100).- S.7.